Noyabrın 27-də Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Konfransın keçirilməsində məqsəd qızılbaşların kökləri və kimliyi haqqında biliklərin formalaşdırılması, qlobal qızılbaş icmasının yenidən birləşməsinə səbəb ola biləcək ünsiyyətin təşviq edilməsidir.
Tədbir çərçivəsində bir sıra mövzularda panel müzakirələr aparılacaq.
Konfrans öz işinə noyabrın 30-da yekun vuracaq.
Qeyd edək ki, Qızılbaş hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açıb. Bu tayfanın hakim mövqedə olduğu Səfəvilər dövləti həm də “Qızılbaşlar dövləti” adlandırılıb. Səfəvilər dövləti bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-Şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib.
Azərbaycanın tarixi torpaqlarından köçərək digər ölkələrdə məskunlaşan Qızılbaş əsilli soydaşlarımızın öz mənşəyinə qovuşmaq imkanı vermək, onların birgə fəaliyyətini koordinasiya etmək, onlara Azərbaycan dili və mədəniyyətini tanıtmaq, ölkəmizə, cəmiyyətimizə inteqrasiya etmək məqsədilə 2022-ci ildə Kanadada Qızılbaş Qlobal İrsi Təşkilatı təsis olunub.