Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib
Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söylədi.
-Əziz xanımlar və cənablar.
Əziz dostlar.
Azərbaycana xoş gəlmisiniz. Şadam ki, təklifimizi qəbul etmisiniz və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirak edirsiniz. Bu gün biz ötən il ərzində görülən işləri nəzərdən keçirəcəyik və əlbəttə ki, gələcək planlarımız barədə danışacağıq. Şadam ki, qonaqlarımız arasında köhnə və yeni dostlarımız var. Mən, xüsusilə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər bir toplantısında iştirak edən Avropa Komissiyasının vitse-prezidenti cənab Şefçoviçi salamlamaq istərdim. Avropa Komissiyasının bu layihənin həyata keçirilməsinə dəstəyi çox mühümdür.
Bu gün mən, həmçinin yüksək səviyyəli nümayəndələri – burada bizimlə birlikdə olan ABŞ və Birləşmiş Krallıq hökumətlərinə təkcə “Cənub Qaz Dəhlizi” layihəsinə deyil, 1990-cı illərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığımı ifadə etmək istərdim. Xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri ABŞ və Birləşmiş Krallıq hökumətləri tərəfindən güclü şəkildə dəstəklənib. Bu dəstək davam edir və onu göstərir ki, bu ölkələrlə yaxın tərəfdaşlığımız, əlaqələrimiz bizim hamımıza öz məqsədlərimizə çatmağa kömək edir. Əlbəttə ki, mən Cənub Qaz Dəhlizinə üzv olan ölkələrdən – Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliyadan olan tərəfdaşlarımızı, yüksək səviyyəli hökumət rəsmilərini, həmçinin tərəfdaşlarımızı, böyük komandanın gələcək üzvlərini salamlamaq istərdim. Mən artıq onları böyük komandanın üzvləri hesab edə bilərəm, çünki biz artıq Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalamışıq. Şadam ki, bugünkü toplantıda bizə dost ölkələr olan Rumıniya və Türkmənistandan nümayəndələr ilk dəfə olaraq iştirak edirlər. Onların bu toplantıda iştirakı, həmçinin bizim layihəmizə böyük əhəmiyyət verdiklərini nümayiş etdirir.
Sözsüz ki, “Şahdəniz”, TANAP və TAP-a üzv olan şirkətlərin və maliyyə institutlarının güclü əzmi olmadan layihənin icrası mümkün olmazdı. Mən verdikləri töhfələrə, əzm və maliyyə dəstəyinə görə şirkətlərin və dünyanın aparıcı maliyyə institutlarının nümayəndələrini alqışlayıram. Əslində, sizin Şuranın toplantısında iştirakınız onu göstərir ki, biz hamımız üçün mühüm əhəmiyyət kəsb edən qlobal layihələr, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi layihələri və regionumuzda beynəlxalq əməkdaşlığı gücləndirəcək layihələr həyata keçirən çox güclü və səmərəli komanda yaratmağa müvəffəq olmuşuq.
2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi, çünki biz səylərimizi əlaqələndirməyə böyük ehtiyacın olduğunu aydın başa düşürdük. Əvvəlki illərdə Azərbaycan qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə birlikdə mühüm enerji layihələri həyata keçirib. Lakin bu dəfə daha çox ölkə və şirkət cəlb olunmuşdu, ona görə də bizim əlaqələndirməyə, maksimum səmərəliliyə ehtiyacımız var idi. Mən çox şadam ki, Avropa Komissiyası bu təşəbbüsü dərhal dəstəklədi və dördüncü toplantı Avropa Komissiyası və Azərbaycan tərəfindən təşkil olunub. Mən layihənin həyata keçirilməsinə verdiyi böyük töhfəyə görə bir daha cənab Şefçoviçə xüsusi minnətdarlığımı bildirmək istərdim.
Biz artıq dördüncü dəfədir görüşürük. Bu əməkdaşlıq formatı artıq səmərəli olduğunu və çox yaxşı nəticələrə yol açacağını sübut edib. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra – 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq.
1994-cü il faktiki olaraq bizim tariximizdə, Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi oldu. Bu, həmçinin Azərbaycanı dünya ictimaiyyətinə təqdim etdi, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neft və qaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açdı və Azərbaycanın etibarlı tərəfdaş olduğunu və investorlar üçün maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında olduğunu nümayiş etdirdi. Mən, sadəcə olaraq, xatırlatmaq istərdim ki, bizim bütün əsas neft və qaz müqavilələrimiz parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun kimi imzalanır. Bu da investorların investisiyalarına maksimum təminat verir. İki il keçəndən sonra – 1996-cı ildə “Şahdəniz” qaz kondensatı layihəsi üzrə müqavilə imzalandı və hazırda “Şahdəniz” hələ ki, Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bu da bizim tariximizdə mühüm hadisə oldu, çünki bu, bizə yenidən milyardlarla investisiya cəlb etməyə kömək etdi və Azərbaycan neft istehsal və ixrac edən ölkədən qaz istehsal və ixrac edən ölkəyə də çevrildi. Bu gün bu iki əsas enerji layihəsi regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır. Bu, regionları və qitələri birləşdirən əsas kəmər infrastrukturunun tikintisini stimullaşdırdı. Bu gün bu iki meqalayihə regionda və Avropada enerji təchizatını şaxələndirməyə kömək edir. Sonra dənizə çıxışı olmayan ölkə kimi beynəlxalq bazarlara çıxışımız olmadığından, biz kəmərlər tikməli olduq və bunun üçün bizim artıq regional əməkdaşlığa ehtiyacımız yarandı. Düşünürəm ki, bu da planlarımızı yaxşı nümayiş etdirdi. Beləliklə, Bakı ilə Gürcüstanın Supsa dəniz limanını birləşdirən ilk kəmər 1990-cı illərin sonunda açılaraq xam neft nəql edən kəmərlə Xəzər dənizi ilə Qara dəniz arasında ilk bağlantı yaratdı. Lakin bu, yetərli deyildi, çünki bizim neft ehtiyatlarımızın tam şəkildə işlənməsi üçün bu kəmərin tutumu kifayət etmirdi. Bu səbəbdən də əsas neft kəmərinin tikintisi planlaşdırıldı və 2006-cı ildə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurlu açılışı oldu. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycandan deyil, Xəzər dənizinin o biri tərəfində olan – Xəzərin şərq sahillərindəki yataqlardan neft nəql etməklə artıq Azərbaycanı tranzit ölkəyə, tranzitdə etibarlı tərəfdaşa çevirir.
2007-ci il də bizim tariximizdə mühüm il olub. Çünki Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra bizim qazımız Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı. Biz “Şahdəniz” yatağının işlənilməsinin yeni mərhələsi üçün yeni imkanların yaradılması yollarını müzakirə edirik. Əlbəttə ki, bizim qazımızı Türkiyə və Avropaya ixrac etmək üçün diametri daha böyük olan kəmərə ehtiyacımız var idi və 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə Trans-Anadolu – TANAP kəmərinin tikintisi üzrə tarixi sənəd imzaladı. Düşünürəm ki, bu tarix regional inkişaf, əməkdaşlıq bizim ölkələrimiz üçün iqtisadi faydalara güclü təsir göstərəcək. Çünki bu da müasir tarixdə dönüş nöqtəsi oldu. TANAP Cənub Qaz Dəhlizinin fundamental elementlərindən biridir və 2012-ci il faktiki olaraq, “Şahdəniz-2”yə əsas investisiyalara qapı açdı. Çünki bundan sonra – 2013-cü ildə “Şahdəniz-2”yə investisiya yatırmaqla bağlı qərar qəbul olundu. TANAP olmadan bu, mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu. Beləliklə, bu, görülən işlərin qısa tarixçəsidir. Əlbəttə, bu tarixçə onu göstərir ki, biz 20 ildən çoxdur Cənub Qaz Dəhlizinin həyata keçirilməsi istiqamətində irəliləyirik. Bu 20 il uğur, nailiyyətlər, inkişaf, transformasiya və regional əməkdaşlıq illəri olub.
