“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Nyu-Yorkdakı qərargahının önündə ABŞ-da yaşayan Azərbaycan icması fəalları dinc etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu-York Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan və türk icmaları üzvlərinin iştirakı ilə baş tutan aksiya beynəlxalq təşkilatın yerləşdiyi “Empire State Building”in qarşısında gerçəkləşdirilib.
Ermənistanın hərbi cinayətlərinə, ölkəmizin dövlət sərhədində törətdiyi son hərbi təxribatlara, erməni radikal qüvvələrinin Azərbaycanın ABŞ, Fransa və Livandakı səfirliklərinə hücumlarına etiraz bəyanatı “Human Rigths Watch”un əməkdaşı Cil Kolona (Gil Colon) şəxsən təqdim olunub. Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının dalğalandırıldığı aksiyada Ermənistan silahlı qüvvələrinin 30 illik işğal və II Qarabağ müharibəsi dövründə törətdiyi dəhşətli müharibə cinayətlərinə diqqət cəlb edilib.
Ermənistanın hərbi cinayətlərinə son qoyulması tələbinin irəli sürüldüyü aksiya zamanı Gəncə, Bərdə dəhşətlərinin, Xocavənd rayonunun Edilli kəndində tapılmış kütləvi məzarlığın fotomaterialları, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “Mülki vətəndaşlara hücum etməyi dayandırın!”, “Gəncəyə hücum edilib!”, “Ermənistan, Azərbaycana itkin düşmüş şəxslərin taleyi haqda məlumat ver!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.
Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr aralıda yerləşən Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərini ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalar vasitəsilə bombardman etməsi nəticəsində 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğu, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, mülki infrastruktura ciddi ziyan dəydiyi nəzərə çatdırılıb.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın hərbi cinayətlərini əks etdirən bukletlər paylanılıb. Aksiya iştirakçılarının təhlükəsizliyi Nyu-York şəhərinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən qorunub. Soydaşlarımız “Human Rigths Watch”dan Azərbaycan icmasının etiraz bəyanatına cavab verməsini tələb edib.