Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
Noyabr ayının 4-də Parisdə AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçirildi. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirə edildi. Diqqətə çatdırmaq istərdim ki, mən 2014-cü ildə işğal edilmiş Azərbaycan ərazilərini işğal etdiyinə və uzun illər ərzində işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən 2 qətnamə layihəsi təqdim etdim. Biz AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqləri ilə qarşılaşdıq. Buna baxmayaraq, qətiyyətli mübarizə nəticəsində məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə nail ola bildik.
Qeyd etməliyəm ki, məruzədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və iyirmi ildən artıq müddət ərzində işğal altında saxlanılması öz əksini tapmışdır. Sənəddə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələr xatırladılır, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir, girov götürülmüş D.Əsgərov və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir.
Bununla belə biz məruzəyə 3 düzəliş irəli sürmüşdük. Bu düzəlişlərdən biri məruzənin 4-cü bəndində “…Dağlıq Qarabağ regionuna dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin “…Azərbaycanın işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi ilə əvəz edilməsini ehtiva edir. İkinci düzəlişdə isə, D.Əsgərov və Ş.Quliyevin qeyd şərtsiz azadlığa buraxılması ilə bağlı “…işğalçı qüvvə olan Ermənistanın dərhal azad etməsini təmin etməyə çağırır” ifadəsi təklif edilmişdir. Nəhayət, irəli sürdüyümüz 3-cü düzəlişdə Ermənistan hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir” ifadəsinin “qətiyyətlə pislənir” ifadəsi ilə əvəzlənməsi əks etdirilir.
Bu gün qəbul edilən bu məruzə AŞPA yanvar sessiyasında müzakirə edilib təsdiq ediləcəkdir.
Biz əvvəlcədən başa düşürdük ki, Ermənistan nümayəndə heyəti və ermənipərəst qüvvələr Komitə iclasında qeyd edilən məruzənin qəbul edilməsinin qarşısını almaq üçün təxribat tərkibli müxtəlif vasitə və metodlardan istifadə edəcəklər. Ermənistan tərəfinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsi bunu sübuta yetirdi. Bundan əlavə, işğalçı Ermənistanın kütləvi informasiya vasitələri Komitənin 4 noyabrda Parisdə keçiriləcək iclası ərəfəsində məruzədə çoxsaylı anti-erməni müddəaların olması və məruzənin bütövlükdə Azərbaycan yönümlü xarakter daşıdığı barədə materiallar dərc etdi. Digər tərəfdən, müzakirələrdə Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Haqdalyan, üzvlər Rustamyan və Karapetyan iştirak edirdi. Onlar inadkarlıqla riyakarlıq nümayiş etdirərək, məruzənin qəbul edilməsinin qarşısını almağa çalışırdılar. Onlar hətta bütövlüklə reallığı inkar edərək, həyasızcasına bu qətnamənin ləğv edilməsi və bir daha bu mövzuya qayıdılmaması təklifini irəli sürdülər. Erməni tərəfinin bu sərsəm təklifi səsə qoyuldu və 14 səs lehinə, 24 səs isə əleyhinə olmaqla rədd edildi.
Beləliklə, Ermənistan nümayəndə heyətinin üzvlərinin bütün riyakarlıq və təxribatlarına baxmayaraq, Siyasi Məsələlər Komitəsi məruzənin qəbul edilməsi barədə qərar qəbul etdi. Vurğulamalıyam ki, bizim təklif etdiyimiz hər 3 düzəliş qəbul edildi, Azərbaycanın maraqlarına zidd olan 3 düzəliş isə qəbul edilmədi. Komitədə qəbul edilən bu qərar Azərbaycanın uğurudur. Məruzənin qəbulu üçün növbəti və sonuncu mərhələ Assambleyanın plenar iclasıdır və bizi burada da ciddi mübarizə gözləyir.