
Azərbaycan İstiqlal Muzeyində Vətən müharibəsində qazanılan tarixi Qələbənin ikinci ildönümü ilə əlaqədar keçirilən Zəfər həftəsi çərçivəsində “Tolerant ölkənin Qələbə marşı” adlı tədbir – sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə müxtəlif dini, etnik-milli mənsubiyyətinə aid olmasına baxmayaraq, Azərbaycan Ordusunda xidmət etmiş, torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş kiçik çavuş Nurlan Rəhimova (talış), əsgər İsmayıl İrapova (ingiloy), Samsun Babayevə (qaraçı), Denis Aleksandroviçə (rus), Elvin Qurbanova (ləzgi), Ruslan Cəfərova (ləzgi), Mahmud Əhmədova (azərbaycanlı) məxsus, muzeyin fondlarında qorunub saxlanılan şəxsi əşyalar, o cümlədən fərqli dinlərə aid əşyalar nümayiş olunub.
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, haqq və ədalətin bərpası zamanı əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri qəhrəmanlıq nümayiş etdiriblər. Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq həmrəy olduğunu bir daha dünyaya sübut etdi. Əldə olunan möhtəşəm Zəfərdən illər keçsə də heç bir zaman rəşadətli Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi yaddaşlardan silinməyəcək, gələcək nəsillərə qoyulan bu qəhrəmanlıq mirası daima uca tutulacaq.
Tədbirdə şəhid ailələri, qazilər, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, “Bir könüllü” tələbə təşkilatının könüllüləri, “İrəli” İctimai Birliyinin üzvləri və digər qonaqlar iştirak ediblər.