Qırx altı il çar ordusuna xidmət edən ikinci Qafqaz ordusu korpuslar qrupunun komandanı Səməd bəy Mehmandarov 1917-ci il martın 28-də tam artilleriya generalı rütbəsində istefa verdi. Birinci Dünya müharibəsində iki ildən çox korpusa komandanlıq edən Səməd bəy döyüşləri o qədər məharətlə aparırdı ki, ikinci Qafqaz ordu korpusu “General Mehmandarovun qrupu” kimi şöhrət qazanmışdı. Xüsusilə Vilno (Vilnüs şəhəri) istiqamətindəki əməliyyatlar onu şöhrətin zirvəsinə ucaltmışdı. On il ərzində (1904-1915-ci illərdə) Səməd bəy əla xidmətinə görə üç dəfə 1904-cü il oktyabrın 22-də general-mayor, 1908-ci il iyulun 13-də general-leytenant və 1915-ci il martın 22-də tam artilleriya generalı rütbəsi almışdır. Səməd bəy Mehmandarov çar ordusunda tam artilleriya generalı kimi ali rütbəyə layiq görülən ilk azərbaycanlı idi.
Hərbi akademiya təhsili olmayan Mehmandarovun imperiya ordusunda belə sürətlə irəliləməsinin əsas səbəbi qabiliyyəti və güclü hərbi məharəti olmuşdur. İmperiya dağılandan sonra Vladiqafqaz şəhərinə gələn Mehmandarov 1917-ci il avqustun 7-də yaralılara yardım edən “Aleksandr komitəsi”nin üzvü seçilir. Cəmi bir neçə ay sakit yaşayan Səməd bəy 1918-ci il avqustun əvvəllərində Vladiqafqazı tərk etməli olur. Şimali Qafqazda sovet hakimiyyəti quran bolşeviklərlə işləməkdən imtina edən Səməd bəy Mehmandarov Bakıya gəlir.
1918-ci il noyabrın 1-də Azərbaycan hökuməti Hərbi Nazirliyin yaradılması haqqında qərar verir: “Respublika hökuməti yanında Hərbi Nazirlik təsis edilsin. Nazir portfeli Nazirlər Şurasının sədrinə təqdim edilsin. Ona müavin isə general Səməd bəy Sadıq bəy oğlu Mehmandarov təyin edilsin”.
Müdafiə naziri kimi Səməd bəy Mehmandarov qarşıda duran çətinlikləri yaxşı dərk edirdi. Yüz illərlə əsgəri qüvvəsi olmayan xalq üçün qısa vaxtda nizami ordu yaratmaq ağır və məsuliyyətli idi. Dağılan imperiyadan Azərbaycana heç nə qalmamışdı. Tərəddüdlər, şübhələr, bəzən də inamsızlıq altmış iki yaşlı ixtiyar generala əzab verirdi. Amma qəlbindəki inamı, güclü vətənpərvərliyi hər şeydən üstün idi. Bu inam güclü dağ seli olub tərəddüd və şübhələri yuyub aparırdı.
Onun yeni ordunun yaradılmasındakı müstəsna rolu, 1918-ci il dekabrın 25-də Azərbaycan xalqına müraciəti, əsgər və zabitlər qarşısında ata nəsihətli çıxışları, güclü Vətən təəssübkeşliyi qırx minə yaxın əsgəri olan nizami ordu yaratmaqla nəticələndi.
Səməd bəy Mehmandarov 1919-cü il fevralın 25-də Azərbaycan Məclisi-Məbusanında nitq söyləmişdir. Generalın nitqi həmin il martın 7-də “Azərbaycan” qəzetində (№ 131) dərc olunmuşdur. Mövqeyini sərt şəkildə bildirən nazir bahalığın tüğyan etdiyi ölkədə ordu quruculuğuna mane olanları cəzalandırmağı tələb edir, zabit adını, zabit şərəfini qorumağı hər şeydən üstün tuturdu.
Səməd bəy Mehmandarov Azərbaycana müharibə şəraitində gəlmişdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ayrı-ayrı qəzalarda quldur dəstələri yaranmışdı. Bakıda bolşevizm hökmranlıq iddiasında idi. İrandan və Qafqaz cəbhəsindən qayıdan rus əsgərləri, erməni-daşnak dəstələri ilə birləşib “Şura bayrağı” altında soyqırımı siyasəti həyata keçirirdilər. Onlar təkcə Bakıda on iki min nəfərə yaxın azərbaycanlını qanına qəltan eləmişdilər. Talan və qırğınlar Quba, Şamaxı, Gəncə, Qarabağ, Muğan bölgələrində də olmuşdu. İrəvan və Zəngəzurda dağılan kəndlərin, öldürülən soydaşlarımızın sayı yüz minlərlə idi.
İngilis qoşunlarının gəlişi, ağqvardiyaçı general Denikin təhlükəsi, müxtəlif siyasi təşkilatlar, Hümmət, sosialist, daşnak partiyaları, portfelsiz nazirlər elə hey çoxalırdı. Sərhəd bölgələrində erməni hücumları, məhəlli toqquşmaları yeni yaranan orduya dirçəlməyə imkan vermirdi. Belə şəraitdə hərb naziri və onun tabeliyində olanlar gərgin işləməli olurdu. Əsgər kazarmalarını gəzib yoxlayan Səməd bəy Mehmandarov könülaçan heç nə görmürdü. Nə nizam-intizam, nə geyim və silahlanma, nə də hərbi hazırlıq naziri qane etmirdi.
Mehmandarovun 1918-1920-ci illər fəaliyyətinə dair “tamamilə məxfidir” möhürü vurulmuş tarixi sənəddə deyilir: “Düşmənə qarşı mübarizə tədbirlərindən biri də xalq içərisində sağlam milli hisslərin yaradılmasıdır. Bu vəziyyət Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Yuxudan yenicə oyanmış xalqda sağlam, milli hiss oyatmalıyıq. Biz müsəlmanlar ancaq indi şüurlu həyat və milli yaradıcılıq dövrünə ayaq basmışıq… Xalq arasında türk irsinin milli hisslərini və vüqarını qaldırmaq üçün xalqı, qoşunlarımızı onun tarixi keçmişi ilə tanış etməliyik.
Yazılacaq məşhur tarixi əsərlər xalq içərisində və qoşunlarda geniş yayılmalı, hər bir kənd müəllimi və hər bir azərbaycanlı zabiti ondan istifadə etməlidir.
Gələcəkdə hökumətin köməyi ilə türk xalqının dahi xadimləri və rəhbərləri üçün müvafiq abidələr qoymaqla onların xatirələri əbədiləşdirilməlidir”.
Azərbaycan Dövlət Arxivində saxlanılan iki nömrəli qovluqda general Səməd bəy Mehmandarovun daha bir vətənpərvərliyinin, milli qürurunun şahidi oluruq. Orada yazılır ki, 1918-ci ildə ingilis qoşunlarının Azərbaycanda öz ərazilərində olduqları kimi etinasız ağalığı hərb naziri Səməd bəy Mehmandarovu qəzəbləndirmişdir. Nazir onların istilaçı hərəkətlərinə etiraz əlaməti olaraq vaxtilə (Birinci Dünya müharibəsi illərində) ingilis komandanlığı tərəfindən təltif olunmuş ordenləri geri qaytararaq qəzəblə demişdir: “Torpağımı, xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə lazım deyil. Xalqıma silah qaldıran bir ordunun ordenini gəzdirmək mənim üçün ən böyük təhqirdir”.
Azərbaycandan çıxan ingilis qoşunlarının komandanı general Tomson şayiələr yayırdı ki, Azərbaycan bundan sonra özünü idarə edə bilməyəcək. Azərbaycan ordusu yox dərəcəsindədir. Orada qayda-qanun da yoxdur. Guya Azərbaycanı yağılardan qoruyan, onu idarə edən Tomsonun min ingilis və səkkiz yüz nəfərlik balağıaçıq hind əsgəri olmuşdur. Bu şayiələrdən sonra Azərbaycanda olan ingilis hərbi jurnalisti Skotlend-Liddel İngiltərə qəzetləri üçün hazırladığı xəbərlərdə yazırdı ki, Transqafqaz şayiələr ocağıdır. Burada şayiələr külək təpələr arasında yayılan kimi yayılır. Bir çox şayiələr Moskvada quraşdırılır və dövriyyəyə buraxılır. Bakıda ingilis ordusuna ehtiyac yoxdur. Azərbaycan özü-özünə qayğı göstərə bilər. Mən bura iki gün əvvəl gəlmişəm və açığını deyim ki, bütün gördüklərim məndə dərin təəssürat yaradıb. Mənim şəhərdə olmadığım dörd həftə ərzində burada çox təəccüblü dəyişikliklər olub. Mən buraya gəldim ki, hamının mənə dediyi qarışıqlığı görüm, lakin onu tapa bilmədim. Tam qayda-qanun var. Mənə dedilər ki, mən ordu əvəzinə pozğunlaşmış kütlə görəcəyəm, lakin mən yaxşı, nümunəvi, güclü, odlu-alovlu gənclər gördüm. Doğrudan da, mən indi Bakıda qayda-qanun gördüm. Müharibə başlayan vaxtdan bu günədək Bakıda olmamışdım… Qayda-qanun ancaq Bakıda hökm sürmür, son dəyişikliklər bütün respublikada vəziyyəti aydınlaşdırmışdır. Qarabağ şuluqluğunu sülh əvəz etmişdir. Ermənilər və azərbaycanlılar sazişə gəlmişlər. Lənkəranda bolşeviklər Azərbaycan ordusu tərəfindən məğlubiyyətə uğradıldılar. Onlar bütün silah və sursatlarını Azərbaycan hökumətinə təhvil verdilər, adamlar isə xahiş etdilər ki, onları Azərbaycan hökumətinin tabeliyinə götürsünlər… Bütün bunlar, şübhəsiz, sübut edir ki, Azərbaycan qarmaqarışıqlıqdan qorxmur və bolşeviklərdən çəkinmir. Azərbaycan dövləti indi Transqafqazın bütün qalan xalqları üçün nümunəyə çevrilmişdir.
İngilis hərbi jurnalisti Skotlend-Liddelin Azərbaycan ordusunun ünvanına dediyi xoş sözlərə görə xalqımız ilk növbədə iki görkəmli sərkərdəyə – 1918-ci ildə ordumuzun təməl daşını qoyan Əliağa Şıxlinskiyə və Səməd bəy Mehmandarova borcludur. Nizami və döyüşən ordu yaradan hər iki sərkərdə ilk hərbi nümayişin keçirilməsini, hərbi məktəblərin açılmasını, hərbi geyim formasının təşkilini və başqa gərəkli işləri həyata keçiriblər. İl yarım fəaliyyətdə olan Azərbaycan ordusu Lənkəranda bolşeviklərin üsyanını yatırdıb. Zəngəzurda, Əskəranda erməniləri məğlubiyyətə uğradıb.
1919-cu ilin sonlarında Azərbaycan Respublikası üçün üç təhlükə vardı: şimaldan ağqvardiyaçı general Denikin, Zəngəzur və Qarabağdan daşnak erməniləri, ordunun daxilində isə bolşevik təbliğatı. Bu təhlükənin ikisinin qarşısını hərbçi dəyanəti ilə alan nazir Səməd bəy Mehmandarovu ən çox narahat edən “bolşevik” xəstəliyi idi. Qırmızı bolşeviklərin təbliğatı orduda olduğu kimi, fəhlə-kəndli arasında da yayılmışdı. Bu təsir az da olsa, əsgər və zabitlərə də sirayət etmişdi. Ona görə də nazir Səməd bəy Mehmandarov əsgərlərlə görüşəndə təkrar-təkrar deyirdi ki, qoşun torpağımızı yağılardan qorumaqdan ötrü vacibdir. Qoşun əsgəri siyasətlə maraqlanmalı, beynəlxalq aləmdə nələr baş verdiyindən hali olmalıdır. Amma nə zabit, nə də əsgər heç bir partiyanın, ya da cəmiyyətin qulu olmamalıdır.
Səməd bəy Mehmandarovun 1918-1920-ci illər fəaliyyəti xalqımız qarşısında əvəzsizdir. Onun Milli Ordunun yaradılmasındakı müstəsna rolu, 1918-ci il dekabrın 25-də Azərbaycan xalqına müraciəti, əsgər və zabit heyəti qarşısında çıxışları və nəhayət, güclü Vətən təəssübkeşliyi qeyd etdiyimiz kimi, qırx minə yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu.
Səməd bəy Mehmandarov yazırdı ki, düşmənə qarşı mübarizə tədbirlərindən biri də xalq içərisində sağlam milli hisslərin yaradılmasıdır. Bu vəziyyət Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Yuxudan yenicə oyanmış xalqda sağlam, milli hissi oyatmalıyıq… Xalq arasında türk irsinin milli hisslərini və vüqarını qaldırmaq üçün xalqı, qoşunlarımızı onun tarixi keçmişi ilə tanış etməliyik.
1918-1920-ci illərin arxiv qovluqları açıldıqca məlum olur ki, il yarım fəaliyyətdə olan Milli Ordumuzun tarixi çox zəngin olmuşdur. Port-Arturda, Birinci cahan savaşında və 1918-1920-ci illərdə şərəfli döyüş yolu keçən general Səməd bəy Mehmandarov 1926-cı il sentyabrın 15-də Azərbaycan Hərbiyyə məktəbinin ikinci buraxılışındakı çıxışında demişdir:
-Yoldaşlar! Bu gün biz yeni qırmızı komandirlər kimi sizi təbrik edirik.
Qırmızı komandir kimi siz daha müstəqil yola çıxdınız. Bu müstəqil yolda sizi çətin və məsul iş gözləyir. Həmin işin bacarıqla və vicdanla yerinə yetirilməsi sizin tabeliyinzdə olan adamların döyüş hazırlığı səviyyəsindən asılıdır. Öz xidməti və döyüş təcrübəmdən istifadə edərək sizin üçün bu əlamətdar gündə həmin iş haqqında bir neçə söz demək istəyirəm.
Azərbaycan hərbi məktəbini qurtaran sizlər, yoldaşlar, möhkəm yadda saxlamalısınız ki, heç bir məktəb, hətta ali məktəb də olsa, tam bilik vermir, gəncləri gələcək özünü təkmilləşdirməyə hazırlayaraq buraxır. Bu cəhəti biz hərbi qulluqçular xüsusilə yadda saxlamalıyıq, çünki, ümumiyyətlə, hərbi işdə, əsasən də qüdrətli mübarizə vasitəsi olan artilleriyada öz əksini tapan hərbi texnika böyük müvəffəqiyyətlərə nail olmuşdur.
Texnikanın inkişafı və artilleriya atəşinin artan gücü ilə yanaşı, mən deməliyəm ki, irəli getmək coşğunluğu ideyası ilə ruhlanan qoşunlarda əsas amil insandır, texnika isə ikinci dərəcəlidir, çünki texnikanı da insan idarə edir.
Hərbi iş yaradıcı işdir, bu işdə təcrübə və praktikanın böyük əhəmiyyəti vardır, bu təcrübə və praktika bir çox nəzəri müddəaları üstələməlidir.
Hərb tarixini öyrənmək dünya görüşünü genişləndirir, tənqidə qabil olan adamın zəkasını, fərasətini və bacarığını inkişaf etdirir. Hərb tarixini öyrənməklə siz ovcunuzun içi kimi bu və ya o tərəfin səhvini görürsünüz. Görürsünüz ki, nə etmək olar və nə etməmək lazım deyil. Hərb tarixini öyrənməklə siz çox mürəkkəb vəziyyətdən baş çıxarmaq, həmin vəziyyətə uyğun bu və ya digər qərar qəbul etmək vərdişləri qazanırsınız. Hərb tarixini öyrənməklə qoşunların müharibədə çəkdikləri əziyyətlərin qarşısını almağa təminat verirsiniz.
* * *
Uzun müddət yad ölkədə – Rusiyada yaşayıb, qulluq etməsinə baxmayaraq, məşhur sərkərdə Səməd bəy Mehmandarov milli hisslərdən uzaqlaşmamışdır. O, 1892-1894-cü illərdə “Novoye obozreniye” qəzetində “İslam dini və onun əhəmiyyəti barədə”, “Necə edək?”, “Müsəlmanların geridə qalmalarının səbəbləri”, “Şiələrin yeni misteriyaları”, “Müsəlmanların öz-özlərinə işgəncə vermələri haqqında” və “Şiələrdə dini misteriyanın mənşəyi” adlı məqalələrlə çıxış etmişdir.
Səməd bəy Mehmandarovun həmin məqalələri yazdığı dövrdən 110 ildən çox bir vaxt keçir. Lakin onlar bu günümüz üçün də əhəmiyyətlidir. Həmin yazılarda qaldırılan məsələlər – xüsusilə xalqın geriliyini görən ziyalı “müsəlmanlara” mədəni tərəqqi yolunu tutmaq vəzifəsini tövsiyə etməsi onun islam dinini incəliklərinə qədər bilməsinə dəlalət edir. O, cəsarətli çıxışları ilə müsəlman cəmiyyətindəki bəlalardan xalqı xilas etməyə çağırır. Səməd bəy Mehmandarov qızların və gələcək anaların təhsil almalarına xüsusi əhəmiyyət verirdi.
General Səməd bəy Mehmandarov 1931-ci il fevralın 12-də Bakıda vəfat edir və keçmiş Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər xiyabanında) dəfn olunub. Sonralar – 1939-cu ildə bolşevik S.M.Kirova heykəl qoyulanda oradakı qəbiristanlıq dağıdılmışdır. Həmin illərdə generalın ailəsi sürgündə idi. Qəbri başqa yerə köçürülmədiyindən yerlə-yeksan edilmişdir.
Şəmistan NƏZİRLİ,
istefada olan polkovnik-leytenant
“Azərbaycan” qəzeti
16.10.2015