Qəriblikdə yada düşər, ağlaram,
Aşna, yoldaş, yar, müsahib, ellər, hey!..
M.P.Vaqif
“Gözsüz yaşamaq olar, Vətənsiz yox”. Babalarımız Vətən haqqında belə deyiblər. Mənsə deyirəm: “Gözsüz də yaşamaq olar, Vətənsiz də. Amma Vətənsiz yaşamaq yaşamaq deyil; gündə neçə dəfə ölüb-dirilməkdir”. Vətənin dəyərini insan ondan uzaq düşəndə bilər. Ona görə də ulularımız deyib: “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır”. Görəsən, Vətən niyə bu qədər müqəddəsdir, əzizdir? Onu insana bu qədər sevdirən hansı ecazkar qüvvədir? Torpağıdırmı, dağı-daşıdırmı, suyudurmu? Hansı sehr var o torpaqda, o dağda-daşda, o suda? Deyirlər: “Bir ovuc torpaq da Vətəndir”. Torpaq! Vaxtilə öz yerindən-yurdundan didərgin düşən babalarımız özləri ilə bir ovuc torpaq götürüblər – Vətən torpağı! Götürüblər ki, Vətən üçün burnunun ucu göynəyəndə onu iyləsinlər: onda Vətənin gül-çiçəyinin qoxusunu, suyunun tamını, dağların abı havasını duysunlar. O bir ovuc torpaq qürbətdə ölənlərin çimdik-çimdik məzarlarına səpilib: qəbirdə rahat yatsınlar deyə. Hanı o Vətən? Hanı o torpaq? Görəsən, qursalılar Vətən torpağından götürə bildilərmi? Indi biz Vətənə, Vətən bizə həsrət qalıb. O Vətən torpağı kimlərə qismət oldu? O torpaq ki, Top daşdan Alcəfərə, Qənsərə, Saral binəsinə, Təhməzin güneyinə, Cökəliyə, Dəli dağa, Çatağa, Dara, sonra Pəmbək çayını keçərək Dolaylar yuxarı ta Cökəliyin yalınadək uzanırdı.
Dərəli-düzlü, enişli-yoxuşlu, dağlı-meşəli, güneyli-qüzeyli, çaylı-çeşməli, qürbətdə qalan kəndim! Sənə doğma kəndim necə deyim? – Axı neçə ildir biz yad olmuşuq. Vaxt olub ki, bir-birinə yad olanlar yenidən doğmalaşıb. Görəsən bizim də elə doğmalaşacağımız elə bir vaxt olacaqmı? Görəsən bir də qoyunu bənövşə-nərgiz ətirli, quşları cəh-cəh vuran cökəli, palıdlı, vələsli, əsrarəngiz meşələrində gəzəcəyəmmi? Mamırlı qayaların sinəsindən çıxan yarpızlı, lilparlı, qaymaqlı bulaqlarından içəcəyəmmi? Görəsən bir də silsilə dağlar ətəyində sağlı-sollu dərə boyu uzanan başı çənli-dumanlı yaylaqlarına ayaq basacağammı?
Ilahi, Bozdardan Sarıbəyədək, Qara koldan Çalın yurdunadək on üç kilometrə qədər uzanan o cənnət yaylaqları yoxsa elə yuxuda görəcəyəm? Hanı yelinini çəkə bilməyən qızıl inəklərin yamac aşağı teylənib sağıma gəldiyi günlər? Hanı qoyun-quzu mələşməsi, at kişnərtisi? O günlər əlçatmaz oldu. O yerlər düşmənə qaldı.
Axı ermənilər bu yerlərə çoxdan göz dikmişdilər. Kəndin qabağından qatarla, avtobusla keçəndə onların Qursalıya necə həsrətlə baxdıqlarının kim şahidi olmayıb? Kəndin qarşısından keçən şose və dəmir yolu kənd üçün çox əlverişli idi. Ta Qazaxadək uzanan Pəmbək çayı da suvarma işlərində elin köməyinə çatırdı. Bu çaya el arasında “Qanlı çay” deyirdilər. Bu adı ona nə üçün vermişdilər? Bəlkə kimisə aparmışdı? Yazda qar əriyəndə, güclü yağış yağanda, doğrudan da bu çay “qan-qan” deyərdi, yayda isə suyu tamam azalardı.
