Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla bağlı Uzunmüddətli Müşahidəsini həyata keçirir. Assosiasiya bu işin icrasına 26 iyun 2016-cı il tarixdən başlayıb və 2016-cı ilin 26 avqustda İlkin Hesabatını ictimaiyyətə təqdim edib. Assosiasiya Uzunmüddətli Müşahidə ilə bağlı Aralıq Hesabatını bu gün, 21 sentyabr 2016-cı il tarixində geniş ictimaiyyətə açıqlayıb. Aralıq Hesabat 26 iyul-21 sentyabr 2016-cı il tarixini əhatə edir. Aralıq hesabatda Azərbaycan Respublikasında keçirilmiş referendumlar haqqında məlumat, Referendumqabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və 2 radio (İctimai radio, Azadlıq radiosu), 9 qəzet ( 3 iqtidar-Azərbaycan, Xalq, Бакинский рабочий, 3 neytral- 525-ci qəzet, Ədalət, Şərq qəzeti, 3 müxalifət- Azadlıq qəzeti, Yeni Müsavat, Xalq Cəbhəsi) və 2 informasiya agentliyinin (Apa.az, Turan.info) monitorinqi öz əksini tapıb. 13 KİV-də iyulun 26-dan-sentyabrın 21-nə kimi Referendumla bağlı 958 məlumat, məqalə, müsahibə verilib. Bunlardan 427-də Referenduma müsbət, 398-də neytral, 101-də isə mənfi münasibət öz əksini tapıb. Referendumla bağlı bir ay ərzində ən çox məlumat Azərbaycan qəzetində (262), İctimai radioda (107), Yeni Müsavat qəzetində (90), Azadlıq radosuda (86) verilib.
Azərbaycan qəzetində verilmiş 262 məlumatdan 169-u müsbət, 93-ü neytral, İctimai radioda verilmiş 107 məlumatdan 70-i müsbət, 37-i neytral olduğu halda, Yeni Müsavat qəzetində verilmiş 90 məlumatdan 23-ü müsbət, 44 neytral, 32-i mənfi, Azadlıq radosunda verilmiş 86 məlumatdan yalnız 12-i müsbət, 28-i neytral, 56-sı isə mənfi olmuşdur.
Müsbət hal ondan ibarətdir ki, monitorinq aparılan 13 KİV- in yönümündən asılı olmayaraq hamısında Referendumla bağlı müsbət yazılar verilib. Bundan başqa 13 KİV-in hamısında Referendumla bağlı neytral məlumatlar da geniş yer alıb. Lakin 13 KİV- in 6-sında-(Azərbaycan, Xalq, Бакинский рабочий, Şərq qəzeti, Ictimai radio, Apa.az) Referndum əleyhinə heç bir mənfi məlumat verilmədiyi halda, 7 KİV-də (Azadlıq qəzeti, Yeni Müsavat, Xalq Cəbhəsi, “525-ci qəzet”, Ədalət qəzeti, Azadlıq radiosu,Turan.info) mənfi məlumatlar verilmişdir ki, bu da referendum qabağı təşviqat üçün demokratik şəraitin olmasını bir daha sübut edir.
Bir ay ərzində 13 KİV üzərində aparılmış monitorinq sübut edir ki, ölkədə fəaliyyət göstərən KİV-lərin mütləq əksəriyyəti Referenduma müsbət yanaşaraq, bunu Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, inkişafına, insan haqlarının qorunmasına yaxından kömək edəcək amil kimi qiymətləndirmişlər.
Assosiasiya həmçinin “Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili” və “Müşahidəçilər üçün yaddaş” kitabçalarını nəşr edib. “Azərbaycanda 2016-cı il referendumu ilə bağlı hüquqi çərçivənin müqayisəli təhlili” kitabında Referendumda Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklərin Fransa, Niderland, Norveçin qanunvericiliyi ilə müqayisəsi verilib. Bundan başqa assosiasiya Referendum günü 3000 müşahidəçi ilə 65 DSK-da müşahidəni təşkil edəcək. Buna görə AVCİYA Seçki Qərargahı 26 avqust 2016-cı il tarixdən etibarən müşahidəçilərə seminarlar keçirməyə başlayıb. Artıq Şirvan, Hacıqabul, Sabirabad, Zaqatala, Balakən, Qax, Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər, Goranboy, Quba, Şabran, Biləsüvar, Lənkəran və Cəlilabad rayonlarında seminarlar başa çatıb. Assosiasiya yaxın günlərdə Ambasador oteldə Bakı, Sumqayıt və Abşeron ərazilərindəki MnSK-larda müşahidə aparacaq şəxslərə seminarlar keçirəcək.
Assosiasiyanın Aralıq Hesabatında qeyd olunur ki, “Referendumqabağı siyasi mühitin ən mühüm cəhəti əksər region ölkələrindən fərqli olaraq Azərbaycan Respublikası daxilində stabilliyin mövcud olmasıdır. Bu əlverişli mühit referendumum normal, demokratik şəraitdə keçirilməsinə imkan verir.
AVCİYA Mətbuat Xidməti