1905.az portalı “Körpü” rubrikasının qonağı “Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi”nin sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, İzmirdə AK partiyasından millət vəkilliyinə iddiaçı Asif Kurbandır.
Gündüz Nəsibov: Asif bəy, Azərbaycan-Türkiyə münasibətlərinin hazırki durumunu necə dəyərləndirirsiniz?
Azərbaycan-Türkiyə münasibətlərinin mövcud durumunu yüksək qiymətləndirirəm. Bilirsiniz ki, yüksək strateji əməkdaşlıq səviyyəsində hər iki tərəf arasında görüşlər olur. Qarabağ problemində də Türkiyə hər zaman yanımızdadır. İstər Rəcəb Tayyib Ərdoğan, istər Mövlud Çavuşoğlu ermənilərin Qarabağdan çıxmayınca Türkiyə ilə sərhədlərin açılmayacağını dəfələrlə vurğulayıblar. Əməkdaşlıq həm yüksək rəhbərlər, həm də sadə xalq arasında özünü göstərir.
Fəxriyyə Lilpar: İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirmisiniz. Bu cəmiyyəti hansı zərurətdən yarandı?
Türkiyədə çox adam düşünür ki, diaspor fəaliyyətinə o qədər də ehtiyac yoxdur. Amma əslində bu belə deyil. Bizim dərnəyin facebookda 5300-ə yaxın izləyicisi var. İzmirdə isə 30 minə yaxın Azərbaycan türkü yaşayır. Fəaliyyətimizlə səsimizi ictimaiyyətə çatdırırıq. Dərnək vasitəsi ilə İzmirdə yaşayan azərbaycanlılar bir-biri ilə əlaqə qurur, həqiqətlərimizi, problemlərimizi bir-birimizə, o cümlədən dünyaya çatdırırıq. Xocalı ilə bağlı bir neçə tədbirimiz olub. İnsanların arasında əlaqənin itməməsini bacardığımız qədər təmin etməyə çalışırıq. Dərnəyimiz də məhz bu zərurətdən dolayı yaranıb.
Fəxriyyə Lilpar: Keçirdiyiniz tədbirlərdə müxtəlif siyasi partiya və qeyri- hökümət təşkilatlarının nümayəndləri, universitet müəllimləri, xarici ölkə vətəndaşları, azərbaycanlı və türk tələbələr iştirak edir. Yetərincə dinləyici auditoriyanız var. Tədbirlərinizə gələn qonaqlar Azərbaycanının mədəni-siyasi sferasını necə qiymətləndirir? Qarşı tərəfdən impuls ala bilirsinizmi?
Azərbaycandan olduğumuzu biləndə insanlarda xoş bir təbəssüm yaranır. Dəvət etdiyimiz bütün qonaqlar tədbirlərimizə məmnuniyyətlə gəlir, getdiyimiz bütün məkanlarda qapılar üzümüzə açıq olur. İmpuls alırıq. Bizimlə yüksək səviyyəli təşkilatlar, insanlar əməkdaşlıq edir. Tədbirlərimizdən sonra aldığımız reaksiyalar müsbət olur.
Aynur Hüseynova: Bu yaxınlarda Xocalının növbəti il dönümünü qeyd etdik. Xocalı soyqırımı dünyanın müxtəlif ölkələrində anıldı. Bəs, İzmir şəhərində Xocalı ilə bağlı hansı tədbirlər həyata keçirildi?
İzmirdə Xocalı ilə bağlı böyük bir tədbirimiz olası idi. Ege universitetində. Tədbirə iki gün qalmış universitetdə çox üzücü bir hadisə- bıçaqlanma baş verdi və bir gənc öldürüldü. Sonradan bildim ki, o gənc bizim tədbirə gələn gənclərdən biri imiş. Dərnəkdə olan uşaqlar onu tanıyırdı. Anım günü universitetdə olmalı olduğundan belə bir hadisədən sonra tədbiri təxirə salmalı olduq.
