Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müxtəlif əsrlərdə toxunan Salyan, Ağsu, İsmayıllı, Hacıqabul, Ağdaş, Göyçay, Şamaxı, Oğuz, Qəbələ, Qobustan xalçalarına baxdılar.
Ölkəmizdə xalçaçılığın inkişafına xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib. Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban Əliyeva da bu qədim sənət növünün yaşadılmasına dəyərli töhfələr verir. Göstərilən diqqət və qayğı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Lənkəran və Ağdam xalça müəssisələri istifadəyə verilib. Qobustanla yanaşı, Naxçıvan Muxtar Respublikası, Abşeron, Ağstafa, Cəbrayıl, Goranboy, Kürdəmir, Qazax, Qəbələ, Sabunçu, Şabran ,Tərtər və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır. Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı müvafiq Sərəncamı ilə İsmayıllı rayonunda daha bir xalça emalatxanasının tikintisi davam etdirilir. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Qobustan filialı da bu sırada mühüm yer tutur.
Prezident İlham Əliyevin 2016-cı ildə Xalçaçı Günü peşə bayramının təsis edilməsi haqqında imzaladığı Sərəncam minlərlə xalçaçını sevindirdi, onların bu sənətin gələcəyi ilə bağlı itirilmiş inamını və ümidini özünə qaytardı. Artıq üç ildir mayın 5-i – “Azərxalça” ASC-nin yaradıldığı gün xalçaçıların peşə bayramı kimi qeyd olunur. Xüsusilə qeyd olunmalıdır ki, “Azərxalça” ASC-nin 2016-2018-ci illərdə fəaliyyətə başlayan 20 filialında 1700-dən çox toxucu çalışır. Bu dövrdə 8500 kvadratmetrdən çox xalça toxunub.
Sonra dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, “Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
Qeyd olundu ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.
Buradakı xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşdülər.
Xalçaçılar: Xoş gəlmisiniz, cənab Prezident. Həmişə Siz gələsiniz.
Xalçaçıları salamlayan Prezident İlham ƏLİYEV dedi:
– İlk növbədə, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. Çox şadam ki, bu peşə bayramı günlərində gözəl fabrikin açılışını qeyd edirik. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti üç il bundan əvvəl mənim Sərəncamımla yaradılmışdır. Qarşıya vəzifə qoyulmuşdur ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabrikləri yaradılsın və bu istiqamətdə çox böyük işlər görülüb. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə, 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Hesab edirəm ki, növbəti bir-iki il ərzində qalan fabriklər də istifadəyə veriləcək və beləliklə, Azərbaycan öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım atmış olacaq.
Qobustan fabrikində 150 iş yeri yaradılıb. İşçilərin də mütləq əksəriyyəti qadınlardır. Bu, qadınlar üçün dövlət tərəfindən atılan çox böyük addımdır. Çünki qadınların iş yerləri ilə təmin olunması prosesi xüsusi əhəmiyyət daşıyır. Burada ən müasir avadanlıqlar quraşdırılıb, bütün vasitələr var. Əminəm ki, bu fabrik çox uğurla fəaliyyət göstərəcək. Burada işləyənlər də razı qalacaqlar.
Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə təqdim edəcək. Bildiyiniz kimi, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində nümayiş etdirilir. Xalçaçılıq bizim qədim sənətimizdir və əsrlər boyu biz bu sənəti yaşadırıq. Çox yaxşı haldır ki, bu sənət nəsildən-nəslə ötürülür. Burada təcrübəli xalçaçılar, gənclər işləyirlər. Əminəm, gənclər də bu işə böyük maraqla, həvəslə qoşulacaqlar ki, biz bu sənəti bundan sonra da əsrlər boyu yaşadaq və Azərbaycan öz xalçaçılıq sənətini dünyaya təqdim etsin. Bu, iş yerləri, qeyri-neft sektorunun inkişafı və ixracyönümlü məhsulun istehsalı deməkdir. Çünki bu gün ölkəmizin ümumi iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafı ilə sıx bağlıdır. İxracyönümlü məhsulların istehsalı bu gün prioritet məsələlərdən biridir.
Bilirsiniz ki, bir neçə il bundan əvvəl Bakıda yeni gözəl Xalça Muzeyi yaradılıb. Muzey xalça formasında çox gözəl memarlıq üslubunda yaradılıb. Bütün bölgələrdə 30-dan çox xalça fabrikinin yaradılması bu sahəyə böyük təkan verdi, canlanma gətirdi. Əminəm ki, sizin burada işləriniz uğurla gedəcək. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir.
Bu gün Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd etdik. Bu da çox əlamətdar hadisədir. Ən müasir standartlara cavab verən xəstəxanada vətəndaşlara gözəl xidmət göstəriləcək. Rayonda digər sosial layihələr icra edilir. Bu il Qobustan rayonunda 200-ə yaxın ödənişli ictimai iş yeri yaradılacaq ki, bu gün hələ iş tapa bilməyən insanlar o işlərə cəlb olunsunlar. İnfrastruktur layihələri ilə bağlı işlər gedir. Bu gün yeni yol layihəsi istifadəyə verilir. Bütövlükdə son illərdə rayonda üç yol layihəsi icra edilmişdir. Qazlaşdırma 90 faizə yaxındır. Bu da son illərin uğurlu nəticələridir. Elektrik enerjisi ilə bağlı problem yoxdur. Şəhərin içməli su problemini isə biz 2017-ci ildə həll etmişik. Yadımdadır, il yarım bundan əvvəl burada olarkən gözəl tədbir də keçirdik.
Bu səfər mənim Qobustan rayonuna sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, rayonun inkişafına böyük diqqət yetirilir. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.
Xalçaçı Sevinc Həşimova: Hörmətli Prezidentimiz, bu Ramazan ayında bizim Qobustan rayonuna xoş gəlmisiniz. Çox sağ olun ki, bizim gözəl qadınlarımız üçün bu şəraiti yaratmısınız. Şəraitimiz çox gözəldir. Bizim qadınlar Sizdən çox razıdırlar. Onların adından Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, Azərbaycanımızı belə inkişaf etdirirsiniz. Həm Sizə, həm də Mehriban xanıma çox minnətdarıq.
Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Burada iş şəraitiniz necədir, razısınız?
Xalçaçılar: Çox sağ olun, hamımız razıyıq, çox razıyıq.
Prezident İlham Əliyev: Əməkhaqqı necə?
Xalçaçılar: Əməkhaqqımız artırılıb, çox yaxşıdır. Toxucularımız sevinə-sevinə işləyirlər.
Prezident İlham Əliyev: Çox yaxşı. Bu fabrik açılana qədər siz haradasa işləyirdiniz?
Xalçaçı Sevinc Həşimova: Xeyr, evdar xanım olublar.
Prezident İlham Əliyev: İndi sizin üçün gözəl şərait yaradılıb, ailə büdcənizə də böyük töhfə olacaq.
Xalçaçı Sevinc Həşimova: Əvvəllər evdə xalça toxuyurduq. Bəzən işığımız yanmırdı, lampa işığında toxuyurduq. Şükür Allaha, indi gur işıqlı, gözəl emalatxanamızda xalçalarımızı toxuyuruq. Buna görə Sizə minnətdarıq.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən çox şadam ki, biz bu fabrikləri yaradırıq. Bütün fabriklər işə düşəndən sonra təqribən 4500-ə yaxın qadın üçün iş yeri olacaq. Əminəm ki, gələcəkdə bu proqram daha da geniş vüsət alacaq. Dövlət öz üzərinə düşən vəzifəni icra edir, bu fabriklər dövlət xətti ilə yaradılır. Amma ümid edirəm gələcəkdə sahibkarlar da bu sahəyə sərmayə qoyacaqlar ki, bu işlər daha geniş vüsət alsın və Azərbaycanın hər bir yerində xalçaçılıq sənəti yaşasın. Çünki bizim bütün bölgələrin özünəməxsus xalçaçılıq məktəbi var. Bu məktəblər bir-birindən fərqlənir. Əlbəttə, bu fərqi mütəxəssislər çox yaxşı seçə bilirlər. Bu isə onu göstərir ki, Azərbaycan çox zəngin mədəniyyətə, çox zəngin tarixə, zəngin ənənələrə malik olan ölkədir. Qədim sənətimizi biz bu gün yaşadırıq, dirçəldirik.
Xalçaçı Əsarə Abdulrəhimova: Sizin sayənizdə, cənab Prezident. Allah Sizi qorusun. Xoş gəlmisiniz. Həmkarım emalatxanamız haqqında danışdı. Mən isə Sizə rayonumuzun inkişafına görə “Çox sağ olun!” deyirəm. Qobustanlıların əsas problemi olan içməli suyu çəkdirmisiniz. Bu, Sizin Qobustana beşinci səfərinizdir. Buna görə bütün qobustanlılar adından Sizə təşəkkür edirik, Sizi həmişə dəstəkləyirik. Şəhərimizin kanalizasiya, yol problemləri həll edilib. Buna görə Sizə minnətdarıq. Bütün qobustanlılar Sizi dəstəkləyir, həmişə Sizin arxanızdayıq, Sizi çox sevirik.
Prezident İlham Əliyev: Sağ olun. Biz Qobustan rayonunun timsalında ölkəmizin ümumi inkişaf dinamikasını görürük. Çünki vətəndaşları narahat edən əsas problemlər həll olundu. İçməli su ilyarım bundan əvvəl təmin olundu. Qeyd etdiyim kimi, qazlaşdırma 90 faizə çatıb, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, yollar çəkilir və növbəti mərhələdə yeni yol layihələri icra ediləcəkdir. Müasir xəstəxana tikilib. Bir neçə məktəb tikilib və təmir edilib, bu proses davam etdiriləcək. İş yerlərinin yaradılması ilə bağlı böyük işlər görülür. Yeni iş yerlərinin yaradılması prioritet məsələdir. Sahibkarlıq, kənd təsərrüfatı inkişaf edir. Bakıdan Qobustana çox gözəl yeni yol çəkildi. Əvvəllər ikicərgəli idi, indi dördcərgəlidir. Yəni, bütün lazımi işlər görülüb. Bütün bu işlər rayonun gələcək inkişafına təkan verəcək.
Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edildi, sayca dördüncü proqramdır. Üç proqramın icrası nəticəsində bir çox işlər görüldü. Dördüncü proqram bu günə qədər görə bilmədiyimiz işləri də təmin edəcək. Beş il ərzində Azərbaycanın bütün bölgələrində bütün infrastruktur məsələləri öz həllini tapacaq və bu, ölkəmizin gələcək inkişafına böyük dəstək olacaqdır.
Xalçaçı Azadə Fənarə: Hörmətli Prezidentimiz, xoş gəlmisiniz. Rayonumuzun bütün əhalisi adından, xalçaçılar adından Sizə “Xoş gəlmisiniz!” deyirəm. Nənələrimizdən miras qalan xalçaçılıq sənətini bizə yenidən bəxş etdiyinizə görə Sizə uğurlar diləyirəm, Sizi Rəbbim qorusun.
İcazənizlə, bu balaca xalçanı Mehriban xanıma təqdim etmək istəyirəm. Mehriban xanım, bu, Qobustanın rəmzidir, qapının üstünə asırlar, sağlıqla işlədin. Bütün qobustanlılar adından Sizə təşəkkür edirəm.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Mənim dərin hörmətimi qobustanlılara çatdırın.
X X X
Sonra Prezident İlham Əliyev müəssisədə toxunan ilk xalçanı kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.