Jurnalist Azad Əliyev portalımızın suallarını cavablandırdı.
-Sosial şəbəkədə tez-tez rezonanslı statuslar yazırsınız. Sərəncamında sayt, ya digər resurs olmayan hər hansı bir insan: rəssam, mühəndis və yaxud həkim sosial şəbəkədə nə isə yazırsa, bu onun əlçatan əsas tribunasıdır. Amma jurnalistlərin sosial mediadan istifadəyə bu qədər meylli olması, bu insanların hər bir hadisəyə reaksiya vermək istəyi elə bil onlar üçün artıq bir missiyaya çevrilib. Bu nədən xəbər verir? Sosial media artıq ənənəvi medianı üstələyib, yoxsa bu proses hələ davam edir?
– Sosial medianın nüfuzu artır. Bir neçə dəfə mənə sual veriblər ki, saytın baş redaktorusan, statusda elə bir məsələyə toxunursan ki, o mövzuda yazı hazırlayıb saytda yerləşdirmək də olar. Amma burada həlledici bir məqam var. Əslində, sosial media ilə paralel və düzgün şəkildə işlətmək lazımdır. Mən sosial mediadan kütlənin nəbzini tutmaq üçün istifadə edirəm. Yazdığın yazı saytda dərc olunandan sonra onun taleyini bilirsən, yəni yazdığını neçə nəfər oxuyub. Amma sosial mediada yazırsan, görürsən ki, necə reaksiya oldu, hansı müzakirələr getdi. Sayt və sosial şəbəkə paralel şəkildə işləyəndə effekt verir. Amma elə adamlar var, tutaq ki, pilləkəndə qonşusu rast gələndə ona nə söz deyirsə, onu da yazır. Yaxud yeməyi çəkib paylaşır ki, belə bir yemək bişirmişəm, necədir. Yeyəndən sonra da qabı paylaşır ki, qabları nə ilə yuyum, nə məsləhət görürsünüz. Bu artıq məqsədsiz, məramsız bir şeydir və orada bir insanın beş min dostu var, istər-istəməz onlar o paylaşmanı görürlər. Onsuz da internet məkanında saysız-hesabsız informasiya var və biz də o qədər bu informasiya ilə yüklənirik ki… Sosial mediada bu cür hallara qarşıyam. Sosial medianın böyük gücü var. Biz o gücü görməliyik.
Gün ərzində sosial mediada, Facebookda paylaşmalarımı iki yerə bölürəm. Günün birinci yarısında informativ, gündəmlə bağlı paylaşmalar edirəm. Məsələn, gün ərzində oxuduğum bir yazıya fikir bildirirəm. Günün sonunda bir az yüngül paylaşmalara üstünlük verirəm. Hər hansı bir musiqi və yaxud sevdiyim bir filmdən bir epizod paylaşa bilərəm. Bir müddən bundan əvvəl İnstagramın musiqi səhifələri bölməsinə baxırdım. Gördüm ki, Üzeyir Hacıbəyov müəllifi olduğu “Cəngi” rəqsini pianoda ifa edir və onun videosu mənə maraqlı gəldi, dedim ki, paylaşım, dostlar, digər insanlar da görsünlər. Maraqlıdır, bu elə bir effekt verdi ki… Təsəvvür edin, dostluğumda dörd min səkkiz yüzdən çox adam var, iki min nəfər bu videonu öz səhifəsində paylaşdı. Paylaşanların əksəriyyəti musiqiçilər, Konservatoriya müəllimləri və tələbələri idi. Paylaşanlar arasında xalq artistləri də var idi. Anladım ki, sosial medianın nə qədər gücü var, düzgün istifadə edəndə buradan nə qədər effekt götürmək olar.
Bütün böyük resursların Facebookda səhifəsi var. Biz, xəbər adamları onların izləyicisi oluruq və gələn informasiyaları öz səhifəmizdə görürük. O səhifələrin böyük bir kütləyə təsir etmək imkanı var. Biz, xəbərin içindəyik və hər hansı bir xəbərlə alternativ mənbələri tutuşdurub pisi-yaxşını ayırd edə bilirik. Amma təsəvvür edin, bəzi insanların əgər o mənbələri araşdırmağa vaxtı yoxdursa, həmin səhifə ona nə təqdim edirsə, o adam manipulyasiya uğrayıb onun arxasınca gedir, yəni yönləndirilir.
