1918-ci il 15 sentyabr günü Azərbaycanın XX əsr tarixinə Bakının bolşevik, erməni daşnak və rus menşevik hakimiyyətindən azad edilməsi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin öz paytaxtına qayıtmaq və geniş mənada dövlət quruculuğuna başlamaq imkanı əldə etməsi günü kimi daxil olub. Lakin həmin gün daha bir tarixi hadisə baş verib: Şimali Azərbaycan ərazisində ilk dəfə “Azərbaycan” adlı qəzet işıq üzü görüb.
İlk baxışda bəlkə də adi görünən bu hadisənin, əslində, böyük siyasi-ictimai əhəmiyyəti var idi. Şimali Azərbaycan xanlıqlarının Rusiya imperiyasına daxil olduğu vaxtdan bu ölkənin və onun xalqının adının gündəmə gəlməməsi üçün məqsədyönlü şəkildə siyasət aparılıb. İşğal olunan torpaqlar Rusiya imperiyasının inzibati-ərazi bölgü sisteminə uyğunlaşdırılaraq yerli mərkəzlərin – şəhərlərin adı ilə vilayətlərə, dairələrə, quberniya və qəzalara bölünüb. Həmin dövr bütün Azərbaycan (Cənub və Şimal) xanlıqları ərazilərində yaşayan xalqın İranda “türk” adlandırılmasına, yəni onların farslardan fərqləndirilməsinə baxmayaraq Rusiya hökuməti öz yeni təbəələrini uzun müddət “müsəlman” və ya “tatar” kimi qəbul edib. Sonralar Qafqazda yaşayan müsəlman-türk əhalisini imperiyanın digər türk xalqlarından seçmək üçün “Qafqaz” və ya “Aderbeyjan tatarları” ifadəsi meydana gəlib. Maraqlıdır ki, hələ 1827-ci ildə ermənilərin Qarabağa köçürülməsi ilə əlaqədar tanınmış Rusiya diplomatı və yazıçısı A.Qriboyedov öz yazılarında yerli əhaliyə aid “aderbaydjantsı” (aderbaycanlılar) kəlməsini işlədib. XIX əsrin sonlarında isə “azərbaycanlılar” etnonimi artıq Rusiyanın akademik dairələrində müxtəlif formalarda istifadə edilməyə başlanıb. Məsələn, Brokqauz və Efronun Ensiklopedik lüğətində “İranskiye” və “Qafqazskiye” “azerbeydjantsı” (və ya “aderbaydjantsı”) kimi azərbaycanlılar arasında bölgü aparılıb. Bununla da Arazdan cənubda və şimalda eyni xalqın yaşadığı təsdiq edilib. Bir sıra rus alimləri, ümumiyyətlə “Aderbaycan tatarlarını” “aderbaycanlılar” adlandırmağı təklif edib, lakin həmin dövr bu ad müxtəlif səbəblərdən rəsmi dövriyyəyə daxil olmayıb.
XIX əsrin sonlarında Azərbaycan cəmiyyətində də bu məsələ ilk dəfə gündəmə gəlir. 1891-ci il “Kəşkül” qəzetində “V.Sultanov” adlı uydurma bir şəxslə aparılan müsahibədə azərbaycanlıların şəxsi və kollektiv “kimliyi” məsələsi ilə bağlı vəziyyətə aydınlıq gətirilir. “Sən hansı millətdənsən?” sualına “Mən müsəlmanam, həm də türkəm” cavabı alınır. Diqqətəlayiqdir ki, burada “osmanlı türküsənmi?” sualı ilə “türk” kimliyi də dəqiqləşdirilir. Bu sualın cavabında yazının müəllifi maraqlı bir “söz oyunu” qurur: “Yox, mən bicanlıyam”.
Sonrakı sual-cavabda yalnız milli kimlik deyil, Azərbaycan türklərinin etnik ərazilərini müəyyənləşdirmək cəhdi edilir. Arazın bir tayında “azərilərin”, o biri tayında isə “cansız”, “ruhsuz” vəziyyətə salınmış “bicanlıların” yaşadığı, bir yerdə onların “azərbaycanlı” adlandırıldığı və “türk” dilində danışdığı məlum olur.
“Müsahibə”nin sonunda yazı müəllifi öz məqsədini tam aydınlığı ilə açıqlayır və qarşısındakı “bicanlıya” özünü “Azərbaycan türkləri” adlandırmağı təklif edir.
Elə həmin 1891-ci ildə dövrün görkəmli ictimai xadimi Məhəmmədağa Şahtaxtı Bakıda çıxan rusdilli “Kaspi” qəzetində bu məsələni qaldırır, Cənubi Qafqaz müsəlmanlarının “tatar” adlandırılmasını rus çinovniklərinin uğursuz təşəbbüsü hesab edərək “Zaqafqaziya müsəlmanlarının Azərbaycan türkləri, onların dilini isə Türk-Azərbaycan dili” adlandırmasını uyğun sayır.
1891-ci ildə daha bir əlamətdar addım atılır: “Kəşkül” bağlandıqdan iki ay sonra Ünsizadə qardaşlarından Kamal bəy “Azərbaycan” adında qəzetin nəşrinə icazə məqsədilə çar orqanlarına müraciət edir. Bu xahişə rədd cavabı alınsa da, Arazdan şimalda rəsmi dairələrə müraciətdə “Azərbaycan” adının təqdim edilməsi özlüyündə Qafqazın “müsəlman-tatar” cəmiyyətində ciddi proseslərin getdiyini göstərir.
Beləliklə, XIX əsrin sonuncu onilliyində Şimali Azərbaycanın ziyalıları tərəfindən ilk dəfə “Azərbaycan” “azərbaycanlı”, “Azərbaycan türkü” və “Azərbaycan – türk dili” anlamları qəti və aydın surətdə gündəmə çıxarılır.
Mümkündür ki, məhz bu amil rus hökumətinin narahatlığına səbəb olur və “Kəşkül” qəzetini bağlayandan sonra azərbaycanlılara 10 ildən artıq bir müddətdə öz dillərində hər hansı mətbu orqan nəşr etmək qadağan edilir. Bütün bu zaman ərzində Kamal Ünsizadə, Məhəmmədağa Şahtaxtı, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Sultan Məcid Qənizadənin həmin məqsədlə əlaqədar hər hansı cəhdləri çar III Aleksandrın Qafqaz müsəlmanlarına aid söylədiyi “qoy onlar rusca oxusunlar” əmri ilə rastlaşır. Rusiyanın hakim dairələrində öz intellekti və şəxsi keyfiyyətləri ilə böyük nüfuz sahibi olan M.Şahtaxtının Rusiya təbəəsi olan azərbaycanlıların, savadsız, yaxud savadlı olub rus dilini başa düşməyənlərin Rusiya cəmiyyətinə daxil olması üçün ana dilində qəzetə ehtiyacları olduğuna dair gətirdiyi bütün dəlillərə rus çinovniki açıq cavab verir: “Qəzet xalqın nəyinə lazımdır? Ziyalılar qoy rus dilində oxusunlar, adi tatarlar isə qoy gedib sürülərini otarsınlar”.
Müqayisə üçün deyək ki, həmin dövr Cənubi Qafqazda erməni və gürcü dillərində 19 qəzet və jurnal nəşr olunurdu.
M.Şahtaxtı yalnız 1903-cü ildə öz inadı və qətiyyəti sayəsində “Şərqi-rus” adlı qəzetin nəşrinə icazə ala bilir. İki ildən sonra, artıq 1905-ci il Rusiya inqilabının gətirdiyi dəyişikliklər dalğasında geniş ictimai-siyasi və maarifçilik fəaliyyətinə başlayan Azərbaycan ziyalıları – Əlimərdan bəy Topçubaşov, Əlibəy Hüseynzadə və Əhməd bəy Ağayev bir daha “Azərbaycan” adlı qəzet çıxarmaq üçün təşəbbüs edirlər. Lakin çar hökuməti bu dəfə də həmin adda qəzetin çıxmasına, eyni zamanda onun təsisçiləri arasında Ə.Hüseynzadə və Ə.Ağayevin olmasına icazə vermir. Son nəticədə nəzərdə tutulan qəzet “Həyat” adı ilə Ə.Topçubaşovun təsisçiliyi, onun yaxın həmməsləklərinin redaktorluğu ilə işıq üzü görür və Azərbaycanda ictimai fikrin və milli mətbuatın inkişafı tarixində böyük rol oynayır.
Rusiyanın mətbuat işləri üzrə təyinatlı idarələrinin “Azərbaycan” adlı bir orqanın nəşrinə olan bu birmənalı mənfi və qəbuledilməz münasibətinin arxasında, şübhəsiz ki, sırf siyasi səbəblər dururdu. Azərbaycan torpaqlarını ayrı-ayrı xanlıqlar şəklində işğal etsə də, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrini İran hökuməti ilə bağlamış Rusiya hökuməti özünün yeni ərazilərinin və təbəələrinin hər hansı şəkildə İranla, daha dəqiq deyilərsə, İranın Azərbaycan vilayəti ilə bağlılığını qəbul etmirdi. Burada, başqa bir məqam da var idi.
Məsələ bundadır ki, tarixən Atropatenadan başlayaraq Azərbaycan toponiminin coğrafi mənada əsasən Arazın o biri tayına – cənub ərazilərinə şamil edilməsi, şimal ərazilərinin isə tarixin müxtəlif dönəmlərində Alban, Aran, Muğan, Şirvan, Qarabağ və s. adlarla xatırlanması “Azərbaycan” kəlməsinin azərbaycanlılar yaşayan bütün ərazilərə aid edilməsini mübahisə mənbəyinə çevirmişdi. Bu məqam xüsusilə İran tərəfi üçün ən həssas məsələlərdən idi və sonrakı tarixi dövrlərdə bu “həssaslıq” daha bariz surətdə üzə çıxacaqdı.
Bu baxımdan hələ 1858-ci ildə Təbrizdə fars dilində nəşr olunmuş “Əxbare darəlsəltənəye Azərbaycan” (“Azərbaycan hakiminin xəbərləri”) adlı rəsmi dövlət qəzetinin adındakı “Azərbaycan” kəlməsi yalnız İranın Azərbaycan əyalətinin ərazisi mənasını ifadə edirdi. Bununla belə, Təbrizdə də həmin adda ikinci mətbu orqan 50 ildən sonra, 1906-cı ildə Məşrutə inqilabının gedişində işıq üzü görür. Həmin dövr Tiflisdə əsası qoyulmuş “Molla Nəsrəddin” jurnalının birbaşa təsiri altında nəşrə başlayan həftəlik, fars və Azərbaycan dillərində çıxan bu satirik məcmuənin ümumi məzmunu onun “Azərbaycan” adının coğrafi mənadan başqa hər hansı əlavə fikir – ideya yükü daşımadığını göstərir.
Təbii ki, çar çinovniklərinin “Azərbaycan” adı ilə bağlı narahatlığı heç də İranın “maraqlarının” nəzərə alınması ilə deyil, Cənubi Qafqazın “müsəlman-tatar” əhalisinin “azərbaycanlı-türk” milli kimlik axtarışının özünün yeni mərhələyə qədəm qoyması ilə şərtlənirdi. Təsadüfi deyil ki, Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə hökumət dairələrində “panislamist və pantürkist” kimi qəbul edilirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ictimai fikrində geniş yer alan “türkçülük” və “islamçılıq” cərəyanlarının kökləri və sonrakı inkişafı mövzusu üzərində dayanmadan burada ortaya çıxa biləcək maraqlı bir suala diqqət yetirək.
Beləliklə, hələ XIX əsrin sonlarında istər Azərbaycan ziyalıları tərəfindən, istərsə də Rusiyanın ən azı elmi dairələrində “Azərbaycan” və “azərbaycanlı” məfhumları artıq gündəmə gəldiyi halda, Azərbaycanın bütöv bir ziyalı nəslinin – siyasi-ictimai xadimlərindən tutmuş maarif, mətbuat, incəsənət sahələrinin ən görkəmli nümayəndələrinə qədər – milli kimlik axtarışlarında “azərbaycanlı” deyil, “türk” kimliyinə üstünlük verməsi nə ilə bağlı idi?
