Şəlalə Bağırova,
tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli səhiyyənin təşkili tariximizə yeni inkişaf mərhələsi kimi daxil olmuşdur. Xudadat bəy Rəfibəylinin misilsiz xidmətləri sayəsində yaradılmış Xalq Səhiyyəsi Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən hesab olunur və təsis olunduğu tarix – 17 iyun bu gün də səhiyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Xalq Səhiyyəsi Nazirliyi fəaliyyətə başladığı ilk gündən ölkədə səhiyyə işini təşkil etməklə, əhalinin sağlamlığına ciddi təsir göstərən antisanitariya şəraitinə qarşı mübarizə aparır, yoluxucu xəstəliklər, yayılmış epidemiyalara qarşı tədbirlər həyata keçirirdi. Cümhuriyyətə qədər baş vermiş vətəndaş müharibəsinin ağır nəticələri, 1918-ci ilin mart ayında ölkə ərazisində baş verən soyqırım, kütləvi qırğınlar, qaçqınların çoxluğu və onların yaşayışı üçün normal şəraitin olmaması, aclıq – bütün bunlar isti yay günlərində yoluxucu xəstəliklərin kütləviləşməsinə gətirib çıxarmışdı. I Dünya müharibəsi və ondan sonra baş verən qarışıqlıq nəticəsində bir çox kənd xəstəxanaları da dağılmışdı. Səhiyyənin yaxşılaşdırması istiqamətində görülən ilk tədbirlər dağılmış müalicəxanaların bərpasından ibarət idi.
Anarxiya və özbaşınalığın mövcud olduğu bir dövrdə yaranan Xalq Səhiyyəsi Nazirliyi ilkin vaxtlarda qarşısına iki mühüm vəzifənin icrasını qoymuşdu: bütün ölkə ərazisində əhalinin sağlamlığını təmin etmək üçün tədbirlər görmək və mövcud xəstəliklərin statistikasını minimuma endirmək əsas vəzifə idi. Digər vəzifə isə antisanitariya şəraitində yaşayan əhaliyə yardım məqsədilə məişətdə, ətraf mühitdə sağlamlığa mənfi təsir göstərən faktorların qarşısının alınmasından ibarət idi. Yoluxucu xəstəliklərin yayılma miqyasını yaşayış yerlərinin natəmiz vəziyyətdə olması, su təchizatı problemi, insanların sanitar-gigiyenik qaydalara əməl etməməsi genişləndirirdi. Sistemsiz salınmış yaşayış məntəqələri, qəsəbələr, kəndlər, bəzi yerlərdə su borularının, kanalizasiya sisteminin olmaması nəticəsində şəhər daxilində antisanitar vəziyyət yaranmışdı. Bunun qarşısının alınması üçün tibbi, sanitar, texniki, iqtisadi səciyyə daşıyan ölçülər götürülməli idi. Bu məqsədlə də nazirliyin nəzdində xüsusi komissiyanın yaradılması nəzərdə tutulmuşdu. Komissiya əhalinin sağlamlığının təmin edilməsi üçün planlar hazırlamalı, şəhərin təmizlənməsi məqsədilə bağların və yeni evlərin salınması ilə məşğul olmalı idi. Bir sözlə, komissiyanın öhdəsində ölkə əhalisinin, ekologiyanın sağlamlaşdırılması ilə bağlı iş planını hazırlamaq kimi böyük və səmərəli nəticə göstərəcək işlər dayanırdı. Lakin ölkə ərazisində geniş yatalaq epidemiyasının yayılması bu planların həyata keçirilməsinə maneçilik törətmişdi. Bu səbəbdən də nəzərdə tutulan layihənin həyata keçirilməsi dayandırılmış və Cümhuriyyətin səhiyyəsi bütün gücünü epidemiya ilə “vuruşmağa” yönəltmişdi. Səhiyyə işçiləri epidemiyaya qarşı, sözün əsil mənasında, geniş cəbhədə mübarizəyə başlamalı oldu.
Bakı şəhətində yatalaq epidemiyası 1918-ci ilin sonları – 1919-cu ilin əvvəllərində yayılmışdı. Qeyd edildiyi kimi, o zaman şəhər sanitar-epidemik baxımından əlverişli deyildi. Bütün yoluxucu xəstəliklərin kökünü birdəfəlik kəsmək qeyri-mümkün idi. Səpkili yatalaq, difteriya, skarlatin, vəba, “ispanka” kimi xəstəliklər insanların həyatına son qoyurdu. Bu kimi xoşagəlməz halların müəyyən səbəbləri vardı. Əhali arasında mədəni səviyyənin aşağı olması sanitariya və gigiyena sahəsində maarifçiliyin aparılmasına mane olurdu. Azərbaycanın görkəmli ziyalıları, maarifçiləri XIX əsrin 70-ci illərindən başlayaraq, elm, təhsil sahəsində böyük işlər aparırdı. Lakin heç də hamı istənilən sahədə maariflənmək iqtidarında deyildi. Bundan savayı, dəhşətli qırğınların, məhrumiyyətlərin şahidi olmuş insanlarda qorxu, həyata sönük münasibət də formalaşmışdı. Belə bir şəraitdə adi gigiyenik qaydalardan belə söz gedə bilməzdi.
Su təchizatı işinin bəsitliyi, ifrazat məhsullarının tullanılmasında yaranan problemlər mədə-bağırsaq xəstəliklərinin əsas daşıyıcılarından idi. Həyat səviyyəsinin aşağı olması, mənzillərdə sakinlərin sıxlığı və səfil vəziyyətdə yaşayan insanların şəraiti də xəstəliklərin yayılmasının əsas göstəricilərindən hesab olunurdu. Birinci Dünya müharibəsi dövründə Bakı şəhəri şimaldan və cənubdan qaçqınların kütləvi surətdə axışdığı əraziyə çevrilmişdi. Sıxlığın yarandığı bir şəraitdə yatalaq xəstəliyi kütləvi şəkildə yayılmaqda idi. Kanalizasiya sisteminin düzgün qurulmaması vəziyyəti daha da ciddiləşdirirdi: şəhər kanalizasiya sisteminin üçdə bir hissəsi mərkəzləşdirilmiş, əsasən şambo üslubunda idi. Bu sistemin isə çatışmayan tərəfləri çox idi. Su qıtlığı ucbatından sistem düzgün işləmir, tıxanma yaranır, borular partlayır və küçələrdə çirkablı gölməçələr, nohurlar yaranırdı. Sakinlərin bir qismi isə təbii ehtiyaclarını ödəmək üçün qazılmış çalalardan istifadə edirdi. Onların təmizlənməsi üçün isə 2-3 zibil konvoyu mövcud idi. Bu konvoylar da kifayət etmirdi. Həm də mart ayında baş verən qətliamlar zamanı kanalizasiya təmizləmə ilə məşğul olan idarəyə də ziyan dəymişdi. Daşımada istifadə olunan atlar oğurlanmış, işçilər isə qaçmışdı. Mətbuatda bu haqda yazılırdı: “Şəhərdə zibillənmə o hala gəlib çatmışdı ki, onu qırğınlardan əvvəlki halına gətirmək qeyri-mümkün idi”.
Bütün bunlarla əlaqədar olaraq, nəinki sahə həkimlərinin, səhiyyə işçilərinin, eləcə də xeyriyyəçi təşkilatların üzərinə böyük yük düşürdü. Bu sahədə düzgün təbliğata, maariflənməyə ehtiyac duyulurdu. Şəhərdə yayılmış epidemiyalara qarşı mübarizə şəraitində insan həyatını xilas etməyə çalışan həkimlər həm də kasıb əhali arasında sanitar-gigiyenik qaydaların təbliği ilə məşğul olur, elementar təmizlik qaydalarını onlara öyrədərək maariflənmə işləri aparırdılar.
Birinci Dünya müharibəsi baş verdikdən sonra yaralı və xəstə əsgərlərin Bakıya göndərilməsi ucbatından şəhərdə daha çox bərbad epidemik vəziyyət yaranmışdı. Onların arasında yatalağa yoluxanlar da vardı. Bundan başqa, Bakıya yaxın olan Nargin adasında hərbi əsirlər üçün konsentrasiya düşərgələri də təşkil olunmuşdu. Bu əsirlərin də içərisində ağır formada səpkili yatalaq, xolera xəstəlikləri yayılmışdı ki, bunlar da hava yolu ilə şəhərə yayılırdı.
Şəhərin bütün təcrübəli həkimləri səfərbər olunaraq epidemiyalara qarşı mübaizə aparırdı. Bunun nəticəsi olaraq, Bakı şəhərində yatalaq epidemiyasının yayılmasını lokallaşdırmaq, sonda isə kökünü kəsmək mümkün olmuşdu.
Epidemiya zamanı yoluxmuş xəstə haqqında məlumat alan sanitar həkim həmin ünvana gəlir, xəstənin müalicəxanaya yerləşdirilməsi ilə bağlı tədbirlər görür, dezinfeksiya işinə nəzarət edir və evdəki digər şəxslərin xəstə ilə ünsiyyətdə olub olmamasını müəyyən edirdi. Bütün bu proses olduqca ağır, həyat üçün təhlükəli bir iş idi və bunun öhdəsindən yalnız təcrübəli, peşəsinə sevgi ilə yanaşan həkim gələ bilirdi.
Şəhərdə yayılan epidemiyalar haqqında tez-tez həyəcan təbilləri çalınır və bunun qarşısını almaq üçün maksimum imkanlardan istifadə olunurdu. Mətbuatda Bakı şəhərinin böyük bir müalicəxanaya çevrilməsi və bundan da xəstələrlə yanaşı, həkimlərin də əziyyət çəkmələri haqqında məlumatlar verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin aiddiyyatı qurumlarına müntəzəm olaraq bölgələrdəki vəziyyət haqqında məlumatlar daxil olurdu.
Əyalətlərdə vəziyyət çox ağır idi. Qaçqınların çoxluğu səbəbindən ərazilərdə epidemiya ilə mübarizə ləng gedirdi. Epidemiyalar demək olar ki, bütün Azərbaycan ərazisini bürümüşdü. Burada arxiv materiallarına əsasən misallar gətirməyi məqsədəuyğun sayırıq: 1919-cu il mayın 5-də Göyçay qəza rəisinə I Cülyan kənd starşinası tərəfindən daxil olan raportda deyilirdi: “I Cülyan əhalisi qorxunc təhlükə qarşısındadır. Burada yatalaq geniş miqyas alır. Mənim Göyçaya gəlişimdən sonra kəndimizdə artıq 10 nəfər dünyasını dəyişmişdir. İnsanlar bu qorxunc xəstəliklə mübarizə aparmaq iqtidarında deyil, onlara tibbi kömək və dərman preparatları lazımdır”. Və yaxud da Şamaxıda dairə inspektoru Orucəliyevin Bakı şəhər Həkimlər Cəmiyyətinə göndərdiyi teleqramda qeyd olunurdu: “Qaçqınlar həkimsiz qalıb. Epidemiya yayılmaqdadır. Təcili həkim göndərilsin”. Bu kimi misalları gətirmək çox olar. Şübhəsiz ki, vəziyyətlə bağlı Cümhuriyyət hökuməti tədbirlər görməkdə idi.
Bütün Azərbaycan ərazisində məskunlaşan qaçqınlar arasında yayılmış epidemiyalara qarşı mübarizə aparmaq üçün hökumətin qərarı ilə xüsusi epidemik dəstələr fəaliyyət göstərirdi. Qərara görə, ölkədə yoluxucu xəstəliklərlə əlaqədar hökm sürən əlverişsiz vəziyyətlə bağlı Xalq Səhiyyəsi Nazirliyinə bütün imkanlarından istifadə etmək, tibbi-sanitar və digər vasitələri yayılan epidemiyaya qarşı yönəltmək tapşırılmışdı. Qaçqınlar arasında yayılmış epidemiya ilə mübarizədə 12 epidemik dəstə təşkil olunmuş və həmin dəstələrin təminatı üçün 4 milyon 266 min rubl ayrılmışdı.
Qaçqınlar arasında yayılan epidemiyalara qarşı yaradılan bu dəstələrin heyətində müxtəlif bölgələr üzrə adları çəkilən həkim və feldşerlər çalışırdı. Misal üçün, Qubada, Yalama stansiyasında həkim Berta Volfson, feldşer Mixail Masmyuk; Şamaxı rayonu,Şamaxı şəhəri üzrə həkim Sara Levinson, feldşer Maksim Kankin; Göyçay şəhəri üzrə həkim Ağa Mustafayev, feldşer Mixail Yakovlev. 1919-cu ilin yanvarın 29-da Gəncə quberniyasının Şuşa qəzasına epidemiya ilə bağlı mübarizə üçün epidemik həkim kimi Bahadır bəy Əliverdibəyov təyin olunmuşdu. Feldşerlər isə Mark Mixayloviç Nazarski və Akim İvanoviç Upir idi. Bahadır bəy Əliverdibəyov Xarkov Universitetinin tibb fakultəsində kurs keçmiş və təhsilində yüksək göstəricilərə nail olmuşdur. 1917-ci ilin noyabrın 7-də Tibbi Sınaq Komissiyasının qərarına əsasən, B. Əliverdibəyova yüksək səlahiyyətli təbib kimi fəaliyyət göstərməsinə icazə verilmişdi. Epidemik həkim kimi Bahadır bəy öz peşəsinə vicdanla yanaşır, xəstələrə münasibətdə sözün əsil mənasında can qoyurdu.
Onu da qeyd etmək lazımdır ki, epidemik dəstələr xəstələrə pulsuz yardım edirdilər. Lakin bəzi yerlrdə xoşagəlməz hallar müşahidə olunurdu. 1919-cu ilin martın 6-da Xalq Səhiyyəsi naziri Y.Gindes quberniya həkimləri və nazirliyin səlahiyyətli şəxslərinə epidemik dəstələrin fəaliyyəti ilə bağlı göstəriş vermişdi. Sözügedən qurumların nəzərinə çatdırılır və onlardan tələb olunurdu ki, “xəstələrin müayinəsi zamanı heç bir rüşvət halına yol verilməsin”.
Epidemiya əleyhinə fəaliyyət göstərən təşkilatlardan əlavə, 1919-cu ilin noyabrında Xalq Səhiyyəsi Nazirliyi tərəfindən daha 15 həkim-nəzarət dəstəsi yaradılmış və qaçqınların kompakt yaşadıqları bölgələrə ezam olunmuşdu. Bundan əlavə, 33 kənd xəstəxanasının mövcud olmasına baxmayaraq, bəzi tibb məntəqələrində xidmət çatışmazlığı müşahidə olunurdu. Bakı və Şuşada bu məqsədlə yeni xəstəxanalar açılmışdı. Hökumət 1919-cu ilin sentyabr ayında Bakıda müvəqqəti lazaret (müalicəxana) açılması haqqında göstəriş vermişdi. Bundan başqa, Xalq Səhiyyəsi Nazirliyinə 35 yeni kənd xəstəxanası və 56 feldşer məntəqəsinin də açılmasına icazə verilmişdi. Bu işin həyata keçirilməsi üçün dövlət xəzinəsindən 43 321 950 rubl da ayrılmışdı. Bakıda ən böyük xəstəxanalar sırasında Mixaylovskaya xəstəxanasını, neft mədənlərində çalışan fəhlələr üçün fəaliyyət göstərən müalicəxananı misal göstərmək olar. Bundan başqa, şəxsi klinikalar da fəaliyyət göstərirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə onların sayı xüsusilə artmışdı.