Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti – milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar keçirilən tədbiri AMEA-nın İctimai Elmlər Bölməsi, Fəlsəfə İnstitutu və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu birgə təşkil edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb. Akademik, həmçinin dövlətimizin başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu və bu istiqamətdə AMEA-nın Tədbirlər Planının hazırlandığını bildirib. İ.Həbibbəyli artıq AMEA-nın Tarix və İqtisadiyyat institutlarının təşkilatçılığı ilə AXC-nin 100 illiyinə həsr olunmuş konfransların keçirildiyini, Türkiyə, Gürcüstan və Fransada bir sıra tədbirlərin planlaşdırıldığını deyib.
İ.Həbibbəyli AXC-nin 100 illiyi ilə əlaqədar Astanadakı Beynəlxalq Türk Akademiyası tərəfindən məqalələr toplusunun dərc olunacağını diqqətə çatdırıb. Qeyd edilib ki, topluda azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan mütəxəssislərin də məqalələri yer alacaq.
AMEA-nın vitse-prezidenti AXC-nin 100 illiyinin qeyd olunmasının ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə edilmələrinə xidmət göstərəcəyini vurğulayıb.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova AXC-nin yarandığı siyasi şəraitdən danışıb. Akademik Birinci Dünya müharibəsindən sonra çar Rusiyasının zəiflədiyini və xalqların müstəqillik tələbi ilə çıxış etməyə başladıqlarını söyləyib. N.Axundova belə bir şəraitdə müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlətin – AXC-nin yarandığını və 23 aylıq qısa bir dövr ərzində köklü islahatlara imza atdığını, sosial, iqtisadi, təhsil və digər sahələrdə nailiyyətlər əldə etdiyini deyib. O, Azərbaycan Respublikasının AXC-nin mənəvi, hüquqi varisi olduğunu bildirib və alimlərimizin bu dövrlə bağlı aşkarlanmayan faktları üzə çıxarmalarının vacibliyini vurğulayıb.
Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev AXC-nin fəaliyyətinin hüquqi aspektlərindən danışıb. O, AXC dövründə parlamentin yaradıldığını və ölkədə respublika idarəçilik formasının seçildiyini bildirib. İ.Vəliyev, bundan əlavə, ölkədə ilk dəfə Avropa tipli ümumtəhsil ocağının açıldığını, dövlətin rəsmi atributlarının müəyyənləşdirildiyini, qonşu və digər dövlətlərlə əlaqələrin qurulduğunu söyləyib.
Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə ölkəmizdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını milli kimlik məsələsi adlandırıb və rəhbərlik etdiyi müəssisədə bu istiqamətdə tədqiqatların aparıldığını diqqətə çatdırıb. O, AXC-nin 100 illiyi ilə əlaqədar silsilə tədbirlərin davam etdiriləcəyini söyləyib.
Konfransda dosent Eynulla Mədətlinin “Heydər Əliyevin siyasi irsində Azərbaycan Xalq Cümhuriyyətinə münasibət və varislik məsələsi”, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs üçlüyü: millət, Qərb mədəniyyəti və iman”, dosent Faiq Ələkbərlinin “Azərbaycan milli ideyasının təcəssümü: Azərbaycan Cümhuriyyəti” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə tariximizin bu səhifəsinin tədqiqinin məhz ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırıldığı və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi konkret faktlarla əsaslandırılıb. AXC banilərinin həm İslam fəlsəfəsi, həm də dünya fəlsəfi fikir tarixi barədə kifayət qədər biliyə malik olmalarından və bu təfəkkür tərzinin yeni yaradılmış dövlətə milli çalar verməsində rolundan bəhs edilib.