Giriş
XX əsrdə bəşəriyyətin tale yükünə iki dünya müharibəsinin dəhşətlərini yaşamaq nəsib olmuşdu. Digər müharibələrdən fərqli olaraq, bu genişmiqyaslı və qanlı müharibələrə bir çox dövlətlər və onların silahlı qüvvələri cəlb olunmuşdu.
Bəzi tarixçilərə görə, əslində 1918-1939-cu illər ərzində arada fasilələrlə bir böyük müharibə baş vermişdi. Bəlkə də bu iddiada bir həqiqət var. Ancaq imperialist xarakterli və müharibə iştirakçısı olan imperiyaların dağılmasına səbəb olan Birinci Dünya Müharibəsindən fərqli olaraq, İkinci Dünya Müharibəsi bəşəriyyətin dəhşətli faşizm və nasist ideologiyasına qarşı mübarizəsi idi.
İkinci Dünya Müharibəsi üç qitəyə – Avropa, Asiya və Afrikaya, eləcə də dünyanın bütün okeanlarının sularına təsir etmişdi. Bu müharibədə 6 il ərzində 1 700 milyon əhalisi olan 61 dövlət, yəni Yer kürəsinin ümumi əhalisinin təxminən 80%-i iştirak etmişdi. Onlardan təxminən 120 milyon insan əlinə silah almalı olmuşdu. Döyüşlər 40 ölkənin ərazisində aparılmışdı.
İkinci Dünya Müharibəsi və onun əsas tərkib hissəsi olan Böyük Vətən Müharibəsi 1980-ci illərdən – Sovet cəmiyyətində plüralizm dövründən başlayaraq həm cəmiyyətdə, həm də mətbuatda artıq müzakirələrin və uydurmaların mövzusuna çevrilmişdir. Bu mövzuda mübahisələr, müzakirələr və mənfi dəyərli mühakimələrə bu gün də rast gəlmək mümkündür.
Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycan xalqı da bütün sovet xalqları kimi, faşizmə qarşı mübarizəyə öz böyük töhfəsini vermişdir. Və İttifaq dövlətinin qazandığı bu qələbə, digər xalqlar kimi, böyük insan, maddi və mənəvi itkilərə məruz qalan, ən qiymətli dəyərlərini Qələbə uğrunda qurban vermiş Azərbaycan xalqının da Qələbəsi idi.
Azərbaycanlılar Böyük Vətən müharibəsinin cəbhələrində
İkinci Dünya Müharibəsi illərində Vətənin nasist Almaniyasından qorumaq uğrunda mübarizə aparan Azərbaycan dövlətinin hər beşinci sakini Böyük Vətən müharibəsinin səngərlərində vuruşurdu. 3,4 milyon əhalisi olan (1941-ci ildə) Azərbaycandan cəbhəyə təxminən 700 min əsgər, o cümlədən 10 mindən çox qadın yola düşmüşdü. Müharibənin ilk günlərində Azərbaycanın 40 mindən çox oğul və qızları cəbhəyə göndərilməsi üçün hərbi komissarlığa ərizə təqdim etmiş, 186 704 nəfər isə arxa cəbhədə milis dəstələrinə yazılmışdılar. Tezliklə respublikanın ərazisində 87 qırıcı batalyonu, 1144 özünümüdafiə dəstəsi və 15 min nəfərlik hava hücumundan müdafiə dəstəsi təşkil edilmişdi. Hərbi hissələr üçün 15 min tibb bacısı və növbətçiləri, 750 rabitəçi, 3 min sürücü kadrları hazırlanmışdı [6; 9, c. 14; 12; 13; 15; 19; 26; 27].
Azərbaycan SSR-dən səfərbər olunan əsgərlər Leninqradın və Moskvanın müdafiəsi, Brest qalası, Stalinqrad, Qafqaz və Kursk çıxıntısı uğrunda gedən döyüşlərdə iştirak etmişlər. Ukraynada azərbaycanlılar əsasən Krım yarımadasındakı döyüşlərdə vuruşurdular. Onlar həmçinin Baltikyanı ölkələrin, Şərqi Avropanın azad edilməsi uğrunda hərbi əməliyyatlarda və Berlin uğrunda döyüşlərdə də iştirak etmişdilər. 400 mindən çox azərbaycanlı döyüşçü hərbi mükafat və medallarla təltif olunmuşdu. 14 azərbaycanlı Şöhrət ordeni kavaleri, 43 nəfər isə hərbi şücaət və rəşadətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Onlardan 16-sı bu yüksək mükafata ölümündən sonra təqdim edilmişdi. 170 mindən çox azərbaycanlı döyüşçüləri müxtəlif hərbi orden və medallarla təltif edilmişdi. Tank qoşunlarının general-mayoru Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Sovet İttifaqı Qəhrəmanı adını qazanan ilk azərbaycanlı isə Şimal-Qərb cəbhəsində döyüşmüş baş serjant (çavuş) İsrafil Məmmədov olmuşdur. Qeyd etmək lazımdır ki, Sovet İttifaqı Qəhrəmanı, leytenant Məlik Məhərrəmovun başçılıq etdiyi hərbi dəstədə on doqquz Sovet İttifaqı Qəhrəmanı vətən uğrunda vuruşmuşdur. Ali Baş Komandan Qərargahının 18 oktyabr 1941-ci il tarixli əmri ilə 46-cı Ordunun 168-ci ehtiyatda olan atıcı alayının bazasında 223-cü atıcı hərbi diviziyasının formalaşdırılmasına başlandı. Bölmənin hissələri Azərbaycanın Quba-Sarvan-Çarxı-Qusar-Dəvəçi bölgələrində yaradılırdı. Burada döyüşçülər döyüş hazırlığı kurslarını keçirdilər. 223-cü Azərbaycan Atıcı Diviziyasının tərkibinə aşağıdakı hərbi hissələr daxil idi: 1937-ci, 1039-cu, 1041-ci atıcı alayları, 818-ci top alayı, atıcı-təlim batalyonu, 351-ci motoatıcı kəşfiyyat dəstəsi, 332-ci tank əleyhinə döyüş diviziyası, 669-cu Mina atıcı diviziyası, 587-ci döyüş mühəndisləri batalyonu, 385-ci kimyəvi müdafiə rotası, 752-ci rabitə batalyonu, 176-cı zenit-artilleriya batareyası, 820-ci tibbi-sanitar batalyonu, 422-ci avtomobil rotası [19].
Hərbi hissələrin yaradılması prosesi Azərbaycan SSR-in şimal bölgəsində, əsasən Quba, Qusar və Dəvəçi şəhərlərində aparılırdı. Sonradan 223-cü Qırmızı Bayraqlı Atıcı Diviziyası Mozdok, Georgiyevsk, Ukraynanın Kirovograd şəhəri, Moldovanın Bender və Kişinyov şəhərləri, Avropada isə Avstriyanın paytaxtı Vyana, keçmiş Yuqoslaviyanın paytaxtı Belqrad şəhərləri uğrunda gedən döyüşlərdən sonra şöhrət qazanmışdı. Belqradın azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyi üçün diviziya Belqrad adını aldı. 223-cü Azərbaycan Atıcı Diviziyası Rumıniya və Macarıstanın azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda da iştirak etmişdir. 1944-cü ilin yaz hücumunun üç ayı ərzində diviziya sovet torpaqlarının 950 kvadrat km. ərazisini düşmənin hərbi qüvvələrindən təmizləmiş və 90 yaşayış məntəqəsini işğalçılardan azad etmişdi. Sovet qoşunlarının Yassı-Kişinyov hərbi əməliyyatı zamanı azərbaycanlı döyüşçülər tərəfindən Vermaxtın 257-ci Piyada Diviziyası darmadağın edilmişdi. Yuqoslaviyanın Bogovina yaxınlığında gedən döyüşdə isə azərbaycanlılar Vermaxtın 2,5 min əsgər və zabitdən ibarət hərbi hissəsini məğlub etmişdilər. Avstriya ərazisi boyunca hücum döyüşlərində iştirak edən 223-cü diviziya 4 şəhəri və 44 yaşayış məntəqəsini faşist işğalından azad etməyə müvəffəq olmuşdu.
