
Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Şahdağ” Turizm Mərkəzində təşkil olunan “Art Zone Week” rəngkarlıq simpoziumuna yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 20-dən başlayan “Art Zone Week” rəngkarlıq simpoziumunda Azərbaycanın görkəmli rəssamları iştirak ediblər.
Vətən müharibəsində qazanılan şanlı Qələbədən bəhrələnən fırça ustaları düşüncələrində yaratdığı obrazları kətan üzərinə köçürüblər. Bu sənət nümunələri yazın əvvəlinədək turizm mərkəzinə gələn yerli və xarici qonaqlar üçün nümayiş etdiriləcək.
Simpoziumun qurucusu və rəhbəri Şakir Eminbəyli bildirib ki, 4-cü “Art Zone Week” simpoziumu rəngkarlıq sənəti vasitəsilə fırça ustalarımızla birbaşa təmas yaradır, mənəviyyatımıza rəng qatır və mədəniyyətimizi daha da zənginləşdirir.
“Simpozium rəssamların mütəmadi olaraq bir məkanda yaşayıb yaratmaqları üçün unikal platformadır. Budəfəki “Art Zone” həftəliyinin iştirakçıları yeni əsərlər yaratmaqla bərabər, onların yaradıcılığına həsr olunmuş qısametrajlı sənədli filmlərə baxış keçiriblər. İncəsənətimizin fədailərinə, rəssamlarımızın fərqli formatda tanıtımına həsr olunan bu filmlər yeni ildən “Xəzər” televiziyasında nümayiş etdiriləcək”, – deyə Ş.Eminbəyli söyləyib.
Simpoziumun keçirildiyi bölgənin orta məktəblərində təhsil alan şagirdlər və rəssamlığa həvəs göstərən gənclər “Art Zone”nın qonağı olub. Tanınmış fırça ustaları onlara “ustad dərsləri” keçib, rəngkarlıq sənətinin incəliklərindən söhbət açıblar.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Art Zone Week” simpoziumunun sonuncu günü rəssamların bir həftə ərzində ərsəyə gətirdikləri əsərlərlə tanış olub. Komitə sədri rəngkarlıq simpoziumunun ənənəvi təşkil edilməsində göstərdikləri dəstəyə görə Dövlət Turizm Agentliyinə, həmçinin “Şahdağ” Turizm Mərkəzinə minnətdarlığını bildirib.
“Art Zone Week”in iştirakçısı olan rəssamlar simpoziumun sertifikatları və diplomları ilə təltif ediliblər.