Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çərşənbə axşamı, 14 iyun 2016-cı ildə Azərbaycan Respublikasına dair məruzəyə səsvermə müsbət nəticələnmişdir. Azərbaycana Aİ tərəfindən maliyyələşdirilən proqramlarda iştirak imkanı verəcək beynəlxalq sazişin ratifikasiyasını nəzərdə tutan bu məruzənin 2015-ci ildən bəri güclü anti-Azərbaycan kampaniyası tərəfindən qarşısı alınırdı.
Avropa Parlamentində Azərbaycana qarşı böhtan və tənqid dalğası Azərbaycan Parlamentinin AP ilə bütün əlaqələri kəsməsinə və Aİ çərçivəsindəki Avronest Assambleyasından geri çəkilməsinə gətirib çıxarmışdı. Buna baxmayaraq, Azərbaycanla əməkdaşlığa və müsbət əlaqələrə maraq göstərən AP üzvləri əlaqələri bərpa etmək üçün ciddi işləyib.
Belə üzvlərdən biri, Ruminiyalı xanım Norika Nikolay çərşənbə axşamı qəbul edilmiş məruzənin məruzəçisidir. Xanım Norika Nikolay əməkdaşlığı davam etdirməyin həlli yollarını tapmaq məqsədilə 1-3 iyun tarixlərində Bakıya səfər etmişdir. O, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ədliyyə naziri cənab Fikrət Məmmədovla görüşmüşdür. Görüş zamanı cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, AP-də anti-Azərbaycan qüvvələrinin mənfi münasibəti əməkdaşlığa həqiqətən maraq göstərən Avropa Komissiyasının fəaliyyəti ilə ziddiyyət təşkil edir.
Məruzənin Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən sonra Norika Nikolayın ismarışı belə olmuşdur: “Aİ ilə Azərbaycan arasında vətəndaş cəmiyyəti və insan hüquqlarına dair tərəfdaşlığın tədricən möhkəmlənəcəyi açıq-aydın sübut edildi.” Bu, Azərbaycana qarşı irəli sürülmüş əvvəlki iddiaların əsassız olduğunu göstərdi. “Bundan sonra heç bir amilin əməkdaşlığımızda fasilələr yaratmamasını istəyirəm”, – deyə o əlavə edib.
“Avropa İttifaqı və Azərbaycan Respublikası arasında Çərçivə Sazişi”nə dair məruzənin AP-nin plenar sessiyasında səsverməyə qoyulacağı gözlənilir. Məruzəçi iyul sessiyasında keçiriləcək bu səsvermənin müsbət nəticələcəyinə ümidini ifadə etmişdir. Bu dəfə Xarici Əlaqələr Komitəsində əldə edilmiş müsbət səsvermə Azərbaycanla bağlı çox müsbət ismarışdır. Bu nəticə belə şərh edilə bilər ki, hələ də əməkdaşlığa ümid var və AP-nin bir çox üzvləri qarşılıqlı tərəqqi və sülh, eləcə də ticarət və enerjinin inkişafı naminə müsbət əlaqələrin zəruriliyini anlayır.
Elxan Süleymanov
16.06.16