“Azərbaycançılıq” ideya-siyasi cərəyanın “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı şəklində formulə edilməsi, şübhəsiz ki, ilk növbədə, azərbaycanlıların özlərini böyük “türk birliyinin” və “islam ümmətinin” tərkib hissəsi kimi dərk etməsi ilə bağlı idi. Lakin tarixi-fəlsəfi, etnik-dini və s. bu kimi faktorlardan doğan təbii qavranışdan əlavə bu seçimin arxasında real, obyektiv və sırf siyasi səbəblər dururdu. Azərbaycanlıların hələ ayrıca bir millət şəklində formalaşmadığı, Rusiya imperiyası daxilində öz milli-mədəni hüquqları uğrunda müstəqil mübarizə aparmağın bütün çətinlikləri qarşısında azərbaycanlı ictimai xadimlərin bu mübarizəni Rusiyanın digər müsəlman-türk xalqları ilə birlikdə aparmağa üstünlük verməsi həmin dövr üçün tamamilə düzgün siyasi addım idi. Təsadüfi deyil ki, 1905-ci ilin avqustunda Nijniy-Novqorod şəhərində, gəmidə yarıgizli şəkildə keçirilən Ümumrusiya müsəlmanlarının I qurultayında Əlimərdan bəy Topçubaşov başda olmaqla azərbaycanlı nümayəndələr mühüm rol oynayır, bu hərəkatın proqram sənədlərini hazırlayır, onun gələcək strategiyasını müəyyən edir. Bu hərəkata cəlb olunmuş xalqların “müsəlman” adı altında birləşməsinə baxmayaraq, onun imperiyanın əsasən türk xalqlarını əhatə etdiyi və qarşısına da məhz milli vəzifələr qoyulduğu Ə.Topçubaşovun qurultaydakı çıxışının ilk cümlələrindən bəlli olur: “Biz – türklər eyni kökə, eyni mənşəyə, eyni dinə mənsubuq. Bizim əcdadlarımızın torpaqları Məğribdən Məşriqə qədər uzanırdı… Lakin bu gün biz öz əcdadlarımızın torpaqlarında, öz tarixi vətənimizdə öz dərdlərimizi və ehtiyaclarımızı azad müzakirə etmək imkanından məhrumuq…”
Azərbaycanlıların aparıcı mövqelərə malik olduğu bu hərəkatın təkcə 1905-1906-cı illərdə 3 dəfə öz qurultaylarını keçirməsi Rusiyanın “türk elitasının” siyasi fəallığının ən parlaq nümayişi olur və imperiyanın ictimai-siyasi mühitində “siyasi türkçülük” ifadəsinin yaranması ilə nəticələnir.
“Azərbaycan” adı siyasi anlamda gündəmə düz 10 ildən sonra gələcək. 1917-ci ilin fevralından başlayaraq Rusiyada monarxiyanın devrilməsi ilə yaranan tamamilə yeni tarixi şəraitdə “siyasi türkçülük” öz yerini daha konkret etno-siyasi anlamlara verir və məsələnin belə qoyuluşunda Məhəmməd Əmin Rəsulzadə mühüm rol oynayır. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının, may ayında isə Moskvada Ümumrusiya müsəlmanlarının qurultayları keçirilir və bu qurultayların hər ikisində əsas məsələ – Rusiyanın gələcək dövlət quruluşu və əsarətdə olan xalqların hüquqları haqda məruzələri M.Ə.Rəsulzadə edir. Məhz onun güclü məntiqi və inandırmaq məharəti sayəsində Rusiya müsəlmanlarının qabaqcıl nümayəndələri böyük səs çoxluğu ilə Rusiyanın milli-federativ respublikaya çevrilməsi və müsəlman əhalisi yaşayan vilayətlərə mədəni muxtariyyət deyil, milli-ərazi muxtariyyəti verilməsi təklifini qəbul edir və günün tələbi kimi irəli sürürlər.
1917-ci il Bakı və Moskva qurultaylarından sonra “Azərbaycan muxtariyyəti” məsələsi də Qafqazda Azərbaycan dövlətçiliyi forması kimi milli mətbuat səhifələrində, xüsusilə “Açıq söz” qəzetində geniş işıqlandırılırdı. Diqqətəlayiqdir ki, bu məsələlər Azərbaycan istiqlalının əleyhdarları olan Rusiyanın və Qafqazın digər siyasi qüvvələri ilə yanaşı, Bakıda fəaliyyət göstərən İranın mühacir siyasi təşkilatları və cəmiyyətləri, ilk növbədə, İran demokratları tərəfindən də böyük narahatlıqla qarşılanırdı. Qafqazdakı Azərbaycan torpaqları və əhalisi nəzərdə tutulmaqla işlədilən “Azərbaycan” və “azərbaycanlılar” kəlmələrini, xüsusilə “Azərbaycan muxtariyyəti” ifadəsini mühacir iranlı demokratlar müsavatçıların İran Azərbaycanına iddiası və beləliklə də, İranın ərazi bütövlüyünə təhlükə mənasında qəbul edirdilər.
