Azərbaycanlıların 1948-ci ilin yayında Ermənistandan deportasiya edilməsinin mən də şahidi olmuşam. O vaxt Azərbaycan ərazisinin Arpaçay sahillərində respublikanın bütün geoloqlarına yaxşı məlum olan Əsməri əhəngdaşı yerin səthinə çıxırdı. Müharibə illərində İran İslam Respublikasında işləmiş akademik Əhəd Ələkbər oğlu Yaqubov əhəngdaşı qatlarında qazılmış hər bir quyudan gündə 10 min ton neft çıxarılmasını görmüşdü.
Akademik əhəngdaşı çöküntüləri yerləşən ərazidə iki quyu qazılması üçün keçmiş SSRİ Neft Sənayesi
Nazirliyindən icazə almışdı. O vaxt mən Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) üçüncü kursunda oxuyurdum. Həmin ekspedisiyada kollektor işləyirdim. Quyuların qazılacağı yer müəyyənləşdirildi, lakin hər iki quyu “boş” çıxdı. Ə. Yaqubov dedi ki, axtarış işlərini Naxçıvan bölgəsində davam etdirmək lazımdır. Həmin işlərin görülməsində çöküntü və vulkan püskürməsi süxurlarının petroqrafiyası sahəsində tanınmış mütəxəssis, akademik Ş. Əzizbəyov da iştirak edirdi.
1948-ci ilin yay günlərindən birində biz axtarış rayonunun geologiyasını aydınlaşdırmaq üçün Naxçıvan Muxtar Respublikasından Ermənistana işə gedərkən dəhşətli bir mənzərənin şahidi olduq. Gözümüzün qarşısında insanları çox hündür yük maşınlarına mindirirdilər, həmin adamların yalnız başları görünürdü. Onların arasında kişilərlə yanaşı, qadınlar və uşaqlar da vardı. Akademiklər həmin adamlardan soruşdular ki, bu nə deməkdir, haraya gedirsiniz? Maşındakılar cavab verməyə macal tapmamış ermənilərdən biri Azərbaycan dilində dedi ki, onları Ermənistandan Azərbaycana pambıq becərməyə göndərirlər. Sonra da əlavə etdi ki, Azərbaycanda torpaq çoxdur, amma işçi qüvvəsi çatışmır. Biz azərbaycanlıları sorğu-suala tutanda bildirdilər ki, onların özləri ilə yalnız sənədlərini və paltarlarını götürməsinə icazə verilmiş, təzə yaşayış yerində bu insanlara pul və müəyyən əşyaların paylanacağı vəd edilmişdi. Adamlar şikayətlənməyə başladılar ki, onlar həmişə dağlıq ərazidə yaşamışlar və Azərbaycanın aran rayonlarında yaşaya bilməyəcəklər. Ermənilər isə onları məsxərəyə qoyaraq deyirdilər: “Ölməzsiniz, hər şey qaydasında olacaq, işləriniz düzələndən sonra ünvanlarınızı bizə göndərin, sizə qonaq gələcəyik”.
Orada gördüklərimiz hamıdan çox akademik Əhəd Yaqubova təsir etmişdi, tez-tez ürəyini tuturdu.
Köçürülənlərə söz verdi ki, Bakıya gələn kimi bu barədə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırova məlumat verəcək. Akademik Ə. Yaqubov gördüklərini M. Bağırova söyləyəndə o demişdi ki, hər şeydən xəbəri var.
SSRİ Nazirlər Sovetinin İ. Stalin tərəfindən imzalanmış qərarına əsasən Ermənistan SSR-in azərbaycanlı əhalisinin Azərbaycana köçürülməsi və onların zəruri maliyyə vəsaitləri ilə təmin edilməsi tapşırığı verilmişdi. Stalin də, ermənilər də yaxşı bilirdilər ki, nəsilbənəsil dağlıq ərazidə yaşamış bu adamlar başqa iqlim şəraitinə dözməyəcəklər. Doğrudan da, azərbaycanlı köçkünlərin çoxu onların qismətinə düşmüş sınaqlara tab gətirə bilmədi və əksəriyyəti həyatdan vaxtsız köçdü. Əsl genosid bu idi: bir güllə atmadan ermənilər azərbaycanlıları məhv etdilər.
İ. Stalinin ölümündən və Mircəfər Bağırov vəzifədən çıxarılandan sonra azərbaycanlı köçkünlərin bəziləri Muğan dü zünü tərk edərək Azərbaycanın dağlıq rayonlarına köçdü və bu, onların salamat qalmasına müəyyən mənada kömək etdi. Azərbaycanlı əhalinin Ermənistandan köçürülməsinin məqsədi Ermənistan Respublikasının milli tərkibini dəyişmək idi.
1813-cü ildən 1988-ci ilə qədər olan dövrdə azərbaycanlı əhali üç dəfə – əvvəlcə İrəvan xanlığından, sonra İrəvan quberniyasından və nəhayət, Ermənistan Respublikasından zorla deportasiya edilmişdir. 1897-ci il fevralın 9-da (köhnə stillə yanvarın 28-də) keçirilmiş Birinci Ümumrusiya siyahıyaalmanın yekunlarına görə, o vaxt İrəvan quberniyasının əhalisinin 37,75 faizi, İrəvan şəhəri əhalisinin 51,37 faizi azərbaycanlılar olmuşdur.
2001-ci ildə Ermənistan Respublikasında aparılmış siyahıyaalmaya görə isə, bu respublikada yaşayan bir nəfər də azərbaycanlı olmamışdır. Azərbaycanlı əhalinin Yerevandan və Ermənistandan köçürülməsi mərhələlərlə baş vermişdir. Birinci mərhələ 1937-1947-ci illərə, regionda müharibə dövrünə düşmüşdür. Azərbaycanlıların Ermənistandan deportasiyasının ikinci mərhələsi Qara dəniz boğazlarına birgə nəzarət edilməsi barədə keçmiş sovetlər ittifaqının təklifindən Türkiyənin imtina etməsi səbəbindən, SSRİ ilə Türkiyə arasında problemlər yarandıqdan dərhal sonra başlamışdır. O vaxt Ermənistanın Türkiyə ilə həmsərhəd rayonlarında yaşayan kürd-müsəlmanlar Qazaxıstana deportasiya edilmişdi. Elə həmin dövrdə (1945-ci ildə) SSRİ Türkiyənin Qars və Ərdəhan vilayətlərinə ərazi iddialarını təqdim etmişdi. İki ölkə arasında münasibətlərdə yaranmış bu qarşıdurma Stalinin ölümünə qədər uzanmışdı.
Həmin iddiaları əsaslandırmaq üçün hazırlıq işləri 1953-cü ilə qədər davam etmişdi. Stalinin xaricdə yaşayan ermənilərin sovet Ermənistanına köçməsinə icazə verməsi bu yolda mühüm addım olmuşdur. Türkiyənin Şərqdə çox əlverişli hərbi-coğrafi mövqeyə malik olması bu ölkəni SSRİ-nin nüfuz dairəsinə cəlb etmək üçün sovetlər hökumətinin planlarında mühüm yer tuturdu. Ermənistanı döyüş meydanı kimi möhkəmlətmək məqsədilə respublikanın müsəlman – azərbaycanlılardan təmizlənməsi də həmin planın tərkib hissəsi idi. Partiya rəhbərliyinin fikrincə, Türkiyə ilə münaqişə baş verəcəyi halda “etibarsız” olan azərbaycanlılar bir növ “beşinci kolonna”ya çevrilə bilərdi. Bunu nəzərə alan Stalin azərbaycanlı əhalinin Ermənistan SSR-dən deportasiya edilməsinə icazə vermiş və SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 nömrəli qərarına əsasən bu aksiya həyata keçirilmişdi.
Nüsrət XƏLİLOV,
Elmi-Tədqiqat Neft, Qaz və Kimyanın Geotexnoloji Problemləri İnstitutunun baş elmi işçisi,
geologiya-mineralogiya
“Azərbaycan”.-2009.-27 avqust.-N 189.-S.3.