Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox görkəmli dövlət xadimləri diplomatiya tariximizə parlaq səhifələr yazmışlar. Lakin onların fəaliyyəti haqqında yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni əsərlər qələmə alınmış, tədqiqatlar aparılmışdır. Bu məqalədə Məhəmməd xan Təkinskinin diplomatik fəaliyyətindən söhbət açılır.
Sovet hakimiyyəti illərində istər Azərbaycanda, istərsə də Ermənistanda xüsusi xidmət orqanlarının 1918-1920-ci illərdəki fəaliyyəti ilə bağlı sənədlər “Tam məxfi” qrifi altında tədqiqatçıların üzünə bağlı olmuşdur. Hazırda isə arxivlər açılmış, məxfi sənədlər elmi-tədqiqat dövriyyəsinə cəlb edilmişdir. Müasir Ermənistanın milli arxivinin fondlarında və “Daşnaksütyun” partiyasının birinci Ermənistan Respublikası dövrünə aid ABŞ-ın Boston şəhərindəki arxivində xüsusi xidmət orqanlarının Azərbaycan əleyhinə fəaliyyətlərinə dair kifayət qədər materiallar mövcuddur. Həmin dövrdə Ermənistanda hakimiyyətdə təmsil olunan daşnak hökumətinin ayrı-ayrı nümayəndələrinin əsərlərində və xüsusi xidmət orqanlarının xarici ölkələrə mühacirət edən əməkdaşlarının xatirə yazılarında bu barədə ətraflı məlumat verilmişdir.
1918-1920-ci illərdə Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər Ermənistanın ərazi iddiası və azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti səbəbindən həmişə gərgin olmuşdur. 1918-ci ilin mayında Azərbaycan və Ermənistan dövlət müstəqilliklərini elan etsələr də, iki dövlət arasında birbaşa diplomatik münasibətlərin qurulması mümkün olmamışdı. Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər 1918-ci ilin iyununda qurulsa da, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər 1919-cu ilin əvvəllərində reallaşdırılmışdır. Həmin vaxtadək Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr hər iki dövlətin Gürcüstandakı diplomatik nümayəndəlikləri tərəfindən həyata keçirilirdi. Azərbaycan hökuməti Ermənistanda və sərhəd bölgələrdə erməni silahlı birliklərinin törətdikləri qırğınların dayandırılması üçün Tiflisdəki diplomatik nümayəndəliyimiz vasitəsilə Ermənistan hökumətinə etiraz məktubları və diplomatik notalar göndərirdi.
Azərbaycan hökuməti 1919-cu il yanvarın 29-da Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin edir. “Azərbaycan” qəzetinin rusca variantının 1919-cu il 31 yanvar tarixli sayında yazırdı ki, andlı vəkil M.X.Təkinski Ararat Respublikasında Azərbaycanın diplomatik nümayəndəsi təyin olunmuşdur.
Görkəmli siyasətçi, diplomat, dövlət xadimi Məhəmməd xan Təkinski 1879-cu ildə Mərkəzi Asiyada Axal-Təkə vadisində anadan olmuşdur. 1881-ci ildə rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı valideynlərini itirdikdən sonra polkovnik Ehsan xan onu tapmış və oğulluğa götürmüşdür. Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən Novorossiya İmperator Universitetinin hüquq fakültəsini bitirmişdir.
Tarix üzrə elmlər doktoru Ataxan Paşayevin verdiyi məlumata görə, Novorossiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olduğu zaman tərtib edilən “Şəxsi iş”ində Məhəmməd xan Təkinskinin atasının adı qrafasında – “Ehsan xan Təkinski”, qəyyumu qrafasında isə: “Cəfərqulu xan Naxçıvanski” yazılmış, milliyyətinin türkmən, dini etiqadının müsəlman olduğu qeyd edilmişdir.
Dövlətçilik və hərb tariximizə adları qızıl hərflərlə həkk olunan Naxçıvanskilərin ailəsində mükəmməl şəxsiyyət kimi yetişən Məhəmməd xan Təkinski nəyə qadir olduğunu Xalq Cümhuriyyəti dövründə göstərmişdir. O, 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasında andlı iclasçı kimi fəaliyyətdə olmuşdur.
Ermənistan hökuməti 1919-cu il fevralın 1-də Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasına razılıq vermişdi. Diplomatik nümayəndəliyimizin fəaliyyətə başlamasınadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan hökumətini və mətbuatını İrəvan Müsəlman Milli Şurası, Himayədarlıq Nazirliyinin İrəvandakı nümayəndəliyi, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti, İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.
Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvanda fəaliyyət göstərən diplomatik nümayəndəliyin və ayrı-ayrı İrəvan ziyalılarının və imkanlı şəxslərin fəaliyyəti Ermənistan xüsusi xidmət orqanlarının daim nəzarəti altında olmuşdur.
Erməni kəşfiyyatçısı Tiqran Devoyans “Həyatımdan parçalar” (“Hayrenik”(Boston) jurnalı,1945, N 4) adlı xatirələrində yazır ki, Azərbaycanın İrəvanda çox yaxşı kəşfiyyat şəbəkəsi var idi. O qeyd edir ki, İrəvandakı Azərbaycanın diplomatik missiyası nəinki Tiflisə və Bakıya Ermənistan ordusunun dislokasiyası və qoşunların yerdəyişməsi və təminatı haqqında təcili məlumatlar göndərir, həmçinin onun əlinin altında Ermənistan hökumətinin məxfi qərarları və təlimatları da olurdu.
Erməni tarixçisi Vanik Virabyan “1918-1920-ci illərdə Ermənistan Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti” əsərində (İrəvan, 2015, ermənicə) Tiqran Devoyansın xatirələrindən belə bir sitat gətirir: “Ermənistan parlamentinə azərbaycanlıların seçilməsi üçün Azərbaycan hökuməti 40.000 rubl göndərmişdi. Azərbaycanlı deputatların çoxsaylı casusları hər gün İrəvanın müsəlman məhəlləsinin arxasındakı Toxmaq göl tərəfdən gizli yolla Şərur-Dərələyəzə, Vedi və Zəngibasara gedirdilər. İrəvandan oralara silah-sursat aparılır, təlimatlar, xəbərlər göndərilirdi”.
Ermənistanın xüsusi xidmət orqanları hesab edirdilər ki, məxfi məlumatların Azərbaycana ötürülməsində Ermənistan parlamentində təmsil olunan azərbaycanlı deputatların əli vardır.
Qeyd edək ki, 1918-ci il avqustun 1-də açılan ilk Ermənistan parlamentində 6 azərbaycanlı deputat təmsil olunurdu. 1919-cu il iyunun 21-23-də keçirilən parlament seçkilərində isə cəmi iki azərbaycanlı deputat parlamentin üzvü idi.
3 may 1919-cu ildə M.Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi teleqramda Ermənistan ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Azərbaycan hökuməti adından Ermənistanın xarici işlər nazirinə etiraz məktubu göndərdiyini bildirirdi.
Mayın 16-da M.Təkinski Azərbaycan hökumətinin başçısına yolladığı şifrəli teleqramda göstərirdi ki, erməni polkları Naxçıvan üzərinə hücuma keçmişlər. Ermənistana təzyiq etmək üçün M.Təkinski təklif edir ki, qoşunları Ermənistanla sərhəddə cəmləşdirmək lazımdır .
4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi teleqramda Fövqəladə Parlament İstintaq Komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu. Verilmiş təlimata uyğun olaraq M.Təkinskinin yardımı ilə İrəvan müsəlman Milli Şurası təcili şəkildə İrəvan quberniyasında yaşayan azərbaycanlıların dözülməz vəziyyəti haqqında Avropa və Amerikanın böyük dövlətləri üçün məlumat hazırlayıb Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdi. Xarici İşlər Nazirliyi isə həmin məlumatı Versalda olan Azərbaycan nümayəndələri vasitəsilə Avropa və Amerika dövlətlərinin Parisdə olan nümayəndələrinə çatdırdılar. Məlumatda qeyd edilirdi ki, mübahisəli əraziləri nəzərə almadan azərbaycanlılar Ermənistan əhalisinin yarısını təşkil edir. Lakin bu əhalinin ən elementar insani hüquqları yoxdur. Orada deyilirdi: “Erməni silahlı quldur dəstələri şəhərlərdə, qəzalarda və kəndlərdə, hətta Ermənistan Respublikasının paytaxtı İrəvan şəhərində ac qurdlar kimi müsəlmanlara hücum edir, hər axşam üç, dörd müsəlman evi dağıdılır və talan edilir, sakinləri öldürürlər”.
M.Təkinski İrəvanda özünü cəsarətlə aparır, azərbaycanlı əhaliyə qarşı Ermənistan hökumətinin yeritdiyi etnik təmizləmə siyasətinin qarşısını almağa, Azərbaycan hökumətinin mümkün köməyinin əldə edilməsinə çalışırdı. O, qırğınların dayandırılmasına və azərbaycanlı əhalinin hüquqlarının qorunmasına nail olmaq üçün dəfələrlə Ermənistanın baş naziri, xarici işlər naziri, Eçmiədzin katolikosu, müttəfiq dövlətlərin Ermənistandakı missiyasının başçıları ilə görüşmüşdü.
M.Təkinski 7 iyun 1919-cu ildə xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi şifrəli teleqramda ermənilərin Rusiyanın cənubundakı Könüllü ordunun (Denikin ordusunun) irəliləyərək Bakını ələ keçirəcəyinə ümid bəslədiklərini yazır və əlavə edirdi ki, iyunun 1-də Ermənistanın baş naziri A.Xatisovla etdiyi birgə nahar zamanı bu məsələ barədə ətraflı danışmışdır. M.Təkinski Könüllü ordu ilə Azərbaycan arasında münasibətlərin kəskinləşəcəyi təqdirdə Ermənistanın Azərbaycana qarşı düşmən mövqe tutacağını bildirir, bu təhlükəni nəzərə alaraq Şərur-Naxçıvan istiqamətindən Ermənistanı təhdid etməyin lazım gəldiyini və bu məqsədlə hərbi təşkilatlanma üçün təcili pul buraxmağın lazım olduğunu bildirirdi.
Şərur-Naxçıvan bölgəsində vəziyyətlə bağlı M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə iyunun 13-də göndərdiyi şifrəli teleqramdan aydın olur ki, bölgədəki silahlı qüvvələrin maddi təminatını Azərbaycan hökuməti İrəvandakı diplomatik nümayəndəliyin vasitəsi ilə həyata keçirmişdir. Teleqramda o da bildirilirdi ki, həmin bölgədə 6 min əsgər və süvaridən ibarət yarınizami qoşunlar mövcuddur. M.Təkinski qoşunların döyüş hazırlığının heç də erməni qoşunlarının hazırlığından geri qalmadığını ingilislərin də etiraf etdiklərini göstərirdi. Daha sonra M.Təkinski yazırdı ki, bölgədəki silahlı qüvvələrin sayını lazım gələrsə, hərbi əməliyyatlar zamanı 10 min nəfərə də çatdıtmaq olar. Diplomatik nümayəndə Şərur-Naxçıvan bölgəsindəki silahlı qüvvələrin əvvəlki mövqelərində qalmağının və Zəngəzurla sərhəddəki dağlarda yerləşdirməyin vacibliyini qeyd edirdi.
Azərbaycanın diplomatik nümayəndəsi M.Təkinskinin fövqəladə işgüzarlıqla göstərdiyi fəaliyyət Ermənistan hökumətini ciddi narahat edirdi.
Ermənistan daşnak hökumətinin sonuncu baş naziri Simon Vrasyan yazırdı: “Müstəqilliyin ilk günlərindən etibarən Azərbaycan Ermənistanı rahat buraxmadı. Türklərin təhriki ilə azərbaycanlılar Ermənistanın türk-müsəlman əhalisini erməni hakimiyyətinə qarşı qaldırdı. Azərbaycanın səfiri Xan-Təkinski bu işdə başlıca rol oynayırdı. Ölkənin müxtəlif yerlərində o, əməkdaşlar saxlayır, Bakıdan böyük pullar alır, öz hökumətinə məxfi məlumatlar göndərirdi. Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı P. Eyaqulyan tezliklə Təkinskinin öz hökuməti ilə mübadilə etdiyi teleqramların şifrəsini çözdü”.
Simon Vrasyan daha sonra yazırdı: “Xan-Təkinski İrəvana gəldiyi ilk gündən Ermənistan Xarici İşlər Nazirliyi onun şifrəsini əldə etmişdi. Xan-Təkinskinin göndərdiyi və aldığı bütün teleqramlar onun özünə çatmazdan əvvəl Ermənistan hökumətinə məlum idi. 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra həmin teleqramlar “Gizli sənədlər” adı ilə ayrıca kitab şəklində İrəvanda çap edilmişdir”. Həmin kitabda M.Təkinskinin İrəvandan göndərdiyi və Ermənistan kəşfiyyatının ələ keçirdiyi 75 şifrəli teleqramın mətni öz əksini tapmışdı.
M.Təkinskinin ermənilərin Şərur-Naxçıvanı Ermənistana birləşdirmək iddialarına qarşı kəskin fəaliyyəti də Ermənistan hökumətini ciddi narahat edirdi. Ona görə də hər vəchlə onu Ermənistandan uzaqlaşdırmağa çalışırdılar.
İş o yerə çatmışdı ki, Ermənistan hökuməti xüsusi xidmət orqanlarının əli ilə Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyinə göndərilən pulları ələ keçirməklə öz problemlərini həll etməyə çalışırdı. 1919-cu il noyabrın 5-də Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın diplomatik nümayəndəliyinin nəzdində xüsusi tapşırıqlar üzrə zabit-kapitan Qasımbəyovun evindən yarım milyon rubl aparmışdılar. Həmin pullar Azərbaycan hökuməti tərəfindən qaçqınlara yardım edilməsi üçün göndərilmişdi.
Ermənistanın kəşfiyyat orqanlarının təcili ehtiyacların qarşılanması üçün nə qədər vəsaitin olması barədə baş qərargahın kəşfiyyat şöbəsinin müdiri kapitan Şneurun 1919-cu il sentyabrın 13-də Maliyyə Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq Maliyyə Nazirliyindən bildirilmişdi ki, İrəvan bankında xüsusi təlimatla qorunan və içərisində Azərbaycan pulları olan möhürlü dəri çanta saxlanılır.
Azərbaycanın Hərbi Nazirliyi Ermənistandakı daimi nümayəndəlikdə hərbi attaşe vəzifəsinə layiqli şəxs tapa bilmədiyindən, Ermənistan ordusu barədə məlumatların toplanması işi 8 aprel 1919-cu ildən Gürcüstandakı daimi nümayəndəlikdə çalışan hərbi attaşe Məhəmməd bəy Əliyevə həvalə edilmişdi. M.Təkinski Ermənistan ordusu barədə çətinliklə əldə etdiyi məxfi məlumatları öncə şifrələnmiş məktubla M.Əliyevə göndərirdi.
Ermənistanın Bakıdakı daimi nümayəndəliyində çalışanların əksəriyyəti isə kəşfiyyat və əks-kəşfiyyat işində təcrübəsi olan rus ordusunun keçmiş zabitlərindən formalaşdırılmışdı. Ona görə də Ermənistan hökuməti Azərbaycanda gedən proseslərdən anındaca xəbər tuturdu.
1919-cu il iyulun 11-də M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə göndərdiyi şifrəli teleqramda bildirilirdi ki, Böyük Vedidə erməni qoşunlarının hücumlarının qarşısı alınıb, erməni ordusu artilleriyası ilə birlikdə dəmir yol xəttinə çəkilib. İrəvana çoxlu erməni yaralılarının daşındığı, öldürülən erməni əsgərlərinin sayının 200-dən artıq olduğu, yaralanan və öldürülən erməni zabitlərinin sayının 10 nəfərdən çox olması teleqramda ifadə edilmişdi. Ermənilər öz uğursuzluqlarını Vedibasarda türk əsgərlərinin olması ilə izah edirdilər. İngilislər də ermənilərə inanırdılar. Orada Osmanlı əsgərlərinin olmasını M.Təkinski qəti surətdə təkzib etmişdi. M.Təkinski İrəvandakı ingilis hərbi nümayəndəliyinin açıq-aşkar ermənipərəst mövqe tutduğunu yazırdı.
A.Xatisyan M.Təkinski barəsində Azərbaycan hökumətinə göndərdiyi etiraz məktublarında onun Ermənistanın daxili işlərinə müdaxilə etdiyini bildirir və geri çağırılması xahiş olunurdu. Lakin Azərbaycan hökuməti M.Təkinskinin gördüyü işləri yüksək qiymətləndirir və onun fəaliyyətini davam etdirməsini istəyirdi. Nəhayət ki, M.Təkinski Ermənistan hökumətinin daxili işlərinə müdaxilə bəhanəsilə Ermənistan hökuməti tərəfindən “persona nongrata” elan edilmişdi.
Bundan sonra M.Təkinski Azərbaycan Xarici İşlər Nazirliyinə istefa barədə raport yazmaq məcburiyyətində qalmış və hökumət onun istefasını qəbul etmişdi. Xarici işlər naziri M.Y.Cəfərov 28 sentyabr 1918-ci ildə M.Təkinskiyə göndərdiyi cavab məktubunda onun Azərbaycan naminə fədakarcasına fəaliyyətinin hökumət tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdi.
M.Təkinskinin istefasına nail olunduqdan sonra Miryusif Mirbabayev bir müddət diplomatik nümayəndə vəzifəsini icra etmişdi.
1919-cu il oktyabrın 1-də Məhəmməd xan Təkinski Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.
M.Təkinski Ermənistandan “persona nongrata” olunmasının əvəzini erməni diplomatının Bakıdan qovulmasına nail olması ilə çıxmışdı. Belə ki, o, xarici işlər nazirinin müavini olduğu vaxt Ermənistanın Bakıdakı diplomatik nümayəndəliyinin əməkdaşı Arşak Sarkisovun zərərli fəaliyyətinə görə Azərbaycan ərazisindən qovulması qərara alınmışdır. Bu barədə 23 fevral 1920-ci il tarixində xarici işlər naziri Mustafa Vəkilovun adından yayılan məlumatda bildirilmişdi.
Məhəmməd xan Təkinskidən sonra Azərbaycanın Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsinə əvvəlcə Dağlı Respublikasında diplomatik nümayəndə olmuş görkəmli Azərbaycan yazıçısı və ictimai-siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev təyin edilmişdir. Ermənistan hökumətinin Ə.Haqverdiyevə qarşı törətdiyi cinayət barədə “Azərbaycan” qəzetinin 4 may 2018-ci il tarixli sayında bu məqalənin müəllifinin “Səfir Əbdürrəhim bəy Haqverdiyev Ermənistan hökumətinin sifarişi ilə qarət edilmişdi” başlıqlı məqaləsində ətraflı söhbət açılmışdır.
Ə.Haqverdiyevdən sonra Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur xan Makinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasından sonra İrəvan quberniyasının və Qars vilayətinin türk-müsəlman əhalisinə Azərbaycan hökuməti tərəfindən edilən hər cür yardımlar kəsilmişdi. Daşnak hökumətinin ordusu yalnız 1920-ci ilin iyun ayının ikinci yarısında Zəngibasar və Vedibasar bölgələrini tamamilə işğal edə bilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliyin fəaliyyətinin dərindən araşdırılması həm diplomatiya tariximizin, həm də yaxın keçmişimizin qaranlıq səhifələrinin dərindən öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Nazim MUSTAFA,
tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı
“Azərbaycan qəzet 2018 -ci il”