Bir status yazmışdım. Dini status deyildi, amma dindarlar mənim fikrimi dini istiqamətə yönəltdilər. Və orada birinci kursda oxuyan 18-19 yaşında bir gənc belə bir söz yazdı ki, Albert Eynşteyn müsəlman olub, islamı qəbul edib, hətta şiə olub. Bu mənim üçün gözlənilməz bir şey oldu. Fikirləşdim ki, bunu araşdırım. Bu gənc oğlan bunu özbaşına deməz, hansısa mənbəyə əsaslanmalıdır. Kiçik bir araşdırma apardım, məlum oldu ki, İran alimi Məhəmmədrza Məhtəvi iddia edib ki, Eynşteyn şiədir və deyib ki, əlində əsaslar var. Qərb mənbələrində də yazıldı ki, Məhtəvi adında İran alimi belə bir “iddia” irəli sürüb. Məhtəvi ömrünün axırına qədər iddiası ilə bağlı ortalığa normal bir fakt qoyub onu sübut edə bilmədi.
Albert Eynşteynin dinlə, Tanrıyla bağlı o qədər ciddi iddiaları olub, o qədər insanlar da iddia ediblər ki, bu alim dindar olub və bir də Eynşteynin şiə olduğu ilə bağlı iddia ortalığa qoyulanda dedim ki, bu məsələni mütləq araşdırım. Məlum oldu ki, Niderlandda Spinoza (Benedikt Barux Spinoza – 1632 – 1677 – red.) adlı yəhudi bir filosof olub. Eynşteyn də onun fikirlərini qəbul edirmiş.
Bu cəfəng fikirlərə inanan ordu var. Tutaq ki, 18-19 yaşında bir gənc oturub bir şəkil düzəldir, ora Eynşteynin şəklini qoyur və şəklin altına onun adından dıni bir misal yazır və Facebookdakı səhifəsində bunu yayımlayır. Hamı da bunu yoxlamadan öz səhifəsində paylaşır və artıq elə fikir yaranır ki, Eynşteyn bu fikrin müəllifidir. Heç kim bunu araşdırmır, hamı buna inanır. Yəni, bu, sosial medianın gücünün bir təzahürüdür, onun insanların həyatına artıq nüfuz etməsidir. Bilmirəm, bununla necə mübarizə aparmaq olar, amma bu çox təhlükəli haldır.
– Bayaq dediniz ki, auditoriyanın rəyini öyrənmək istəyirsiniz. Aydındır ki, əsas məqsədiniz əldə etdiyiniz hansısa bir informasiyanı öz dostlarınızla paylaşmaqdır, yəni bu birinci dərəcəli vəzifə kimi dəyərləndirilə bilər. Kiminsə reaksiyasını bildiniz, sonra nə olur?
– Bəli, həmin adamın reaksiyasını bildim. Orada digər reaksiyalar da var idi. Bir qadın da çox aqressiv çıxış edirdi, həmin adamı müdafiə edirdi və deyirdi ki, bunlar yalandır. Bir neçə dəfə belə bir halla rastlaşmışam. Sosial şəbəkədə paylaşmalar bilirsiniz nəyə görə daha çox effekt verir? İnsanlarla üzbəüz oturanda, üzbəüz olanda onlar o aqressiyasını tam üzə vurmur. Amma o, monitorun arxasında oturanda nə fikirləşir, beynində nə var onu açıq şəkildə püskürdə bilir.
Mən bir müddət əvvəl təkamüllə bağlı bir paylaşım etmişdim.
– Sizi darvinist adlandırmaq olar?
– Belə desək daha doğru olar: təkamül nəzəriyyəsinin tərəfdarıyam. Darvinizmlə təkamül nəzəriyyəsini eyniləşdirməyək. Təkamül nəzəriyyəsi Darvinizmin kiçik bir hissəsidir, amma bir az geniş anlayışdır. Mən müəllim ailəsində doğulmuşam, atam müəllim olub, anam hal-hazırda da müəllimdir. Kimya, biologiya sahələrini yaxşı bilirəm. Bu fənlərə marağım, həvəsim böyük olub. Orada Qurandan bir hissə paylaşmışdım ki, Adəm və Həvvadan sonra onların övladları necə çoxalıblar, sual şəklində bunu vermişdim. Bu paylaşma da çox aqressiv qarşılandı. Əllamə Təbatəbai adlı bir İslam aliminin kitabından da sitat gətirmişdim. Təbatəbai iddia edirdi ki, Adəm və Həvvanın övladları, yəni bacı ilə qardaşlar əlaqəyə girdilər və çoxaldılar. Həm də deyirdi ki, Allah-Təala o vaxt bu əlaqəyə izin vermişdi, sonra qadağan etdi. Bütün bunlar Təbatəbainin kitabında var. O zaman bizim dindar yoldaşlar, ilahiyyatçılar etiraz etdilər ki, yox Təbətəbai heç nə bilmir, onun dedikləri əsas deyil.
– Yəni deyirlər ki, onlar bir-biri ilə evlənməyiblər?
– Onlar belə bir iddia irəli sürürlər ki, göydən mələk şəklində qızlar endirildi.
– Dində də var ki, doğrudan da onlar, yəni bacı və qardaşlar evləniblər.
– Bəli. Mən bir nümunə vermişdim, kitabdan da o hissəni göstərmişdim.
– Təbətəbai doğrudan da böyük alimdir.
– Nüfuzlu alimdir, yəni ən azından onun dediyi bir müzakirə mövzusudur, fikirləşmək olar, birmənalı şəkildə inkar etmək düzgün deyil. Amma orada olan əksər adamlar inkar edirdilər ki, belə bir şey ola bilməz. Hətta bildirildi ki, Adəm və Həvva dünyada ilk insan olmayıblar, yalnız ilk ağıllı insanlar olublar, hətta bu, Quranda da var. Deyəndə ki, nümunə gətir, sübut et ki, orada belə bir şey var, normal cavab verilmir. Sadəcə inkarçılığı bacarırlar: “yox o deyil”, “yox bu düzgün deyil”, “sən düz demirsən”.
İnsanların reaksiyasını öyrənmək baxımından sosial hesablar gözəl yerdir. Soruşdunuz ki, öyrəndiniz, bəs sonra. Məncə bu, oxucuların ümumi fikirlərinin öyrənilməsi baxımından ideal bir yerdir. Bayaq qeyd etdim ki, sayta material yazırsan, saytda yayımlanandan sonra orada eksperiment etmək olmur ki, insanlar nəyə necə reaksiya göstərir, hansı mövzunu daha çox qəbul edirlər.
Mənim bir paylaşmam da olmuşdu. Həmin mövzunu özüm araşdırmışdım və öz hesabımda paylaşdıqdan sonra saytımıza da yerləşdirdim. Əslində istəyirəm ki, bu mövzu ilə bağlı araşdırmaları bir az da genişləndirim. Hacı Zeynalabdin Tağıyevin dövründə Bakı bazarlarında buzlar satılırdı. Bu, mənim üçün çox maraqlı gəldi. Nəzərə alsaq ki, Amerikada dondurucular nə vaxt kəşf olunub, kütləvi istehsal olunub, o zaman Tağıyevin dövründə Bakıda buzun olması insana qəribə gəlir. Necə ola bilər ki, Bakıda buzlar var idi. Araşdırma apardıqdan sonra məlum oldu ki, o vaxt Bakının bazarlarında insanların normal qiymətə ala biləcəyi buzların olmasının səbəbkarı Tağıyev imiş. Yəni Tağıyevin Vətəgə zavodu var idi. Və o, balıqları saxlamaq üçün Buz zavodu da inşa etdirmişdi. Bu adam neftdən əldə etdiyi gəliri qeyri-neft sektoruna yönəldib, həmin o buzu da Bakıya gətirirmiş və həmin dövrdə tibbdə, təbabətdə buzdan qanaxmada, beyinə qansızmada, təzyiqin qalxmasında ilkin yardım olaraq çox geniş istifadə olunurdu. O zaman bir ənənəvi, yəni mədrəsə qurtaran həkimlər, bir də rus həkimləri var idi. Onlar müasir tibbin qayda-qanunları ilə müalicə edirlərmiş. Rus həkimlərinin arasında buzla müalicə çox yayılmışdı və istənilən şəxs bazara gedib o buzu asan yolla əldə edə bilərmiş.
– Cəlil Məmmədquluzadə “Buz” hekayəsini xatırladım…
– Buzların bazarda geniş şəkildə yayılmasının səbəbkarı Tağıyev olub. Mən onu hesabımda paylaşandan sonra gördüm ki, maraqlı bir reaksiya doğurdu, insanlar bəyəndilər və onu sayta da yerləşdirdim, eyni effekt verdi. Yəni sosial media ilə internet resursunu birləşdirəndə müəyyən bir effekt almaq olur. Düzgün işlədəndə ziyanı deyil xeyri olur.
