Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama Administrasiyasına Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə petisiya layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov bildirib ki, petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.
Səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Səsvermədə iştirak edənlər AVCİYA-nın ABŞ Prezidentinə etdiyi müraciətə qoşulur, Azərbaycanın haqq səsini dəstəkləyir, Vətən qarşısında öz borcunu yerinə yetirir.
Müraciətə qoşulanlar Obama Administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.
AVCİYA-nın sədri, deputat Elxan Süleymanov hər kəsi layihəyə qoşulmağa çağırıb: “Gənclərə Azərbaycan dövlətinin böyük ehtiyacı var. Dillər Universitetində 6000-dən çox tələbə təhsil alır, 1000-ə yaxın əməkdaş çalışır. Amma biz sizdən 7000 deyil, 14 min səs istəyirik. Çünki hər birinizin dostunuz, qohumunuz var. Qaydalara görə, 100 min səs qazanmalıyıq. Artıq 60 mindən çox səs qəbul edilib. Hələ 26 gün vaxtımız var. İnanırıq ki, yaxın günlərdə bir necə yüz min səs qazanacağıq”.
E.Süleymanov deyib ki, təmas xəttində aprelin əvvəlində keçirdiyi hərbi əməliyyatlardakı uğurlar düşmənə öz gücünü göstərdi.
Onun sözlərinə görə, bu əməliyyatlar dayandırılsa da, müharibəmizi davam etdiririk: “Bu petisiya da hərbi müharibə ilə yanaşı intellektual müharibədir. Azərbaycan xalqı heç zaman öz torpaqlarından imtina etməyəcək”.
Trend
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe