Sentyabrın 29-da ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiya tərəfinin təşəbbüsü ilə RF Xarici İşlər Nazirliyində Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Azərbaycanın Moskvadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, A.Rudenko Rusiyada yaşayan çoxsaylı azərbaycanlıların rolunu, onların yeni müəssisələr açılması və yeni iş yerləri yaradılması yolu ilə ölkə iqtisadiyyatına dəyərli töhfələr verməsini xüsusi vurğulayıb. Bununla bərabər, qeyd edilib ki, indiki vaxtda Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının genişlənməsi ilə əlaqədar yaranmış millətlərarası gərginliyin Rusiya Federasiyası ərazisinə yayılmasına yol verməmək üçün zəruri tədbirlər görülməlidir.
A.Qorovoy vurğulayıb ki, Rusiya DİN hər iki icmanın nümayəndələri tərəfindən RF ərazisində törədilə biləcək hər hansı təxribatların qarşısını almaq üçün saxlama, həbs, vətəndaşlıqdan məhrumetmə və ölkədən çıxarma da daxil olmaqla, ən sərt tədbirlər görüləcək. Nazir müavini Rusiya ərazisində olan, RF vətəndaşlığını qəbul etmiş, müvəqqəti yaşama üçün icazə, yaşama üçün icazə və patent almış Azərbaycan vətəndaşlarının sayı, habelə Rusiya ərazisindən deportasiya edilmiş və çıxarılmış şəxslərin sayı barədə statistik informasiya da təqdim edib.
Görüşdə Rusiya tərəfi Azərbaycan səfirliyinin Rusiya ərazisindəki həmvətənlərinə və diaspor təşkilatlarına müraciət edərək Rusiya Federasiyasının norma və qanunlarına əməl etmək çağırışını müsbət qiymətləndirib.
Səfirlik Rusiya Federasiyasının ərazisində yaşayan bütün soydaşlarımızı bir daha hər hansı hüquqazidd əməllərdən çəkinməyə, Rusiya qanunvericiliyinə riayət etməyə və yalnız qanun çərçivəsində hərəkət etməyə çağırır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva