1905.az portalının suallarını AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov cavablandırır.
– Aqil müəllim, mövcud iqtisadi durumu necə şərh edərdiniz?
– Son zamanlar iqtisadi məsələlərin əsas gündəm mövzusu olması neftin qiymətin aşağı düşməsi, manatın dəyərini itirməsi ilə bağlıdır. Ötən il fevralın 21-də ilk devalvasiya zamanı neft bu qədər ucuzlaşmamışdı. Bu gün itisadi böhran yalnız Azərbaycanda deyildir. Lakin böhran iqtisadiyyatı neft üzərində dayanmış ölkələrdə özünü daha ciddi surətdə biruzə verir. Biz uzun müddət iqtisadi artım tempinə görə dünyada və xüsusilə MDB məkanında ən öndə gedən ölkələrdən olmuşuq. Həm sosial və inftrastruktur layihələrinin gerçəkləşdirilməsi, həm də digər amillər baxımından. Baş verən hadisələr cənab Prezidentin də qeyd etdiyi kimi, gözlənilməz oldu. Amma bu durum ölkə iqtisadiyyatına tam fərqli və yeni baxış ortaya qoymağı tələb edir. Problemin kökü çoxlarının təkrar etməyi xoşladığı “Holland sindromu” ilə əlaqəli deyil. Axı iqtisadiyyatı neftlə əlaqəli olmayan ölkələrdə də maliyyə böhranı baş verib.
Mənim yanaşmam belədir ki, dünyada geniş tətbiq olunan bazar iqtisadiyyatı sistemində, bazar modelinin özündə problemlər mövcuddur. Belə olmasaydı, 2008-ci ildən başlayaraq ABŞ və Avropa ölkələrində maliyyə böhranları baş verməzdi. Bu fakt özü bir daha göstərir ki, böhranın əsasında neft və neft qiymətləri durmur. 2008-ci il böhranı Azərbaycandan nəinki yan keçdi, üstəlik ölkədə iqtisadi inkişaf əvvəlki templərlə davam etdi. Avropada “kəmərsıxma” siyasəti keçirildiyi bir dövrdə Azərbaycanda sosial layihələr həyata keçirilir, maaş və müavinətlər artırılırdı. Sadəcə olaraq deyə bilərəm ki, uzun müddət ərzində əldə etdiyimiz neft gəlirlərini daha düzgün yönləndirə bilər, daxili istehsalı stimullaşdıra, yerli sənayeni gücləndirə bilərdik.
– İnformasiya istehlakçıları belə bir problemlə üzləşir. Biz adi suallara cavab axtarırıq, amma bizə iqtisadçıların iqtisadçılara ünvanlanan çıxışları təklif edilir. Yaxşı olardı ki, iqtisadçılar adi insan nə edə bilər sualını cavablandıraydılar. Aydın məsələdir ki, Azərbaycanın məruz qaldığı iqtisadi sınaq yalnız qismən neft qiymətləri ilə bağlıdır, bu ilk növbədə bizim idxal iqtisadiyyatına malik olmağımızla əlaqədardır. Adi vətəndaş bioloji mövcudluğunu qoruyub saxlamaq üçün nə etməlidir?
