Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirdi. Dövlətimizin başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırdı. Vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirdi. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyillərinin güclənməsinin müşahidə olunduğunu deyən Prezident İlham Əliyev dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyillərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğuladı.
Keçən il Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyini, hər iki ölkənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını deyən dövlətimizin başçısı son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin də ölkəmizi narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini diqqətə çatdırdı.
2015-ci ildə Azərbaycanın uğurla inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyən Prezident İlham Əliyev ötən il özünün 20 ölkəyə, 15 ölkənin dövlət və hökumət başçısının isə Azərbaycana səfərlər etdiyini bildirdi. “Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq”, – deyən dövlətimizin başçısı ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin son görüşünün də formal xarakter daşıdığını qeyd etdi.
Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını deyən Prezident İlham Əliyev 2015-ci ildə təmas xəttində Azərbaycanın üstünlüyə yiyələnərək öz iradəsini diktə etdiyini, ölkəmizin bundan sonra da döyüş potensialını gücləndirəcəyini vurğuladı.
2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlətimizin başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirdi.
Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycan əhalisinin 114 min nəfər artdığını vurğuladı.
Çıxışında TANAP layihəsinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı daha sonra 2015-ci ildə ilk dəfə keçirilən birinci Avropa Oyunlarından danışdı, bu idman tədbirinin bütün dünyaya Azərbaycanın imkanlarını göstərdiyini, ölkədə müasir idman, nəqliyyat və xidmət infrastrukturunun yaradıldığını bildirdi.
Prezident İlham Əliyev parlament seçkilərinin də şəffaf və demokratik şəkildə baş tutduğunu, xalqımızın iradəsini əks etdirdiyini dedi.
Sonra maliyyə naziri Samir Şərifov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər.
Yekun nitqində Prezident İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirdi. Azərbaycan Prezidenti Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətinə toxundu. Bundan əlavə, dövlətimizin başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırdı.
Prezident İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd etdi ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir.
2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlətimizin başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoydu.
2016-cı ildə struktur islahatlarının aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışdı, turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağını dedi.
Dövlətimizin başçısı nəqliyyat dəhlizlərinin səmərəli işləməsi ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq dedi ki, tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılıb və artıq Azərbaycan, Gürcüstan, Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür. Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra isə Türkiyəyə məxsus tırların Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.
Bununla yanaşı, Prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “ASAN xidmət” mərkəzlərinin açılması və ona yeni səlahiyyətlərin verilməsi ilə bağlı tapşırıqlar verdi.
Çıxışının sonunda dövlətimizin başçısı 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirdi, ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi.
AZƏRTAC