Qursalı kəndini qövsvarı şəkildə meşələr qoynuna almışdı. Ona görə də bu yerlərin havası çox təmiz və saf idi.
Bu ərazilərdə əsasən taxıl, şəkər çuğunduru, kartof əkilirdi. 17 kilometr uzaqdan – yaylaqdan kəndə elin çəkdiyi su evlərə dirilik, bərəkət gətirmişdi.
Kəndin qarşısında yerləşən Qənşər Saral düzündən ta Ququ qayasınadək ucalan bir yüksəklik idi. Bu yüksəklik kəndimizi Saral kəndindən ayırırdı. Qənşərin başından hər iki kənd, rayon mərkəzinin bir hissəsi aydın görünürdü. Spitak rayonu ilə kənd arasında beş kilometr məsafə var idi. Rayonun əsl adı Hamamlı idi. Spitak (ağ) adını ona sonradan vermişdilər. Ermənilər burada yaşayan azərbaycanlılara türk deyirdilər və həmişə də türkləri özlərinə düşmən hesab edirdilər.
Ermənistan ərazisi vaxtı ilə Oğuzların məskəni olmuşdur. Elə Spitak bölgəsində olan 24 kəndin hamısında azərbaycanlılar yaşamışdılar. Bunu kəndlərin adı sübut edir: Güllücə, Ağ bulaq, Əfəndi, Qaral, Nalbənd, Qızılörən… Sonralar ermənilər 22 kəndin əhalisini sıxışdırıb çıxarmış və kəndlərin adlarını dəyişmişdilər. Burada yalnız Qursalı ilə Saral öz sakinləri ilə 1988-ci ilə qədər yaşamışdılar.
Görəsən, Qursalı kəndinin neçə yaşı var? Bu sualın cavabını kəndin ağsaqqalı Hümbət oğlu İsmayıl belə açıqlayır: “Kəndimizin təxminən on üç əsrdən artıq yaşı var. Burada zəlzələyə qədər (1988) salamat qalan kilsənin albanlar tərəfindən 647-ci ildə tikildiyi güman edilir. 14-cü yüzilliyin başlanğıcında güclü daşqın nəticəsində kənd tamam dağılmış, sağ qalanlar başqa yerlərə köçmüşlər. Kənddəki məscid isə 19-cu əsrdə ruhani təhsil almış, böyük zəka sahibi Molla Məmməd və Məşədi Səlimxanın təşəbbüsü ilə tikilmişdi.
Kəndin adı ilə maraqlandım: “Oğul, – dedi, ağsaqqalların dediklərinə görə, kəndin adı Alı deyilən bir kişinin adı ilə bağlıdı. Alı kişi qurs, yəni ağır adam olduğu üçün onun adı ilə adlandırılması güman olunur”.
Belə çıxır ki, kəndin bünövrəsini Alı kişi qoyub. Ismayıl kişi fikrə gedərək deyir: “Daşqından sonra Qarabağ mahalından Göy Məmməd adı ilə tanınan bir kişi kəndə gələrək yurd salır. Sonralar Qazax mahalının Dəmirçilər kəndindən Dəmirçi oğlu Məmməd gəlib qonşu Saral kəndində mülk salır. O, Göy Məmmədin qızı Ayşə ilə evlənir və sonralar Qursalıya – qaynatasının yanına köçür. Bundan sonra Göyçə mahalının Çaxırlı kəndindən Mirzəlilər, İrandan Qülleylilər nəsli gələrək kənddə məskən salırlar.
19-cü yüzilliyin sonlarında Qaxtağanlar (İran və Türkiyədən gələn ermənilər) dəfələrlə azərbaycanlılar yaşayan ərazilərə basqınlar etmiş, yerli əhalini rahat buraxmamışlar. Bu basqınlara dözə bilməyən əhali getdikcə bu yerləri tərk etməli olmuşlar. Kəndin sakini Mustoy oğlu Elləz şahidi olduğu bir faciəni belə xatırladı: “1905-ci ildə Qursalı, Saral və Arçutdan 46 nəfər araba ilə Abaranın Cəngi kəndinə taxıl gətirməyə getdik. Yolda bizi görən iki erməni atlısı gəldiyimizi Cəngi ermənilərinə xəbər verirlər. Qəfildən bir dəstə yaraqlı erməni qabağımızı kəsib unumuzu, öküz və arabalarımızı aldılar, özümüzü isə bir tövləyə doldurub qapını bağladılar. Gecə yarısı içəridəkiləri bir-bir çıxarıb apardılar. Sonra məlum oldu ki, onların başını kəsiblər. Yəqin etdik ki, buradan salamat çıxan olmayacaq. Gözətçiyə hücum etdik. Yoldaşlarımı öldürdülər. Mən qaranlıqda gizlənə bildim. Gecə özümü kəndə çatdırıb əhvalatı kəndlilərə xəbər verdim. Səhərisi hər üç kənddən xeyli adam, naçalnik və bir neçə pristavla həmin yerə getdik. Ermənilər bizimkiləri öldürdüklərini boyunlarına almırdılar. Məndən soruşdular ki, bunları sən nə ilə sübut edə bilərsən? Mən tövlədə gizlətdiyim bıçağı tapıb onlara göstərdim. Nəhayət, bir kürd qadını xəlvəti meyitlərin yerini işarə verdi. Meyitləri quyudan çıxarıb kəndə gətirdik. Bu, o zaman baş verən neçə-neçə belə hadisələrdən biri idi.
Bəs sovet dövründə ermənilər Mamedov Novruzun ailəsinə necə divan tutmuşdular? Onda 1979-cu il idi. Görəsən o kişinin günahı nə idi ki, iki erməni dığası günün günorta vaxtında toyuq fermasının həyətində güllə ilə ayağından vurub, ömürlük şikəst etdi? Səs-küyə bayıra çıxan arvadı Ağabacını və iki uşaq atası, oğlu Aydını qanına qəltan etdilər.
Qursalı kəndi coğrafi mövqeyinə, təbii mənzərəsinə görə fərqləndiyi kimi, öz cəsur və qorxmaz oğulları ilə də tanınmışdı. 1918-ci ilə qayıdaq. Ara qarışmışdı. Ermənilər müsəlman kəndlərinə basqın edir, ələ keçənləri öldürürdülər. Onlar kəndə hücuma hazırlaşırlar. Bundan kənd camaatı xəbər tutur. Əsgər oğlu Xıdır, Musa oğlu Əmrah, Hapo oğlu Kərim, Məlikməhərrəm oğlu Hüseyn, Daşoy oğlu Cabbar, Dəmirçi oğlu Usuf, Zeynal oğlu Mehdi, Hümbət oğlu Kərim, Əmiraslan oğlu Hüseyn, Nəsib oğlu Cabbar və Paşa qardaşları kəndin qabağına gələn zirehli qatarın qabağını kəsirlər. Tələfat verən ermənilər geri çəkilməyə məcbur olurlar. (İndi də dəmiryol körpüsündə güllə izləri qalmaqdadır.) Bu atışmada xüsusi ilə Əsgər oğlu Xıdır fərqlənir. Deyilənə görə, Xıdır bir özgə kişi imiş. Indi də el sənin adını hörmətlə çəkir, Xıdır kişi! Deyirlər ki, sən çox mərd, cəsur və təəssübkeş kişi olmusan. Ömrün boyu ermənilərə qarşı vuruşmusan. Bir də söyləyirlər ki, hökumətlə “hökumətlik etmisən”. Ona görə də mərdi qova-qova namərd ediblər. Səni isti ocağından didərgin salıblar. Meşələrə, dağlara çəkilib qaçaqçılıq etmisən. 30-cu illərdə səni meşədə yoldaşlarınla birlikdə namərd ermənilər güllələyiblər.
18-ci il hadisələrindən bir epizod… Usuf oğlu Namazın dediklərindən: “Atam nəql edərdi ki, 18-ci ildə Türkiyədən qaçmış ermənilərlə Ermənistanda yaşayan ermənilər birləşib müsəlman kəndlərinə hücum edir, ələ keçənləri vəhşicəsinə öldürürdülər. Vəziyyət çox pis olduğu üçün kəndin sakinləri azuqədən, palaz-paltardan arabaya yükləyib Qarsa getməli oldular. Kənddə yalnız Dəmirçilər nəslinin əksəriyyəti, Qəşəm, Məhərrəm, Xanımağa və Gülüstan arvad qalır”.
Namazın söylədiyinə görə, qaxtağanlar kəndin evlərinə dolurlar. Usuf kişi öyrənir ki, ermənilər kənddə qalanları qırmaq fikrinə düşüblər. O, qaxtağanların paltarından ələ keçirib geyinir və Qaraisəyə – naçalnikin yanına şikayətə gedir. Səhərisi naçalnik iki nəfər pristavla kəndə – Usuf kişinin evinə gəlir. Usuf kişi heyvan kəsir, onlara yaxşı hörmət edir. naçalnik ermənilərin dilindən kağız alır ki, kənddəki müsəlmanlara heç kəs toxunmayacaq. Belə də olur. Payızda Qarsa köçənlər yazda kəndə qayıdıb, əkin-biçinə başlayırlar.
İllər boyu Oğuz torpağında yaşayan azərbaycanlıların başına ermənilər həmişə oyun açmışlar. 48-50-ci illərdə doğma torpağından yüz minə qədər azərbaycanlını didərgin salmadılarmı? Onları “mədəni şəkildə” yük vaqonlarına doldurub Azərbaycanın ilan mələyən düzlərinə dağıtmadılarmı? Onların neçəsi buranın iqliminə dözə bilməyib tələf oldu. Bu “mədəni köçürmə” 1988-ci ilədək davam etmişdi. Bu arada Qursalıda olan 700 ailədən 250-dən çoxu Rusiyanın və Azərbaycanın müxtəlif bölgələrinə köçməyə məcbur olmuşdur. Zəlzələyədək kənddə 2026 nəfər qalmışdı. Kəndi tərk edənlərin əksəriyyəti cavanlar idi. Onlar ali və orta ixtisas təhsili alıb kəndə qayıdır, işlə təmin olunmadıqları üçün Azərbaycana, bir qismi də Rusiyaya iş dalınca gedirdilər.
Kənddə elmə maraq böyük idi. Əslində, oxumaq uğrunda rəqabət gedirdi. Burada 310-dan artıq müxtəlif ixtisaslar üzrə ali təhsilli, 250-yə yaxın orta ixtisas təhsilli kadr vardı. Bunların içərisindən müxtəlif elm sahələri üzrə 17 elmlər namizədi və elmlər doktoru çıxmışdır. Telman Ramazanov, Kamil Daşdəmirov, Arif Məhərrəmov, Məmmədəli Ramazanov, İslam Nəsibov, Polad Qarayev, Mustafa Daşdəmirov, Avtandil Kosayev, Nəriman Nağıyev, İsa Musayev, Rəfael Daşdəmirov, Əli Yaqubov, Abbas Süleymanov, Məmməd Qəribov, Nağı Yaqubov, Fəxrəddin Yusifov, Nabir Məmmədov kimi alimləri ilə qursalılar fəxr edə bilərdi.
1988-ci il… Yetmiş illik bir dövlətin dağılmağa başladığı tarix. Artıq bu vaxt Ermənistanda, Xankəndində mitinqlər geniş vüsət alırdı. Hiss olunurdu ki, bu həna o hənadan deyil. Bu xəmir çox su aparacaq. Aqambekyanın “təklifləri”, Qorbaçovun “vədi”, Balayanın “Ocağ”ı, Silvanın böhtan və nifrət dolu çıxışları ilə yoğrulmuş xəmir gündən-günə qıcqırırdı. Hadisələr getdikcə düyünlənirdi. Hətta ermənilər azərbaycanlıları da nümayişə cəlb etməyə çalışırdılar. Əhməd Həsənov deyir ki, həmin vaxtlar Spitakda işləyirdim. Bir gün mənimlə işləyən ermənilərdən biri dedi ki, sən də bayraq götür, bizimlə Qarabağa gedək. Mən də dedim ki, Qarabağ çox uzaqdır, Sarıqamış isə bir saatlıq yoldu. Yaxşı olar ki, ora gedək. Belə deyəndə dığalar mənim üstümə töküldülər. O qədər döydülər ki, dişlərim də töküldü. İndi də düzəltdirə bilməmişəm. Yoldaşlarım köməyə gəlməsəydilər, məni ödürəcəkdilər. Artıq bıçaq sümüyə dirənmişdi. Gündə neçə-neçə bəd xəbərlər gəlirdi. Aranın qarışdığı həmin vaxtda uzun müddət Spitakda milis işləyən Rəhim Daşdəmirovu günün günorta çağı armaturla vurub öldürmədilərmi?
Daha rayona getmək mümkün deyildi. Kənddə məktəb də bağlanmışdı. Noyabrın axırlarına yaxın rayondan bir neçə vəzifəli şəxs kəndə gəlib bildirdilər ki, sizin təhlükəsizliyinizə biz cavabdeh deyilik. Maşın da veririk, iki saata kəndi tərk edib, Azərbaycana gedin. Vəziyyət yaxşılaşandan sonra qayıdarsınız. Əslində, onlar camaatı qorxudub kənddən çıxarmaq istəyirdilər. Saral kəndinin camaatı aldandı. Palaz-paltarlarını maşınlara yükləyib kənddən çıxdılar. Maşın karvanı Kirovakandan xeyli aralanandan sonra meşədən yaraqlılar çıxıb onları atəşə tutdular. Ölənlər oldu. Camaatın palaz-paltarını isə ermənilər talan etdilər.
Bütün müsəlman kəndləri boşalmışdı. Qursalılar isə hələ də dözürdülər. Camaatın kənddən çıxmadığını görən ermənilər 1988-ci il noyabrın 27-dən 28-nə keçən gecə kəndə hücum etdilər. Kəndin ətəyində – çalada yüzlərlə şəxsi maşın və avtobuslar dayanmışdı. Onların bəd niyyətlərindən kənddəkilər xəbər tutmuşdular. Ona görə də gündüzdən ehtiyat görmüşdülər. Kəndin cavanları qaranlıq düşəndə qadın və uşaqları kəndin yuxarısındakı meşələrə göndərmiş, kəndin girəcəyindəki məktəb binasını isə səngər etmişdilər. Gecə dörd saat atışmadan sonra erməni yaraqlıları kəndə girə bilməyəcəklərini yəqin edib geri çəkildilər. İgid babaların yolunu davam etdirən cavanlar öz doğma kəndlərini yağılardan bax beləcə qorudular. Bundan sonra ermənilər yolları bağladılar. Kəndlə hər yerin əlaqəsi kəsildi. Hətta Qazaxdan arvad-uşağı çıxartmaq üçün göndərilən vertolyotu ermənilər atəşə tutaraq yerə enməyə qoymadılar.
Qursalılar yenə də dözərdilər – zəlzələ olmasaydı. Zəlzələ günorta baş verdi və çox dəhşətli oldu. Bir anda bütün evlər, hasarlar uçub dağıldı. Zəlzələ sakitləşəndən sonra ölənləri çox çətinliklə uçqunların altından çıxarıb dəfn etdilər.
