Apreli 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılılıq təbriklər ifadə edilib.
Nazir Ceyhun Bayramov Çin Xalq Respublikasının Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə həmkarını təbrik edib. Nazir ikitərəfli gündəliyin siyasi, iqtisadi, humanitar istiqamətlərdə uğurla inkişafını vurğulayıb və əlaqələrin daha da irəliləməsi üçün potensialın olduğunu bildirib. Xüsusilə Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirakı məmnunluqla qeyd edilib.
Nazir Van İ iki dövlət arasında əlaqələrin dinamik inkişafından məmnunluqla bəhs edib, bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Tərəflər bir-birinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi ilə bağlı prinsipial mövqeyi bir daha vurğulayıblar.
Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və digər məsələlər müzakirə edilib.