1905.az portalının suallarını Gəncə 2016 Avropa Gənclər Paytaxtı (AGP) layihəsinin beynəlxalq əlaqələr üzrə kordinatoru Aysun Zeynalova cavablandırır.
– Aysun xanım, Gələcəyə Körpü İctimai Birliyində fəaliyyət göstərmisiniz…
– Gələcəyə Körpü Gənclər İctimai Birliyinə 2012-ci ildə qoşulmuşdum. O zaman ABŞ-da təhsilimi başa vurmuşdum və cəmi bir neçə həftə idi ki, Azərbaycana qayıtmışdım. ABŞ-da olarkən ictimai sahə ilə maraqlanmağa başlamışdım, hər həftə müxtəlif yerlərdə, qocalar evində, məktəblərdə, humanitar təşkilatlarda könüllü kimi məşğul olurdum. Vətənə qayıdandan sonra boş vaxtım çox olduğundan ictimai işlərlə məşğul olmaq istəyirdim. “Gələcəyə Körpü”yə, demək olar ki, təsadüfən qoşuldum. Rəfiqəmlə təşkilata getdik, orada fəaliyyət göstərən gənclərlə tanış oldum. Təşkilatdakı ab-havanı çox bəyəndim. Ümumiyyətlə, gənclər bir arada çalışarkən iş yeri pozitiv enerji ilə dolur. Orada ingilis dili danışıq klubu açdım, daha sonra isə beynəlxalq əlaqələr üzrə koordinator kimi çalışdım. Bir müddət çalışdıqdan sonra “Gələcəyə Körpü”nün “Uşaqların Xilası” (Save the Children) təşkilatı ilə birgə həyata keçirdiyi layihədə işləməyə başladım. Hazırda təşkilatda işləməsəm də, təşkilatın heyəti ilə çox yaxşı münasibətdəyik və hələ də mənim üçün doğma bir yerdir.
– Sizcə azərbaycanlı gənclərin vətəndaş cəmiyyətinin formalaşmasında üzərlərinə hansı rol düşür?
– Gənclərimizin üzərlərinə yalnız vətəndaş cəmiyyətinin deyil, həm də ölkəmizin gələcəyinin qurulmasında böyük vəzifə düşür. Bunun üçün nə yaş, nə də digər məhdudiyyətlər olmamalıdır. Bəzən söhbət zamanı anlayıram ki, “vətəndaş cəmiyyəti” ifadəsi onlar üçün çox böyük mənalı rəsmi ifadə kimi səslənir. Halbuki hətta məktəbdə təhsil alan yeniyetmələr belə, öz maraq sahələrinə uyğun olaraq bir dərnək qurduqda artıq vətəndaş cəmiyyətinin inkişafında və formalaşmasında iştirak etmiş olurlar. Bunun üçün də gəncləri təşəbbüs irəli sürməyə və ideyalarını həyata keçirməyə həvəsləndirmək lazımdır. Bu gün Avropanın ən böyük və aparıcı gənclər təşkilatları və hərəkatlarına nəzər yetirsək, görərik ki, onların hamısı xırda bir ideyadan yaranıb, əsası bir qrup gənc tərəfindən qoyulub. Hazırda həmin təşkilatlarda minlərlə gənc birləşib. Ölkələrinin gənclər siyasətinə birbaşa təsir göstərir bu təşkilatlar. Çox sevindirici haldır ki, son zamanlar gənclər təşkilatlarına və digər təşəbbüs qruplarına qoşulan gənclərin sayı artır. Bu da o deməkdir ki, ölkəmizdə təşəbbüskar gənclər nəsli formalaşır.
– Avropalı gəncləri ölkəmizlə bağlı daha çox nə maraqlandırır?
– Hələ “Gələcəyə Körpü” təşkilatında fəaliyyət göstərdiyim zamandan etibarən, bir çox beynəlxalq layihələrin təşkilində iştirak etmişəm. Ölkəmizə səfər edən avropalı gənclərin əksəriyyəti mədəniyyətimizə fəqrqli nöqteyi-nəzərdən baxmağa çalışır. Məsələn, biz adətən əcnəbi qonaqları muzey və tarixi abidələrlə tanış edirik. Hər bir şəhərin turizm nöqtələri və görməli yerləri var. Bu onlar üçün, əlbəttə, maraqlı olur. Ancaq bir çox hallarda sadəcə yaşayış evləri olan kiçik küçələr, heç fikir vermədiyimiz yerlər onlar üçün daha maraqlı gəlir, çünki bu yerlərdə onlar ölkənin əsl rəngarəngliyini və mədəniyyətini görə bilirlər. Məsələn, avropalı gənclər bazara getməyi sevirlər, çünki Avropada bu cür yerli bazarlar məhdud sayda olur.
Gəncəyə səfər edən xarici qonaqlar Nizami Gəncəvinin məqbərəsini, Məshəti Gəncəvi Mərkəzini, Gəncə qapılarını, “Butılkalı Evi” çox bəyənirlər. Bununla yanaşı, Gəncənin üslubu olan kərpicdən tikilmiş evləri, məşhur Çəncə çinarı, milli mətbəximiz, çay onların çox xoşuna gəlir. Azərbaycan təbiəti isə onları valeh edir.
Gəncə 2016 Avropa Gənclər Paytaxtı (AGP) layihəsinin beynəlxalq əlaqələr üzrə kordinatorusunuz. Bu lahiyə çərçivəsində nə kimi işlər görülüb?
– Artıq 3 ildir ki, bu layihədə çalışıram. 2013-cü ildə bir qrup gənc şəhərimizin bu adı alması üçün müraciət komitəsi yaratmışdı, mən də komitənin sədri idim. 2013-cü ilin noyabr ayında Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçildi və hazırlıq mərhələsi başladı.
İlk növbədə, layihənin təşkili və koordinasiyası ilə məşğul olan Gəncə Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyi təsis olunub. Hal-hazırda təşkilat bir sıra beynəlxalq və yerli layihələr həyata keçirir, Gəncəni Avropanın bir çox ölkələrində və beynəlxalq layihələrdə təmsil edir. Artıq 2015-ci ildən etibarən Gəncə AGP 2016 fəaliyyət planının icrasına başlanıb. Məsələn, keçən il “Gəncə Avropalı Gənclərin Gözü ilə” beynəlxalq foto-müsabiqə, “Gəncə Avropalı Gənc Yazarların Hekayələrində” kimi bir sıra yerli və beynəlxalq layihələr həyata keçirilib. Yanvar ayının 29-da Gəncə Avropa Gənclər Paytaxtı 2016 layihəsini, görülmüş və görüləcək işləri Prezident İlham Əliyevin gənclərlə görüşü zamanı dövlət başçısına təqdim etmişik.
Gəncə AGP 2016 İcitmai Birliyinin beynəlxalq əlaqələri də genişdir. Təşkilat nümayəndələri daimi olaraq digər Avropa Gənclər Paytaxtlarına səfərlər edir, beynəlxalq konfrans və layihələrdə iştirak edirlər. Lakin layihənin əsas tərkib hissəsi aprel ayından etibarən başlayacaq və şəhərimizin gəncləri ardıcıl keçiriləcək çoxsaylı layihələrdə iştirak etmək imkanı əldə edəcəklər.
Gəncə AGP 2016 fəaliyyət planına daxil olan layihələr 5 prioritet sahəyə istiqamətləndirilib: gənclərin cəmiyyətdə fəal iştirakı, sosial rifah, gənclərin məşğulluğu, təhsil və könüllülük.
– Orta statistik avropalı gəncin Qarabağ problemi haqqında məlumatı nə dərəcədədir fikrinizcə və AGP çərçivəsində Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasında hansı işlər görülür?
– Avropa Gənclər Paytaxtı olduqca böyük layihədir. Və bu layihədə minlərlə xarici və yerli gənci birləşdirən bir layihədir. Artıq qeyd etdiyim kimi, bu il şəhərimizə yüzlərlə avropalı gəncin səfər etməsi gözlənilir. Bütün layihələrdə olduğu kimi, Azərbaycanın tarixi və mədəniyyətini onlara təqdim etməklə yanaşı, Dağlıq Qarabağ probleminə də toxunur və izah edirik. Bu bizim bir vətəndaş Bir çox xarici gənc bu problemlə yaxından maraqlanır. Bildiyiniz kimi, Avropa daxilində də münaqişəli ərazilər mövcuddur. Oxşar problemimizin olduğu onlar tərəfindən anlayışla qarşılanır. İndiyə kimi tanış olduğum Avropalı gənclərin əksəriyyəti bu problem haqda məlumatlıdır. Lakin ABŞ kimi uzaq ölkələrdə yaşayan gənclərin, təəssüf ki, bu problem haqda məlumatı azdır və ya ümumiyyətlə yoxdur. Məsələn, ABŞ-da təhsil aldığım zaman bir il ərzində tanış olduğum insanlardan cəmi bir nəfər Ermənistanın Azərbaycana təcavüzü haqda məlumatlı idi.
Dadaş Musayev, 1905.az