Avstriyanın ən böyük telekanalı – Avstriya Teleradiosunun (ORF) əsas xəbərlər buraxılışında işğal başa çatdıqdan sonra azərbaycanlıların doğma yurdlarına qayıdışından bəhs edən reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, ORF-in çəkiliş qrupu bu məqsədlə Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edib, erməni vandallığı nəticəsində dağıdılmış yaşayış məntəqələri və xarabalıqları lentə alıb, aparılan bərpa və quruculuq işləri, ərazilərin minalardan təmizlənməsi ilə tanış olub, bir sıra şəxslərdən müsahibələr götürüb.
ORF-in təcrübəli jurnalisti Karola Şnayderin hazırladığı reportajın əvvəlində 2020-ci ildə Vətən müharibəsi və müharibədən sonra yaranmış vəziyyət, hazırda həmin ərazilərdə aparılan işlərdən söz açıb. Bildirilib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etdikdən sonra həmin torpaqlarda sürətli bərpa-quruculuq işləri aparılır və 30 il əvvəl erməni işğalından qaçmağa məcbur olmuş insanlar artıq öz yurdlarına geri qayıdırlar.
Ağdamda çəkiliş aparan avstriyalı qrup tamamilə dağıdılmış və talan olunmuş şəhəri tamaşaçılara “ruhlar şəhəri” kimi təqdim edir. Bildirilir ki, Ermənistan bu əraziləri işğal etdikdən sonra buranı bufer zonasına çevirib. Lakin üç il əvvəl Azərbaycan tarixdə yeni səhifə açaraq Ağdamı və digər əraziləri işğaldan azad edib.
Diqqətə çatdırılır ki, bərpa və quruculuq işləri sürətlə aparılmasına baxmayaraq, ərazinin minalarla çirkləndirilməsi böyük əngəl olaraq qalmaqdadır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov ilə müsahibədə qeyd olunub ki, minaların təmizlənməsi çətin və mürəkkəb prosesdir, lakin işlər davam edir. Ermənistan tərəfindən minalarla bağlı qeyri-dəqiq xəritələr təqdim edilib və buna görə də minaların hansı ərazilərdə basdırılması dəqiq bilinmir, bu isə öz növbəsində minatəmizləmə işlərini ləngidir.
Avstriyalı jurnalistlər Füzuli şəhərində də olub, çəkilişlər aparıblar. Bildirilib ki, xarabalıqlar içərisində artıq yeni həyat qaynayır, yeni tikilmiş ilk yaşayış binalarında iki mindən çox sakin məskunlaşıb. Keçmiş məcburi köçkün bir ailə doğma vətənlərində yenidən yaşamağın sevincini mənzilində qonaq olan avstriyalı jurnalistlərlə bölüşüb. Diqqətə çatdırılıb ki, vaxtilə tərk etməyə məcbur olduqları şəhərin xarabalıqlar içərisində olmasına baxmayaraq, Füzuliyə geri dönən sakinlərin xoşbəxt olduqları üzlərindən oxunur.
Reportajda qeyd edilib ki, Füzulidən məcburi köçkün düşmüş minlərlə sakinin bir neçə il ərzində geri qayıtması təmin ediləcək və bunun üçün hazırda böyük tikinti işləri həyata keçirilir.
Reportajın sonunda Ermənistanla aparılan sülh danışıqlarının hazırkı vəziyyətinə də nəzər salınıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə açıqlamasında bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Ermənistanla münaqişəni artıq başa çatmış hesab edir. Lakin yekun sülh sazişi istiqamətində hələlik maneələr qalmaqdadır, Ermənistan Azərbaycanın səkkiz kəndini hələ də işğal altında saxlayır və həmin kəndlər azad edilməlidir.
Sonda sülh danışıqlarının ləng getdiyi, bir çox sualların hələ də cavabsız qaldığı diqqətə çatdırılır, müharibədən zəfərlə çıxmış Azərbaycanın qalib tərəf kimi irəli sürdüyü şərlər əsasında sülh müqaviləsi imzalamaqda israrlı olduğu vurğulanır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana