Əziz həmvətənlər!
Tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur.
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq idi. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilmiş və onun gerçəkləşdirilməsi istiqamətində xüsusi cəhdlər göstərilmişdir. Xalqımızın çoxəsrlik tarixi kobudcasına təhrif olunmuş, ermənilərin tarixi qədimləşdirilmiş və şişirdilmişdir. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulmuş, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılmış, Azərbaycan toponimləri erməniləşdirilmişdir. Onilliklər boyu soyqırımı siyasəti total ideoloji təcavüz, türk və Azərbaycan xalqlarına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik şəraitində bu siyasət daha incə və təhlükəli metodlarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası kütləvi hal almışdır.
Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir. Keçmiş Rusiya imperiyası və İran arasında gedən müharibə nəticəsində Azərbaycanın bölüşdürülməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə Çar Rusiyasının və bolşeviklərin köməyi ilə erməni daşnaklarının törətdiyi qırğınlar, 1920-ci illərdə ərazilərimizin hissə-hissə Ermənistana verilməsi, 1948-1953-cü illərdə Sovet hökumətinin qərarı ilə soydaşlarımızın Ermənistandan deportasiyası vahid bir planın tərkib hissəsi kimi xüsusi ssenari ilə aparılmışdır. Bunun ardınca, 1980-ci illərin sonunda Dağlıq Qarabağ millətçilərinin Ermənistan və SSRİ rəhbərliyinin təhriki ilə qızışdırılan separatçı çıxışları, bunların sonradan əsl irimiqyaslı müharibəyə çevrilməsi, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı – bütün bunlar “böyük Ermənistan” xülyası ilə yaşayan davakar erməni şovinistlərinin və onların himayəçilərinin Azərbaycan xalqına vurduğu yaraların tam olmayan siyahısıdır.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı, deportasiya və işğal siyasətinin intensivliyi bu gün zəifləməmişdir, əksinə, təbliğat və qarayaxma kampaniyası bir az da gücləndirilmişdir. Erməni şovinist millətçiləri xaricdəki erməni icmalarının və böyük dövlətlərdəki erməni lobbisinin imkanlarından məharətlə yararlanaraq, bu gün də “əzabkeş, məzlum erməni milləti” obrazı yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək, əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışır.
Soyqırımı və deportasiya siyasəti xalqımız üçün iqtisadi, siyasi, maddi və mənəvi planda ağır nəticələr vermişdir. İki yüz ilə yaxın davam edən bu bədnam siyasət və məqsədyönlü fəaliyyət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qoşunlar tərəfindən qəsb edilmiş, on minlərlə soydaşımız əzab-əziyyətlə öldürülmüş, yüz minlərlə insan doğma torpaqlarından didərgin salınmış, qiymətli maddi-mədəniyyət abidələri vəhşicəsinə məhv edilmişdir. İki milyona yaxın azərbaycanlı soyqırımı siyasətinin və praktikasının ağır nəticələrini bu və ya başqa şəkildə öz taleyində hiss etmişdir.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində yalnız son illərdə ictimaiyyətə qismən də olsa çatdırılmışdır. Azərbaycanlılara qarşı soyqırımı siyasətini ifşa etmək, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müəyyən işlər görülmüşdür. Lakin bu sahədə hələ qarşıda görüləsi işlərimiz çoxdur. Azərbaycan dövləti, ictimaiyyəti, xaricdəki Azərbaycan icmaları üzərinə böyük, məsuliyyətli vəzifələr düşür. Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir. Bu məsələdə bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları bir olmalı, eyni mövqedən çıxış etməlidirlər.
Bu dəhşətli hadisələr bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymətini almalıdır. Dünya dövlətləri bu prinsipial məsələdə mövqelərini yenidən dəqiqləşdirməli, erməni təbliğatı nəticəsində formalaşmış stereotiplərdən imtina etməlidirlər. Bu, bir tərəfdən həmin hadisələrin bir daha təkrarlanmasına yol verməmək üçün vacibdir, o biri tərəfdən isə, soyqırımı qurbanlarının xatirəsi qarşısında bizim vətəndaşlıq borcumuzdur.
Biz tarixdə baş verən hadisələrin erməni millətçilərinin mütəmadi olaraq həyata keçirdiyi eybəcər formada bu günümüzə köçürülməsinin, insanlar və xalqlar arasındakı münasibətlərdə düşmənçilik yaratmaq üçün istifadə olunmasının əleyhinəyik. Müasir dünyada müharibə təbliğatı, insana nifrət ideologiyası, başqa dövlətlərə qarşı ərazi iddiaları bizim üçün yolverilməzdir. Bütöv xalqlara nifrət hissi azərbaycanlılara yaddır. Biz müstəqilliyimizin verdiyi imkanlardan istifadə etməklə ölkəmizin daim tərəqqisinə nail olmaq, vətəndaşlarımız üçün firavan həyat qurmaq istəyirik.
Bir daha soyqırımı qurbanlarının əziz xatirəsi qarşısında hörmətlə baş əyir, onların yaxınlarına başsağlığı verir, xalqımıza səadət, firavanlıq, ümummilli vəzifələrimizin həlli yolunda mətanət və dəyanət arzulayıram.