Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və “Qarabağ” həftəsonu Azərbaycan məktəbləri rəhbərlərinin ölkəmizdəki KİV nümayəndələri ilə virtual görüşü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Berlin, Münhen, Köln (Almaniya), Varşava (Polşa), Tallinn (Estoniya), Zalsburq (Avstriya), Ankara (Türkiyə), Kiyev (Ukrayna), Budapeşt (Macarıstan), Barselona (İspaniya) şəhərlərində və Marneuli (Gürcüstan) rayonunda fəaliyyət göstərən Azərbaycan evlərinin, Nant (Fransa) və Bern (İsveçrə) şəhərlərindəki “Qarabağ” məktəblərinin rəhbərləri, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, AZƏRTAC, Trend, APA, Publika, Report və digər media qurumlarının nümayəndələri, müstəqil jurnalistlər və Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızının moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan evlərinin və “Qarabağ” məktəblərinin rəhbərləri çıxış edərək, evlərin və məktəblərin yaranma tarixi, fəaliyyəti, həyata keçirdikləri müxtəlif layihələr, pandemiya dönəminin sərt karantin mərhələsi və Tovuz hadisələri zamanı görülən işlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə jurnalistlərin sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. KİV nümayəndələrinin sualları Qarabağ həqiqətlərinin təbliği ilə bağlı göstərilən təşəbbüsləri, pandemiya dönəmində soydaşlarımızın dəstəklənməsi məqsədilə atılan addımları, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq və digər məsələləri əhatə edib.
Sonda Azərbaycan evlərinin və “Qarabağ” məktəblərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.