Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu qəbul edib.
Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə Pedro Aqramuntu təbrik edən dövlətimizin başçısı onun yeni vəzifəyə seçildikdən az müddət sonra Azərbaycana səfər etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Təşkilatla tamhüquqlu əməkdaşlığımızın 15 illik bir tarixi əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirdi. Dövlətimizin başçısı tərəfdaşlığımızın bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcəyinə də əminliyini ifadə etdi.
Bakıya səfərindən məmnunluğunu ifadə edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu vəzifəyə seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi. Hazırda bütün dünyanın, xüsusilə Avropanın müxtəlif çağırışlarla üzləşdiyini deyən Pedro Aqramunt belə bir dövrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasının önəmini qeyd etdi və Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu vurğuladı.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin qarşılıqlı inam və hörmət prinsipləri əsasında daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC