Yer kürəsində hər 0,24 saniyədə 1 uşaq doğulur.
Və hər 0,56 saniyədə bir insan dünyasını dəyişir.
Planetdə 7 milyarddan artıq adam yaşayır.
Və bu milyardların 22 517 750 nəfəri 2011-ci ildə Suriyada yaşayırdı.
Elə həmin ilin martında başlanmış münaqişə nəticəsində artıq 100 000-dən artıq insan həlak olub bu ölkədə.
Əlbəttə, öz əcəli ilə ölənlər də var.
Əlbəttə, dünyaya gələnlər də var.
Və UNİCEF 1 milyondan artıq azyaşlı suriyalının ölkəni tərk edib qonşu dövlətlərə sığındığını bəyan edib. Şərqi Qutada kimyəvi silah tətbiq edildikdən sonra həlak olmuş 1300-dən artıq adamın da təqribən 70 faizinin qadınlar, uşaqlar olduğu bildirirlir…
Bu hadisələr 2013-cü ilin ikinci yarısında baş verir.
Bütün dünyanın gözü qabağında.
Dünya əlbəttə ki, əlini-qolunu yanına salıb oturmayıb. Dünya Suriyaya hücum etməyin vacibliyini vurğulayan və bunun əleyhinə olan ölkələrə bölünüb. Üstəlik, bölünmüş dünya tam başa düşüb, həm də qəbul edib ki, BMT uzaq Nyu-Yorkdakı Manhetten adlı adada yaraşıqlı mənzil-qərargahı olan böyük təşkilatdan başqa bir şey deyil. Və bu dünya Suriyada 2 ildən bəri bir-birini qıran 2 tərəfin hər birini yetərincə dəstəkləyən qüvvələrin mövcud olduğu dünyadır.
Və bir də, bu dünyada kütləvi qırğın silahlarının tətbiqinə çox pis baxırlar. Məntiq də az qala belədir ki, adi silahlarla istədiyin qədər adam qıra bilərsən, amma adamları kimyəvi silahla qırası olsan, məlum olacaq ki, filan qədər konvensiya, saziş pozulub. Bu isə cəzasız qalmamalıdır.
Bu dünyanın biz özəlliyi də var. Bu dünyada deyəsən heç kim müsəlmanların bir-birlərini qırmalarında təəccüblü heç nə görmək istəmir…
Və bu dünyada You Tube adlı videoxostinq xidmətləri göstərən bir servis var.
İnsanlar bu servisdə böyük həvəslə həm Cənubi Koreyadan olan şən, tosqun rəqqas-müğənninin çəkildiyi, Seulun Kannamqu rayonundan bəhs edən klipə baxırlar, həm də eynən “Qurdlar vadisi”ndə olduğu kimi qəfildən qələmi qırılan Müəmmər Qəzzafinin işgəncəli edam səhnəsinə.
Sonra da hamı Bəşər Əsədin adını hallandırmağa başlayır.
Bəlkə bəşəriyyətdən danışmalıyıq daha çox.
Necə bilirsiniz?
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 112-113)