Dünyanın aparıcı elmi nəşrlərində faşizm üzərində qələbədə ölkə neftinin oynadığı rol lazımı dərəcədə işıqlandırılmamış, Bakı neftinin dövlətlərarası münasibətlər prizmasından tədqiqi məsələsi isə demək olar ki, araşdırılmamışdır.
Statistik məlumatlar II Dünya müharibəsi ərəfəsində və gedişində Bakının SSRİ-nin mühüm yanacaq bazası olduğunu sübut edir. Belə ki, 1935-ci ildə SSRİ-də istehsal edilən 25 milyon ton neftin 74,9 %-ni, 1940-cı ildə 30,8 milyon ton neftin 22,2 milyonunu (72 %),1941-də33 milyon ton neftin 28,7 milyonunu Qafqaz, onun da 23,5 milyon tonunu Bakı verirdi. Bu da SSRİ neftinin 71,2 %-i demək idi [1]. Sonrakı dövrlərdə Bakının hesabına İkinci Bakı adlanan neft mədənlərinin qurulmasına diqqət yönəldildiyindən Bakıda neft istehsalında azalma müşahidə edilir. Lakin bununla belə Bakı yenə də SSRİ-nin əsas neft mərkəzi olaraq qalır. Belə ki, 1942-ci ildə SSRİ-də istehsal edilən 21,9 milyon ton neftin 15,7 milyon tonu (71,7 %),1943-cü ildə isə 17,9 milyon ton neftin 12,7 tonu (77 %) Bakını payına düşürdü[2]. Ümumiyyətlə 1941-45-ci ildə SSRİ-də istehsal edilən 111,3 milyon ton neftin 75,6 milyon tonu (67,9 %) Bakıda istehsal edilmişdi.
1939-cu ilinavqustunda Almaniyanın SSRİ ilə imzaladığı Molotov-Ribbentrov paktının əsas müddəalarından biri Sovetlərin Almaniyanın yanacağa olan təlabatının ödəməsi idi. 1939-cu il müqaviləsindən sonra Almaniya sovetlərdən neft idxalına başlayır. 1940-cı ildə 626 min (təxminən bütün alman idxalının 1/3-i), 1941-ci ilin əvvəlində isə 258 min ton neft idxal edilir. Bu neft əsasən Qafqazdan gəlirdi. Müqavilənin qüvvədə olduğu 18 aylıq müddətdə Almaniya Sovetlərdən ümumilikdə 911 min ton neft alır. Məhz bu neft hesabına Almaniya 1939-1941-ci illər kampaniyasını əhəmiyyətli surətdə təmin edə bilir. S. Karla görə SSRİ ilə 1939–cu il iqtisadi razılaşması Almaniyaya gələcək müharibəyə hazırlaşmaq üçün lazımı materiallar, xüsusilə neft, dəmir və s. əldə etməyə imkan verir. Almaniya müharibədən qabaq öz daxili ehtiyaclarının cəmi 33 % -ni ödəyirdi. Sovet idxal nefti olmadan alman hərb maşını uzun müddət müharibə apara bilməzdi. II Dünya müharibəsi başlayanda Almaniya sovet neftinə daha artıq ehtiyac duyur. Çünki artıq ABŞ da Almaniyaya neft ixrac etmirdi. Hitler əmin idi ki, onun ehtiyat yanacağı qurtarana qədər sovetlərin əsas neft mədənlərini ələ keçirəcək. Müəllifə görə sovet nefti olmasaydı Hitler SSRİ -yə qarşı müdafiə taktikasına üstünlük verərdi [10,6].
İngiltərə və Fransa hökumətləri sovetlərlə imzalanan bu müqavilə nəticəsində Almaniyanın yanacağa olan tələbatının təmin ediləcəyindən ehtiyatlanırlar. Onlar 1939-1940 –cı illərdə Sovet – Finlandiya müharibəsini bəhanə edib İran və Türkiyə ərazisindən Bakını və Qafqazın digər neft mədənlərini havadan bombalamaq planı hazırlayırlar [12,6;13,69]. Müttəfiqlərin Bakının bombalanmasına dair apardıqları danışıqlar tam təsadüf nəticəsində məlum olur. 1940-cı ilin iyununda almanlar Fransanın La Şarit adlı balaca şəhərinin vağzalında Parisdən çıxarılan gizli arxivi ələ keçirirlər. Bu barədə Qebels 1940-cı ilin iyulun 3-də öz gündəliyində yazırdı : “Fransada bir yefreytor böyük tapıntı edərək Paris və London arasında bütün gizli danışıqların protokolunu tapıb. Böyük tapıntıdır. Biz La Şaritdəki materialları çap edəcəyik. Məhvedici materiallardır” [6,182]. Bunun ardınca Ribbentrop “Ağ kitab” nəşr etdirir. Onun əsas sensasiyası London və Parisin Bakını bombalamaq və Qafqaza hücum planı idi. Sənədlərin nüsxəsi TASS-ın müxbirinə təqdim edilir. “Pravda” qəzetində “Ağ kitab”ın əsasında geniş materiallar çap edilir [6,182]. P.Osborn Böyük Britaniyanın 1939-1940 –cı illərdə Qafqaza “Payk” adlı hücum planı olduğunu bildirir. 1939 –cu ilin sentyabrında SSRİ –nin Polşanın bir hissəsini işğal etməsindən sonra əməliyyata ilkin hazırlıq prosesi başlanmışdı [14,139].A.Viksin fikrinə görə də 1939- cu ilin dekabrında Sovetlərin Finlandiyaya hücumundan sonra Britaniya hakim dairələrində Sovetlərin əsas yanacaq bazası olan Qafqazın neft mədənlərini bombalamaq fikri geniş müzakirə olunmağa başlanır [7,44]. Bakıda neft mədənlərinin şəhərə bitişik olması səbəbindən yüksəkdən uçan təyyarələr vasitəsilə endirilən avia zərbələr nəticəsində şəhərdə kütləvi insan təlafatının mümkünlüyü belə müttəfiqləri bu addımdan saxlamırdı. 1940-cı ilin martın 30-da Hyu Mak-Feylin rəhbərliyi ilə Lokxid təyyarəsi Böyük Britaniyanın İraq ərazisindəki Habbani hərbi bazasından havaya qalxır. 4 nəfərdən ibarət heyətin əsas məqsədi Bakıdakı neft mədənləri üzərində hava kəşfiyyatı aparmaq idi. Saat 11.45-də SSRİ-nin hava məkanına daxil olan təyyarə, 7000 m yüksəklikdə 1 saata qədər Bakı üzərində kəşfiyyat apararaq Habbaniyyəyə qayıdır. Bakını müdafiə edən sovet hava hücumundan müdafiə qüvvələri bu uçuşu qeydə ala bilmirlər. 4 gün sonra -1940-cı ilin aprelin 5-də Batumi üzərində kəşfiyyat uçuşunu yerinə yetirən təyyarə sovetlər tərəfindən atəşə tutulsa da, sağ-salamat bazaya qayıdır. Əldə edilən fotolar əməliyyata başlamaq imkanı verirdi.Lakin Britaniya tədricən Qafqaza hava zərbələri endirmək məsələsinə soyuq yanaşmağa başlayır. Martın əvvəllində 1939-cu ildə sovetlərin Almaniyaya neft ixracını analiz edən İngiltərə hökuməti belə nəticəyə gəlir ki, sovet nəqliyyat və sənaye sisteminin zəifliyi ucbatından bu təhcizat məhduddur.1940-cı ildə də bunun aşağı səviyyədə olacağı proqnozlaşdırılırdı. SSRİ ilə müharibəyə yalnız o vaxt başlamaq məqbul hesab edilirdi ki, bu Almaniyanın məğlubiyyətini asanlaşdıracaq. Lakin indiki halda Rusiya ilə müharibə Almaniyanın məğlubiyyətini heç cür tezləşdirməyi vəd etmirdi [16,20]. Bundan başqa, onlar SSRİ ilə münasibətlərin normallaşacağına ümid edir və özləri Rumıniyadan və Sovetlərdən neft almağa çalışırdılar. Finlandiya müharibəsi sona çatdıqda isə onlar Sovetlərlə əlaqələrin yaxşılaşağacına daha çox inanırlar. Digər tərəfdən Britaniya Fransanın ideyasını müdafiə etməklə yanaşı, Rusiya neft mədənlərinə hücumun yüksək riskini və az effektliyini də nəzərə alırdı. Müttəfiqlərin Cənubu Qafqazın neft mədənlərini bombalamağa dair planına münasibət bildirən C.Bords Sovetlərin 1940-cı ildə Almaniyanın yanacaq istehlakının cəmi 4 %-ni ödəməsinə baxmayaraq, Fransa və İngiltərənin Qafqazdakı strateji obyektləri dağıtmaqla sovetlərin Almaniyaya qoşulmaq şansını sıfıra endirmiş olacağına inandıqlarını bildirir. Bu obyektlərin dağıdılması həmçinin Almanıyanı bir neçə ay, hətta bir il sovet yanacağından məhrum edə bilərdi. İran tərəfinin də 1940 -cı ilin fevralında Britaniya ilə birgə Sovetlərə qarşı müharibəyə qoşulacağına razılıq verməsinə baxmayaraq, Türkiyə İngiltərə və Fransanın təzyiqinə müqavimət göstərirdi [13,21].
1939-1940–cı illərdə aparılan bütün bu intensiv danışıqlara baxmayaraq, istər SSRİ – Finlandiya müharibəsinin başa çatmasından sonra yaranan İngiltərə və Fransa hökumətindəki tərəddüd, istərsə də onlar arasında SSRİ və hərbi əməliyyatla bağlı məsələlərdəki müəyyən ziddiyyətlər Bakını dəhşətli dağıntılardan xilas etdi. Bakıya hücum planı elə plan olaraq da kağız üzərində qaldı.Fransanın məğlubiyyətindən bir neçə ay sonra demək olar ki, Almaniyanın SSRİ yə hücum niyyəti dəqiqləşmişdi. Sovet və hazırki Rusiya tarixşunaslığında Almaniyanın SSRI-ə qarşı 1941-ci il kompaniyasının əsas məqsədinin Moskvanı tutmaq, yalnız 1942-ci ildə əsas hədəfin Bakı nefti olduğu fikri hakimdir. Lakin qərb tarixşunaslığının araşdırılması bu fikrin əsassız olduğunu və hər iki halda əsas hədəfin Bakının zəngin yanacağın əldə edilməsi olduğu təsdiqlənir. Hələ 1940-cı ilin noyabrında H.Gerinq deyirdi : “Ukrayna ərzağı ilə Mərkəzi Avropanı təmin etmək olar…Qafqazın neft mədənlərini ələ keçirmədən isə İngiltərə və ABŞ ilə hava mübarizəsi aparmaq qeyri mümkündür” [5]. Bəzi mütəxəssislər isə ümumiyyətlə, Almaniyanın iqtisadi, xüsusilə yanacaq baxımından müharibəyə hazır olmadığı qənaətində idilər. 1941-ci ilin yanvarın 28 -də F.Qalderin təşkil etdiyi konfransda OKW-nin (Oberkommando de Wehrmacht –Alman ordusunun Quru Qoşunlarının Komandanlığı. Bundan sonra QQK) iqtisadi eksperti general Georq Tomas bildirir ki, müharibə aktiv fazaya keçərsə ölkənin yanacaq ehtiyatları cəmi 2 aya çatar. G.Tomas bildirirdi ki, Ukraynada kənd təsərrüfatı məhsullarını artırmaq burada çoxlu sayda traktor və maşınların istifadəsi ilə mümkündür. Bu maşınları da lazımı miqdarda yanacaqla təmin etmək üçün Qafqazın neft mədənləri dərhal tutulmalıdır. Onun bu cür bədbin proqnozlarının Hitlerin xoşuna gəlməyəcəyini bildirən Keytel Tomasa məruzəsində düzəlişlər etməsini tapşırır. 1941-ci ilin fevralın 13-də G.Tomas Vermaxtın ali komandanlığının qərargah rəisi general-feldmarşal V.Keytel vasitəsilə Hitlerə və Himlerə “Şərqdəki əməliyyatların hərbi-iqtisadi təsiri” adlı geniş məruzə hazırlayır. Burada əvvəlki fikirlərini xeyli yumşaldan müəllif işğaldan qısa müddət sonra Almaniyanın özünün nəqliyyat, ərzaq, yanacaq problemlərini həll edə biləcəyini göstərir. Sovet İttifaqının tam məhvi isə Uraldakı sənaye müəssələrinin dağıdılması ilə mümkün olacağı göstərilirdi. Daha sonra G.Tomas israrla bildirirdi: “Cəld və qətiyyətli addımlarla xammal ehtiyatlarının, nəqliyyat sisteminin, elektrostansiya, kənd təsərrüfatı maşınlarının, ən əsas isə Qafqazın neft mədənlərinin dağıdılmasının qarşısını almalıyıq. Qafqaz nefti işğal edilən ərazilərin idarəsi üçün olduqca vacibdir” [15,147].1941-ci ilin martında o, bildirirdi ki, Şərqdə hərbi əməliyyatlar başlayacağı təqdirdə oktyabrda ölkənin mazut-neft ehtiyatı qurtara bilər. Bunun yeganə həll yolu “mümkün qədər tez Qafqaz neftini, heç olmasa Maykop və Qroznının neft mədənlərini tutmaq və istifadəyə verməkdir. Bu olmasa biz 1941-ci ilin sentyabrından sonra hərbi əməliyyatlarda ciddi problemlərlə üzləşəcəyik” [15,147]. 1941 -ci ildə Almaniya baş komandanlığı qeyd edir ki, bir aylıq hərbi tələbat 986 min, idxal və daxili istehsal isə 728 min ton olduğundan ölkənin neft ehtiyatı 1941 –ci ilin avqustuna qurtaracaq. SSRİ-yə qarşı müharibə başlayacağı təqdirdə kəsirin 26 % ni Rusiya neftinin (Qafqazın) hesabına ödənilməsi nəzərdə tutulurdu [19]. Hitler Tomasın məruzəsini hiddətlə oxuyur. Və bunu “məğlubiyyətçi məruzə”, “yoxsul fantaziya” məhsulu adlandırır. Hitler və H.Gerinqin qəti inamı varıydı ki, müharibə uzaqbaşı bir neçə həftə çəkəcək. Lakin alman rəhbərlərinin səhv hesabı müharibənin elə ilk həftələrindən özünü göstərir. G.Stephenin fikrincə də 1941 -ci ildə Almaniyanın qələbə qazanmasının yeganə yolu mümkün qədər tez Qafqazın neft mədənlərini tutmaq idi [15,148]. D.Yergin və A.Şper kimi müəlliflər də 1940-cı ilin sonunda SSRİ–yə qarşı hücuma qərar verilməsində əsas səbəbin sovet neft mədənlərini ələ keçirmək cəhdi ilə izah edir [17,317].
1941–ci il yanvarın 21 və martın 18-də H.Gerinq Almaniyanın iri konsern və bank rəhbərləri ilə görüş keçirir. Burada nasistlərin işğal etdiyi və işğal edəcəyi bütün neft rayonlarının, xüsusilə Qafqazın neft rayonları və neft emal edən müəssələrinin özəl şirkətlərin nəzarətinə verilməsi məsələsi müzakirə edilir. 27 mart 1941–ci ildə dövlətlə özəl şirkətlər razılığa gəlir və nəticədə “Kontinental neft” şirkəti yaradılır [6,203]. Onun əsas səhmdarları və müşahidə şurasının üzvləri “İQ Farben”, “Döyçe bank”, “Drezden bank” , “Vintersxall AQ”, “Döyçe oyl AQ”, “Proyssaq”, “Brabaq” və s. şirkətlər idi. Səhmdar cəmiyyətə rəhbərliyi “İQ Farben” şirkətinin sədri E.R.Fişer, Reyxsbank və “Döyçe bankın” sədri K.Blessinq edirdi. 1941–ci ilin aprelində formalaşması başa çatmış bu böyük idarənin 6845 əməkdaşı vardı. Yalnız 1941–ci ilin aprelində alman iqtisadi nəşrləri cəmiyyətin yaradılması haqqında məlumat verirlər. SSRİ–yə hücumdan dərhal sonra cəmiyyət “neft sahəsində istehsal-təsərrüfat tədbirlərin, neft istehsalı, emalı, nəqli və neft məhsullarının ticarəti” hüququnu əldə edir. Az sonra 4 illik planın lazımı şəkildə yerinə yetirilməsinə və “İ.G.Farben” konsernin işinə aktiv dəstəyi müqabilində Bakı neftinin istismarı konsenssiyası 99 illiyə şirkətə verilir. Buna görə şirkət qazancının 7,5 % miqdarında dövlət büdcəsinə ödənişlər etməli idi. Bu müqavilədə neftin birbaşa mülkiyyətçisi olan Azərbaycan xalqı haqqında heç nə deyilmədiyindən bu Şərq Nazirliyinin Qafqaz Şöbəsinin başçısı Mayer-Mendeddə kəskin reaksiya doğurur. O, bu cür siyasətin düzgün olmadığını və sovet imperiyasında yaşayan xalqların Almaniya ilə əməkdaşlıqdan çəkinəcəyini bildirir. Mendenin sözlərinə görə Bakı neftinin istismarı komissarı vəzifəsinə Noybaxeri (O, 4 illik planı həyata keçirən nazirlikdə çalışırdı) təyin etmək planlaşdırılırdı. Noybaxer təkcə Neft istehsalı və mümkün təxribatların qarşısını almaq üçün işlərin mərkəzləşdirilməsinin yox, həmçinin neft istehsal edən müəssələrin və Bakı neftini Qara dəniz istiqamətində daşıyan Bakı–Batum neft kəmərinin qorunmasının da ona tapşırılmasını istəyir.
1941-ci ilin payızında Reyxlə “Kontinentalen Öl” səhmdar şirkəti arasında gizli müqavilə imzalanır. SSRİ-nin digər ərazilərinin iqtisadi istismarı işini Gerinq general Tomasın başçılıq etdiyi Təsərrüfat İdarəsi – “Oldenburq”a tapşırır (sonralar bu İdarə “Şərq” təsərrüfat İdarəsi adlanır). SSRİ-nin işğal edilmiş ərazilərində iqtisadi vəziyyətə nəzarət üçün 1941-ci ilin aprelində Şubertin başçılığı ilə “Oldenburq” iqtisadi qərargahı yaradılır. Qərargahın yerlərdə 5 təsərrüfat müfəttişliyi və filialları yaradılmışdı. IV müfəttişlik Bakı (kod adı Vestfalen) adlanır. Onun təsərrüfat komandaları Krasnodar, Qroznı, Tbilisi, Bakıda və 1 filialı Batumda yerləşirdi [6,204]
Sovetlər üzərində qələbəyə tam əmin olan Hitler hətta 1941 –ci ildə “Qafqaz neft idarəsi ” yaradılması haqqında əmr də verir [17,336]. İdarənin əsas məqsədi dağıdılmış quyuların və emal zavodlarının bərpası idi ki, mədənlər tezliklə fəaliyyət göstərə bilsinlər. 1942–ci ilin əvvəllərində idarənin strukturu genişlənir. İdarə “Qafqaz neft briqadası” adlanmağa başlanır. Bu yarım hərbi birlik 10.794 şəxsi heyət, 1.142 maşın, 6 təyyarə və s. texniki avadanlıqlara malik idi. Briqada ordunun arxasınca dərhal Qafqaz neft mədənlərinə daxil olmaq vəziyyətinə gətirilmişdi.
1941-ci ildəki məğlubiyyətindən nəticə çıxaran Almaniya 1942-ci ildə əsas diqqətini Qafqazın, xüsusilə də Bakının zəngin neft yataqlarını ələ keçirməyə yönəldir. 1942-ci ilin iyunundan başlanan hərbi əməliyyat növbəti aylarda daha təhlükəli xarakter alır. General Kleystin başçılığı ilə almanlar 1942-ci ilin sentyabrın 6-da Qroznı- Mahaçqala- Bakı istiqamətindən hücuma keçirlər. Plana əsasən sentyabrın 25-də Bakı tutulmalı idi. Hitler deyirdi ki, Bakı tutulsa Sovet tank və təyyarələri “dəmir oyuncağa” dönəcəklər [18,31].
1942-ci ilin sentyabrın 16 -da Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi haqqında qərar qəbul edir. DMK-i Mahaçqala, Dərbənd, Bakıda müdafiə xəttinin tikilməsinə qərar verir. Bu iş üçün Mahaçqalada 10 min, Bakıda isə 8 min insan cəlb edilir. Bakı müdafiə xətti Nasosnı, Kaun dağı, Səngəçaldan keçirdi [3].Baş Komandanlıq 1942-ci il sentyabrın 24-də Cənubi Qafqaz Respublikalarında hərbi vəziyyət elan edir. Bakı müdafiə zonası yaradılır, istehkamlar quraşdırılır.
