Bakı metropolitenin «28 May» və «Gənclik» stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı – 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə «Ömər-75» təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir.
A.Aslanov «Yerevan-Mineralnıye Vodı-Bakı» marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun «28 May» və «Gənclik» stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur.
İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.
http://www.human.gov.az