Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.
X X X
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.
İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.
Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə, Fondun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın 21 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1951-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.
Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi tanınacaq, eləcə də, hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.
AZƏRTAC