Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsinin icrasına başlayıb.
Layihə bütövlükdə 2017-ci ili əhatə edəcək. İl ərzində tədris semestri nəzərə alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil olunacaq. Bu tədris semestrində 4 debatın keçirilməsi nəzərdə tutulub. Növbəti debat 12 aprel 2017-ci il tarixində Azərbaycan Azərbaycan Turizm və Menecment Universitetində keçirilib.
ATMU-nun akt zalında keçirilən debatda layihənin koordinatoru İradə Yaqubova layihə barədə məlumat verib. O, bu layihənin tələbələr üçün mühüm rola malik olduğunu qeyd edib.
Moderator Orxan Cabbarov layihə çərçivəsində bu dəfəki debatın mövzusunun “Azərbaycanın dünyamiqyaslı rəqabət qabiliyyətli turizm ölkəsinə çevrilməsi üçün nə etmək olar?” olduğunu diqqətə çatdırıb. O, mövzu ilə bağlı tələblələrin bu sahədə fikir mübadiləsi aparacağını deyib.
Daha sonra debata start verilib və tələbələr Azərbaycanda turizmin inkişaf etdirilməsində problemin harada, infrasturkturda və ya xidmət sahəsində olub-olmamasına münasibət bildiriblər.
İnfrastrukturda problem olduğunu qeyd edən tərəf hesab edir ki, turizm obyektləri tikilərkən müştərilərin tələbləri nəzərə alınmır. Eyni zamanda turizm infrastrukturları menecerlər tərəfindən düzgün seçim edilmədiyi diqqətə çatdırılıb.
Problemin xidmət sahəsində olduğunu müdafiə edən tərəf başqa ölkələrdən fərqli olaraq, turistlər istədiyi kimi xidmət ala bilmirlər. Bu məsələdə infrastrukturla bağlı hər hansı problemin olmadığı vurğulanıb. Əgər yaxşı xidmət olarsa, turist üçün qaldığı otelin və başqa obyektin heç bir önəm daşımadığı diqqətə çatdırılıb.
ATMU-nun debat klubunun üzvləri və digər tələbələr arasında mövzu ilə bağlı geniş müzakirə aparılıb.
Sonda tələbələrin debatdakı müzakirələri ekspertlər- ATMU-nun Xidmət mühəndisliyi fakültəsinin dekanı, Təlim Mərkəzinin müdiri Lətif Kəngərlinski, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondunun sədri Şahin Camalov tərəfindən qiymətləndirilib.