Azərbaycanın 402-ci Atıcı Diviziyası 1941-ci ilin avqust ayında Zaqafqaziya Cəbhəsində yaradılmışdı [13]. 1941-ci il avqustun 26-da Zaqafqaziya Cəbhəsinin komandanı tərəfindən 402-ci Azərbaycan diviziyasının yaradılması haqqında direktiv imzalanmışdı. Diviziyanın formalaşdırlımasına Dağlıq Qarabağın vilayət mərkəzi olan Xankəndi şəhərində başlanmışdı. Diviziyanın şəxsi heyəti: 1 295 zabit, 1 088 kiçik komandir, 8 104 nəfər sıravi döyüşçüdən ibarət idi. Diviziyanın 9 400 döyüşçü və komandirləri, yəni şəxsi heyətin 90%-i azərbaycanlılar idi. 1941-ci ilin oktyabr ayından 1942-ci ilin aprelinə qədər diviziya İranda yerləşən Sovet qoşunlarının bir qrupunun tərkibinə daxil idi. 1942-ci ilin oktyabr ayında diviziya Şimali Qafqaza köçürülmüş və burada qəhrəmancasına Qroznı şəhərinin girişində müdafiə mövqeyini tutmuşdu. 402-ci atıcı diviziyasının birləşmələri apardıqları qızğın və şiddətli döyüşlər sayəsində Otraşnikovo, Staro-Buxirovo, Şirkutovskoye, Xoxlatskiy, Smirnovka, Poti-Onin, Sbornıy, Naydenovski yaşayış məntəqələrini düşməndən azad etmişdi. Eyni vaxtda, mayor Akim Abbasovun 833-cü alayının bölmələri Mozdokdan şimal-şərqdə İşerskaya-Kapustino-Novolednyov-Mayorsk xəttində almanlara qarşı əks-hücum cəbhə xəttini təşkil etmişdilər. Düşmən buradakı döyüşlərə 70-100 ədəd zirehli texnika cəlb etmişdi. Mayor Abbasovun döyüşçüləri almanların 13 əks hücumunu dəf etmişdilər. Almanların zirehli texnikasının əksər hissəsi məhv edildiyindən, onlar əsas hücum qüvvəsini də itirmiş oldular və geri çəkilmək məcburiyyətində qaldılar. Döyüşdə göstərdiyi cəsurluğa və qəhrəmanlığa görə 833-cü atıcı alayının 75 döyüşçüsü və komandiri SSRİ-nin hərbi orden və medalları ilə təltif edilmişdi. Mayor Abbasovun özü isə Qırmızı Bayraq Döyüş ordeni ilə təltif edilmişdi. 1942-ci ilin sonu üçün 402-ci Atıcı Diviziyasının döyüşçülərinin yalnız 4 min nəfəri, yəni heyətin yarısından da az hissəsi sağ qalmışdı. Buna görə də 402-ci diviziyadan 416-cı diviziyanın heyətini tamamlamaq üçün istifadə etmək qərara alındı. Bu andan etibarən 402-ci Atıcı Diviziyası milli təlim bölməsinə çevrildi. Bu bölmənin əsasında azərbaycanlı döyüşçülər və komandirlər təlim keçdikdən sonra cəbhəyə göndərilirdilər.
Azərbaycanın Qırmızı Bayraq Suvorov ordenli 416-cı Atıcı Diviziyası [13] Zaqafqaziya Hərbi Dairəsi komandanlığının 22 fevral 1942-ci il tarixli əmri əsasında yaradılmışdı. Bu hərbi hissə Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş və Taqanroq diviziyası fəxri adını almışdır. Diviziyanın döyüşçüləri Taqanroq və Melitopolu azad etmiş, 1944-cü il fevral ayının əvvəllərində Almaniya Vermaxtının 9-cu piyada diviziyasını darmadağın etmişdilər. Onlar Odessa, Kişinyov, Varşavanı azad edən qoşunların ön cərgələrində idilər. 1945-ci ilin fevral ayında 416-cı diviziya 295-ci diviziya ilə birlikdə faşist qoşunlarının müdafiə xəttini yararaq, Berlinin qapıları sayılan Kustrin şəhərinə daxil olmuşdu. Diviziya aprel ayında Almaniyanın paytaxtının alınması uğrunda hərbi əməliyyatda iştirak etmişdi. Mayın 1-i, günorta saat üçdə, şiddətli döyüşlərdən sonra diviziyanın 373-cü atıcı alayı Kayzer Sarayını ələ keçirərək binanın üzərinə Qırmızı bayrağı sancmışdı. 1945-ci il may ayının 2-də səhər saatlarında diviziyanın leytenant Məcidov başda olmaqla bir qrup döyüşçüsü Brandenburq qapıları üzərində Qırmızı Bayrağı qaldırmağa müvəffəq olmuşdu. Bu hadisədən az bir müddət sonra Brandenburq qapılarının qarşısında mitinq keçirildi. 5-ci zərbə ordusunun Hərbi Şurasının üzvü, general-leytenant F. E. Bokov xatirələrində yazırdı: “İlk olaraq general V.P. Züvanov çıxış etdi. O, böyük ruh yüksəkliyi ilə Berlinin alınması zamanı döyüşçülərimizin qəhrəmanlıqları və qələbənin böyük əhəmiyyəti barədə danışdı. General söylədi ki, Berlin uğrunda tarixi döyüşdə son atəş burada, Brandenburq qapılarında səsləndi və bu son zərbə Azərbaycan xalqının oğulları tərəfindən endirildi. Faşist Almaniyasının paytaxtına edilən hücumda iştirak edən qəhrəmanların xatirəsi əsrlər boyu ürəklərdə yaşayacaqdır. Biz sizinlə xoşbəxt insanlarıq, çünki bu döyüşün iştirakçıları və müharibənin qələbə ilə başa çatdığının canlı şahidləriyik” [12].
1941-1945-ci illər Vətən müharibəsinin başlanğıcında Azərbaycanlı əsgərlər daha toplu olaraq 77-ci Dağ Atıcı Diviziyasının şəxsi heyətində cəmlənmışdilər. Bu döyüş hissəsinin ilk hərbi əməliyyatı 1941-ci ildə SSRİ-nin cənub sərhədində hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Sovet qoşunlarının İrana etdiyi yürüşdə iştirakı olmuşdur. Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci Atıcı Diviziya Krım və Baltikyanı respublikaların ərazilərini faşist işğalçılarından azad etmişdir. Simferopolun azad edilməsi uğrunda döyüşlərdə nümayiş etdirdiyi şücaətlərə görə 77-ci diviziyaya “Simferopol Diviziyası” fəxri adı verildi. 1944-cü il may aının 7-də diviziya hücumla Sevastopolun açarı sayılan Sapun dağını ələ keçirdi. Diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən qüvvələrini aramsız atəşləri altında dağın yüksəkliklərinə çatmış və Sapun dağının üzərində Qırmızı bayrağı qaldırmışdı. Bu diviziya Kurlandiyadakı müharibəyə son qoymuşdu. 1945-ci il may ayının 8-də Dzintari bölgəsində Vermaxt qoşunları silahlarını təhvil verərək 77-ci Diviziyanın döyüş birləşmələrinə təslim oldular.
SSRİ Dövlət Müdafiə Komitəsinin 11 avqust 1941-ci il tarixli qətnaməsinin icrası çərçivəsində Qusar şəhərində Zaqafqaziya Cəbhəsində yaradılmış 396-cı Atıcı Diviziyasının döyüş yolu faciəvi olmuşdur. Hərbi hissənin yaradılması başa çatdıqdan sonra onun hissələri əvvəlcə elə Cənubi Qafqazda yerləşdirilmişdi. Diviziya 1941-ci ilin noyabr ayında 51-ci ordunun tərkibi hissəsi olaraq hərəkətdə olan ordu sıralarına daxil olmuşdu. Hərbi birləşmə Qara dəniz sahillərinin müdafiəsində iştirak edərək, Kerç-Feodosiya desant hərbi əməliyyatı çərçivəsində Feodosiya bölgəsində enmiş və sonradan Krımda əməliyyatlarda iştirak etmişdi. 1942-ci ilin fevral ayından etibarən 396-cı diviziya Azərbaycan milli diviziyası olaraq taninmağa başlamışdır. 11-ci alman ordusunun 1942-ci ilin may ayında Krım üzərinə hücumu zamanı diviziya məhv edilmiş və onun əskərlərinin çoxu qəhrəmancasına həlak olmuşdu.
1941-1945-ci illər Vətən müharibəsinin cəbhələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunlarının general-mayoru Həzi Aslanov, İsrafil Məmmədov, Adil Quliyev, Qafur Məmmədov, Cəmil Əhmədov, Gəray Əsədov, Müseyib Bağırov, Məlik Məhərrəmov, Ziya Bünyadov və başqaları görünməmiş qəhrəmanlıqlar nümayiş etdirmişdilər.
Belə ki, azərbaycanlı leytenant Mürsəl Məcid oğlu Mürsəlov 77-ci Atıcı Diviziyasının bölməsinə başçılıq edirdi. o 1922-ci ildə Azərbaycan SSR-in Qaşad Ağsu kəndində anadan olmuşdu. Bakı Hərbi-piyada məktəbini bitirdikdən sonra Qırmızı Ordu sıralarına çağrılmışdı. Şimali Qafqaz cəbhəsində döyüşmüş, Şərqi Avropadakı döyüş bölgələrində və Yaponiya ilə müharibədə iştirak etmişdir [15].
Almaniyanın müharibə planının uğursuzluğuna səbəb olan əsas döyüş İkinci Dünya müharibəsi illərində həlledici dönəmlərdən biri olan Stalinqrad döyüşü idi. Məhz Stalinqradın qəhrəmancasına müdafiəsi almanların Bakı neftini Rusiyanın mərkəzi bölgələrinə çatdıran əsas nəqliyyat arteriyası olan Volqanı ələ keçirmək məqsədilə tərtib etdikləri planlarını alt-üst etməyə imkan yaratdı. 35-ci tank briqadasının komandiri azərbaycanlı general-mayor Həzi Aslanov Stalinqrad uğrunda aparılan döyüşlərində qəhrəmancasına iştirak etmişdir. Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanıdır.
Qeyd etmək lazımdır ki, 1980-ci il may ayının 7-də Sambek kəndi yaxınlığında Qələbənin 35-ci ildönümü münasibətilə müharibədə həlak olmuş əsgərlərin xatirəsi, azadlıq uğrunda canlarından keçmiş döyüşçülərin şücaət və qəhrəmanlıqlarının şərəfinə Xatirə abidəsi açıldı. Abidənin layihəsinin müəllifləri heykəltəraş E.S. Şamilov, memarlar V.İ.Qriqor və İ.V. Qriqor idilər. Əbədi alov qarşısında heykəltəraş qrupu ilə yanaşı minlərlə insan abidənin açılış mərasiminə toplanmışdı. Mərasimdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edirdi.
Şimali Qafqazda bu günümüzə qədər Qafqaz uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsi hörmətlə anılır və hər dəfə Qələbə günü Böyük Vətən Müharibəsi veteranları və sadə vətəndaşlar bir yerdə toplanaraq onların qəhrəmanlıqlarını və şücaətlərini yad edirlər. Hər il Vətənin Müdafiəçiləri Günü-fevralın 23-də, mayın 9-u Qələbə Günündə, Böyük Vətən Müharibəsinin başlandığı 22 iyun tarixində və faşist işğalçılarının Mius Cəbhəsində məğlub edilməsinin növbəti ildönümü günü – 27-28 avqust tarixlərində Rostovda yaşayan azərbaycanlılar həlak olmuş əsgərlərin xatirəsini yad etmək üçün Sambek Xatirə abidəsinin ətrafına, anım mərasiminə gəlirlər. Onların arasında Donda canlarından keçmiş bir çox azərbaycanlılar da dəfn edilmişdir. Səhər tezdən, azərbaycanlılar Rostov-Donun çıxışında toplanır və avtomobil karvanı Taqanroq istiqamətində Sambekə tərəf hərəkət edir. Azərbaycanlılar Donu azad etmiş əsgərlərin Xatirə abidəsi önünə hər zaman birinci olmasa da, çox vaxt ən birinci əklil qoyanlardan olurlar. Xatirə abidəsinin ucaldığı sütunun üzərindəki lövhədə “Sənin xalqının yaşadığınız dünyanı qorumuş cəngavərlərinin qanı ilə suvarılmış torpağın qarşısında təzim edin!” [9, s. 14; 24, səh. 2].
Azərbaycanın cəsur övladı və görkəmli tarixçisi Ziya Bünyadov da Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1941-ci ilin may ayında G.K. Ordconikidze adına Bakı hərbi-piyada Məktəbini bitirən Z.M. Bünyadov, Bender şəhərinə təyinat almış və elə buradan da döyüşlərə qatılmışdı. “Sovet İttifaqı Qəhrəmanları” kitabında qeyd olunur ki, Bünyadov 1-ci Belorus Cəbhəsinin 5-ci hücum ordusunda 123-cü xüsusi atıcı diviziyaya başçılıq etmişdir [16]. 1942-ci ildə “Krasnaya Zvezda” qəzetində onun haqqında yazırdılar: “Pələng kimi sürətli olan kəşfiyyatçı Ziya Bünyadov inanılmaz şəraitdə düşmən qüvvələrinin sayı, silah ehtiyatı və yerləşdiyi koordinatları haqqında dəqiq məlumatlar gətirə bilərdi” [23]. Məşhur Vislo-Oder əməliyyatında iştirak edən 123-cü cərimə batalyonuna başçılıq edən Z. Bünyadov Qəhrəman Ulduzu ilə təltif edilmişdi. Sonralar Z. Bünyadov xatırlayırdı: “Mənə çox təhlükəli bir iş tapşırılmışdı: düşmənin üç qat müdafiə xəttini aşmaq və arxa cəbhənin dərinliklərinə çatmaq. Biz Pilitsa çayı üzərindəki 80 metr uzunluğu olan minalanmış körpünü almalı idik. Eyni zamanda hərbi texnikanın üstündən keçməli olduğu üçün bu körpünü zədələnməmiş vəziyyətdə saxlamalı idik. Və biz bu tapşırığı yerinə yetirdik, ancaq bu bizə çox baha başa gəldi! Bu döyüşdə 670 döyüşçüdən yalnız 47-si sağ qaldı. O zaman nə qədər əsgəri dəfn etdim, yaxınlarına nə qədər məktub yazdım! Sağ qalanların hamısı hərbi ordenlərlə təltif edildi. Mən isə 1945-ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüm” [23].
Böyük Vətən Müharibəsinin qəhrəmanları arasında Piyada Dəniz Qoşunları 323-cü batalyonunun rota rabitə komandiri olan Qafur Məmmədov Tuapse şəhərinin şimal-qərbindəki döyüşlərdə fərqlənmişdi. O şəxsən özü 13 düşmən pulemyotçusu və bir minaatanını bir hesablama ilə məhv etmişdi. Rota komandiri leytenant Z. Sinetskiyə yönəldilmiş düşmən silahına öz sinəsini sipər edərək həlak olmuşdur. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 31 mart 1943-cü il tarixli fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Mius cəbhəsindəki döyüşdən sonra Taqanroq diviziyası adı ilə tanınan 416-cı Azərbaycan Atıcı Diviziyası 1942-ci ilin yayında almanları Qafqazdan çıxararaq Taqanroq yaxınlığında yerləşdirildi. 416-cı Taqanroq diviziyasının azərbaycanlı döyüşçüləri xüsusi cəsarətləri ilə fərqlənmişdilər [4, s. 92-94].
Azərbaycan cəbhəçiləri Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçərək İkinci Dünya müharibəsinin tarixi salnaməsinə qəhrəmanlıq səhifələrini yazmışlar. Onların göstərdiyi qəhrəmanlıq indi bütün Azərbaycan gəncləri üçün bir nümunədir [7].
Azərbaycanlıların partizan hərəkatında iştirakı
Azərbaycanlılar müharibə illərində müqavimət hərəkatında da iştirak etmişdilər. Belə ki, bakılı gənc qız Mariya Şedrova hərbi fabriklərin birində təşkil olunan Alman müqavimət qrupunun fəal iştirakçılarından biri olmuşdur. Əsir döyüşçülər arasında müharibənin ilk çətin ilində əsir düşən Əkpər Səttar oğlu Ağayev Alman antifaşist hərəkatının iştirakçısı olmuşdur. o 1942-ci ilin yayında Buxenvald düşərgəsində gizli antifaşist təşkilatının fəal üzvlərindən və rəhbərlərindən biri, faşist casusları və xainləri aradan qaldıran qisas qrupunun üzvü idi.
Azərbaycanlılar SSRİ-nin işğal olunmuş ərazilərində partizan hərəkatında da iştirak etmişdilər. Kapitan İsmayıl Əlibala oğlu Əliyev 1941-ci ilin oktyabr ayında könüllü olaraq partizanların sırasına qoşulmuşdu. O bir komandir kimi Kalinin vilayəti bölgəsində faşist qarnizonunun dağıdılmasını təşkil etməyə və böyük hərbi qənimətlər ələ keçirməyə nail olmuşdu. O ölümündən sonra birinci dərəcəli “Vətən Müharibəsi Partizanına” medalı ilə təltif edilmişdir.
Ukrayna ərazisində partizan hərəkatının təşkil olunmasında Rumıniyada xüsusi zərbəçi partizan birləşmələrinin təşkilinə rəhbərlik etmiş Vəli Axundovun xidmətləri olduqca mühümdür. O bir çox partizan əməliyyatlarının iştirakçısı olmuş və onlardan birini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Rabitə operatoru Babaş Dadaşov Ukrayna ərazisindəki partizan dəstəsinin əməliyyatlarında iştirak etmişdir. O, Birinci dərəcəli Vətən Müharibəsi və Qırmızı Bayraq ordenləri ilə təltif edilmişdir. 1942-ci ilin yayında Jitomir şəhərində qeyri-leqal antifaşist təşkilatında azərbaycanlı, ixtisasca həkim Həmid Abdullayev faşistlərə qarşı mücadilə etmişdir. Ukrayna partizan hərəkatının tarixinə şanlı səhifələr yazan digər bir azərbaycanlı isə Mehti Quliyev olmuşdur. Ukrayna ərazisindəki azərbaycanlı partizanlar Məmməd Əliyevin rəhbərlik etdiyi 8-ci azərbaycanlı partizan dəstəsində birləşmişdilər. Bu dəstənin ən fəal qrupu düşmənin silah-sursat anbarlarını və nəqliyyat vasitələrini məhv edən kəşfiyyat qrupu idi. 1943-cü ilin sentyabr ayında bir qrup azərbaycanlı əsir düşərgədən qaçmağa nail oldu. Dəstənin rəhbəri Məmməd Axundov idi və Şors adlı bu dəstədə döyüşçü soydaşlarımızın sayı 350 nəfər idi. 1943-cü ilin yayında Krım vilayətinin Kuybışev bölgəsində azərbaycanlı hərbi əsirlərdən ibarət gizlin antifaşist təşkilatı yaradılmışdı. Təşkilatın rəhbər heyətini Sovet Ordusunun zabitləri Məmməd Əliyev, Sahib Hacıyev, Hüseyn Rzayev və başqaları təmsil edirdilər.
Sonradan daha bir azərbaycanlılardan ibarət partizan dəstəsi yaradılmış və onun rəhbərliyi Məmməd Əliyevə həvalə edilmişdi [4, s. 92-94; 5, səh. 63-67].
Azərbaycanlılar (1000 nəfərdən çox) Belarusiyanın ərazisindəki partizan hərəkatında da fəal iştirak etmişlər. Onların arasında Ələkbər Əliyev, İslam Qocayev, İsmayıl İsmayılov, Elçin İsmayılov, Ziyəddin Mirzəyev və başqaları var idi. “Pravda” təxribat qrupuna həmyerlimiz Məmməd İsayev rəhbərlik edirdi. Faşistlərin 4 yük qatarının dağılması, 8 faşist qarnizonunun məhv edilməsi onun və döyüşçülərinin payına düşür. Litva və Latviyanın partizan dəstələrində vuruşan azərbaycanlılar arasında İsgəndər Alxasov, Qəzənfər Şabanov və başqaları var idi.
Azərbaycanlılar Avropa Müqavimət Hərəkatı sıralarında da gizli antifaşist təşkilatları yaratmış, əsir məhbusların qaçmaqlarını təşkil etmişdilər. Həmin şəxslər sonradan yerli partizan dəstələrinə qoşulur, Hitler Almaniyası üçün çalışan sənaye müəssisələrində təxribatlar həyata keçirir və istehsalata mane olan müxtəlif tədbirlər planı təşkil edirdilər. 1942-1944-cü illər ərzində yüzlərlə azərbaycanlı əsir məhbusları Polşanın Edlin, Almaniyanın Noyqammer-Ştrans, Fransanın Rodez, İtaliyanın Udin, Yuqoslaviyanın Opçina şəhərlərində və Avropanın digər ölkələrində gizli antifaşist təşkilatlar yaratmağa nail olmuş və onların tərkibində işğalçılara qarşı qəhrəmanlıqla döyüşmüşlər.
Azərbaycanlı hərbi əsirlər əsasən Rodez düşərgəsində saxlanılırdı. İlk Sovet partizan alayının yaradılması da elə burada baş tutmuşdu. Faşizmə qarşı qorxmaz döyüşçü kimi şöhrət qazananlar arasında zabit Mirzəxan Məmmədov da var idi. O öz ətrafında azərbaycanlıları birləşdirməyə müvəffəq olmuşdu. Onlar birlikdə düşərgələrdən əsirlərin qaçmasını təşkil edirdilər. 1944-cü ilin yayında onlar Mond düşərgəsindən bir neçə qaçışı təşkil edə bildilər. Keçmiş azərbaycanlı hərbi əsirlər ilk sovet partizan alayı olan “Sovet vətənpərvərlərinin Hərbi Komitəsi”nin dəstələrinə qoşulurdular. Bu alay Aveyron rayonunun dağlarında yerləşdirilmişdi. İdris Qaşımov Aveyron rayonunun “Aret-Sol” batalyonunda xidmət edirdi. O Liyon, Dijon, Rodez şəhərlərinin, Milo, Mend, Lanqonn və s. rayonların azad olunmasında iştirak etmiş və bu xidmətlərinə görə “maki” komandanlığından xüsusi təşəkkürnamə almışdı. Fransa Müqavimət hərəkatının sıralarında Nuruş İmamqulu oğlu Mehdiyev, Cəlil Tanrıverdiyev, Məmməd Məmmədov, Xasay Quliyev, Allahverdi Vəliyev, Huseynrza Məmmədov, Təvəküll Məmmədov, Abbas Hüseynov, Xələf Hacıyev, Xaləddin Hacımuradov, Eyyub Məmmədov, Knyaz Əbdurrəhimov, Məmmədtağı Mürsəlov və başqaları döyüşmüşlər. Onlar Fransanın Nimes, Alessa və digər şəhərlərinin faşistlərindən azad edilməsində iştirak etmışdilər. Bu döyüşçülərin adları “maki” komandanlığının əmrlərində qeyd edilmiş və onlar fransız orden və medalları ilə təltif edilmişdilər.
Fransız müqavimət hərəkatının əsl əfsanəsi isə Əhmədiyyə Cəbrayılov idi. Əhmədiyyənin qəhrəman xüsusiyyətləri haqqında Delplank tərəfindən Cəbrayılova təqdim edilmiş xasiyyətnamədə xüsusi olaraq qeyd edilmişdir: “8 Fransız orden və medallarıının kavaleri Armed Mişel Fransa Müqavimət Hərəkatı yarandığı gündən onun sıralarında mücadilə etmiş, həmişə cəsarəti və rəşadəti ilə yoldaşlarını heyran etmişdir”.
İtaliyada Müqavimət hərəkatının sıralarında azərbaycanlılardan Nasir Abudullayev, Məmməd Bağırov, Qəmzə Əsgərov, İlal Cavadov və başqaları mübarizə aparmışlar.
Yuqoslaviyada Sloveniyanın dənizyanı bölgəsində fəaliyyət göstərən Xalq Qurtuluş Ordusunun 9-cu korpusunun tərkibində əsasən düşərgələrdən qaçmış hərbi əsirlərdən təşkil edilmiş Sovet partizan batalyonu düşmənə qarşı mübarizə aparırdı. Batalyonun cəsur döyüşçüləri arasında Mehdi Hüseynzadənin adı bir əfsanəyə çevrilmişdi (“Mixaylo”). Onun döyüş yoldaşı Rza Orucov idi. Yuqoslaviya partizan birləşmələrinin tərkibində həmyerlilərimizdən Əli Əliyev, Heydər Məmmədov, Eyyub Əsgərov, Şamil Bayramov, Hüseyn Hüseynov və başqaları döyüşmüşlər.
Azərbaycan xalqının nümayəndələrindən Midhət Şirinbəyov, Sultan Güləhmədov və başqaları Yunanıstan partizanları ilə birlikdə faşizmə qarşı mübarizə aparmışlar.
1943-1945-ci illərdə azərbaycanlılar Çexoslovakiyada yaradılan partizan dəstələri və antifaşist təşkilatların mübarizəsində də iştirak etmişlər. Hacıbəyovun komandanlığı altındakı “Oraq və çəkic” adlı partizan dəstəsi Brno və Bıstritsa bölgələrində 30 dəfədən çox faşistlərə qarşı döyüşlərdə vuruşmuşlar. 1945-ci ilin əvvəllərində Hacıbəyov Sloveniya torpaqlarında gedən döyüşlər zamanı həlak olmuşdur. 1944-cü ildə Çexoslovakiya ərazisindəki Puqaçov adına partizan dəstəsində həmyerlimiz Əli Baxışev döyüşmüşdür. O, hərbi xidmətlərinə görə 1945-ci ildə Çexoslovakiya Respublikasının hökuməti tərəfindən xüsusi fərmanla təltif edilmişdi.
“Azadlıq”, “Azad Polşa” beynəlmiləl silahlı dəstələrin tərkibində faşist düşərgələrindən təkbaşına və qrup halında qaçan bir çox azərbaycanlı hərbi əsir döyüşmüş və qəhrəmancasına həlak olmuşlar (Bayandur Hacıyev, Zeynal Zeynalov, Həsən Novruzov və b.).
Bakı nefti və hərbi sənayesi
Qısa müddət ərzində Azərbaycan arxa cəbhənin güclü ehtiyat bazasına çevrildi. Müharibə illərində respublikanın sənaye müəssisələri ümumilikdə 374 yeni növ məhsul, o cümlədən 11 növ döyüş sursatı, 4 növ silah, 10 növ sursat və silah hissələrinin istehsalını mənimsəmişdilər.
1941-1942-ci illərdə Bakıda 17 yeni neft-kimya və kimya müəssisəsi istismara verilmişdi. Bakıda Y.Q. Məmmədəliyevin üsulu ilə yüksək oktanlı alkilbenzol və onun tərkib hissələrinin istehsalına başlayan yeni bir zavod inşa edilmişdi. Olduqca qısa müddət ərzində Azərbaycanın yüngül sənaye, qida və yerli sənaye müəssisələri öz işlərini müharibə şəraitinə uyğun olaraq yenidən qurmuş oldular.
Müharibə illərində Azərbaycan cəbhənin neft və neft məhsullarının əsas tədarükçüsü idi. O dövrdə SSRİ-də istehsal olunan bütün neftin ümumi həcminin 70%-dən çoxunu Bakı verirdi. 1941-ci ildə Bakı neftçiləri, neftə artan tələbatı nəzərə alaraq neft hasilatının rekord səviyyəsinə çataraq 23 milyon tondan çox neft hasil etməyə müvəffəq olmuşdular. Minlərlə neftçi döyüşmək üçün cəbhəyə yollanır, iş yerlərində isə onları qadınlar əvəz edirdilər.
Sovet İttifaqı marşalı G.K.Jukov müharibə illərində Azərbaycan zəhmətkeşlərinin, ilk növbədə neftçilərin xidmətlərini yüksək qiymətləndirərək yazırdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizi qorumaq və düşmənə tez qalib gəlmək üçün lazım olan qədər yanacaq verdilər”. Həqiqətən də, Bakı neftçiləri böyük çətinliklərin öhdəsindən gələrək, fasiləsiz olaraq ordunu və xalq təsərrüfatını yanacaqla təmin edirdilər. Həmin dövrdə bütün Sovet neftinin dörddə biri Bakı neftçiləri tərəfindən hasil edilirdi. Müharibə illərində Azərbaycandan davamlı olaraq döyüşən orduya neft məhsulları, silahlar, döyüş sursatları, geyimlər, ərzaq məhsulları göndərilirdi [11]. Almanların Şimali Qafqaz üzərindən neftin ənənəvi nəqli yollarını bağladığını nəzərə alaraq, neftin Orta Asiya vasitəsilə göndərilməsinə qərar verilmişdi. Müharibə illərində Bakıda 130-dan çox silah növü və döyüş sursatı istehsal olunurdu. Azərbaycanın hərbi xəstəxanalarında Sovet Ordusunun, o cümlədən Şimali Qafqazın 400 mindən çox əsgəri müalicə olunurdu [3].
Azərbaycan neft hasil etməklə yanaşı, eyni zamanda Sovet ordusunun etibarlı hərbi ehtiyat bazasına çevrilmişdi. Müharibə illərində Bakıda 130-dan çox silah növü, döyüş sursatı və hərbi texnika, habelə əfsanəvi “Katyuşa” və onun üçün xüsusi reaktiv raketlər istehsal edilirdi. Bakının Kişlı qəsəbəsində (Keşlə) “168” və “458” sayları altında kodlaşdırılan iki təyyarə zavodu fəaliyyət göstərirdi. Bu zavodlarda fasiləsiz olaraq UTI-4 və Yak-3 tipli qırıcı döyüş təyyarələri, habelə hərbi təyyarələr üçün xizəklər istehsal olunurdu. Bu dönəmdə Gəncə şəhərində böyük bir təyyarə təmiri zavodu fəaliyyət göstərirdi. Burada müxtəlif növ 782 təyyarə, habelə 1550-dən çox təyyarə mühərrikləri və digər ehtiyat hissələri təmir edilərək cəbhəyə göndərilmişdi.
Azərbaycan SSR-in kimya sənayesinin fabrikləri də hərbi məhsulların istehsalı üçün yenidən qurulmuşdu. Onlar yanğınsöndürmə texnikası və inventarının istehsalını tənzimləmiş, qoruyucu geyimlərin kimyəvi maddələrlə hopdurulması prosesini mənimsəmişdilər. Metal emalı zavodları isə ordu üçün yemək qabları, yanğınsöndürmə texnikası, hərbi nümunəli nallar, vaqonlar üçün hissələr, xəndək sobaları istehsal etməyə başlamışdılar.
Bu illər ərzində Azərbaycan SSR-in yerli sənaye müəssisələri 200-ə yaxın yeni məhsul növünün istehsalını mənimsəmişdilər. SSRİ hərbi qurumunun tapşırığı ilə yerli sənaye və sənaye kooperasiya müəssisələri Sovet əsgərləri üçün keçə çəkmələrin, əlcəklərin və yun corabların kütləvi istehsalını tez bir zamanda mənimsəmişdilər. Azərbaycanın sənaye müəssisələri ordu üçün 30-dan çox hərbi geyim növü tikirdilər. Əvvəllər məktəblər üçün mebel və istehlak malları istehsal edən Bakı mebel fabriki müharibə illərində arabalar düzəltməyə başlamışdı.
Böyük Vətən Müharibəsi illərində Azərbaycanda onlarla hərbi xəstəxana fəaliyyət göstərirdi. Bu xəstəxanalarda çalışan tibb işçiləri 1,5 milyon sovet əsgərini xidmətə qaytarmağa nail olmuşdular. Onların bir çoxu müharibədən sonra Azərbaycanda qalmışdı.
Müharibə illərində Azərbaycan zəhmətkeşlər ölkənin Müdafiə Fonduna 1,5 milyard rubl məbləğində istiqraz, 15 kq qızıl, 952 kq gümüş köçürmüşdülər. Cəbhəyə 1,6 milyon ədəddən çox müxtəlif əşyalar və 125 vaqon isti paltar göndərilmişdi.
Bakı sakinləri tərəfindən Leninqrad, Stalinqrad, Stavropol və Krasnodar diyarlarına həm ərzaq, həm avadanlıq, həm də pul ilə əhəmiyyətli yardım edilmişdi. Azərbaycan cəbhə, qələbə üçün mümkün olan hər şeyi etmiş, minlərlə qaçqına sığınacaq vermiş, var gücü ilə cəbhəni silah, geyim, yanacaq və ərzaq ilə təmin etmişdi [14].
Legionerlər, “Vətən” anlayışı və deportasiya
Müharibə dövrünün müzakirə mövzularından biri də sovet vətəndaşlarının almanlarla əməkdaşlığı, anti-sovet təbliğatında iştirakı və legionerlərin sıralarında döyüşlərdə iştirak etmələridir.
Bu cür subyektiv nəticələr qeyri-rus xalqlara olan ögey münasibət üzündən əldə edilmişdir. Şübhəsiz ki, İkinci Dünya Müharibəsi dövründə nəinki Sovet İttifaqında, hətta bütün dünyada ən çox zərərçəkmiş və ən çox insan itkisinə məruz qalan rus xalqı olmuşdur. Ancaq digər zərərçəkmiş xalqların da rolunu qeyri-obyektiv qiymətləndirmək və ya kiçiltmək ədalətsizlikdir.
Faşizmə qarşı mücadilə edən döyüşçülər əbəs yerə qan tökməmişlər. Onlar da öz Vətənlərini müdafiə edirdilər. Bəziləri iddia edirlər ki, bu iki totalitar sistemin, iki imperiyanın müharibəsi idi və buna görə də Sovet ölkəsinin bəzi xalqlarının nümayəndələrinin faşist Almaniyası tərəfində iştirakının ideoloji cəhətdən açıqlamaq mümkündür [1, s. 7]. Alman komandanlığı əsir düşmüş bütün SSRİ xalqlarının nümayəndələrindən, legionlar təşkil etmişdi. Legionerlərdən birinin, İsmayıl Əkbər xatirələrində yazırdı ki, 1943-cü ildə İkinci Dünya Müharibəsinin gedişində dönüş baş verdikdən sonra azərbaycanlıların kütləvi surətdə legiondan partizan dəstələrinə qaçışı başlanmışdı. Sovet İttifaqı qəhrəmanı azərbaycanlı partizan Mehdi Hüseynzadənin taleyi bunun əyani nümunəsidir [18].
1939-cu ildə alman rəhbərliyi Berlində “Gürcü Bürosu” yaratmışdı. Doktor Ahmetelinin rəhbərlik etdiyi bu qurum sonradan “Qafqaz Bürosu” adlandırılmışdı. Almaniyada “Azad Qafqaz” planı hazırlanırdı. Bu məqsədlə Ermənistan, Gürcüstan, Azərbaycan və Şimali Qafqaz xalqlarının Azadlıq Komitələri yaradılmışdı. Bu komitələr 1942-ci il aprel ayının 15-dən etibarən Almaniyanın “bərabərhüquqlu müttəfiqləri” statusunu almışdılar. Qafqaz Reyx komissarlığının tərkibinə Gürcüstan və Azərbaycan SSR-in, Stavropol diyarının, bütün Kubanın, Kabardino-Balkariya və Terekə yaxın ərazilərin – Çeçen-İnquşetiya, Kabardino-Balkariya və Dağıstanın daxil edilməsi planlaşdırılmışdı. Lakin alman komandanlığının planlarında Qafqaz bölgəsindəki vəziyyət nəzərə alınmamışdı. Qafqazın bir çox xalqları faşistlərlə əlaqədə olmaqda ittiham edilərək repressiyaya məruz qalmış və yaşayış yerlərindən qovulmuşdular. Soyqırımın tədbirləri təkcə yuxarıda adları qeyd edilmiş bütün komitələrin fəaliyyətində yaxından iştirak edən gürcülərə və ermənilərə tətbiq edilməmişdi. Bu da sovet rejiminin siyasətinin qərəzli və birtərəfli olduğunu bir daha təsdiq edir [2, s. 48-63].
Almaniyanın dövlət rəhbərləri uzun müddət Azərbaycanlı görkəmli ictimai və siyasi xadimi M.Ə. Rəsulzadəni öz tərəfinə cəlb etməyə çalışmışdılar. Rəsulzadənin mühacirətdəki siyasi fəaliyyətinin başlıca ideyası Azərbaycanın müstəqilliyi ideyası idi. Almanlar 6 ay ərzində M.Ə. Rəsulzadə ilə danışıqlar aparmış, ona Drezdenin ali məktəblərindən birində professor yeri təklif etmişdilər. Bir zamanlar Türkiyənin sol qanadının jurnalisti Uğur Mumcu, almanların Rəsulzadə ilə bağlı bir etirafı haqqında yazmışdı ki, onu heç bir şeylə, nə pul, nə şöhrət, nə də vəzifə ilə şirnikdirərək satın ala bilməmişdilər. Rəsulzadənin almanlarla əməkdaşlığa yalnız yeganə bir şərtlə Azərbaycanın müstəqilliyinin tanınması ilə razılıq verməyə hazır idi. Ancaq almanlar bu şərtlə heç bir vəchlə razılaşmayaraq, Berlinə yeni siyasi mühacirlərin cəlb olunmasını təşkil etmiş və Rəsulzadəni onlardan təcrid etmək siyasətini həyata keçirmişdilər. 1943-cü ildə azərbaycanlılara ünvanladığı vida nitqində Rəsulzadə demişdi: “Azad və suveren şəkildə yaşayan ölkələrin istiqlaliyyətini əlindən alan Almaniya heç bir zaman kommunistlər tərəfindən işğal edilmiş Azərbaycana müstəqillik verməz”. Həqiqətən də, yalnız Berlinin süqutu ərəfəsində almanlar bu ölkələrə müstəqillik vəd etmişdilər. Və bu bəyannamə Almaniyanın Xarici İşlər Naziri tərəfindən deyil, sadəcə Şərq ərazilərinin məsələləri üzrə Reyx Naziri Rosenberq tərəfindən verilmişdi [2, s. 48-63].
İkinci Dünya Müharibəsi cəbhələrində faşizmə qarşı mübarizədə Qafqaz xalqlarının misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirmələrinə rəğmən, müharibə illərində Qafqazın bi çox xalqları Sovet hökuməti tərəfindən repressiyaya uğramış və tarixi yaşayış yerlərindən deportasiya edilmişdi. 1943-1944-cü illərdə Şimali Qafqaz xalqlarından qaraçaylar, balkarlar, axıska türkləri, çeçenlər, inquşlar və digərləri repressiya və deportasiyaya məruz qalmışlar. Milli muxtariyyətlər ləğv edildi. Deportasiya edilmiş xalqların milli-dövlət quruluşları ləğv olundu, onların tarixi əraziləri digər xalqların nümayəndələri tərəfindən məskunlaşdırıldı. 1943-cü ilin noyabr ayında qaraçaylar, 1944-cü ildə balkarlar, inguşlar və çeçenlər, 1943-cü ilin dekabr ayında kalmıklar sürgün edildi.
1944-cü ildə Ümumittifaq Kommunist Partiyasının Mərkəzi Komitəsi Dağıstan xalqlarının da “etibarsız” elan edərək, onların Orta Asiyaya məskunlaşdırılması məsələsini müzakirə etdi. M.C.Bağırov bunun məqsədəuyğun olmadığına Stalini inandıra bilmiş və bu addımdan çəkindirməyə nail olmuşdu. O, öz fikrini bir çox ləzginin neft mədənlərində işləməsi və dağıstanlıların sürgün edilməsinin bölgənin iqtisadiyyatına ziyan vurması ilə əlaqələndirmişdi. Əslində isə M.C. Bağırovun bu xahişi və Stalini fikrindən daşındırmaq cəhdi Azərbaycanın tarixi ərazisi və onun üçün vacib olan bölgəni qorumaq istəyindən ibarət idi. Qeyd etmək lazımdır ki, Stalinin M.C. Bağırova etimadının sübutu olaraq, Dağıstanın ali rəhbərliyinin partiyanın vilayət komitəsinin birinci və ikinci katibləri səviyyəsində formalaşdırılmasını ona həvalə olunmasında özünü göstərmiş oldu. M.C.Bağırovun təklifi ilə Azərbaycandan Əziz Əliyev və Ərşavir Ağababov Dağıstana göndərildi, onlar partiyanın vilayət komitəsinin birinci və ikinci katibləri vəzifələrini tutdular [17, s. 46, 123]. Dağıstan ÜİK(b)P Vilayət Komitəsinin birinci katibi azərbaycanlı Əziz Məmməd-Kərim oğlu Əliyev təyin edildi. O, Qafqaz alayı komandirinin müavini Qara Qarayevin komandanlığı altında ilk Dağıstan Könüllü Milli Süvari Qoşunlarının yaradılması üçün şərait yaratmış oldu [6].
Azərbaycan xalqı bir çox Qafqaz xalqları kimi faşistlərlə əlaqədə olmasına görə ittiham edilərək, repressiya olunmadı. Lakin Azərbaycanda əhalinin sərhəd zolağından köçürülməsi həyata keçirildi. Sərhəd zolağının sakinləri ciddi nəzarətə götürüldü. İranla sərhəd bölgələrindən bütün “siyasi şübhəli ünsürlər” sürgün edildi. Qafqaz və türk xalqlarının, xüsusilə də Qara dəniz sahillərində Sovet-Türkiyə sərhədi boyunca məskunlaşan əhalinin repressiyası Türkiyə ilə müharibəyə hazırlıq kimi hesab edilə bilər. 1944-cü ilin yayında Zaqafqaziya Cəbhəsi kəşfiyyat idarəsi türk qoşunlarının yerləşdiyi ərazilərin xəritələrini hazırlamışdı. 1944-cü il iyun ayının 6-da Zaqafqaziya Cəbhəsi kəşfiyyat idarəsinin rəisi polkovnik Qorşkov Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C. Bağırova türk qoşunlarını yerləşdiyi ərazilərin xəritəsini təqdim etmişdi. Nuri Paşanın nəşr etdirdiyi “Çinaraltı” və “Akbaba” jurnallarının məqalələri diqqətlə izlənilirdi. Çünki bu jurnalların səhifələrində bütün türklərin “bir çinar altında” birliyi təbliğ olunurdu. Eyni zamanda Sovet Ermənistanında da antitürk fəaliyyətinə başlanmışdı. Sovet mətbuatında, xüsusilə də erməni müəllifləri tərəfindən Türkiyə əleyhinə əsərlər çap olunmağa başlamışdı. Beləliklə,İkinci Dünya Müharibəsi dövründə Türkiyə ilə SSRİ arasındakı dostluq münasibətləri gərgin bir istiqamətə keçid aldı [8, s. 138-152].
Qeyd etmək lazımdır ki, müharibə və müharibədən sonrakı illərdə İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən əsir alınan azərbaycanlılar, digər Sovet vətəndaşları kimi, filtrasiya düşərgələrinə yerləşdirilir, sonra isə Qazaxıstana sürgün edilirdi.
1950-ci illərin sonlarından bəri əksər xalqlar öz doğma torpaqlarına dönmək üçün icazə aldılar. 1989-cu il noyabr ayının 14-də repressiya və deportasiya edilmiş xalqlara qarşı bütün aktların qanunsuz olaraq tanınması haqqında SSRİ Ali Sovetinin Bəyannaməsi qəbul edildi. Repressiya edilmiş xalqlara qarşı yönəlmiş bütün hüquqi aktların ləğvi haqqında fərman yalnız 1991-ci il mart ayının 7-də imzalanmış və aprel ayının 26-da Rusiya Federasiyasının “Repressiya edilmiş xalqların bəraəti haqqında” Qanunu qəbul edilmişdir. Şişirdilmiş ittihamlar əsasında bütöv xalqların sürgün edilməsi xalqların tarixi yaddaşında ağır izlər buraxmış və bəraətin uzun müddət təxirə salınması isə problemin münaqişə potensialını gücləndirmişdi [10, s. 3-12, 24; 20 səh. 164-167; 21, səh. 285; 25, səh. 193-194].
Bəraət verilmiş xalqlar artıq digər etnik qrupların nümayəndələri tərəfindən məskunlaşmış ərazilərə qayıtmışdılar. Deportasiya zamanı ləğv edilmiş muxtariyyətlərin yenidən qurulması yeni ərazi bölgüsü xarakteri daşıyırdı, çünki bərpa edilmiş muxtariyyətlərin hüdudları ləğv edilmişlərin hüdudları ilə tam üst-üstə düşmürdü. Repressiya olunmuş xalqların etnik münaqişələr zamanı əziyyət çəkən bəzi nümayəndələrini Azərbaycana köçürdülər. İndiyə qədər də bəraət qazanmış xalqların problemləri lazımi həllini tapmamışdır: onlar əvvəlki yaşayış yerlərinə qayıda bilmir, doğma torpaqlarında sonradan məskunlaşdırılmış digər xalqlarla qarşı-qarşıya qalmışlar.
Nəticə: Vətənin müdafiəçilərini mühakimə etməyin
Yenidənqurma dövründə aşkarlıq və demokratiya ilə birlikdə tarixin səhifələrinə yenidən baxılmasına da başlanıldı. Stalin siyasətini tənqid etməklə yanaşı, İkinci Dünya Müharibəsi ilə əlaqədar müzakirələr genişləndi. Sovet totalitar dövlətinin tərəfindən bu müharibədə iştirak etməyin mənasızlığı barədə danışılmağa başlandı. Və əksinə, faşist Almaniyası tərəfində SSRİ respublikalarının nümayəndələrinin iştirakı məsələsi diqqət mərkəzində yer aldı. Hərçənd ki, bu yalnız kiçik mühacir qruplarının öz respublikalarının müstəqilliyini bərpa etmək uğrunda nifrət etdikləri Sovet sisteminə qarşı çıxış etmək cəhdindən başqa bir şey deyildi. Qeyd etmək lazımdır ki, həmin dönəmdə Azərbaycanın mühacirətdə yaşayan siyasi və ictimai xadimi M.Ə. Rəsulzadə faşist Almaniyasının siyasətini başa düşən və onun rəhbərliyi ilə əməkdaşlıq etməkdən imtina edənlərdən biri idi.
Bütün sovet əsgərləri, hər şeydən əvvəl faşizm ideologiyası təhlükəsinə qarşı mübarizə etmişlər. Buna görə də onlar yalnız öz vətənlərini və ölkələrini deyil, həm də bütün bəşəriyyəti müdafiə etmişlər. Bundan əlavə, hər bir sovet vətəndaşı üçün faşist Almaniyasının SSRİ-yə hücumu onun torpağına, evinə, ailəsinə edilən hücum idi. Və bu, sovet vətəndaşları azadlıq müharibəsi, ədalətli bir müharibə idi. Faşist ordusu isə hücum edən və təcavüzkar bir tərəf idi. Bu baxımdan həlak olmuş əsgərlərin xatirəsi, istisnasız olaraq, bütün keçmiş SSRİ xalqları üçün müqəddəsdir. Faşizmə qarşı mübarizə edən hər sovet əsgərinin xatirəsi bütün gələcək nəsillər üçün əzizdir. Bu müharibə nəticəsində yalnız Sovet xalqı deyil, bütün dünya xalqları fəlakətlərə və ağır itkilərə məruz qaldılar. Azərbaycan xalqı da, SSRİ xalqlarından biri kimi əvəzolunmaz itkilərə məruz qaldı və Qələbə qurbangahına öz övladlarını qurban verdi. Azərbaycanlılar öz respublikalarının azad edilməsi uğrunda mübarizə aparmadılar, çünki o, hücuma məruz qalmamışdı. Azərbaycan əsgərləri cəsarətlə vuruşduqları və düşmənin Qafqaza girməsinin qarşısını aldıqları üçün düşmən torpaqlarımıza daxil ola bilmədi. Bununla belə, azərbaycanlılar təkcə SSRİ ərazisindəki döyüşlərdə deyil, həm də Avropa ölkələrinin cəbhələrində qəhrəmanlıqla döyüşərək, Qələbə uğrunda canlarından keçmişlər. Etiraf etməliyik ki, sovet xalqı bəşəriyyəti faşizmdən qurtarmaq üçün olduqca böyük itkilərə məruz qalmış, təkcə öz vətənlərini deyil, eyni zamanda Avropa və Asiyanın 13 ölkəsini də faşizmin işğalından azad etmişdir. Bildiyiniz kimi, bir milyondan çox sovet əsgəri Şərqi və Mərkəzi Avropa, Balkanlar, Çin və Koreyadakı döyüşlərdə həlak olmuşdur.
Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqı Qələbə uğrunda şərəflə mübarizə aparmış və Azərbaycanın özündə də bu böyük məqsəd naminə çox mühüm işlər görülmüşdü. Azərbaycanlılar, xüsusilə Şimali Qafqazın faşist işğalçılarından azad edildiyi zaman özlərini layiqincə göstərmişdilər. Azərbaycan faşizm üzərində Böyük Qələbə naminə tarixə bəxş etdiyi töhfələrdən qürur duyur.
Qələbə Günü keçmiş Sovet İttifaqının bütün xalqları üçün vacib bir bayramdır. Bu Qələbə bizim ümumi qələbəmiz və ortaq mirasımız, atalarımızın və babalarımızın azadlıq uğrunda nümayiş etdirdikləri misilsiz qəhrəmanlığın əbədi ifadəsidir. Hazırda Qələbə Günü, 1991-ci ildə parçalanan Sovet ölkəsinin bir hissəsi olan xalqları birləşdirən yeganə bayramdır. Qələbə bayramı bu gün də şərəf və ehtiramla xatırlanır və yad edilir. Çünki elə bir ev yoxdur ki, orada bu müharibədə iştirak etmiş babaları haqqında bəhs etməyən tapılsın. Qələbə uğrunda canlarını fəda etmiş qohumlarımızın, müharibə veteranlarının və bu müharibədən keçən hər bir kəsin əziz xatirəsini ehtiramla yad etmək hər birimizin müqəddəs borcudur.
Ədəbiyyat və mənbələr.
- Cəfərli Məmməd. Azərbaycan legion ədəbiyyatı, Azərbaycanda Atatürk Mərkəzi, Bakı 2005.
- Алиева С.И. , Аскер А., М.Э.Расулзаде: основоположник Азербайджанской Демократической Республики (1918-1920) и лидер азербайджанской нации// Современна научная мысль. М., 2014, № 2.
- Алиева С.И. Азербайджанцы на фронтах войны. К 60-летию победы// Армавирский Собеседник, 30 марта 2005 года.
- Алиева Севиндж. Азербайджанцы в годы Великой Отечественной войны 1941-1945 года на Северном Кавказе// От Античности к Возрождению. Материалы IX Дзагуровских чтений. Сборник трудов кафедры истории стран Европы и Америки. Вып. IX. Махачкала, 2010, с.92-94;
- Алиева Севиндж. Азербайджанцы в годы Второй мировой войны на Северном Кавказе (к 65-летию Дня победы)// Каспийский регион: политика, экономика, культура. 2011, № 2 (27). Астрахань: изд. Дом «Астраханский университет», 2011.
- Алиева Севиндж. Вставай, страна огромная// http://www.gumilev-center.az/vstavaj-strana-ogromnaya; сайт, посвященный героям ВОВ – http://www.savash-az.com/TALES.htm.
- Алиева Севиндж. Героический путь азербайджанцев во Второй мировой войне// «Эхо», интервью Дж.Алекперовой с Севиндж Алиевой, 3 мая 2013, № 78.
- Алиева Севиндж. Из истории сталинских репрессий на Кавказе// Современная научная мысль. М., 2013, № 4.
- Алиева Севиндж. Наш Дом – Кавказ. Азербайджанцы на Северном Кавказе. Армавир, 2011.
- Атлас социально-политических проблем, угроз и рисков Юга России/Под ред. академика Г.Г. Матишова. Ростов-на-Дону: Изд-во ЮНЦ РАН, 2006.
- Байбаков Н.Моя родина – Азербайджан.Москва: Издательство:Газоил Пресс, 2001.
- Боков Ф.Е.Весна победы. «Мысль», 1985.
- Буниятов З.М., Зейналов Р.Э. От Кавказа до Берлина. Баку: Азернешр, 1990.
- Гасанов Вугар. Непризнанный героизм, http://kavpolit.com/articles/nepriznannyj_geroizm-14440/. 26.02.2015
- Гусейнов А. Мужество как знамя пронесли// Азербайджанский Конгресс, 8 мая 2008, № 17-18 (68).
- Дайнес О.,Штрафные формирования в годы великой отечественной войны, http://militera.lib.ru/research/daynes_vo01/text.html
- Исмаилов Эльдар. Власть и народ. Послевоенный сталинизм в Азербайджане. Баку: Изд-во Адильоглу, 2003.
- Исмаилов Эльдар: «Обвинять азербайджанцев в том, что они были ударной силой СС – нелепо»// http://www.1news.az/analytics/20120113051715516.html
- Краснознаменная 223-я Белградская стрелковая дивизия , http://www.savash-az.com/army/223.htm
- Курбанов М. Репрессии против народов Дагестана: проблемы реабилитации// Центральная Азия и Кавказ, № 6 (24), 2002.
- Литвинова Т.Н. Современная политическая элита Северного Кавказа: проблема становления// Кавказский сборник. Т. 3 (35). М., 2006.
- Никифоров Н.И. Итоги и уроки Второй мировой войны, Российское военное обозрение № 9-10 (79) сентябрь-октябрь 2010.
- Николаев В. По минному полю // Новые известия. 2005. 6 мая.
- «Самбекский мемориал Славы…»//Достлуг – Дружба, 10 мая 2003, № 4.
- Скаков А. Кабардино-Балкария: угрозы стабильности// Центральная Азия и Кавказ. № 1 (13), 2001.
- Султанов Чапай. История не терпит сослагательного наклонения и все же…// http://www.sultanov.azeriland.com/istoria_neimeet/soslagat_book.html;
- Токаржевский Е. А.Герои Советского Союза сыны Азербайджана. Баку, 1965; Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı: «Elm», 2008.
Sevinc Əliyeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi kafedrasının müdiri, tarix elmləri doktoru, dosent
Fotoşəkil Trend.az saytından götürülüb.