
Azərbaycanda ilk dəfə “Milli Kosmik Hakaton” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Azərkosmos”un təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SABAH.HUB və İsrailin IAI şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İnnovasiya Mərkəzində həyata keçirilib.
Hakatonun əsas məqsədi kosmos və innovasiya sahəsində 18-35 yaş arası azərbaycanlı gəncləri bir araya gətirərək innovativ yanaşmaların inkişafına şərait yaratmaq, kosmik sahibkarlıq və innovasiya barədə məlumatlılığı artırmaq və gənclərin bu sahəyə bağlılığını artırmaqdır.
Tədbir çərçivəsində iştirakçılara texniki tapşırıqlar təqdim olunub, həmçinin “Kosmik İqtisadiyyat” mövzusunda sessiya keçirilib. Hakatonun seçmə mərhələsində 150 müraciət arasından seçilmiş 15 komanda 24 saat ərzində Yerin müşahidəsi peykləri əsasında əldə olunan məlumatlar, və müasir texnologiyalardan istifadə edərək kənd təsərrüfatında məhsuldarlığın artırılması, şəhərsalma proseslərinin optimallaşdırılması, ətraf mühitin qorunması və fəlakətlərin idarə olunması kimi sahələrdə kosmik texnologiyalarının tətbiqinə dair həllər təqdim etdilər. Komandaların təqdim etdiyi innovativ həllər və yanaşmalar kosmik texnologiyalarının tətbiq imkanlarının nə qədər geniş olduğunu aydın şəkildə nümayiş etdirib.
Tədbirin sonunda, münsiflər heyətinin seçdiyi 3 qalib komanda inkubasiya dəstəyi və müvafiq pul mükafatları ilə (I yer – 3000 manat, II yer – 2000 manat, III yer – 1500 manat) təltif olunub.
Qalib komandalar və onların layihələri:
I Yer – “Millenium” komandası
Millenium, istifadəçilərin şəxsi həyat tərzi və məkanseçimlərinə uyğun ən yaxşı əraziləri qısa müddətdə müəyyən etməsinə imkan yaradan, peyk məlumatları, süni intellekt və interaktiv istilik xəritələrindən istifadə edən veb və mobil daşınmaz əmlak analitika platformasıdır.
II Yer – “SITE” komandası
Bu layihə məsafədən zondlama və FAO Torpaq Qiymətləndirmə Çərçivəsi əsasında müəyyən bir ərazinin kənd təsərrüfatı üçün uyğunluğunu yüksək dəqiqliklə müəyyən edən peyk əsaslı analitik torpaq qiymətləndirmə alətidir.
III Yer – “Astryx” komandası
Bu layihə peyk məlumatları, ətraf mühit göstəriciləri və maşın öyrənmə modellərindən istifadə edən balıqların ən çox harada tapılacağını proqnozlaşdıran və həmçinin, akvakultura infrastrukturunu davamlı monitorinq edən ağıllı dəniz yaşama mühitinin müşahidə və proqnozlaşdırma sistemidir.
Əlavə olaraq, 4-cü yerin qalibi “Aadvark” komandası, hakatonun tərəfdaşı olan SABAH.HUB tərəfindən inkubasiya proqramına qəbul olunmaq imkanı qazanıb. Eyni zamanda, ilk onluqda yer alan komandalar, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin IAI şirkətinin tərəfdaşlığı ilə gələn il keçiriləcək akselerasiya proqramına qəbul olunmaq imkanı əldə ediblər.
Qeyd edək ki, ümumi hakatonda 10-a yaxın universitetdən 75 nəfər iştirak edib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