Bu gün bizim artıq təkcə Azərbaycan, Gürcüstan, Türkiyə kimi üç ənənəvi müttəfiqi deyil, daha çox ölkəni əhatə edən güclü regional əməkdaşlıq formatımız var. Ötən görüşümüzdən sonra keçən dövr ərzində Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə olunub. Mən sizin və Azərbaycan xalqının diqqətinə bəzi rəqəmləri çatdıracağam. Çünki bu masa arxasında əyləşənlər bizim hansı mərhələdə olduğumuzu yaxşı bilirlər. Lakin mən demək istərdim ki, son bir ildə layihənin icrası çox uğurlu olub. Biz Cənub Qaz Dəhlizinin 4 elementinin hamısı ilə bağlı yaxşı irəliləyişə nail olmuşuq. “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxunu tamamlamışıq. Müqayisə üçün, bir il əvvəl bu rəqəm 90 faiz olub. Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb, bir il əvvəl bu rəqəm 90 faiz olub. TANAP-ın icrası 95 faizə yaxınlaşır, bir il əvvəl bu, 70 faizə yaxın olub. TAP-ın icrası bir il əvvəlki 34 faizlə müqayisədə 70 faizə yaxın, ola bilsin ki, 66-67 faiz tamamlanıb. Beləliklə, bu, həqiqətən də çox mühüm inkişafdır. Bu, onu göstərir ki, 2017-ci il bəlkə də layihənin icrasında həlledici il olub və hazırda biz yekunlaşmağa çox yaxınıq. Mən, həmçinin bildirmək istərdim ki, 20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlıq həqiqətən də regionumuzda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayıb. Çünki bu regional əməkdaşlıq təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmayıb, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaradıb. Eyni zamanda, bu, bizə diqqəti digər nəqliyyat layihələrinə cəmləşdirməyə imkan verib. 2017-ci ilin fevralında sonuncu görüşümüzdən sonra keçən dövrdə regionda başqa mühüm bir hadisə baş verdi. Ötən il oktyabrın sonunda Bakıda biz təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsi olan yeni layihənin – Bakı-Tbilisi-Qarsın açılışını etdik. Bu, artıq Asiyadan Avropaya ən qısa yoldur, yüklərin daşınmasına sərf olunan zamanı iki dəfədən çox azaldır və artıq şirkətlərə xidmətlər göstərir. Əminəm ki, onlar bu layihəni ciddi şəkildə əsas prioritetlərindən biri hesab edəcəklər. Bu gün artıq yüklərin artması onu göstərir ki, Bakı-Tbilisi-Qars yeni İpək Yolu layihəsinin çox mühüm elementi olacaq. Sözsüz ki, burada, Qafqazda, Gürcüstan, Türkiyə və Azərbaycan arasında güclü regional əməkdaşlıq olmasaydı, neft-qaz layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Qars bəlkə də reallıq üçün deyil, sadəcə, tarix üçün bir layihə olacaqdı. Bu, bizim əldə etdiyimiz real nəticədir. Bu gün biz artıq geniş komanda ilə bu masa arxasında əyləşərkən görürük ki, Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr arasında eyni əməkdaşlığı yarada bilərik. Bu, artıq baş verir və tərəfdaş ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı həqiqətən də bunu nümayiş etdirir. Hələ ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Lakin düşünürəm və əminəm ki, gələcəkdə biz Azərbaycanda əlavə həcmdə resurslara malik olacağıq. Çünki bu gün biz beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə yeni layihələr, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyirik. Xüsusilə tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır.
Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır. Həmçinin böyük qaz potensialı olan iki yataq – “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur – 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən xeyli çox olur. Məsələn, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Təvazökarlıqla desək, hazırda bu rəqəm iki dəfə çox – 1 milyard tona yaxındır. Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərənin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz milli təhlükəsizlikdən danışarkən əlbəttə ki, hazırda enerji təhlükəsizliyi ən vacib elementlərdən biridir. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir, bizdə bu, marşrutların və mənbələrin şaxələndirilməsidir. Bu, əsl şaxələndirmədir. Çünki təkcə marşrutların şaxələndirilməsi bizimkindən bir qədər fərqlidir. Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir. Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın. Bu səbəbdən, başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir. İstehsalçıların və ya istehsalçının, – hələ ki, cəmi bir istehsalçı var – Azərbaycan, – tranzit ölkələrin və istehlakçıların maraqları tam şəkildə nəzərə alınır və Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və Cənub Qaz Dəhlizinin üzvü olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq.
Əlbəttə ki, əvvəlki layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizə yeni faydalar verir. Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb. Biz işsizlik və yoxsulluğu azaltmaq üçün enerji ehtiyatlarından düzgün şəkildə istifadə etməyə müvəffəq olmuşuq. Son 15 ildə əhalimizin 1,5 milyon nəfər artmasına baxmayaraq, işsizlik səviyyəsi çox aşağı – 5 faizdir. Yoxsulluq səviyyəsi 5,4 faizdir, savadlılıq səviyyəsi 100 faizə yaxındır.
Biz iqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırmışıq, iş yerləri açmışıq, müasir infrastruktur layihələri yaratmışıq. 2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. Burada iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Düşünürəm ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir. Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə var. Bu, o deməkdir ki, biz rəqabətlilik və inkişafa görə 33-cü və 35-ci yerdəyik. Bu, bizim enerji amili ilə dəstəklənən siyasətimizin göstəricisi və siyasətimizin nəticəsidir. Sözsüz ki, biz Azərbaycanda yeni enerji inkişafı ilə bağlı tərəfdaşlarımızla fəal şəkildə işləməyə davam edəcəyik. Lakin, eyni zamanda, qonaqlarımıza məlumat vermək istərdim ki, əlbəttə, bizim üçün ən vacibi qeyri-enerji sektorudur. Bütün bunlar qısaca olaraq ölkəmiz və tərəfdaşlarımız üçün layihənin faydaları haqqında məlumat idi və onu göstərir ki, Avropanın uzunmüddətli enerji layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsi ölkələrimizə müsbət nəticələr verəcək. Bir daha bizimlə birlikdə olduğunuza görə təşəkkür etmək istərdim. Fürsətdən istifadə edərək, sizi gələn il Məşvərət Şurasının beşinci toplantısına dəvət etmək istərdim. Düşünürəm ki, həmin vaxta qədər Cənub Qaz Dəhlizinin 3 mühüm seqmenti artıq işə salınmış olacaq və bizim qazımız öz bazarlarına çıxış əldə edəcək.
x x x
Azərbaycanın energetika naziri Pərviz ŞAHBAZOV dedi:
-Cənab Prezident, icazə verin, bizim üçün rəhbər prinsipləri ortaya qoyan hərtərəfli çıxışınız üçün Sizə “Çox sağ olun” deyim. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının keçirilməsi təşəbbüsü ilə dörd il bundan əvvəl çıxış etdiyiniz üçün Məşvərət Şurasının adından Sizə dərin minnətdarlığımızı bildirmək istəyirəm. Bu forum iştirakçılara əməkdaşlığı inkişaf etdirmək və nəticələrə nail olmaq imkanı yaradıb. Cənab Prezident, biz Avropa, Azərbaycan və digər iştirakçı ölkələrin təhlükəsizliyini və inkişafını artıracaq Cənub Qaz Dəhlizinin yaradılmasında Sizin baxışınızı xüsusilə qiymətləndiririk. İcazə verin, sözü çıxış etmək üçün Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti cənab Maroş Şefçoviçə verim. Cənab Şefçoviç, söz sizə verilir.
x x x
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış etdi.