– Mən yenə də təkrar edirəm ki, bazar iqtisadiyyatı-kapitalizm sisteminin özündə problemlər var. Bu modelin memarları yalnız öz ölkələrinin mövqeyindən, mənafelərindən çıxış edərək, onu yaradıblar.Bazar iqtisadiyyatı əlində külli miqdarda maliyyə vəsaiti cəmləmiş bir sıra kapitalistin iqtisadiyyatıdır. Manatın devalvasiyası əslində səbəb yox, nəticədir. Nə üçün devalvasiyaya getdik və niyə ölkələr devalvasiyaya gedirlər. Dünyadakı maliyyə böhranlarının səbəbi ABŞ dollarıdır. İcazə verin bunu ətraflı izah edim. XX əsrin əvvəlirnədək dünyada qızıl-valyuta sistemi mövcud idi. Onun real və nominal dəyəri eyni idi. 1944-cü ildə ABŞ-da Bretton-Vuds konfransı keçirildi. 1971-ci ilə qədər davam edən bu sistemə görə, 1 unsiya, yəni təxminən 31 qr qızıl 35 ABŞ dolları qəbul edilmişdir. Dünya ölkələri beynəlxalq pul vahidlərini belə bir dəyər üzərindən ABŞ-dollarına indeksləşdirdiər. ABŞ həmin konfransda siyasi və hərbi qüdrətindən istifadə edərək dünya ölkələrinə öz valyutasını qəbul etdirdi. Bu sistem 1971-ci ilə kimi davam etdi. Belə ki, ABŞ-ın dollarının qızıla bağlanması ləğv edildi və bu tarixdən sonra dolların qızıl təminatı olması məcburiyyəti ortadan qaldırıldı. Mətbəə dəyərindən başqa heç bir maya dəyəri olmayan dollarları çap edərək bütün dünyaya paylayan ABŞ, həm siyasi hegemonluğunu, həm də dünya gəlirlərini özünə yönəldən, mənimsəyən bir sistem qurmuşdur. Tədricən qızılla əlaqəsini itirən dollar, bu gün artıq real qarşılığı olmayan, ancaq bütün dünyada istifadə olunan pul halına gəlmişdir. ABŞ nəinki ehtiyatdakı qızılın, hətta sahib olduğu bütün yeraltı və yerüstü sərvətlərin də dəyərindən artıq pul çap edərək, dünya ölkələrinə göndərmiş və göndərməkdədir. Bu, bütün iqtisadi qanunlara ziddir. ABŞ düşündüyümüzün əksinə olaraq istehsalçı deyil, istehlakçı bir ölkədir. Xarici ölkələrdən biz nə isə almaq istəyəndə neftimizi, pambığımızı, yaxud hansısa məhsulumuzu əvəzində veririk. ABŞ bu gün yeganə ölkədir ki, heç bir sərvətini vermədən, maya dəyəri mətbəə xərci olan dollar müqabilində bütün dünyanın sərvətini mənimsəyir. Bildiyiniz kimi, bu gün ABŞ-ın 19 trilyon dollara yaxın xarici borcu var. Bu, çox nəhəng rəqəmdir. Dünya ölkələrinə böyük maliyyə yardımları edən ABŞ-ın bu xarici borcları bəs haradan yaranıb? ABŞ-da hər il yüz milyardlarla cari kəsir yaranır. ABŞ bu kəsirini tədavülə pul və istiqraz burazmaqla ödəyir. Bu gün, ehtiyatları dollarla saxlayan ölkələr bu pulları sahibinə qaytaranda, qarşılığını tapmayacaqlar. Bu baxımdan özünü varlı hesab edən, varlı qəbul edilən bir çox ölkələr, əslində sadəcə qarşılığı olmayan kağız parçalarına sahibdirlər.
– Bu, kifayət qədər maraqlı mövzudur. Problemin dollarda olduğunu söyləmək olarmı?
– Doğrudur, bu mövzu maraqlı və geniş mövzudur. Özünüz baxın, ABŞ-ın dollarla bağlı hər hansı qərarı ehtiyatlarını dollarla saxlayan ölkələrin maliyyə və iqtisadi vəziyyətinə dərhal təsir edir. Bu, ölkələrin iqtisadi, həmçinin siyasi müstəqilliyinə təsir edən ciddi amildir. Azərbaycanda devalvasiyanın baş verməsi yalnız neftin qiyməti ilə bağlı deyildi. ABŞ-ın Federal Ehtiyat Sistemi 2015-ci ilin dekabrın ortalarında dolların uçot dərəcəsini artırdı. Qarşılğı olmayan ABŞ dollarının dünya iqtisadiyyatında hegemonluğu dünyanı çıxılmaz bir böhrana salıb.
– Bəs dollar asılılığından qurtarmaq üçün iqtisadçılar nə təklif edir?