Sovet komandanlığı da Qroznı və Bakı istiqamətində almanların cəbhəni yara bilmək ehtimalını yüksək qiymətləndirərək, avqust-sentyabr ayında 90 min mülki şəxsi əsas etibarilə Qroznı, Mahaçkala, “Dərbənd darvazası” və Bakının özündə gecə gündüz istehkam işlərinə cəlb edirlər. Mozdoku tutan alman ordusu Qroznının cəmi 65 milliyində sovet ordusu tərəfindən dayandırılır. Almanlar bu qədər ehtiyatda olan sovet ordusuna xeyli təəccüblənirlər. Sovetlər Krasnovodskdan Bakıya oradan da dəmir yolu və nəqliyyat vasitəsilə Qafqaz cəbhəsini xeyli gücləndirə bilirlər [21,301].
1942–ci il oktyabrın 14-ü əmrinə əsasən isə almanların Stalinqraddakı və Qafqaza hücuma cəlb edilən hissələri istisna olmaqla digər qüvvələrinə müdafiəyə hazırlığa dair göstəriş verilir. Qafqazın neft mədənlərini tutmaq ümidini itirən Hitler oktyabrın əvvəllərində Qroznı, Saratov, Kamışın, Həştərxan və Bakının neft və sənaye mədənlərini bombalamağa dair göstəriş verir [15,471]. Almanlar ələ keçirdikləri Stavropol aerodromundan Qroznı və Bakını bombalamaq imkanına malik idilər. 1942-ci il oktyabrın 10-da Qroznı bombalanır. Sovet aviasıyası Stavropolu dağıtdığından almanlar Bakıya yaxınlaşa bilmirlər [ 22 ]. 1942 –ci ilin oktyabrın 25-də Kleyst Qafqaz istiqamətində son hücum cəhdini edir və oktyabrın 29-da Ardan çayına çatır. Noyabrın 1-də 13-cü Panzer hissələri Osetiya hərbi yoluna çıxırlar, daha sonra isə almanlar Gürcüstan hərbi yolunun üzərində olan Orcenikidzeyə 10 mil məsafəyə qədər yaxınlaşırlar. Bakıya çatmaq üçün almanlar qüvvələrini 2 dəfə artırırlar. Lakin Orconikidzeyə bir neçə mil qalmış sovet ordusu əks hücuma keçir.
Lakin 1942-ci ilin noyabr ayında belə Bakının Almaniya təyarələri tərəfindən bombalanma ehtimalı qalırdı. Belə ki, 1942-ci il noyabrın 10-da iclasda Bağırov bildirir ki, Hitler Bakını tutmaq ümidini itirdiyindən buranın bombalamağa cəhd edəcəyi ehtimalı böyükdür [ 4].
Azərbaycan tək nefti ilə deyil, həmçinin mühüm coğrafi məkan kimi də Hitler Almaniyası və müttəfiqlər üçün böyük əhəmiyyət daşıyırdı. Hitler Azərbaycanı tutmaqla böyük neft yataqları olan İran və İraqa çıxış əldə etməyə can atırdı. Bu regionları ələ keçirməklə o həm özünün yanacağa olan ehtiyacını tam ödəmək imkanı əldə edər, həm də İngiltərəni yanacaq bazasından məhrum edə bilərdi. Bu dövrdə Hitler artıq Hind okeanına çıxıb Yaponiya ilə əlaqə yaratmaq haqqında fikirləşirdi [19,824]. 1942-ci ilin oktyabrında düşmənin əsas qüvvələri Orjonikidze ətrafında məhv edilib qovulur. Qafqaz döyüşlərində almanlar 100 min əsgər itirirlər. Bundan daha vacib isə qələbəyə olan son ümidlərini də itirirlər. II Dünya müharibəsi ərəfəsində və gedişində yanacağın əhəmiyyətinin nə qədər böyük olduğu, Bakı neftinin dünya siyasətində və faşizm üzərində qələbədə oynadığı rolu araşdırilaraq daha geniş təbliğ olunması bu günün özündə də aktuallığını saxlamaqdadır.
İstifadə edilmiş ədəbiyyat
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi. f 1, siy. 169, iş 110, v. 2
- Yenə orada : f 1, siy. 28, 198
- Yenə orada : f. 1, siy. 27, iş 92, v. 3
- Yenə orada : f. 1, siy 27, iş 65
- Айхольц,Д.Цель Германии в войне против СССР [elektron resurs] / Новая и новейшая история, №6, – 22 с. https://scepsis.net/library/id_704.html
- Мурадалиева, Э. Кровь земная –нефть Азербайджана и история/Э.Мурадалиева. – Баку :Мутарджим, – 2005.– 256 с.
- Albert, L. W. Russia’s Life-Saver Lend-Lease Aid to the U.S.S.R. in World War II / L.W.Albert. – United Kingdom : Lexington Books, – 2010. – 187 p.
- Avram, Lytton British Aid to the Soviet Union, June – September 1941 [elektron resurs]/ – University of Calgary, Alberta – 2012. – 150 p. https://prism.ucalgary.ca/bitstream/handle/11023/255/ucalgary_2012_lytton_avram.pdf; jsessionid=52945C61D8259147437E88BFFF748B39?sequence=2
- Cooke and Roy Conyers Nesbit “Target : Hitlers Oil, Allied Attack on German Oil Supplies 1939-1945” London/1985
- Samantha, Carl The Buildup of the German War Economy: The Importance of the Nazi Soviet Economic Agreements of 1939 and 1940: [elektron resurs]/ – 40 p. https://www.millersville.edu/holocon/files/the-buildup-of-the-german-war-economy.pdf
- Joel Hayward “Hitler’s Quest for Oil: the Impact of EconomicConsiderations on Military Strategy, 1941-1942” The Journal of Strategic Studies, Vol.18, No.4 December 1995 London94-135
- Jonathan, Morales Oil and World War II in the Eastern front: [elektron resurs] / Morales. – 2012. – 29 p. https://www.academia.edu/4082010/Oil and WWII on the Eastern Front
- Burds, Jeffrey The Soviet War Against ‘Fifth Columnists’:The Case of Chechnya, 1942–44 // Journal of Contemporary History, Los Angeles – 2007, vol 42 no 2, 48-60.
- Osborn, Patrick R. Operation Pike Britain Versus The Soviet Union, 1939 – 1941 / P.R.Osborn. – USA : 2010. – 274 p.
- Stephen, G.Fritz Ostkrieg: Hitler’s War of Extermination in the East:[elektron resurs]/ – University of Kentucky : 2011. – 979 p. http://willzuzak.ca/cl/bookreview/Fritz2011Ostkrieg.pdf
- Avram, Lytton British Aid to the Soviet Union, June September 1941 [elektron resurs]/ – University of Calgary, Alberta – 2012. – 150 p. https://prism.ucalgary.ca/bitstream/handle/11023/255/ucalgary_2012_lytton_avram.pdf; jsessionid=52945C61D8259147437E88BFFF748B39?sequence=2
- Daniel, Yergin The Prize : The Epic Quest for Oil, Money and Power/ New York : 1991. – 945 p.
- Gaffarof, Tahir Azerbaijan in The Second World War. The contribution of azerbaijan on a victory above a fascizm in the Second World War / T.Gaffarof. – London – 2000. – 65 p.
- William, L.ShirerThe Rise and Fall of The Third Reich / W.L.Shirer. – New York : 2011. – 1280 p.
- Becker, Peter W. The Role of Synthetic Fuel in World War II Germanyimplications for today? : [elektron resurs] / – http://luftwaffelovers.blogspot.com/2016/05/the-role-of-synthetic-fuel-in-world-war.html
- Alexander, Werth Russia at War 1941-1945 : [elektron resurs]/ – New York E. P. Dutton & Co, inc , 1964. – 1110 p. https://knigogid.ru/books/319368-russia-at-war-1941-1945/toread/page-2
- World War II and Azerbaijan [elektron resurs] / V.Agayev, F.Akhundov, F.T. Aliyev [and oth.]– Baki : 1995 – 78 p. https://www.azer.com/aiweb/categories/magazine/32_folder/32_articles/32_ww22.html
İl | SSRİ
milyon ton |
Bakı
milyon ton |
II Bakı | 1941-45 SSRİ
milyon ton |
Bakı 1941-45
milyon ton |
|
1940 | 30,8 | 22,2 | 72 % | 1,86 % | 111,3 | 75,6 67,9 % |
1941 | 33 | 23,5 | 71,2% |
|
|
|
1942 | 21,9 | 15,7
(plan 18,2 idi) |
71,7 % | |||
1943 | 17,9 | 12,7 | 77 % | |||
1944 | 18,3 | 11,8 | 64,5% | |||
1945 | 20,2 | 11,9 | 59 % | 14,6 % (əlavə cəmi 4 mil.) |
Ruslan Ağamalıyev
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun dissertantı
Fotoşəkil Topwar.ru saytından götürülüb.