– Hər bir jurnalistin öz media yolu olur.
– Mən tələbə vaxtından məqalələr yazmışam. Mənim mediaya gəlməyim qəzetlə bağlı olub. O zaman 2004-2005-ci illərdə bir “Super Market” qəzetlər qrupu var idi və çox populyar idi. Baş redaktoru da Etibar Sturvi idi.
– Onun “Azadlıq”da, “Müxalifət”də yazıları da çıxırdı.
– Bəli, əvvəl jurnalist kimi fəaliyyətə başlamışdı, sonra qəzetlər qrupu yaratdı. O qəzetlər qrupunun tərkibində rus dilində “Неделя”, Azərbaycan dilində “Həftə” qəzeti var idi. O vaxt bu qəzetlər məşhur idi. Burada dərc olunan tanınmış imzalar da var idi. Söhbət 2004-2005-ci illərdən gedir. Mən digər qəzetlərə də yazı verməklə yanaşı, oranın daimi ştatlı işçisi idim. Amma fəaliyyətimin əsas hissəsi ANS-lə bağlıdır. ANS şirkətlər qrupunun tərkibində “Anspress.com” saytı vardı. 2009-cu ildə həmin saytda bir elan verilmişdi. Təsadüfən özümü yoxladım və qismət elə gətirdi ki, 6 il ərzində orada işlədim. 6 il müddətində müxbirlikdən baş redaktorluğa qədər yüksəldim.
Ondan sonra indi işlədiyim “Baku.ws” portalından təklif gəldi və indi orada baş redaktor vəzifəsində çalışıram. Demək istəyirəm ki, mən həmişə media sahəsində fəaliyyət göstərmişəm, başqa sahədən bura keçməmişəm.
– Mənə elə gəlir ki, Azərbaycan mediasında həddən artıq sıxlıq var. Siz nə fikirdəsiniz?
– Bəli. Jurnalistika ilə məşğul olmaq istəyən gənclərlə hərdən danışırıq, onlarda belə bir təsəvvür var ki, jurnalist olmaq üçün üzlü olmaq lazımdır. Əsas şərt kimi bunu qeyd edirlər. Deyirlər ki, üzlü olsan hər şey yaxşı olacaq, qalan şeylər asandır. Onlara izah edirəm ki, bu da lazımdır, təbii ki, jurnalist informasiya almalıdır, xəbər dalınca getməlidir, yəni kobud desək, informasiyanı “qoparmalıdır”. Bu öz yerində, bunlar yaxşıdır. Amma hər şeydən əvvəl jurnalist olan insan məlumatlı, savadlı, elmli olmalıdır. Jurnalistin bir “baqaj”ı olmalıdır ki, hər hansı bir müsahiblə söhbət edəndə ən azı onun yaradıcılığını, onun əhatə etdiyi dövrü, coğrafiyanı bilsin. Yəni bunları bilməyib lap beş qat üzlü ol, sən ondan heç bir informasiya ala, normal bir müsahibə çıxarıb ortaya qoya bilməyəcəksən. Mən gənc jurnalistlərə deyirəm ki, siz öz üzərinizdə çalışmalısınız, “baqaj” yığmalısınız ki, normal bir xətt götürəsiniz. Yəni mən üzlüyəm, getdim kimdənsə informasiya götürdüm, ala-çiy yazdım, belə olmur.
– Doğrudan da, jurnalistikaya gələn o gənclər iddia edirlər ki, jurnalist olmaq üçün ən vacib şərt üzlü olmaqdır?
– Qəribədir, gənclərin çoxu ilə danışıram, görürəm ki, bu, artan xətt üzrə gedir və məncə bu çox təhlükəlidir. Hesab edirəm ki, insan özündə o “baqaj”ı hiss edib jurnalistikaya gəlməlidir.
– Siz hansı ali məktəbin məzunusunuz?
– Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin. Biz özümüzdən bir kurs yuxarıda oxuyanlara, KİV-də imzası gedən, çap olunan insanlara təcrübəli insanlar kimi baxırdıq və çalışırdıq onlardan öyrənək. Onlarla danışırdıq, soruşurduq ki, yazı yazanda nədən istifadə edirsiniz, necə edirsiniz. Məsələn, jurnalistikada kifayət qədər çəkisi olan Xalid Kazımlı sosial şəbəkədə bir şey paylaşır. Söz yox ki, hər kəsin hər bir məsələyə öz fikri var, bu öz yerində, heç kim demir ki, öz fikrini bildirə bilməzsən. Amma baxırsan ki, cavan jurnalistdir, yazmağa yeni başlayıb, Xalid Kazımlıya elə bir şey yazır ki… Məsələn, Vüsal Məmmədova elə bir irad tutur, baxırsan ki, bu iradı tutmaq üçün bu adamın təcrübəsi, yaşı buna imkan vermir. Jurnalist ən azı təcrübə yığmalıdır, ondan sonra söz sahibi olmalıdır.
– Bu vəziyyət tək jurnalistikada deyil, bütün sahələrdə özünü göstərir.
– Yəni müəyyən bir yolu keçməlisən, təcrübə qazanmalısan, ondan sonra təcrübəli insanlara nə isə irad bildirə, yol göstərə bilərsən ki, bunu belə yazmaq olar, yaxud olmaz. Bizdə ən tənqid olunanlar elə jurnalistlərdir. Yəni bir müəllim kimi uğursuz olanlar, əlində neçə xəstəsi ölən həkimlər, binanın normal şəkildə proyektini belə çəkə bilməyən memarlar da ancaq jurnalistə yazı öyrədirlər. Qəribə bir tendensiyadır. Hamı çalışır ki, jurnalistə necə yazmaq lazım olduğunu öyrətsin. Bir var oxucu fikri, hamımız oxucuların fikrini qəbul edirik, bir də var jurnalistə yazmaq mexanizmini başa salasan.
– Qəzetlər barədə danışaq. Sırf poliqrafiyanı nəzərdə tuturam. Bunu necə dəyərləndirirsiniz, bu sahədə perspektiv görürsünüz?
– Çap mediası bizdə yox səviyyəsindədir. Çox maraqlıdır ki, bu tək qəzetlərlə bağlı deyil, bizdə insanlar kitab da, jurnal da oxumurlar. Bəlkə də biz qəzetin özünün və oradakı yazıların keyfiyyətini qaldırsaq, oxucu qayıdacaq. Ümumiyyətlə, bizdə çap vərəqini insanlar oxumaq istəmir. İnsanlar tanıyıram ki, planşetdə, telefonda kitablar, çox ciddi müəlliflərin, qərb müəlliflərinin əsərlərini oxuyurlar, amma onu kitab şəklində oxumurlar.
– Bu bir növ snobizmdir, yəni mən oxuyanda qacetdən istifadə edirəm.
– Bu insanlar evdə divanın üstündə oturur və qacetdən oxuyurlar. Biz hamımız kitab adamlarıyıq. Mütaliə edəndə ondan bir həzz alırıq. Kitabın qoxusu var, onu hiss edirsən, ciyərinə çəkirsən. Bunu bayaq dediyim divanın üstündə qacetdən nə isə oxuyan gəncə danışanda sənə dəli kimi baxır ki, sən nə danışırsan, həzzdir, kitabdır, bu necə ola bilər. Özümüzü Rusiya ilə müqayisə etsək görərik ki, orada da elədir.
– Deyəsən, bizdə kitaba, çap məhsullarına pul verməyin insanı nüfuzdan salan bir akt kimi dəyərləndirilməsi fenomeni də var.
– Biz uşaq olanda sovet ailəsinin evində bir kitab guşəsi olurdu. Hər bir evə girəndə görürdün ki, kitab guşəsi var. Və orada qırmızı cildli Azərbaycan Sovet Ensiklopediyası, digər kitablar olmalı idi. İndi bizdə gənc ailələrin evində kitab üçün yer yoxdur.
– Bütün mebel mağazalarını gəzsəniz çətinliklə kitab rəfi tapa bilərsiniz.
– Qız anası ilə gedib cehiz alanda kitab rəfi istəmir, çünki onun rəfə qoyacaq kitabı yoxdur. Amma biz gedirik ən bahalı notebookları, smartfonları demək olar ki, iki dəfə baha qiymətə kreditlə götürürük və bunu özümüzə rəva bilirik. Amma elementar bir qəzeti, kitabı alıb onu vərəqləməyi özümüzə sığışdırmırıq. Bunun səbəbləri dərindən araşdırılmalıdır.
– Oxuyan adama aciz kimi baxmaq bizdə var.
– Düz qeyd edirsiniz. Mən müəllim ailəsində böyümüşəm. 1990-cı illərdə bizim məktəbin son illərində kitaba qarşı elə bil ki, bir soyuqluq yarandı. Kim ki, biznesə gedir, alıb-satır, həmin təbəqəyə gənclərdə daha çox meyl yarandı. Yeniyetmələr gördülər ki daha çox pulu olanlar, daha çox qazananlar daha fərqli geyinirlər, müəllimin, alimin üstü-başı, geyimi onlarla müqayisədə çox aşağıdı və bu fərq get-gedə daha çox çox görünməyə başladı. Bundan sonra yeniyetmələr, gənclər çalışırdılar ki, pulsuz müəllimlərə, alimlərə, oxuyan insanlara oxşamasınlar. Dedilər ki, oxusam mən də elə olacağam. Müəllimin, oxuyan adamın qəribə bir obrazı yarandı.
– Uğursuzluq obrazı.
– Uğursuz, nimdaş paltarda olan biri. Müəllim artıq auditoriyada dərs deyəndə, artıq tələbənin beynində belə bir sual yaranırdı, əgər bunları bilirsənsə, öz həyatında niyə tətbiq etmirsən. Öyrədirsən ki, belə elə, mənə həyat dərsi keçirsən. Bu da bir yandan gənclərimizi psixoloji cəhətdən kitabdan daha çox ayrı saldı.
– Siz belə düşünürsünüz ki, bizdə qəzetin alınmaması, yəni qəzet modelinin geniş yayılmamasının səbəbi budur.
– Məncə səbəblərindən biri budur. Yenə deyirəm, əgər bizdə kitablar, jurnallar normal şəkildə, normal tirajla çap olunsaydı, amma qəzetin tirajı düşsəydi, populyarlığı azalsaydı, fikirləşmək olardı ki, problem qəzetin özündədir.
Bizdə gəlib instituta girirlər, hansısa ixtisasa yiyələnirlər. Sanki bizim insanlarda bir plansızlıq var. O plansızlıq lap bünövrədən başlayır. Rayonlardan cavanlar Bakıya oxumağa gəlirlər, ad olur ki, elm dalınca gəlirlər, amma oxumaq elə bil o nəticəni vermir. Hazırlığa gedirlər, daima əllərində kitab olur, oxuyurlar, öyrənirlər. Yəni bu mexanizm işləyir, müəllimlər uşaq hazırlayır, sınaq imtahanları keçirilir, hər şey yaxşıdır, proses gedir. Nəticə olaraq bu insanlar yetişib müəyyən bir mərhələyə çatmalıdır. Əvvəl belə bir ənənə var idi: biz qaçıb 3-4 qəzet alırdıq, səhər yeməyində vərəqləyirdik. Amma indi insanlar gəlib otururlar və kompyuter, notebook, smartfonlar o köhnə ənənəni dağıdır. Və o mərhələ bitir: çap, qəzet mərhələsi başa çatır. Bizim uşaqlarımız hesab edirlər ki, elm həyatı instituta qədərdir. Yəni instituta girdim, vəssalam. Valideyn uşaq instituta girdiyi üçün qonaqlıq verir, qurban kəsir ki, axır bitdi. Valideyn də qonaqlıqla, qurbanla uşağa təlqin edir ki, sən artıq həyatındakı nailiyyəti qazanmısan, artıq başqa şeylərlə maraqlana bilərsən.
– Bəs televiziyalardakı durum? Hər halda etiraf edək ki, orta statistik azərbaycanlının evində televizor var və azərbaycanlı evdədirsə, televizor hökmən işləyir, orada nə isə göstərir. Vacib deyil, ona baxırsan, yoxsa yox.
– Kabel televiziyasının paketlərində yerli kanallar da var. Nə qədər olmasa da, əlində pult kanalı çevirəndə onu görürsən və orada saxlayırsan. O adamlar ki, deyirlər, biz Azərbaycan kanallarına baxmırıq, mən inanmıram. Daimi izləyicisi olmasalar da, ən azı bir neçə verilişə baxırlar.
Gündüz Nəsibov, 1905.az
Müsahibə 11 dekabr 2018-ci ildə götürülüb.
Mehman İbrahimov tərəfindən hazırlanıb.