1918-ci ilin 28 mayında Azərbaycanın siyasi qüvvələrinin özlərinin ilk milli dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini – yaratdığını elan etməsi və onu “Azərbaycan” adlandırması bütün İran miqyasında kəskin etiraz və təşviş doğurdu. Azərbaycan Xalq Cümhuriyyətinin Təbriz daxil olmaqla Cənubi Azərbaycana da iddia etdiyi və hətta bu əraziləri Osmanlı-türk qoşunlarının dəstəyi ilə işğal etmək qəsdində olduğu kimi əsassız ehtimalları və şübhələrini ən geniş şəkildə müzakirələrə və ittihamlara çevirən İran hökuməti ölkə mətbuatında və siyasi dairələrində AXC əleyhinə böyük kampaniya açdı, müxtəlif xarici yazışmalarda isə Azərbaycan Xalq Cümhuriyyətini Qafqaz Azərbaycanı adlandırmağa başladı. Bununla belə, Azərbaycan tərəfi bütün bu ittihamların əsassızlığını sübut etməklə İranla qonşuluq əlaqələrini tənzimləməyə müvəffəq oldu.
Əslində, yeni yaranan dövlətə “Azərbaycan” adının verilməsi özlüyündə böyük bir tarixi hadisə idi. Belə ki, “Azərbaycan” kəlməsinin XIX əsrin sonları – XX əsrin əvvəllərindən milli ruhlu Azərbaycan ziyalıları tərəfindən türkdilli mətbuatda və ədəbiyyatda dövriyyəyə gətirilməsi ilə başlanan proses heç 30 il keçməmiş Azərbaycan milli dövlətçiliyinin yaranması ilə özünün məntiqi, qanunauyğun həllini tapmışdı. Tarix üçün bir an sayıla biləcək bu kiçik müddətdə Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimləri “Azərbaycan” adının coğrafi mənada – Cənub-Şərqi Zaqafqaziya, ərazi-inzibati vahidləri kimi Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyaları adlanan ərazilərə, “müsəlman”, “tatar”, “Qafqaz türkü” adlanan xalqa və “türk” adlanan dilə şamil etməyə müvəffəq olmuş və özlərinin bu müstəsna uğurlarını “İstiqlal bəyannaməsi” ilə möhkəmləndirmişlər.
Azərbaycan hökuməti hələ Gəncədə işlədiyi günlərdə “Azərbaycan” adı ilə bağlı daha bir mühüm hadisə baş verir. Azərbaycan milli mətbuatı xadimlərinin uzun onilliklərdən bəri can atdıqları arzusu – ölkənin və xalqın adını daşıyan qəzet çıxarmaq – nəhayət ki, reallaşır: 1918-ci il sentyabrın 15-də Gəncədə “Azərbaycan” adlı qəzet nəşrə başlayır. Bu hadisəni tarixi edən amillər “Azərbaycan” adlı qəzetin yalnız milli ziyalıların əvvəllər baş tutmayan təşəbbüslərinin arxasında duran siyasi məqsəd və niyyətlərini ifadə etməsi ilə məhdudlaşmırdı. Burada əsas amil “Azərbaycan” qəzetinin daha geniş mənada, artıq müstəqil, milli dövlətin adını daşıması ilə bağlı idi.
Maraqlıdır ki, iki dildə – Azərbaycan və rus dillərində nəşr olunan “Azərbaycan” qəzeti Gəncədə çap olunmuş ilk 4 nömrəsindən başlayaraq Bakıya köçdükdən sonra 28 aprel 1920-ci il tarixli sonuncu 443-cü (rus dilində 438-ci) nömrəsinə qədər özünü “gündəlik ictimai, siyasi, ədəbi, iqtisadi qəzetə” adlandırmış, nə Azərbaycan hökumətinin, nə də hər hansı siyasi partiyanın rəsmi orqanı olmamışdır (AXC hökumətinin rəsmi orqanı – “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri” adlı həftəlik qəzet 1919-cu ilin yanvar ayından nəşr olunurdu). Bununla belə, hər iki dildə çıxan “Azərbaycan” qəzeti yarandığı gündən dövlət qəzeti funksiyasını yerinə yetirmiş, sözün tam mənasında Azərbaycan dövlətçiliyi mövqeyində durmuş, Azərbaycan Xalq Cümhuriyyətinin milli maraq və siyasətini əks etdirmiş, Azərbaycan xalqını bu dövlət ətrafında sıx birləşdirməyə çalışmışdır. Azərbaycan istiqlalının müdafiəsi ideyası qəzetin ümumi siyasi xəttini ifadə etmişdir. Qəzet dövlət tərəfindən maliyyələşmiş və dövlət mətbəəsində çap olunmuşdur. Sənədlərdən görünür ki, qəzetin nəşri ilə bağlı bütün mühüm məsələlər, o cümlədən redaktorların təyin edilməsi Azərbaycan hökumətində maarif naziri, daha sonra baş nazir Nəsib bəy Yusifbəyli ilə razılaşdırılırdı.
“Azərbaycan” qəzetinə əvvəlcə Ceyhun, daha sonra Üzeyir Hacıbəyli qardaşları, qısa müddətdə Xəlil İbrahim, qəzetin rus variantına isə Şəfi bəy Rüstəmbəyli baş redaktorluq etmişlər. C.Hacıbəyli və Ş.Rüstəmbəyli qəzetin ərsəyə gəlməsində böyük rol oynamış və onun ən fəal müəllifləri olmuşlar. Azərbaycan Parlamentinin üzvü olan Ş.Rüstəmbəyli, həmçinin Azərbaycan mətbuatı haqqında nizamnamənin hazırlanmasında, müzakirəsində və 1919-cu il 30 oktyabr tarixdə qəbul edilməsində xüsusi xidmət göstərmişdir.
“Azərbaycan” qəzetini Azərbaycan mətbuatı tarixində əlamətdar edən cəhətlərdən biri də artıq qələm təcrübəsinə malik olan və dövri mətbuatda imzası tanınan Xəlil İbrahim, Əhməd Həmdi Qaraağazadə, Mirzəbala Məmmədzadə və b. kimi bütöv bir nəsil yazarlar bu qəzetin səhifələrində peşəkar jurnalist və mahir siyasi publisist kimi yetişmişlər.
Bu baxımdan Üzeyir Hacıbəylinin adı ayrıca çəkilməlidir. Belə ki, məhz “Azərbaycan” qəzetindəki fəaliyyəti və xüsusilə onun siyasi publisistikası Üzeyir Hacıbəylini birmənalı olaraq Cümhuriyyət liderləri ilə bir cərgəyə qaldırmışdır.
“Azərbaycan” qəzetinin mövzu dairəsi – mühüm beynəlxalq hadisələrdən tutmuş Azərbaycan qəzalarındakı vəziyyətə qədər, Azərbaycan hökuməti və Azərbaycan Parlamentinin fəaliyyətindən başlamış təhsil, ədəbiyyat, teatr, muzey və s. sahələrə qədər – yalnız AXC tarixini deyil, ümumiyyətlə 1918-1920-ci illər Azərbaycan həyatını, daha geniş mənada isə qonşu və aparıcı dünya ölkələrində baş verən hadisələri izləmək və öyrənmək baxımından mühüm mənbə sayılır. Bu sırada qəzetin Cümhuriyyət dövrünün əlamətdar hadisələrinə həsr edilmiş xüsusi nömrələri ayrıca qeyd edilməlidir. “Azərbaycan” qəzetinin 1918-ci il Bakıda mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Bakının azad edilməsi, Azərbaycan Parlamentinin açılması kimi hadisələrin 1-ci ildönümünə, 1920-ci il Azərbaycanın müstəqilliyinin de-fakto tanınmasına həsr edilmiş xüsusi sayları bu gün də həmin tarixi hadisələrin dolğun və düzgün qiymətləndirilməsi üçün ən parlaq nümunə hesab edilə bilər.
Azərbaycanın istiqlal və milli dövlətçilik hərəkatı tarixinin “tədqiq və tənqidində” özünün ən yüksək qiymətini almış “Azərbaycan” qəzetinin iki ildən sonra 100 yaşı tamam olacaqdır.
Solmaz RÜSTƏMOVA,
tarix elmləri doktoru, professor
“Azərbaycan” qəzeti. 15 sentyabr 2016