Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Danimarkaya səfəri çərçivəsində qurumun Büro iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasda ATƏT PA-nın məsul şəxslərinin məruzələri dinlənilib, beynəlxalq siyasi vəziyyət, xüsusilə Ukrayna böhranı geniş müzakirə olunub.
Toplantıda məruzə ilə çıxış edən Azay Quliyev bildirib ki, Büro iclasında ATƏT PA-nın hər üç Komitəsinin hesabat və qətnamə layihələri, xüsusi nümayəndələrin hesabatları, həmçinin iyul ayında keçiriləcək illik sessiyanın gündəliyi və digər təşkilati məsələlər ətraflı müzakirə olunub.
Ukrayna böhranına toxunan A.Quliyev deyib ki, Azərbaycan hər zaman silahlı münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olub. Təəssüf ki, hazırda diplomatiya, o cümlədən parlament diplomatiyası Ukraynada yaşanan insani faciələrin dayandırılması üçün yetərli deyil. Buna baxmayaraq, ATƏT PA dialoq imkanlarını sona qədər istifadə etməyə çalışmalıdır. Əgər tərəflər razılıq versələr, hər iki ölkənin ATƏT PA-dakı nümayəndə heyətlərinin Bakıda görüşünü təşkil etməyə hazırıq və Büronun bu barədə müvafiq qərarı var.
O, eləcə də ölkəmizin Ukraynaya humanitar yardım göstərdiyini diqqətə çatdırıb.
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və bu istiqamətdə atılan addımlar barədə Büro üzvlərini məlumatlandıran Azay Quliyev ölkəmizin rəsmi İrəvana sülh müqaviləsini imzalamaq məqsədilə 5 bənddən ibarət baza prinsiplərini özündə əks etdirən təklif göndərdiyini bildirərək deyib: “Azərbaycan hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı əsasında sülh müqaviləsi imzalamağa hazırdır. Ölkəmizin irəli sürdüyü baza prinsiplərində hər iki ölkənin bir-birinə qarşı ərazi iddialarından imtina etmələri, dövlət sərhədlərinin delimitasiya və demarkasiya olunması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və diplomatik münasibətlərin qurulması haqqında müddəalar əks olunub”.
Deputat qeyd edib ki, dövlətlərarası münasibətlərin normallaşması prosesində ATƏT PA müsbət rol oynamalı və Azərbaycanın sülh gündəliyini dəstəkləməlidir.
Büro iclasında Azay Quliyev, həmçinin ATƏT PA-nın Cənubi-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi kimi Balkan ölkələrində gedən siyasi proseslər, Türkiyə, Yunanıstan və Bosniya və Herseqovinaya etdiyi səfərlər, bu ölkələrin üzləşdiyi çağırışlar haqqında hesabatla çıxış edib.
“Platformanın yaradılmasında əsas məqsəd parlamentlərarası əməkdaşlığı təşviq etmək, təhlükəsizlik məsələlərinin təmin olunmasına töhfə verməkdir. Çünki Balkan ölkələrində qlobal və regional güclərin geosiyasi maraqları bəzən bu bölgənin tam inkişafına, Avropa institutlarına inteqrasiya olunmasına maneələr yaradır. Balkan ölkələrinin strateji seçimi Avropaya inteqrasiya yoludur və buna hörmətlə yanaşılmalıdır” deyən xüsusi nümayəndə beynəlxalq təşkilatları bu regiona daha çox diqqət ayırmağa çağırıb.