Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Prezident Ueli Maurer dedi ki, İsveçrə iş adamları Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. Onlar Azərbaycanda iqtisadi inkişaf və biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirirlər. Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışdı, respublikamızın beynəlxalq daşımalarda çox mühüm tranzit ölkəyə çevrildiyini dedi. Dövlətimizin başçısı dəmir yolu ilə yüklərin artıq Asiyadan Avropaya Azərbaycan ərazisindən daşınmasına başlandığını qeyd etdi. Prezident İlham Əliyev İsveçrədə istehsal olunan qatarların Azərbaycanda dəmir yolunun yenilənməsinə və inkişafına töhfə verdiyini vurğuladı, bu sahədə əməkdaşlığın uğurla davam etdiyini bildirdi.
Görüşdə SOCAR-ın İsveçrəyə investisiya qoymasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.
Prezident İlham Əliyev bildirdi ki, biz Azərbaycanın iqtisadi inkişafına daha çox İsveçrə şirkətinin investor qismində cəlb olunmasında maraqlıyıq. Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycan ilə fəal əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə əminliyini bildirdi.
Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olundu. Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunuldu.
Prezident İlham Əliyev Azərbaycanda bu sahədə də geniş işlərin aparıldığını dedi və bu baxımdan İsveçrənin təcrübəsinin ölkəmizdə öyrənilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitin ölkəmizdəki inkişaf proseslərinin beynəlxalq təşkilatlar tərəfindən qeyd olunduğunu və beynəlxalq reytinqlərdə əksini tapdığını vurğuladı.
Görüşdə Azərbaycanda “Holcim” şirkəti tərəfindən sement zavodunun tikintisinin vaxtilə iqtisadi əməkdaşlığın əsasının qoyulmasında böyük rol oynadığı qeyd olundu. Dövlətimizin başçısı sement zavodunun Azərbaycanın iqtisadi inkişafında rolunu qeyd etdi.
Prezident Ueli Maurer bildirdi ki, Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün İsveçrə tərəfi də konkret addımların atılmasında maraqlıdır.
x x x
Daha sonra Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşdü.
x x x
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri yanvarın 23-də başa çatdı.