1905.az saytının bu dəfəki müsahibi araşdrımaçı-jurnalist Bəhruz Nəzərovdur.
– Sizinlə birlikdə, Space kanalında işlədiyimiz vaxtları yaxşı xatırlayıram. Ümid edirəm ki, həmin proqram üçün Sizin hazırladığınız süjetlər tamaşaçının yadından çıxmayıb. Əgər indi, Sizə hansısa həftəlik analitik proqram Qarabağ problemi ilə bağlı süjet hazırlamağı təklif etsə idi və bu təklifi qəbul etsəydiniz həmin süjetdə hansı məqamlara toxunardınız?
– Sualı elə qoydunuz ki, istər-istəməz göz önümdə həmin günlərimiz canlandı. 10 ildən artıqdır ki, Space-də çalışmıram, amma indi də bəzən kimlərsə tanıyır. Hazırladığım analitik materialların yaddaşlarda qalıb-qalmadığını deyə bilmərəm. O zaman 21 yaşım vardı, ixtisasca politoloq olduğumdan süjet və reportajların hazırlanması zamanı siyasi proseslərin gerçəklikləri ilə yanaşı nəzəri biliklərimə də söykənirdim. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mütəmadi olaraq yazdığım mövzu idi. Cəbhə bölgəsində də olmuşdum, o zaman prezident Heydər Əliyevin ATƏT-in Minsk Qrupu üzvləri ilə, Ermənistan prezidenti Robert Koçaryanla apardığı danışıqları da, müxtəlif sammit və forumları da jurnalist olaraq işıqlandırmışam. O ki qaldı hansısa həftəlik analitik proqramın Qarabağ problemi ilə bağlı süjet hazırlamaq təklifinə, bir neçə məqama toxunardım. Birincisi, ATƏT-in Minsk qrupu həmsədrlərini hansı maraqları təmin olunmalıdır ki, onlar problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləsinlər. İkincisi, müyyənləşdirməyə çalışardım ki, dünya birliyinin hansı ölkələri Azərbaycanın, hansıları Ermənistanın tərəfindədir. Mövqeyi qeyri müəyyən olan ölkələr tərəfimizə çəkmək və Dağlıq Qarabağ problemi ilə bağlı qlobal miqyasda dövlət və hökumət başçılarının forumunun keçirilməsini təklif edərdim. Üçüncüsü, Ermənistanın özünün də etiraf etdiyi kimi, Dağlıq Qarabağ ətrafındakı “müvəqqəti tutulmuş ərazilər”in azad edilməsi üçün əməliyyatlara başlanarsa bunun iqtidsadi, hərbi və diplomatik təsirlərini təhlil etməyə çalışardım. Amma, sözsüz ki hadisələrin necə cərəyan edəcəyindən asılı olaraq toxunulması vacib olan məqamlar dəyişə bilər.
– Media dördüncü hakimiyyətdir. Hər halda olmalıdır. Və dördüncü hakimiyyəti araşdırma jurnalistikası olmadan təsəvvür etmək mümkün deyil. Böyük təcrübəyə malik olan araşdırmaçı jurnalist kimi bu sahədə vəziyyətimizi necə dəyərləndirirsiniz? Təhqiqat jurnalistikamız Qarabağ düyününün çözülməsi üçün nə edə bilər?
Media 4-cü hakimiyyətdir, lakin təəssüf ki, hazırda Azərbaycanda medianın səviyyəsi onun hakimiyyətin bir qolu kimi çıxış etməsi imkanlarını əhəmiyyətli dərəcədə daraldır. Jurnalistikada çoxlu təsadüfi insan var, peşəkarlar isə demək olar ki, qalmayıb – əksəriyyət aşağı əmək haqqı ucbatından jurnalistikadan gediblər. Digər tərəfdən hər bir KİV-də məhdud sayda əməkdaşların çalışması yalnız buna kifayət edir ki, cari işləri görsünlər və hansısa təhqiqat aparmağa demək olar ki, vaxt qalmır. Odur ki, bir –iki nəfər istisna olmaqla, Azərbaycan jurnalistikasından ciddi araşdırma və təhqiaqat yazıları gözləmirəm. Halbuki, əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı jurnalist təhqiqatı aparılması üçün o qədər geniş imkanlar var ki?! İstər Azərbaycanın nəzarəti alıtnda olmayan torpaqlarda narkotik qaçaqmalçılığı, istər Ermənistan və Dağlıq Qarabağ separatçılarının kriminal fəaliyyəti, separatçı rejimlə əməkdaşlıq edən qurumlar və s. mövzularda hazırlana biləcək təhqiqat yazıları bir tərəfdən oxucu üçün maraq kəsb edər, digər tərəfdən də münaqişənin nizamlanması prosesində də istinad mənbəyi kimi istifadə oluna bilərdi.
– İndi də Biləcəri sərhəddi barədə. Daha doğrusu bu sərhəddi keçmək imkanlarımılz haqqında. Sizə elə gəlmir ki, çox tez-tez, az qala həmişə elə özümüz danışıb, özümüz eşidirik?
– Sizinlə qismən razıyam. İnternet əsridir, informasiya portalları, sosial şəbəkələr səsimizi Biləcəridən o yana çatdırmaq sahəsində son illər müəyyən irəliləyiş olduğunu söyləməyə imkan verir. Amma, potensial olduqca böyükdür və biz onun çox cüzi hissəsindən istifadə edirik. Biz hələ tam dərk etməmişik ki, informasiya əsridir və informasiyaya sahib olan hökmranlıq edir. Əgər beynəlxalq birlik Azərbaycan haqqında, Dağlıq Qarabağ problemi haqqında informasiyanı əsasən bizim mənbələrdən alarsa bu beynəlxalq aləmdə bizim səsimizin daha çox insana və daha ucadan eşitdirilməsi anlamına gəlir.
– Diaspor Komitəsinin mətbuat katibi vəzifəsində çalışdığınız vaxtlarda xarici ölkələrə səfərlər edib Azərbaycana kənardan nəzər salmaq imkanınız olub…
– Diasporla İş üzrə Dövlət Komitəsində çalışdığım dövrdə bir sıra xarici ölkələrdə yaşayan soydaşlarımızla ünsiyyətdə olmaq, onların yaratdıqları diaspor təşkilatlarına baş çəkmək imkanım olub. Ölkəmizin hüdudlarından kənardan Azərbaycanın sürətlə inkişaf etdiyi elə ilk baxışdan görünür. İqtisadi böhrandan əziyyət çəkən Avropanın bir sıra ölkələrində ciddi qənaət rejiminə keçilməsi fonunda Azərbaycandakı iqtisadi tərəqqi xüsusilə qabarıq görünür. Azərbaycanın iqtisadi qüdrətinin artması dövlətin diaspor təşkilatlarına dəstəyinin də güclənməsinə səbəb olub ki. İldən ilə diaspor təşkilatlarımız güclənir, soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal rol oynamağa başlayırlar. Soydaşlarımızın məskunlaşdıqları ölkələrdə mövqeləri nə qədər güclü olarsa həmin ölkədə bizim ölkəmizin nüfuzu bir o qədər yüksək olar. Azərbaycan dövlətinin diaspor siyasəti buna hesablanıb və Diasporla iş üzrə Dövlət Komitəsində çalışan peşəkarlar bu istiqamətdə həqiqətən də böyük iş görüblər.
– Yazar kimi planlarınız necədir?
– Hazırda jurnalistika sahəsində çalışmasam da, ara-sıra məqalələr yazıram. Eyni zamanda hazırki işimin də spesifikası belədir ki, müntəzəm olaraq KİV nümayəndələri ilə ünsiyyətdəyəm. Hazırda “12 MAY” şirkətinin vitse-prezidentiyəm. Biznes fəaliyyəti ilə yanaşı Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə müxtəlif layihələrdə əməkdaşlıq edirik. Şirkətin prezidenti cənab Səbuhi Rəcəb Azərbaycan Sambo Federasiyasının döyüş sambosu üzrə vitse-prezidenti seçildikdən sonra Sambo Federasiyasının mətbuatla əlaqələrinin intensivləşdirilməsində iştirak edirəm. Ona görə də jurnalistika ilə təmasımız kəsilməyib. Planlar barədə onu demək istərdim ki, yeni mövsümdə qismət olarsa telekanalların birində həftəlik analitik verilişlə çıxış etmək niyyətim var. Eyni zamanda hazırda ictimai əhəmiyyətli bir mövzuda kitab üzərində işləyirəm. Həmin kitabı gələn ilin əvvəlinə tamamlamağı planlaşdırıram.
– 1905.az portalına tövsiyyələriniz?
– Portalınızla yarandığı gündən tanışam. Daşnaksutyun və erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi qırğınları təfərrüatı ilə təqdim edir. Ən əsası da həmin informasiyaların bir neçə dildə, səhv etmirəmsə 10-dan artıq dildə verilməsidir. 1905.az portalının sosial şəbəkələrdə aktiv şəkildə iştirakı mənim fikrimcə erməni vandallığı haqqında informasiyanı daha böyük auditoriyaya çatdırılması baxımından xüsusilə böyük əhəmiyyət kəsb edir. Tövsiyyələrə gəlincə, kifayət qədər peşəkar komandanın fəaliyyətinin məhsulu olan 1905.az saytı doğru yoldadır. Məlumdur ki, qarşıdan 2015-ci il gəlir. Ermənistan tərəfi uydurma “erməni soyqırımı” məsələsi ilə bağlı xüsusi hazırlıq görür və “məşəqqətli erməni xalqı” isteriyası başlanacaq. Belə bir ərəfədə, təbliğatda erməniləri üstələmək zəruridir. 1905.az portalı Azərbaycan və Türkiyə tarixçilərindən ibarət birgə komanda yaradıb “erməni soyqırımı”nın yalan olduğunu tarixi faktlarla ortaya qoymalıdır. Türkiyə Ermənistana 1915-ci il hadisələrinin araşdırılması ilə bağlı birgə komissiya yaradılmasını təklif etsə də, Yerevan buna getməyib. Görünür, soyqırımın fiksiya olmasının ortalığa çıxmasından narahatdır. Amma Azərbaycan və Türkiyə tarixçiləri bunu edə və ermənilərin iç üzünü bütün dünyaya nümayiş etdirə bilərlər. Düşünürəm ki, bir sıra dillərdə yayımlanan 1905.az portalı erməniləri ifşa etmək üçün əlverişli meydançadır. Siz uğurlar arzulayıram. Təşəkkür edirəm.
– Minnətdaram, Bəhruz müəllim!
Fuad Babayev
1905.az