…İndiki Ermənistan deyilən yerdən azərbaycanlıların qovulmasından söz düşəndə ermənilər sübut etməyə çalışırlar ki, guya Ermənistanda azərbaycanlılara münasibət həmişə yaxşı olmuşdur, azərbaycanlılar özləri orada yaşamaq istəməmişlər. Əslində isə indi Azərbaycan ərazisində yaşayan və hələ 1988-ci il hadisələrindən çox-çox əvvəllər Ermənistanı tərk etməyə məcbur olmuş minlərlə azərbaycanlı onlar üçün ermənilər tərəfindən yaradılmış dözülməz şəraitin acı nəticələri olaraq öz doğma ata-baba yurdlarını tərk etdiklərini deyirlər. Onların çoxu böyük əzab-əziyyətlə ali təhsil alıb Ermənistana qayıtdıqdan sonra onlara iş verilmirdi. Onlar hətta orta təhsilli deyil, ibtidai təhsilli erməninin rəhbərliyi altında işləməyə məcbur edilirdilər. Həmin az savadlı ermənilər ali savadlı azərbaycanlıları incidir, təhqir edir, elə dözülməz şərait yaradırdılar ki, onlar öz ərizələri əsasında işdən getsinlər. Ancaq ikiüzlü ermənilər bu gün onlara məxsus olan həyasızlıqla bunu həmişə təkzib etməyə çalışırlar. Tarixi faktlar, arxiv sənədləri isə bunun əksini sübut edir.
Belə ki, Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivində mühafizə olunan bir iş Sovet hakimiyyəti illərində Ermənistan SSR-də hökumət idarələrinin və daşnak xislətli erməni əhalisinin burada yaşayan azərbaycanlıların başına müxtəlif şəkildə açdıqları oyunlardan, onların sıxışdırılmasından, son nəticədə isə onların məcbur olaraq Ermənistanı tərk etmələrindən bəhs edir. Bu Zaqafqaziya Federasiyası Xalq Komissarları Soveti yanında Dövlət Siyasi İdarəsinin üç Zaqafqaziya Respublikalarında – Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi vəziyyət haqqında xülasələrdən bir nüsxədir. 1929-cu il yanvar ayının 1-də olan və həmin il yanvarın 30-da Azərbaycan K(b)P MK katibləri Ə.H.Qarayev və L.Mirzoyanın adına göndərilmiş həmin xülasədə digər məsələlərlə yanaşı Ermənistan SSR-də azərbaycanlılara qarşı yaradılmış dözülməz münasibətlər haqqında da ətraflı məlumat verilir.
Burada Ermənistan SSR-ə aid xülasədə azərbaycanlılar arasında Ermənistandan köçmək əhval-ruhiyyəsinin çox böyük olduğu bildirilirdi. Lori-Pəmbək qəzasının Ağbaba rayonunda köçmək əhval-ruhiyyəsi haqqında yeni məlumatların, Leninakan, Yeni-Bayazid və Eçmiadzin qəzalarında da həmin əhval-ruhiyyənin artması, bununla əlaqədar köçmək əhval-ruhiyyəsinə səbəb olan, onu şərtləndirən halların açıqlanması üçün yeni faktların üzə çıxmasıdır. Köçmə üçün şərait yaradan səbəblər təhlil edilərkən əsas iki amilə diqqət cəlb edilirdi. Bir tərəfdən adamların köçüb getməyə həvəsi, digər tərəfdən isə köçmək üçün əsas olan konkret səbəblər.
Maraqlıdır ki, burada azırbaycanlıların Ermənistandan köçməsini şərtləndirən başlıca amillər bir rayonun – Basarkeçər rayonunun timsalında bariz şəkildə izah edilirdi. Göstərilirdi ki, azərbacanlıların köçməsini şərtləndirən əsas amillər, məktəb, səhiyyə məsələləri, kənd təsərrüfatı vasitələri, onların təminatının yox dərəcəsində olmasıdır. Digər tərəfdən isə köçmənin səbəbi kimi azərbaycanlılara qarşı Ermənistan SSR hakimiyyət orqanları nümayəndələrinin qeyri-səmimi münasibəti və onlara qarşı daşnak təbliğatında görülürdü. Xülasədə göstərilirdi ki, Yeni-Bayazid qəzasının Basarkeçər dairəsindəki 15 min müsəlman əhalisi olan 32 kənddə cəmi bir pilləli 16 məktəb və iki qiraətxana var. Bütün məktəblər ən adi avadanlıqdan belə məhrumdurlar. Bir dənə də olsun yeni məktəb binası yoxdur. Demək olar ki, bütün məktəblərin pəncərə şüşələri yoxdur, divarlar çat-çatdı. Pedaqoji personalın ictimai-siyasi və pedaqoji hazırlıq səviyyəsi olduqca aşağı səviyyədədir. Göstərilirdi ki, Basarkeçər dairəsində yalnız 13 çarpayılıq bir xəstəxana və 1 ambulatoriya var. Ambulatoriyanın çox vaxt bağlı olduğu, qışda isə kəndlərə yollar kəsildiyi üçün kəndlilər ambulatoriyaya ümumiyyətlə gələ bilmirlər. Azərbaycanlılar yaşayan kəndlərdə bir ədəd də olsun taxıl biçən, sovuran və toxumsəpən maşın yoxdur. Bu kəndlərin aldıqları traktor və kotanlar isə ya ümumiyyətlə heç nəyə yaramır, ya da saz vəziyyətdə deyil.
Azərbaycanlı əhalinin məskunlaşdığı rayonların partiya komitələrində azərbaycanlı təlimatçılar çatışmır. İrəvan qəzası Razdan dairəsində milliyyətcə erməni olan, azərbaycan dilini zəif bilən təlimatçı azərbaycanlılarla olduqca kobud rəftar edir. Xülasədə göstərilirdi ki, Yeni Bayazid qəzasının Basarkeçər dairəsində də vəziyyət bundan yaxşı deyil. Burada Sovet və partiya aparatlarının olduqca zəif işi nəticəsində hələ 1927-ci ildə bir sıra kəndlər – Yarpızlı, Böyük Məzrə, Kalvank, Yuxarı Zağalı köçmək üçün ərizə vermişdilər. O vaxt, yəni 1927-ci ildə köçmək haqqında məsələ müvəqqəti olaraq unudulmuş, bir neçə vaxtdan sonra isə o daha da kəskin şəkildə yenidən qalxmışdır.
Həmin dairəyə bir dəstə erməni qaçqınları gətirilərək azərbaycanlı əhalinin iradəsinin əksinə olaraq onlar azərbaycanlı əhalinin evlərində yerləşdirilmişlər. Azərbaycanlılara söz verilmişdir ki, iki aydan sonra ermənilər yeni evlərə köçürüləcəklər. Bu vəziyyət hər iki tərəf üçün, əsil məşəqqət idi. Erməni qaçqınları demək olar ki, hər yerdə əvəzsiz olaraq azərbaycanlıların özləri üçün tədarük etdikləri qış yanacaqlarından istifadə edirdilər. Elə hallarda olmuşdur ki, boş yeri olmayan azərbaycanlıları məcbur etmişlər ki, «bir təhər sıxlaşsınlar» və öz evlərində erməni qaçqınlarını yerləşdirsinlər. Məsələn, Böyük Məzrə kəndində azərbaycanlıların onsuz da yaşamaları üçün darısqal olan evlərinə əlavə iki qaçqın erməni ailəsi də yerləşdirimişdir. Nəticədə azərbaycanlı ailəsi məcbur olur ki, qonşudan ayı 18 manata ev kirayə edib, orada qaçqın erməni ailələrini yerləşdirsinlər. Başqa bir halda isə azərbaycanlı ailəsi məcbur olaraq hökumət dairələrinə müraciət edirdi ki, ona tikinti materialları versinlər ki, o,öz gücü və vəsaiti hesabına qaçqın ermənilər üçün ev tiksin və bununla da onun evinə yerləşdirilmiş erməni qaçqınlardan canını qurtarsın.
Vergi siyasətində də azərbaycanlı ailələr üçün bilərəkdən dözülməz şərait yaradılmışdır. Xülasədə qeyd olunurdu ki, Voronsovski dairəsinin azərbaycanlılar yaşayan onlarla kəndində bu il keçən ilə nisbətən vergilərin məbləği 105 faiz artırılmışdır. Həm də ayrı-ayrı ortabab kəndli təsərrüfatlarına 1928-1929-cu təsərrüfat ilində qoyulmuş verginin məbləği birin üçə nisbətində artırılmışdır. İrmazlo kəndindəki 85 təsərrüfatdan 25 faizinin üzərinə xüsusi vergi qoyulmuşdur. Bir sıra yoxsul kəndli təsərrüfatlarına da böyük məbləğdə vergilər qoyulmuşdur. Xülasədə göstərilirdi ki, eyni vəziyyətə Ermənistandakı azərbaycanlılar yaşayan digər kəndlərdə də rast gəlinir.
Xülasədə sonra deyilirdi ki, bütün bunlara yerli hakimiyyət orqanlarının azərbaycanlı əhaliyə qarşı kobud rəftarını da əlavə etmək lazımdır. Yeni Bayazid qəzasında yuxarı Zağalı kəndinə qəza prokuroru və dairə icraiyyə komitəsinin sədri (hər ikisidə Ermənistan K(b) P-ın üzvüdür) gəlirlər. Azərbaycanlı kəndlilər onlara müraciət edərək Azərbaycana köçməyə icazə verməyi xahiş edirlər. Əvvəlcədən işin mahiyyətinə əhəmiyyət verməyən icraiyyə komitəsinin sədri deyir: «Di köç get öz yerinə». Bir dəqiqə keçdikdən sonra isə fikirləşərək yenidən: «Burada gəbərəcəksən, amma köçməyi görməyəcəksən» – deyir. Onda kəndli kömək üçün qəza prokuroruna müraciət edir, prokuror isə onu hətta eşitmək belə istəməyərək deyir: «Mən sizin prokuror deyiləm. Sizin prokuror Azərbaycandadır».
Xülasədə göstərilirdi ki, bu cür qeyri sağlam mühitdə narazılıq sürətlə artır. Orada qeyd olunurdu ki, hazırda Leninakan qəzasının Ağbabalı dairəsində, Yeni Bayazid qəzasının Basarkeçər dairəsində, bütün Lori-Pəmbək qəzasında, İrəvan və Eçmiadzin qəzalarının ayrı-ayrı dairələrində köçmək əhval-ruhiyyəsi azərbaycanlı kəndlilərin bütün təbəqələrini bürümüşdür. Azərbaycanlı kəndlər arasında köçmək əhval-ruhiyyəsinin yaranmasında erməni kəndlərindəki daşnak emissarları və şövinist əhval-ruhiyyəli ünsürlərin təbliğatı da az rol oynamır. İrəvan qəzasının Qara Dəvəli kəndində 2 nəfər daşnak tanış azərbaycanlıları inandırmağa çalışırdılar ki, nə qədər gec deyil Ermənistandan köçüb getsinlər, «yoxsa tezliklə ölkə daşnaklar tərəfindən zəbt olunacaq və bütün azərbaycanlılar qılıncdan keçiriləcəklər». Xülasədə qeyd olunurdu ki, bu cür təbliğatdan qorxuya düşən bir neçə azərbaycanlı ailəsi Naxçıvan vilayətinə köçmüşlər. Bu haqda xəbər tezliklə qonşu Eçmiadzin qəzasına da yayılır, bir sıra kəndlərdə də (Taqi, Nazrav, Part) azərbaycanlılar Türkiyəyə köçməyə hazırlaşırlar. Xülasənin bu məsələyə aid bölməsinin sonunda deyilirdi ki, «beləliklə Ermənistan SSR-də azərbaycanlılara qarşı yaradılmış obyektiv şərait azərbaycanlı kəndlilər arasında real köçmək əhval-ruhiyyəsi yaradır».
Təəssüflər olsun ki, baş siyasi idarənin hazırladığı xülasələrdən bu bir nüsxə təsadüf nəticəsində məhv edilməyərək qalmışdır. Bu cür xülasələr arxivlərdə tam şəkildə qorunub saxlansaydı orada Sovet hakimiyyəti illərində ermənilərin Ermənistanda yaşayan azərbaycanlıların başına açdıqları daha dəhşətli müsibətlərdən xəbər tuta bilərdik. Düzdür bu gün də ermənilərin xülasədə qeyd olunan məsələlərə münasibətlərini öz üzərində hiss etmiş minlərlə azərbaycanlılar hələdə həyatda yaşayırlar. Təəssüflər olsun ki, bu haqda söhbət düşərkən ermənilər onu qəti təkzib etməyə çalışırlar. Bəs görəsən onlar Zaqafqaziya Federasiyası hökuməti yanında nüfuzlu Dövlət Siyasi İdarəsinin bü cur təkzib edilməz məlumatlarına necə cavab verəcəklər? Onlarıdamı yalan adlandıracaqlar? Ola bilər. Çünki səmimiyyətdən, düzlükdən, xalqımız üçün həyati əhəmiyyəti olan bu cür məsələlərə qarşı vicdanlı münasibətdən başqa ermənilərdən nə desən gözləmək olar.
Ataxan Paşayev
http://www.milliarxiv.gov.az