
UNESCO mənzil qərargahında bu təşkilatın “Daimi Nümayəndələri Klubu”nun (Cercle des Delegues) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin təmsilçiləri tərəfindən rəsm əsərlərindən ibarət sərgi, eləcə də musiqi və poeziya gecəsi təşkil olunub.
Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyovanın rəhbərliyi ilə azərbaycanlı rəssamların və fotoqrafların əsərləri nümayiş olunub. Nümayiş olunan əsərlər arasında Ağdəs Bağırzadənin fotoları və Güllü Vəliyevanın rəsmləri yer alıb.
Ağdəs Bağırzadənin lakonik və yaradıcı fotolarının hər biri sanki fotoqraf tərəfindən izlənmiş və bir anlığa dondurulmuş həyatı əks etdirir. Əvvəlcə musiqiçi olmaq istəsə də, foto sənəti onu daha çox cəlb etdiyi üçün fəaliyyətini fotoqrafiya sahəsində davam edib. Tanışlarının ona hədiyyə etdiyi “Zenit” fotoaparatı ilə fəaliyyətə başlayan A. Bağırzadənin əsrarəngiz fotoları Böyük Britaniya, ABŞ, Çin, Fransa, Türkiyə, Rusiya, Polşa, Sloveniya, Avstriya kimi ölkələrdə sərgilənib.
Fiziki məhdudiyyətli Güllü Vəliyevanın da əsərləri sərgidə nümayiş olunub və tədbir iştirakçılarının diqqətini cəlb edib. O, hələ kiçik yaşlarından rəssamlığa marağı olduğunu bildirib. Ancaq ilk dəfə 2018-2019-cü illərdə ciddi olaraq rəsmlə məşğul olmağa başlayıb. O, ilk rəsm müəllimi Nərminə Vəliyevaya minnətdar olduğunu deyərək, 2021-ci ildən Fransada yaşamağa başlayandan Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində Ə. Nərimanbəyovanın rəsm dərslərinə qatıldığını qeyd edib.
UNESCO-da təşkil olunmuş sərgi G.Vəliyevanın 2-ci sərgisidir. Bu sərgidə onun “My Beautiful Grandmother” və “Chinese New Year” əsərləri nümayiş olunur. İlk dəfə o, İtaliyada “Venetian Lagoon in Art” sərgisində iştirak edib və “Teddy Bear“ əsərinə görə uğur sertifikatı ilə təltif olunub. G. Vəliyevanın bir neçə əsəri şəxsi kolleksiyalarda saxlanılır.
Tədbir müxtəlif ölkələrdən olan nümayəndələrin musiqi ifaları və poeziya nümunələrinin səslənməsi ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris