Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Türkiyə hissəsinin, Ceyhandakı dəniz ixrac terminalının və bütövlüklə BTC ixrac boru kəməri sisteminin tam istismara verilməsindən 16 il ötür. Üç dənizin əfsanəsi hesab edilən BTC üç ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən BTC kəmərinin ötürücülük gücü gündəlik 1,2 milyon bareldir. 2006-cı ilin iyulun 13-dən indiyə qədər bu boru kəməri vasitəsilə 463 milyon tondan çox Azərbaycan nefti Xəzərdən Aralıq dənizinə nəql olunub.