Tanınmış tarixçilərimiz Firdovsiyyə xanım Əhmədova və Boran Əzizlə birlikdə bu sualı cavablandırmağa çalışdıq.
Fuad Babayev: Belə bir təsəvvür var ki, mərkəzi hakimiyyət zəifləyən kimi ermənilərin əl-qolu açılır, fəallaşır və iddialar irəli sürməyə, qırğınlar törətməyə başlayırlar. 1918-1920-ci illərdə belə olub. Çar Rusiyasının süqutundan dərhal sonra ermənilər Qarabağda da fəallaşdılar. 99 illiyini geyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki Qarabağ probleminin konturları barədə nə demək olar?
Firdovsiyyə Əhmədova: Bu çox lazımlı mövzudur.Bu mövzu araşdırılıb və bundan sonra da araşdırılacaq. Azərbaycan Cümhuriyyətinə miras qalmış ağır problemlərdən biridir Qarabağ problemi. Qarabağ proplemi leksikona Dağlıq Qarabağ münaqişəsi kimi daxil olub. Problemin kökü Rusiyanın Cənubi Qafqazı işğal etməsindən, Türkmənçay, Gülüstan müqavilələrindən qaynaqlanır. Yəni bu problem Rusiyanın Qafqazı istila etməsindən sonra başlayıb. Çünki Rusiyanın kütləvi şəkildə erməniləri İrandan və Türkiyədən köçürməsi faktiki olaraq onları Qafqazda bir əhali faktoruna çevirdi. Ona görə də XX əsrin əvvəllərində ermənilərin ərazi iddialarını gürcülər və azərbaycanlılar tarixi əzəlilik prinsipinə söykənərək cavablandırırdılarsa, ermənilər real məskunlaşma prinsipindən çıxış edirdilər. Çünki bu prinsip onlara sərf edirdi. Məsələn, ermənilər Tiflis şəhərinə bir paytaxt kimi iddia edirdilər. Tiflis quberniyasının ərazisinə iddia edirdilər. Hətta deyirdilər ki, torpaqlar real məskunlaşma prinsipi ilə bölünsə, Tiflis şəhəri Gürcüstanın iddia etdikləri dövlətçiliyin sərhədlərindən kənarda qalar. Qeyd etdiniz ki, tarixi fürsətdən ermənilər həmişə məharətlə istifadə edə bilmələri haqqında təsəvvür formalaşıb. Bu təbii ki bələdir, amma bu o demək deyil ki, ermənilər məhz həmin tarixi fürsətdə çevik hərəkət etməyə başlayırlar. Sadəcə olaraq onlar həmin prosesə hazırlıqlı gəlirlər. XIX əsrin ikinci yarısından etibarən ermənilər separatçı bir hərəkata başladılar Rusiya imperiyası ərazisində. Rusiya imperiyasında heç bir xalq müstəqillik, hər hansı bir muxtariyyat iddıasında deyildi, amma ermənilər bu iddiaya düşmüşdülər. Nəyə görə? Çünki onları kütləvi şəkildə köçürəndə Rusiya dövləti ermənilərə bu ərazidə nəsə yaratmaq, hansısa qurum vəd etmişdi. Elə ona görə də qısa bir müddətdə erməni vilayəti yaradıldı. Amma bu onları qane eləmirdi. Sonra isə həmin vilayət də ləğv edildi. Faktiki olaraq ermənilərə vəd edilən bir şey olmadığından, XIX əsrın sonlarında ermənilər, xüsusilədə onların ruhaniləri deyirdilər ki, indiki rus çarı onların padşahı deyil. 1882-ci ildə Dondukov-Korsakovun belə bir ifadəsi var ki, hansısa cəfəng Hayastan haqqında fikirlər dolaşır, amma bunun reallığı yoxdur, indi XIX əsrin sonudur. Amma reallıq ondan ibarət idi ki, ermənilər təşkilatlanır, Daşnaksütyun partiyası böyük Ermənistan xülyasını ortaya atır və məsələnin həlli üçün terroru bir vasitə kimi görməyə başlayır. Ermənilərin bu separatçılıq hərəkatı Rusiya məmurları üçün, Rusiya hakimyyəti üçün ciddi bir problemə çevrilmişdi. Elə bir vəziyyət yarandı ki, 1903-cü ildə erməni kilsəsinin əmlakı ilə bağlı Rusiya çarı qərar verdi. Ermənilər bu qərara qarşı elə bir fəal etiraz sərgilədilər, rus məmurlarına qarşı elə terror aktları həyata keçirdilər ki, çar məcbur oldu öz fərmanını ləğv etməyə. 1905-ci il Rus-yapon müharibəsi tarixi fürsət oldu və Rusiya hakimiyyətini güzəştə getməyə məcbur elədi. Birici Dünya müharibəsinə ermənilər Rusiya hökumətinə xidmət göstərmək imkanı kimi baxırdılar. Müqabilində isə rus çarından nələrisə gözləyirdilər. Ermənilərin ərazı iddiaları çox genış idi. Amma Cənubi Qafqaz respublikaları elan edilən dövrdə ermənilər Osmanlı dövlətinə ərazi iddiası irəli sürə bilmirdilər. Çünki həmin dövrdə regionda Osmanlı imperiyası yeganə hərbi gücə malik olan bir dövlət idi. Digər dövlətlərin də burada marağı var idi, amma onların “imkan”ları hərbi ekspedisiyalar səviyyəsində idi. Britaniya bura girə bilməmişdi, Almaniyanın iştirakı himayəçilik səviyyəsində idi. Amma Osmanlı dövləti hərbi qüvvəsi ilə regiondaydı. Cümhuriyyət elan olunan günün səhərisi İrəvan şəhəri siyası mərkəz kimi verilmişdi Ararat Respublikasına. Yeri gəlmişkən, ilkin sənədlərdə heç Ararat Respublikası da yox Erməni Federasiyası kimi gedirdi (“Armyanskaya Federasiya”). İrəvan veriləndə şərt kəsilmişdi ki, onlar Yelizavetpol quberniyasının dağlıq hissəsinə iddia etməyəcəklər. Qarabağın artıq rəsmi şəkildə dağlıq hissəsi ilə bağlı ilkin sənədlərdə müzakirələr gedirdi. Hərçənd ki, Nəsib bəy Yusifbəyli parlament iclaslarında çıxış edərkən deyir ki, bizim heç bir Qarabağ problemimiz yoxdur. Amma problemin kökü var və onun hardan qaynaqlandığını da bildik.
Fuad Babayev: Boran müəllimin “Azərbaycan qaçqınları 1918-20-ci illərdə” məqaləsini internetdə gördük. Məqalədə belə bir cümlə var: ”Ermənilər polkovnik Purimov və komissar Dronun başçılığı ilə dörd gün ərzində, yəni 17-20 fevral 1918-ci ildə İrəvan quberniyasının 21 kəndini yerlə-yeksan etmişdilər. Təkcə İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd məhv edilmişdir.”
Boran Əziz: Həmin mətndə bir qədər yanlış veriblər. Əslində məhv edilmiş yox, dağıdılmış olmalıdır. Və ya həmin kəndlərdə yaşayan azərbaycanlılar öz yaşayış yerlərini tərk etməyə məcbur ediliblər.
Firdovsiyyə Əhmədova: Rəsmi ancaq Zaqafqaziya Seyminin müsəlman fraksiyasında 80 kənd göstərilir.
Boran Əziz: Seym iclaslarında 80 rəqəmi də var, 211 rəqəmi də.
Firdovsiyyə Əhmədova: Solovyovun 1920-ci ildəki raportunda göstərilir ki, keçmiş İrəvan quberniyasinda 250 kənd tamamilə məhv edilibdir.
Boran Əziz: Tamamilə məhv edilibdir, fikrini qəbul etmək çətindir.
Fuad Babayev: Bu rəqəmlərin özü 1918-20-ci illərdə cümhuriyyətin qarşılaşdığı şərti olaraq Qarabağ problemi adlandırılması mümkün olan problemin nə gədər ağır olduğundan xəbər verir. Bu problemin başqa parametrləri hansılardır?
Boran Əziz: Bəzən Avropa, Rusiya mətbuatında iddia olunur ki, azərbaycanlılar arasında etnik, dini dözümsüzlük və s. var. Birmənalı şəkildə bütün arxiv sənədlərində, araşdırma aparan müəlliflərin əsərlərində də aydın görünür ki, tarixən onların dediyi kimi qarşıdurma olmayıb. Nə Qaraqoyunlu- Ağqoyunlu sülaləsinin hakimyyəti dövründə, Baharlıların və yaxud Bayandurların dövründə, nə də ki, Səfəvilər dövründə. Ermənilər əksinə, burda xüsusi bir mövqeyə malik olublar. Hətta ermənilərin 1441-ci ildə Cahanşahın dövründə Üçkilsəyə köçürülməsi, orada torpaq almaları və s. məlumdur. Sadəcə olaraq Rusiyanın Qafqazda möhkəmlənmək siyasətindən doğan nəticə kimi ermənilərlə azərbaycanlılar arasında bu ziddiyət yaranmışdı və Rusiya bundan istifadə etmişdi. I Pyotrun dövründə bu siyasətin konturları cızıldı, II Yekaterinanın dövründə Qarabağda ermənilərə dövlət yaradılması ideyası irəli sürüldü və bizim tədqiqatçıların əsərlərində, səhv etmirəmsə Güntəkin xanımın da əsərində bu məsələ qoyulub. 1783-cü ildə II Yekaterina sevincək “Ermənilərə dövlət tapdım” deyir. Sual verdikdə isə “Harada?”, cavab verir ki, “Qarabağda”. Deyirlər ki, orda axı erməni yoxdur. Cavab verir: “Əsas yer tapmaqdır”. Yəni bu siyasət birdən-birə yaranmayıb. Amma ən maraqlı məsələ və bu siyasətin reallaşmasına əngəl I İbrahimxəlil xanın Sisianovla bağladığı müqavilə idi. Çünkü bu Rusiya ilə bağlanan yeganə siyasi müqavilədir ki, Rusiya dövləti özü də təsdiq edirdi ki, Qarabağ Azərbaycana məxsusdur. Çünkü əks təqdirdə müqavilə məlikliklərlə bağlanardı. Ona görə də Kürəkçay müqaviləsinin çox böyük əhəmiyyəti oldu. Amma Mədətovun və Yermolovun buradakı siyasəti nəticəsində Mehdiqulu xanın məcburiyyət qarşısında qalıb qaçması bu əraziyə yenidən ermənilərin köçürülməsi üçün şərait yaratdı. Türkmənçay müqaviləsinin imzalanması ilə Rusiya Qarabağa erməniləri köçürmək üçün hüquqi bir sənəd əldə etdi. Dağlıq Qarabağ ifadəsi də çox maraqlıdır. Bu ifadə siyasi bir termin kimi 1919-cu ildə Cümhuriyyət dövründə meydana gəlib. Qarabağ aran və dağlıq hissədən ibarət idi və ermənilər bu hissəni ələ keçirmək üçün Dağlıq Qarabağ terminini ortaya atdılar. Qarabağın yuxarı hissəsinin yalnız bir qismində ermənilər yaşayırdı. 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarında da Qarabağ muxtariyyatının yaranması haqqında qərar veriləndə Muxtar Dağlıq Qarabağ yazılmışdı. Bu məsələlər əlbəttə ki, Cümhuriyyət dövrünə qədər hazırlanmışdı. Təbii ki, burada ermənilərin mövqeyinin gücləndirilməsinə Rusiyanın dağılmasından sonra bura gələn ingilis və amerikalılar da kömək edir, onlara yardım göstərirdilər. Yardımlar ilə bağlı kifayət gədər materiallar da çap olunub. Qarabağ məsələsi Cümhuriyyət dövründə meydana gələndə artıq yalnız Cümhuriyyətin daxili işi deyldi. O dövrdə də Amerika, İngiltərə, Birinci Dünya müharibəsinin qalib dövlətləri hər vasitə ilə öz dindaşlarına bu məsələdə yardım etməyə çalışırdılar.
Fuad Babayev: Belə bir təsəvvür var ki, az qala 100 il bundan əvvəl, AXC dövründə daha çox Şamaxıdakı soyqırım, Quba, Göyçay hadisələri təhqiq edilib. Qarabağ bir qədər diqqətdən kənar qalıb. Bu fikirlə razısınızmı?
Firdovsiyyə Əhmədova: Bəli. Çünki Fövqəladə Təhqiqat Komissiyasının o ərazilərdən bəhs edən sənədlər toplusu kitab halında işıq üzü görüb. Və bu təbliğ olunur. Amma bu o demək deyil ki, Qarabağ bölgəsində 155 kənddə qırğınlar olmayıb. Zəngəzur da Qarabağın tərkib hissəsi idi. Zəngəzur indi Ermənistan Respublikasının ərazisidir, amma tarixi baxımdan onu Qarabağ general-qubernatorluğunun tərkibinə daxil olmuş inzibati ərazi vahidi kimi ayıra bilmərik. Zəngəzurda da 115 kənddə qırğınlar olub. Qırğınlar kütləvi şəkildə həmin əraziləri də əhatə etmişdi. Lakin biz indi Azərbaycan Respublikasının yaşadığı problemi, Dağlıq Qarabağda ermənilərin ərazi iddiası ilə gündəmə gələn problemin köklərini müzakirə edirik. Cümhuriyyət dönəmi ilə maraqlanan oxucu soruşa bilər ki, bu problem var idisə, bəs necə oldu ki, həll edilmədi və bu miras XX əsrin sonlarında yenə qabardı. Bayaq İrəvanla bağlı təsadüfi demədim ki, Qarabağın dağlıq hissəsi ilə bağlı erməni iddiaları ilə əlaqədar kəskin şərt qoyulmuşdu. Amma az sonra, 1918-ci ilin iyununda ermənilər böyük bir xəritə iddiası ilə çıxış etməyə başladılar.
Fuad Babayev: Söhbət “Böyük Ermənistan”ın xəritəsindən gedir?
Firdovsiyyə Əhmədova: Bəli, böyük xülyəvi Ermənistanın xəritəsindən gedir söhbət. Bu xəritədə Qarabağın da dağlıq hisəsi və digər böyük, geniş ərazilər də Ermənistan ərazisi kimi göstərilirdi. Həmin dövrdə Məhəmməd Əmin Rəsulzadə nümayəndə heyətinin sədri kimi İstanbulda idi, orada bir beynəlxalq konfrans baş tutmalı idi. Rəsulzadə diplomatik nümayəndəliklərlə xeyli görüşlər keçirmişdi. Azərbaycan hökümətinin başçısı Fətəli Xan Xoyski ilə 31 iyul 1918-ci il tarixli bir yazışmasında Rəsulzadə yazırdı ki, ermənilər burda aktiv fəaliyyətdədirlər, böyük bir xəritə, ərazi iddiaları ilə çıxış edirlər. Rəsulzadənin məktubuna cavab olaraq Fətəli Xan Xoyski yazır ki, əgər ermənilər Qarabağın yuxarı hissəsinə iddia etsələr, biz onlara İrəvanı güzəştə getməkdən imtina edəcəyik. Amma razılaşsalar, Qazax qəzasından kursiv ilə göstərilən hissələri onlara güzəştə gedə bilərik. İndiki mövcud sərhədlər daxilində ərazi mübadiləsi ilə bağlı məsələlər bizə qəribə gələ bilər. Amma nəzərə alaq ki, Rusiya istilası elə bir ikivariantlı inzibati ərazi sistemi yaratmışdı ki, Azərbaycan torpaqları qeyri-azərbaycanlıların idarə etdiyi inzibati ərazi vahidlərinə daxil olmuşdu. Ona görə çar Rusiyası devrildikdən sonra belə bir ağır miras qalmışdı. Bu baxımdan Rəsulzadənin Türkiyədə apardığı danışıqlarda belə ifadələr işlədir ki, türk elementlərinin (azərbaycanlıların) yaşadıqları əraziləri daha çox Azərbaycanın hakimiyyəti altında saxlamaq, erməni elementlərinin toplaşdıqları əraziləri isə Ararat Respublikası ilə mübadilə etmək lazımdır. Söhbət bu səviyyədə ağır bir müstəvidə keçmişdi, çünkü bir əsrlik miras qalmışdı. Konkret olaraq Qarabağın dağlıq hissəsi ilə bağlı həmin dövrdə məsələ kəskinliyi ilə dayanmır. Hərçənd burada bir faktor var – Andronik guya özünü Ararat Respublikasının nəzarətindən azad elan edərək böyük bir qanlı yürüşə başlamışdı. Bizim bu gün yaşadığımız Qarabağ məsələsi o dövrdə daha ağır və kəskin xarakter ala bilərdi. Bir amil bunun qarşısını ala bildi. Bu Qafqaz İslam Ordusunun azadlıq missiyası idi. Biz tarixdə ən çox Qafqaz İslam Ordusununun Baki əməliyyatından danışırıq. Orda bir Dağıstan və Qarabağ hərəkatı da vardı.
Boran Əziz: Bəli, Nəsir Yucər də bunu gözəl verib.
Firdovsiyyə Əhmədova: Elədir. Burada bir maraqlı məqam var. Birinci Dünya müharibəsi sona çatırdı və Osmanlının məğlubiyyəti qaçılmaz idi. Oktyabrın 30-da Mudros müqaviləsi imzalandı. Qoşunlar çıxarılmalı idi. Və Cəmil Cahid bəy teleqram vurur ki, Qarabağda Andronik və o erməni qüvvələri meydan sulayır. Onlar belə bir marşrut seçmişdilər ki, Zəngəzurda insanları qıra-qıra gedib, Şuşada birləşməli idilər. Onda biz Qarabağ doğrudan da itirilmiş torpaqlar olacaqdı bizim üçün. Sadəcə qısa bir müddətdə Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı faktiki olaraq noyabrın 7-də, yəni bir həftə ərzində daxil oldu Qarabağa, ermənilər də məcbur oldular barışıq missiyası ilə çıxış etməyə Bələ bir situasiya yarandı, ona görə də Qarabağ məsələsi hələ 1918-ci ilin payızında Qafqaz İslam Ordusunun həmin hərəkatı nəticəsində ermənilərin istəyinə uyğun həlini tapmadı. Azərbaycan höküməti də çox kəskin notalarla çıxış edirdi, Andronikin mövqeyi ilə bağlı. “Azərbaycan” qəzetində də bu barədə yazılar gedirdi.
Boran Əziz: Həm ingilislərə, həm də amerikanlara etiraz məktubları da var. Və bunlar da təbii ki, təsir göstərirdi. Burda bir məsələdə var ki, Cümhuriyyət rəhbərliyi 1918-ci ilin mart qırğınından sonra bu məsələni sülh yolu ilə necə həll etmək barədə uzun-uzadı müzakirələr aparmışdı. Seymdə müsəlman fraksiyasının iclasımnda da bunlar səsləndirilmişdi. Ermənilər açıq şəkildə bildirirdilər ki, siz hakimyət məsələsini Bakıda bizə güzəştə gedin, onlar da köməklik etsinlər, daşnak-bolşevik birləşməsinin həyata keçirdiyi qırğınların qarşısını almaqda. Cümhuriyyətin yaradıcıları o dövrdə silahsız, köməksiz bir halda idilər, ona görə də bunu sülh yolu ilə necə həll etməklə bağlı müxtəlif fikirlər irəli sürürdülər.
Firdovsiyyə Əhmədova: 1918-ci ilin yazında təbii ki, müsəlman fraksiyası nəinki, kömək etmək, heç Zaqafqaziya Seymində məsələni müzakirəyə çıxarıb, Zaqafqaziya hakimiyyəti tərəfindən dəstək almaq imkanına malik deyildi.
Boran Əziz: Bir neçə dəfə müzakirə olunandan sonra hətta gürcülər ən yaxşı halda komissiya yaratmaqla kifayətləndilər. Tələb olunurdu ki, cəzalansın bu adamlar. Adları, soyadları məlumdur. Heç olmasa, insanlara qarşı kəndlərdə qırğın, dağıntı törədən hərbi hissələr cəzalandırılsın. Gürcülərin də yaxından köməyi ilə ermənilər demək olar ki, səhnədən ayrılır və bu hərbi hissələrə toxunulmur.
Firdovsiyyə Əhmədova: Beynəmiləl hakimyyət istəyirdilər Bakıda . Təbii ki sonradan “Azərbaycan” qəzeti artıq nəşr ediləndə, 1918-ci ilin payızında Andranikin əməlləri ilə bağlı böyük məqalələr getdi, qırğınlar haqqında məlumat verildi. Amma real olaraq Qarabağın müqəddəratı ilə bağlı qəbul olunan sənəd 1919-cu ildə Xosrov Paşa Sultanovun rəhbərliyilə Qarabağ general-qubernatorluğunun yaradılması oldu. Bu elə bir hadisə idi ki, Azərbaycan cümhuriyyətinin ərazi bütövlüyünü təmin etmək üçün çox düşünülmüş, həledici, konkret addım idi. Ən yaxşısı da o idi ki, Cavanşir, Cəbrail, Şuşa və Zəngəzur qəzaları, Zəngəzur qəzası da məhs bu qubernatorluğa daxil edilmişdi. Çünki biz Zəngəzur qəzasının müqəddəratını da sonrakı proseslərdə gördük ki 1919-cu ilin noyabrın 23–dəki sazişi birtərəfli şəkildə Ermənistan tərəfi pozur. Söhbət ondan gedirdi ki, hər iki tərəf qoşunları Zəngəzurdan çıxarsın. İngilislərin burada rolu var idi. Bizim qoşunlar çıxarılır, amma Erməni Ararat Respublikasının nizami qoşunları kütləvi qətliamlar törətdilər Zəngəzurda. 1919-cu ilin dekabrında gələn teleqramlarda Zəngəzur üçün yazırdılar ki, “Zəngəzur sarıdan başınız sağ olsun”. Ümumiyyətlə, “Azərbaycan” qəzetində yazılar belə başlıqlar gedirdi: “İrəvandan başlayaraq müsəlmanlar məhv olur”. Teleqramlar bu vəziyyətdə idi. Konkret Qarabağla bağlı 1919-cu ilin əvvəllərinə qədər Ermənistan Respublkası konkret olaraq Qarabağla bağlı bəyanat ilə çıxış etmir dövlət səviyyəsində. Andranik, başqa qüvvələr isə dağıdıcı hərəkətlərini davam etdirirdi.
Fuad Babayev: Mənim üçün çox maraqlıdır, 1918 və 1988-ci illər arasında hansı paralellər var? Hansı taktiki ardıcıllıqdan istifadə edirdilər və bu kampaniyalar arasında oxşarlıq nədədir? Ermənilik 1918-də və ermənilik 1988-də...
Boran Əziz: Əvvəla deyim ki 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyası qısa bir müddət ərzində, yol, maşın probleminə rəğmən bir iş görüb, materialları topladı. Bu sənədlərin hər birində imza və Fövqəladə Tədqiqat Komissiyasının möhürü var. Təəssüf ki, 1980-ci illərin ikinci yarısının sonundan başımız gələn hadisələr sənədləşdirilməyib. İndiki imkanlar daxilində bu daha asan idi. Hətta o faciələri gözü ilə görən, bunu yaşayan insanların ətraflı ifadələri alınsa da, o qədər dağınıqdır ki. Operatordan tutmuş istintaq aparan adamlara qədər böyük bir dəstə yaradılmalıdır ki, bunların sənədləri toplansın. Belə olacağı təqdirdə gələcəkdə bu hadisələri təhrif eləmək mümkün olmayacaq.
Fuad Babayev: Amma oxşarlıqlar var hər halda. Taktiki və strateji məsələlərin bir birini əvəz etməsində.
Firdovsiyyə Əhmədova: Oxşarlıqlar var. Bu paralelliklər var ki, onları diqqətlə tədqiq edib nəzərə alsaq ermənilərin hansı situasiyada hansı taktikanı seçə biləcəkləri, hansı metoddan istifadə edəcəklərini proqnozlaşdırmaq olar. Çünki bir əsr bu ənənədən onlar istifadə ediblər. Ermənilərin törətdikləri qırğınların miqyası, amansızlığı, metodları bunlar eyni ilə əsrin əvvəlində də, sonunda da təkrar olunub. Və yaxud da ermənilərin hər hansı bir tarixi fürsətdə davranışları, bayram, yaxud hansısa bir hadisə ilə bağlı azərbaycanlıların başlarının ən qarışıq vaxtında hücum taktikası seçmələri, gizlin qara işlərini görmələri ənənəvi bir haldır, dəyişməzdir. Və son dərəcə amansızliğı ilə diqqəti cəlb edir. Ermənilərin hər hansı bir bağladığı sazişə və yaxud şifahi razılaşmaya əməl edəcəkləri həmişə sual altında olub. Bunun tarixçəsini biz görmüşük ən azından Cümhuriyyət dövründə və sonrakı dövrlərdə. Ermənilərin ərazi iddialarından indiki danışıqlar prosesində də birdəfəlik əl çəkəcəklərini güman etmək də sadəlövhlükdür. Yenə də real siyasi şərtlər, geosiyasi təzyiqlər və s. daxilində hər hansı bir kompromisə gedəcəklərsə buna da müvəqqəti xarakterli baxmaq lazımdır, çünki bir əsrlik tarix bunu bizə göstərib.
Hazırladı: Gündüz Nəsibov, 1905.az