Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatlarından biri olmaqla yanaşı yarandığı gündən bəri Ermənistanın Azərbaycan torpaqlarının işğalı, işğal edilmiş torpaqlarda törətdiyi cinayətlər və soyqırım faktlarını beynəlxalq aləmdə geniş təbliq edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası,
Müzakirəsi AŞPA-nın qış sessiyasında nəzərdə tutulan Britaniyalı deputat Robert Volter tərəfindən hazırlanmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” və Bosniyalı deputat Militsa Markoviç tərəfindən hazırlanmış “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” qətnamə layihələrinin boykot edilməsinə yönəlmiş və dünyanın bir sıra dövlət başçıları, siyasi qüvvələri, hətta din xadimləri tərəfindən dəstəklənən çirkin lobbiçilik hərəkətlərini, AŞPA deputatlarına qarşı yönələn təhdid və təqib kampaniyasını, o cümlədən:
– 23 il fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi, ilə işğal və onun nəticələrini aradan qaldıra bilməyən və həll etməkdə maraqlı olmayan ATƏT-in Minsk Qrupu həmsədrlərinin AŞPA deputatlarına qeyri-legitim bəyanatını;
– Avropa Xalq Partiyası sədrinin AŞPA-dakı fraksiya üzvlərinə qətnamə layihələrinin əleyhinə səs vermək göstərişini;
– AŞPA rəhbərliyinin bu quruma qarşı edilən müxtəlif təhdid, təsir və təqiblər barədə ölçü götürməməsi və bunların qarşısında aciz qalmasını nəzərə alaraq,
Britaniyalı deputat Robert Volter tərəfindən hazırlanmış “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” qətnamə layihəsinin əleyhinə aparılan kampaniyanı və onun təşkilatçılarının hərəkətlərini beynəlxalq hüququn sarsılmaz sütunlarından olan sərhədlərin toxunulmazlığı prinsipinə hörmətsizlik, işğal və separatçılığın açıq-aşkar dəstəklənməsi kimi qiymətləndirərək,
Sovet İttifaqının süqutu ilə daha da geniş vüsət alan separatçılıq və işğalçılıq tendensiyalarının qarşısının alınmasının yeganə yolunu hər şeyi öz adıyla adlandırmaqda görərək;
Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğalına rəvac verən ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyətinin də səmərəsiz olacağına əmin olaraq
Bəyan edir:
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasının fəaliyyətinə müdaxiləsi beynəlxalq hüququn kobudcasına pozulması kimi qiymətləndirilməlidir!
ATƏT-in Minsk Qrupunun Azərbaycanın başqa beynəlxalq təşkilatlarda ədalət axtarması cəhdlərinə müdaxilə etməyə və işğalla bağlı məsələni öz monopoliyasında saxlamağa cəhd etməsinin heç bir hüquqi və mənəvi əsası yoxdur!
Avropa Xalq Partiyasının sədrinin Ermənistan hakimiyyətinin sifarişi ilə bu ölkə üçün qeyri-qanuni lobbiçilik fəaliyyəti həyata keçirərək işğalı dəstəkləməsi ciddi şəkildə pislənilməli, bunu tək Azərbaycana qarşı deyil, beynəlxalq hüququn aliliyinə və Avropa dəyərlərinə ciddi zərbə kimi qiymətləndirilməlidir!
Yuxarıdakıları nəzərə alaraq, AVCİYA Azərbaycan hakimiyyətini:
Ermənistanın işğal siyasətini dəstəkləyən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xidmətlərindən imtina etməyə;
Xarici təsirlərə qarşı ölçü götürmək iqtidarında olmayan AŞPA-da Bosniyalı deputat Militsa Markoviç tərəfindən hazırlanmış “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” 2085-2016 saylı qətnaməsinin müddəaları yerinə yetirilməyənə qədər Azərbaycanın bu qurumda fəaliyyətini dondurmağa çağırır!
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası
Bakı, 1 fevral 2016-cı il