Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.
İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir.
Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Sammitin açılış sessiyasında çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son zamanlar İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirdi ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir. Eyni zamanda, bu, Qərb ölkələrində islamofobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan Prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyini bildirdi. Prezident Nursultan Nazarbayev İslam ölkələrində elm və texnologiyanın inkişaf etdirilməsi üçün “G-20” formatında beynəlxalq forumun yaradılmasının vacibliyini qeyd etdi. Qazaxıstan dövlətinin başçısı bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini bildirdi və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğuladı. Nursultan Nazarbayev Astana Sammitinin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrdə cəmiyyətin tərəqqisində mühüm rol oynayan elm və texnologiyanın İslam ölkələrində inkişaf etdirilməsinə həsr olunan Sammitin önəmini vurğuladı. Türkiyənin son illər elm və texnologiya sahəsində təhsil imkanlarının genişləndirilməsinə, mühüm proqram və tədbirlərin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini söyləyən Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsində İƏT-ə üzv dövlətlərdən 9500 tələbənin təhsil aldığını qeyd etdi. İslam aləmində son dövrdə yaşanan proseslərin müsəlman ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi zərurətini ortaya çıxardığını deyən Prezident Rəcəb Tayyib Ərdoğan elm və texnologiyanın inkişaf etdirilməsi məqsədilə irəli sürülən təşəbbüslərə siyasi dəstəyin verilməsinin vacibliyini bildirdi.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn müsəlman ölkələrində də elm və texnologiyanın inkişafına xidmət edəcək belə bir Sammitin təşkilini yüksək qiymətləndirdi. Bildirdi ki, bu Sammitdə qəbul olunacaq qərarlar müsəlman ölkələrində elm və texnologiyanın inkişafı sahəsində görülən işlərə böyük təkan verəcək. Bu baxımdan elm və texnologiya sahəsində nailiyyətlərin dəstəklənməsi çox böyük əhəmiyyət kəsb edir.
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz elm və texnologiyanın inkişaf etdirilməsinin dayanıqlı tərəqqiyə nail olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İslam dünyasının, o cümlədən Mərkəzi Asiya bölgəsinin orta əsrlərdə dünyanın elm mərkəzi olduğunu bildirdi. Özbəkistanda 300-dən çox elm və texnologiya mərkəzinin fəaliyyət göstərdiyini, ölkəsində bu sahənin inkişafına xüsusi diqqət yetirildiyini qeyd etdi.
Afrika ölkələri qrupu adından çıxış edən Qvineya Respublikasının Prezidenti Alfa Konde elm və texnologiyanın cəmiyyətin həyatının müasir formada təşkilinə şərait yaratdığını, istehsal imkanlarını artırdığını bildirdi. Qeyd etdi ki, son illər Afrika ölkələrində elm və texnologiya sahəsinin inkişafına böyük məbləğdə sərmayələr yatırılır.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani elm və texnologiya sahəsində əməkdaşlığın İslam ölkələrinin inkişafında mühüm rol oynadığını bildirdi. Müasir dövrdə İslam dünyasının müxtəlif problem və çağırışlarla üzləşdiyini qeyd edən Prezident Həsən Ruhani bütün bunların müsəlman aləmində böyük təəssüf hissi doğurduğunu vurğuladı. Dövlət başçısı bu problemlərin həll edilməsi, eləcə də müsəlman ölkələrində inkişafın təmin olunması üçün bütün istiqamətlərdə, o cümlədən elm və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin Astana Sammitinin İslam dünyası üçün olduqca mühüm vaxtda keçirildiyini bildirdi. Müsəlman ölkələrinin inkişafı istiqamətində vacib addımların atılmasının zəruriliyini qeyd edən Yusif Əl-Osaymin dedi ki, elm və texnologiyanın tərəqqisi sahəsində atılan addımlar ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək.
Açılış sessiyasından sonra Sammit işini “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiya ilə davam etdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
Bismillahir-rəhmanir-rəhim.
Əziz dostlar.
Qazaxıstan torpağında yenidən olmağımdan çox məmnunam. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirirəm.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilmişdir. Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib.
Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılmışdır. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk.
BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışlar, Ermənistan hərbi cinayətlər törətmişdir.
1992-ci ildə Ermənistan Xocalı soyqırımını törətmişdir. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb.
Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirmişdir. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur.
Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.
Keçən ilin aprel ayında qəhrəman Azərbaycan Ordusu torpağımızın bir hissəsini erməni işğalçılarından azad edib. Biz orada yeni qəsəbə salmışıq. 150 evdən ibarət Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi və məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində tikdik. Bu, bir daha Azərbaycan xalqının yenilməz ruhunu, öz dini dəyərlərinə bağlılığını göstərir. Ermənilər məscidlərimizi dağıdıblar. Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda bilməz.
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım – 100 ton ərzaq məhsulu göndərmişdir.
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak etmişdir. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılmışdır.
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Son 14 il ərzində ölkəmizin ümumi daxili məhsulu üç dəfədən çox artmışdır. Bir milyon 600 min iş yeri yaradılmışdır. Yoxsulluq beş faiz səviyyəsinə düşmüşdür. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Sağ olun.
X X X
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani çıxışında müsəlman ölkələrində davamlı iqtisadi inkişafa nail olunmasında sabitliyin təmin edilməsinin önəmini xüsusi vurğuladı.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn müsəlman ölkələrinin inkişafında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin, mövcud potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Prezident Məmnun Hüseyn İslam dünyasında elmin və texnologiyanın inkişafında mövcud elmi potensialdan istifadə olunmasının önəmini qeyd etdi, bu prosesdə alimlərin rolunu yüksək qiymətləndirdi.
Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamid İslam ölkələrində elm və texnologiyanın inkişafının enerji resurslarından və kosmik peyklərdən birgə istifadə, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyini bildirdi.
İndoneziya Respublikasının vitse-prezidenti Yusuf Kalla XXI əsrdə elm, texnologiya və innovasiyaların ölkələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, belə bir Sammitin vaxtında təşkil olunduğunu vurğuladı. O, İndoneziyada nanotexnologiya, mikroorqanizmlərin öyrənilməsi, kosmik sənaye və digər sahələrdə mühüm proqramların həyata keçirildiyini bildirdi.
Komor Adaları İttifaqının vitse-prezidenti Abdallah Said Sarouma İslam dünyasının inkişafında elm və texnologiyanın önəmini qeyd etdi və bu baxımdan Sammitin əhəmiyyətini yüksək qiymətləndirdi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç İƏT-in elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsinin tarixi hadisə olduğunu dedi. Müsəlman ölkələrinin gənclərin sayına və sürətli artımına görə dünyada ilk sıralarda olduğunu vurğulayan Bakir İzetbeqoviç bu baxımdan gənclərin təhsil imkanlarının genişləndirilməsinin, fəallıqlarının artırılmasının önəmini diqqətə çatdırdı.
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro çıxışında bildirdi ki, Sammitdə müzakirə olunan mövzular cəmiyyətin inkişafı baxımından mühüm rol oynayır. Bu, həm də regional və qlobal əməkdaşlığın inkişafı baxımından geniş perspektivlər açır.
Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih qeyd etdi ki, elmin və texnologiyanın inkişafı ölkələrimizin rifahı ilə yanaşı, qlobal iqtisadiyyatın da tərəqqisinə böyük töhfə verə bilər. O, bu baxımdan mühüm kəşflərin və nailiyyətlərin dəstəklənməsində beynəlxalq əməkdaşlığın vacib rol oynadığını qeyd etdi.
X X X
Tədbirdə İslam dünyasının elmi və texnoloji inkişafı üçün siyasi dəstək prosesinin başlanmasını nəzərdə tutan Astana Bəyannaməsi qəbul edilib.
Sammit çərçivəsində “Davamlı inkişafda elm və texnologiyaların rolu”, “Müasir iqtisadiyyatda rəqabət və innovasiyalar”, “Elm və texnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzularında sessiyalar keçiriləcək, zəngin təbii resurslara malik olan müsəlman ölkələrində yoxsulluq, aclıq, işsizlik problemlərinə, eləcə də elm, təhsil, texnologiya sahələrində inkişaf məsələlərinə dair müzakirələr aparılacaq. Bununla yanaşı, müsəlman ölkələrində gənclərin üzləşdikləri problemlər, onların elm və təhsil sahələrinə daha geniş cəlb edilməsi, habelə zorakı ekstremizm, terrorizm ilə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.