Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, qətnaməyə 126 BMT üzvü dövləti həmmüəllif qismində qoşulub.
Kifayət qədər müfəssəl məzmunda olan qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyası alqışlanır.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca amillərdən olduğu vurğulanır.
COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.
Bütün dövlətlər COVID-19 əleyhinə peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur.
BMT Baş katibinə Baş Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsi tapşırılır.
Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi olub.
Fürsətdən istifadə edərək Xarici İşlər Nazirliyi qətnamə layihəsinə dəstək verən və ona həmmüəlliflik edən bütün dövlətlərə minnətdarlığını bildirir.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