Amma tədbirdən bir gün əvvəl İzmirin mərkəzində böyük bir mitinq təşkil edildi. Bizim dərnək də təşkilatçılardan biri idi. Bildiyimə görə 500-dən çox insan mitinqə qoşuldu. İnsanlar bizim problemə biganə yanaşmadılar. Bu, bizim uğurumuz idi.
Bundan əlavə Uşaq Universiteti Bələdiyyəsində bir tədbir təşkil edildi. Orada da təşkilatçı tərəflərdən biri idik. Gənclər həmin tədbirdə aktiv iştirak etmişdi. Elə bizim məqsəd də bu idi. Məqsədimizə nail olduq.
Gündüz Nəsibov: Asif bəy, aprel ayında qondarma erməni soyqırımın 100 illiyi tamam olur. Bununla bağlı Türkiyədə önləyici tədbirlər görülürmü?
Burada iki tərəf – hökümət və qeyri hökümət təşkilatları iş görməlidir. Hökümət lazımı tədbirləri görür. Bununla bağlı yüksək səviyyəli addımlar da atılıb. Bilirsiniz ki, Türkiyə Cumhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 apreldə Çanaqqalada keçiriləcək tədbirə cənab İlham Əliyevi də dəvət edib. Türkiyədə dövlət tərəfindən yalançı soyqırıma qarşı kifayət qədər addımlar atılır.
Biz-qeyri hökümət təşkilatları İstanbul və İzmirdə 2 böyük tədbir təşkil etməyi düşünürük. Bundan əlavə Avropada- Brüsseldə də bir tədbirimiz gözlənilir.
Düşünürəm ki, bu işi siyasətçilər yox, tarixiçilər həll etməlidir. Çünki siyasətlə nəyisə sübut etmək olmur, amma arxiv açmaq, tarixi ortaya qoymaqla həqiqəti sübut etmək mümkündür. Siyasi mübarizə çox vaxt aparır və ortaq nöqtəyə gəlmək olur. Ona görə də bu işi tarixiçilərin öhdəsinə buraxmaq lazımdır.
Fəxriyyə Lilpar: Çıxışlarınızın birində “20 Yanvarda böyük itkilər, şəhidlər verdik, amma bununla biz, müstəqilliyimizin önünü açdıq” demisiniz. İllərdir, “azadlıq üçün itkilər olmalı, qan tökülməlidir” sözlərini eşidirik. Sizcə, bu steriotipi qırmaq mümkündür? İtkisiz, ağrısız qələbəyə nail olmaq üçün hansı işlər görülməlidir?
Bu gün dünyada bütün dövlətlər iqtisadi və silah gücünü nümayiş etdirir. Bu da o deməkdir ki, iqtisadi gücün varsa digər tərəfi udacaqsan. Ermənistanın iqtisadi gücü göz qabağındadır. Bizim iqtisadi güclə müqayisə edilməyə belə dəyməz. Belə davam edərsə və Azərbaycan digər ölkələrin də dəstəyini tam alarsa qansız, itkisiz qalib gəlmək mümkün olacaq.
Fikrimcə, iqtisadi gücün varsa sən güclüsən. Ən yaxşı üsul iqtisadi gücü gücləndirməkdir. Bununla biz itkisiz qələbəyə nail ola bilərik. Olmasa müharibədən başqa yol yoxdur. Qarabağa geri qayıtmalıyıq.
Minnətdarıq sizə. İşlərinizdə uğurlar!
Mən də sizə minnətdaram. Bilirsiniz ki, İzmir iki yerə bölünüb. Mən birinci bölümdən namizəd olmuşam. Əgər seçilsəm çalışacam ki, vətənə, Azərbaycana layiqincə xidmət edim. Vaxt ayırdığınız üçün çox sağ olun!
Hazırladı: Aynur Hüseynova
1905.az