“Torpağın üzü soyudur”, – deyirlər, – hər şeyi unutdurur. Ötən illər ərzində çox şey unuduldu, amma bir şeydən – zəlzələ qurbanlarından başqa. Budur, mollasız, kəfənsiz, ehsansız, – bir sözlə, urvatsız torpağa tapşırılanlar:
Mamedov Əli Ələkbər oğlu – 1924
Kosayev Əsgər Kazım oğlu – 1941
Vəliyeva Aynaz Mustafa qızı – 1964
Əsgərov Amil Nizami oğlu – 1986
Hacıyev Nazim Əsgər oğlu – 1966
Mamedov Mamed Kərim oğlu – 1954
Kosayev Əfqan Seyfəddin oğlu – 1975
Mustafayev Şərif Məhərrəm oğlu – 1930
Əhmədov Natiq Şahbaz oğlu – 1985
Vəliyeva Sinazər Xəlil qızı – 1958
Əkbərova Rəhilə Allahverdi qızı – 1985
İsmayılova Zəminə Şəmistan qızı – 1983
Əliyeva Güley Elləz qızı – 1915
Dəmirçiyev Abdüləzim Mehdi oğlu – 1918
Mustafayeva Sevgili İbrahim qızı – 1926
Daşdəmirova Sevinc Vahid qızı – 1988
Zəlzələdən salamat çıxanlar haray çəkirdi. Analar saçlarını yolub, fəryad qoparırdı. Əzizlərini itirənlər gavırları lənətləyir, Allahı köməyə çağırırdılar. Qışın şaxtasında hamı çöldə qalmışdı. Salamat qalan evlərə isə heç kəs risk edib girə bilmirdi, çünki yer hərdənbir tərpənirdi. Camaatın köməyinə kişilər, cavanlar gəlirdi. Kimi Saralın düzündə çadır qurur, kimisi də ot tayalarının içində daldalanırdılar. El elə sığınmışdı. Dar gün ürəklərdə olan kin-küdurəti unutdurmuş, insanları necə də mehribanlaşdırmışdı.
Ermənilərin də başı yaman qarışmışdı. Spitak tamam dağılmışdı. Bu qarışıqdan istifadə edən kişilər qadın, uşaq və qocaları vertolyotla Qazaxa göndərə bildilər. Özləri isə uçqunların altından çıxara bildikləri palaz-paltardan yük maşınlarına yığıb kəndi tərk etdilər.
Soyuq qılınc kimi kəsirdi. Havadan barıt və toz-torpaq qoxusu gəlirdi. Maşın karvanı kənddən uzaqlaşdıqca sahibsiz itlərin zingiltisi, toyuqların qaqqıltlsl eşidilməz olurdu. Başını qara buludlar almış Dəli dağ uzaqdan bu kədərli mənzərəni seyr edirdi. Bağ-bağçadakı çılpaq ağaclar sükuta qərq olmuşdu. Deyirlər: “Kişilər ağlamaz”. Amma dönüb doğma kəndə, xaraba qalmış evlərə, elin dərdindən sanki beli əyilmiş dağlara, lal meşələrə baxan gözlərdən yaş axırdı. Adam vardı tələsik torpağa tapşırdığı əzizinə doyunca ağlaya bilməmişdi. Buna heç vaxt da yox idi: hərə öz canının, öz ailəsinin hayında idi.
Qəbir daşlarının hərəsi sanki canlı bir insan olub: “Ey vəfasızlar, bizi burada qoyub hara gedirsiniz?” – deyirdi.
Ürəklər dolu idi, az qalırdı partlasın. Dəhşətlərin şahidi olmuş səksəkəli gecələr keçirmiş, doğma el-obasını birdəfəlik tərk edən bu günahsız insanların ürəklərindən Məmməd Araz misraları keçirdi:
“Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal!”
Məmməd İbrahimin “Dönərik biz Vətənə”kitabından, 1988-ci il