Səlcuqilər dövlətinin tənəzzülü dövründə yaranmış müstəqil soltanlıqlar öz növbəsində, yeni tip dövlət birliklərini doğurdu. Bu dövlətlərin yaradıcıları Səlcuq sultanlarının keçmiş kölələri (məmlük) idilər. Həmin dövlətlərin hakimləri adətən səlcuqilərin vəliəhd şahzadələrinin (məliklərin) tərbiyəçilərindən olurdu ki, onlara da «atabəy» («ata-hakim») deyirdilər. Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) banisi Şəmsəddin Eldənizidi.
II Toğrulun ölümündən sonra Sultan Məsud 1136-cı ildə Atabəy Eldənizi mərhum II Toğrulun dul arvadı Mömünə xatınla evləndirdi və onu iqamətgahı Gəncə olan Arranın valisi təyin etdi. Tezliklə Eldəniz Arran əmirlərini özünə tabe etdi və sultan Məsudun ölümü ərəfəsində demək olar ki, Arranın müstəqil hakiminə çevrildi. Eldəniz tezliklə Şirvanı da öz hakimiyyətinə tabe etdi. Sultan Məsudun Azərbaycanda canişini olan Çavlının ölümündən (1146) sonra Eldəniz qarışıqlıqdan istifadə edərək, Naxçıvan vilayətini də öz torpaqlarına birləşdirdi. Eldəniz öz paytaxtını daburaya köçürtdü. 1161-ci ildə Şəmsəddin Eldənizin qoşunları Həmədanı tutdu və İraq sultanlığının taxtına Eldənizin kiçikyaşlı oğulluğu Arslan şah çıxarıldı. Həmədan şəhəri Sultan Arslan şahın və atabəy Eldənizin paytaxtı oldu.
Arslan şah sultan elan olunduqdan sonra onun atabəyi «ulu atabəy»ləqəbini aldı. Beləliklə, Şəmsəddin Eldəniz İraq sultanlığının həqiqi başçısı oldu. Bu dövrdən başlayaraq, «atabəy» ləqəbinin, «vəliəhd şahzadənin tərbiyəçisi» kimi ilkin mənası öz məzmununu dəyişir və hökmdarın ali tituluna çevrilir. Azərbaycan Atabəyləri dövləti müxtəlif vaxtlarda bir sıra iri əyalət və vilayətlərdən ibarət idi.Onların dəqiq müəyyənləşdirilmiş sərhədləri yox idi. Azərbaycan, Arran (Naxçıvan), Fars İraqı, Rey və Həmədan vilayətləri həmişə bu dövlətin tərkibində olmuşlar. Xarəzmşah Cəlaləddinin Azərbaycana 1225-ci ildə yürüşü dövründə atabəy Özbəyin baş verən ölümü ilə Azərbaycan Atabəylər dövlətinə son qoyulur.
«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.102