– Təəssüflə qeyd edim ki, bizdə medianın ən çox müraciət etdiyi iqtisadçılardan biri təklif edir ki, ölkəmizdə dollarlaşmanın səviyyəsi artırılmalıdır. Halbuki, bu, ABŞ dollarının ölkəmizdə, eləcə də, quruluş məqsədi dolları dünyada hökmran etmək olan Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından dollarla alınan kreditlərlə ölkələr həm ərazisində dolları, daha doğrusu ABŞ-ın hegomonluğunu gücləndirir, eyni zamanda, milli valyutalarının emissiyasından əldə etməli olduğu gəlirindən məhrum qalırlar. Türkiyəli alim, professor Heydər Baş yeni milli iqtisadi model təklif edir. Bu model hissə-hissə artıq bir sıra ölkələrdə, o cümlədən Rusiyada tətbiq olunmağa başlamışdır. Modelin əsas xüsusiyyətlərindən biri kimi dövlətlərin öz inkişafını və xərclərini xaricdən borc almadan təmin etməsi, həmçinin ölkələrin bir-biri ilə ticarətini öz milli valyutaları ilə aparması təklifidir. Xatirimdədir, o, 2006-cı ildə Bakıda təqribən belə bir fikir səsləndirmişdi: ”ABŞ-ın ən böyük gücü dollarıdır, lakin ən zəif nöqtəsi də yenə dollarıdır”. Bildiyimiz kimi, BRİKS ölkələri olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası Beynəlxalq Valyuta Fonduna alternativ BRİKS fondu yaratmağı planlaşdırırlar. Bu ölkələr arasında yeni bir valyuta tətbiqi gözlənilir. Bu istiqamətdə real iş gedir. ABŞ-ın bu gün səyləri onun qarşısının alınmasına yönəldilib. Bundan sonra dolların və nəticədə ABŞ-ın dünyada mövqeyi zəifləyə bilər. Qeyd edim ki, son illərdə Rusiya, həmçinin İranla ölkələrimizin öz milli valyutaları ticarət etməsi təklifləri olmuşdur.
– Planetar miqyasda dollarlaşmanın qarşısını almaq üçün əməli addımlar atmaq realdırmı?
– Çin və Rusiya ortaya kifayət qədər siyasi iradə qoya bilir. Hərbi təsir imkanları da kifayət qədərdir. İran da bu cəbhədədir. Düşünürəm ki, reallaşma ehtimalı var.
– Bütün bunlar geosiyasi məsələlər və makroiqtisadiyyatla bağlı problemlərdir. Konkret vəziyyətdə adi Azərbaycan vətəndaşı nə etməlidir?
– Bizim vətəndaşlarımız 1990-cı illər böhranını yaşayıb. Bilirsiniz, insanların gəlirləri artdıqca, xərcləri də artır. Gəlirlərin artdığı dövrdə əhali əyləncəyə və lüks həyata böyük pullar xərclədi. Bu gün insanların lüks həyata və zəruri olmayan mallara tələbatı azalmağa başlayıb. Şükürlər olsun ki, əhalimiz, 1990-cı illərdə olduğu kimi, ən zəruri tələbat mallarından məhrum olmayıblar. Bu gün ölkədə çörək qıtlığı yaşanmadı. Ərzaq qıtlığı da yoxdur. Düzdür, bəzi məhsulları ilk günlərdə mağazalardan yığışdırmışdılar, sonra təzədən piştaxtaya qaytardılar. İnsanlar sadəcə xərclərinə yenidən baxmağa məcburdurlar. Bu hadisələr əhalidə bir qədər psixoloji gərginlik, stress yaratdı. İnsanlar əyləncəyə, bahalı avtomobillərə pul xərcləməyə öyrəşmişdilər. İndi aydın olur ki, bunlar əslində heç lazım deyilmiş. Əvvəl bir çox evdə güclü mühərrikli iki maşın, bir adamın bir neçə villası var idisə, indi daha azla qənaətlənməlidirlər. İnsanlar əllərində artıq olanı satır, buna görə də avtomobillərin, evlərin qiyməti düşür. Bahalı, brend mallar mağazalarına artıq getmirlər, ona görə də bu mağazalar bağlanır. Amma bu arada ərzaq mağazaları, super marketlər bağlanmadı. Adamlar öz pullarını daha çox qidaya yönləndirirlər. Xarici müğənnilərin konsertləri ləğv olunur. İnsanlar bu gün keçici bir stress yaşayır, gələcəyə ümidləri azalıb, bu təhlükəli amildir. Amma xalqın istəklərinə bizdə digər böhran yaşan ölkələrlə müqayisədə adekvat cavab verildi. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar ən son imzalanan sərəncamlarla artırılan ödənişlər, hər nə qədər 10% bir çoxlarına az görünsə də, nəticədə dövriyyəyə əlavə nəğd pul kütləsi daxil olacaq, istehlak artacaq. Daxili istehsal stimullaşdırılacaq. Adi vətəndaş bu gün psixoloji sarsıntı keçirməməlidir. Dollar alıb evində saxlamaqdansa, öz manatımıza güvənməlidir. Vətəndaşlarımız gələcəyə inamını itirməməlidirlər.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az