Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsini həyata keçirir.
Layihə bütövlükdə 2017-ci ili əhatə edəcək və il ərzində tədris semestri nəzərə alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil olunacaq. Bu tədris semestrində 4 debatın keçirilməsi nəzərdə tutulub. Artıq iki universitetdə debatlar təşkil edilib. Növbəti debat 22 aprel 2017-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) keçirilib.
BDU-nun Heydər Əliyev Mərkəzində keçirilən debatda layihənin koordinatoru İradə Yaqubova layihə barədə məlumat verib. O, bu layihənin tələbələr üçün mühüm rola malik olduğunu bildirib.
Moderator Orxan Cabbarov layihə çərçivəsində keçirilən bu dəfəki debatın mövzusunun “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin verdiyi və verə biləcək töhfələr” olduğunu diqqətə çatdırıb. O, mövzu ilə bağlı tələblələrin bu sahədə fikir mübadiləsi aparacağını deyib.
Daha sonra debata start verilib və tələbələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunun olub-olmaması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu məsələdə problemin fərdlərdə, yəni gənclərdə olduğunu qeyd edən tərəf hesab edir ki, gənclər öz üzərindən məsuliyyəti atır. Eyni zamanda gənclərin maarfiləndirilməsinə və bu sahədə təbliğat işinin aparılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında problemin cəmiyyətdə olduğunu, gənclərdə olmadığını düşünən tərəf isə hesab edir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra gənclər kifayət qədər işlər həyata keçirib. Onlar hesab edir ki, gənclər bu gün internet media və sosial şəbəkələr vasitəsilə müəyyən qədər işlər görür.
BDU-nun debat klubunun üzvləri və digər tələbələr arasında mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Sonda tələbələrin debatdakı müzakirələri ekspert- İnsan Hüquqları XXI əsr – Azərbaycan Fondunun sədri Şahin Camalov tərəfindən qiymətləndirilib.