Avropa Şurası
Parlament Assambleyasının üzvlərinə
Məşhur ABŞ yazıçısı Cek London deyirdi: “Əgər sən həqiqəti deməyib onu gizlətmisənsə, iclasda yerindən qalxıb çıxış etməmisənsə, çıxış etsən də, tam həqiqəti deməmisənsə – sən həqiqətə xəyanət etmisən!”
Hörmətli deputatlar!
26 ildən çoxdur ki, Azərbaycan xalqı Ermənistan Respublikası tərəfindən işğal edilmiş 20 faiz ərazisinin qaytarılması uğrunda mübarizə aparır. Lakin, bu təkcə Azərbaycan xalqının torpaq uğrunda apardığı mübarizə deyil. Bu, həmçinin, Xeyirlə Şərin, Həqiqətlə Yalanın mübarizəsidir!
26 yanvar bu mübarizənin dönüş nöqtəsi ola bilər. Sizin diqqətinizə İngiltərəli deputat, cənab Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və Bosniyalı deputat, xanım Miliça Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamə layihələri təqdim olunacaq.
Azərbaycanda vətəndaş cəmiyyəti təmsilçisi kimi, sizin hər birinizi bu layihələrin qəbul edilməsinə səs verməyə çağırırıq!
26 il ərzində Yalanın qəbul edilməsi ona gətirib çıxardı ki, Avrasiya kontinentinin bir neçə nöqtəsində də separatçı qurumlar yarandı. Gürcüstan, Moldova, Ukrayna… Və, hər belə bir separatçı qurumun əsasını Azərbaycanın 26 ildir beynəlxalq təşkilatlarda ifşa etməyə çalışdığı Yalan təşkil etdi.
Axır ki, qoca Avropa Həqiqəti Yalandan ayırmaq ərəfəsindədir. İki məruzəçi Azərbaycana səfər edərək işlədikləri məruzənin bütün incəliklərini araşdırmağa nail oldular. Onların belə bir missiyayla Ermənistana səfər etmək istəkləri isə bu ölkə tərəfindən rədd edildi. Çünki, işğalçı ölkə rəhbərliyinin məruzəçilərə deyə biləsi nəsə yox idi.
Hörmətli deputatlar. Bu gün hər iki məruzə sizin qarşınızdadır. Onlara səs verin! Azərbaycan naminə yox, müharibəsiz Avropa və dünya naminə… İşğaldan əziyyət çəkən hər bir xalq naminə… Sudan bioloji silah kimi istifadə edənləri belə fikirlərdən çəkindirmək naminə… Suya həsrət qalan insanlar və təbiət naminə… Şər və Yalana qalib gəlmə ərəfəsində olan Həqiqət naminə…
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası