Fevralın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Can Minlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın perspektivləri, habelə növbədənkənar prezident seçkilərinə dair məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının təşkilat çərçivəsində ölkəmizin fəallığını şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib. Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib.
Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov növbədənkənar prezident seçkilərinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirilməsinin, habelə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə doğma torpaqlarında seçki hüquqlarını həyata keçirməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Qarşı tərəf, həmçinin hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.
Baş katib Can Min növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək, seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb.
Görüş zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.