-Çox sağ olun, cənab Prezident.
Nazirlər, zati-aliləri, xanımlar və cənablar.
Əvvəla burada olmaq məni həqiqətən də məmnun edir. Ötən dörd ildə bu vaxt təqvimimizdə müntəzəm səfər vaxtı olmuşdur. Çünki biz Məşvərət Şurasının toplantılarının çox faydalı olduğunu hesab edirik. İlk dəfə dörd il bundan əvvəl müzakirələr zamanı biz keçmişin səhvlərindən nəticə çıxarmağı və Cənub Qaz Dəhlizi kimi mühüm layihənin həm siyasi müstəvidə, həm də biznes müstəvisində daim diqqət tələb etdiyini qərara aldıq. Biz layihənin gedişatını qiymətləndirmək, problemləri vaxtında aşkar etmək və vaxtında həll etmək üçün müntəzəm olaraq qarşılıqlı əlaqədə olmalıyıq və toplantılar keçirməliyik. Hesab edirəm ki, dörd il davam edən bu sıx əməkdaşlıq açıq-aydın sübuta yetirdi ki, bu, çox düzgün seçim idi. Çünki layihənin gedişatı həqiqətən də çox təsirləndiricidir. Biz bilirik ki, bu dörd illik müddət asan olmamışdır. Biz qlobal enerji bazarında yeni dinamizmi müşahidə etdik, biz enerji qiymətlərinin dəyişdiyini gördük, biz İkinci Dünya müharibəsindən bəri hələ də ən böyük iqtisadi böhranın öhdəsindən gəlirik. Biz, həmçinin tarixi Paris müqaviləsinin imzalanmasına gətirib çıxaran iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün yeni yolları nəzərdən keçiririk.
Beləliklə, biznes və enerji sektorunun ümumi ab-havası və dinamikası tamamilə yeni bir quruluşa malik idi və mən deyərdim ki, görünməmiş çağırışlar var idi və layihənin cədvəl üzrə vaxtında icrası faktı sıx əməkdaşlığı, yaxşı anlaşma və problemlərin vaxtında həllini çox yaxşı sübuta yetirir. Buna görə də, cənab Prezident, bizi bir daha gözəl Bakı şəhərində qəbul etdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin mən energetika naziri Pərviz Şahbazova və onun sələfi, bizimlə uzun illər yaxından çalışmış, layihəyə sadiqliyi ilə bağlı bizim çoxlu müsbət xatirələrimiz olan, yaxın dostumuz kimi daim qəlbimizdə yaşayan Natiq Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin Avropa Komissiyası adından Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlərdə müsbət ab-havanın və yeni dinamizmin olduğunu təqdirəlayiq hesab edirəm. Bizim ötən il çox intensiv əməkdaşlığımız olub. Siz Brüsselə iki dəfə səfər etdiniz, hərtərəfli çərçivə sazişi üzərində intensiv iş bərpa olundu və həmçinin keçən həftə xarici işlər naziri və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi səviyyəsində çox uğurlu əməkdaşlıq şurası keçirildi. Beləliklə, hesab edirəm ki, bu yeni əməkdaşlıq formatı bizə məxsusi olaraq, lakin, eyni zamanda, çox mühüm olan bu layihə üzrə təkcə enerji sahəsində əməkdaşlıq etmək yox, həmçinin digər siyasi və iqtisadi əməkdaşlıq formalarını müəyyən etmək üçün bu layihədən necə kənara çıxmaq yollarını göstərəcək. Cənab Prezident, Siz layihənin bütün əsas seqmentləri üzrə – istər “Şahdəniz-2” yatağının işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi, istərsə də Trans-Anadolu kəməri və Trans-Adriatik boru kəməri üzrə bizim layihə boyunca üzləşdiyimiz bütün çağırışlara baxmayaraq, aparılan işlər barədə bizə çox yaxşı təsir bağışlamış işlərin gedişatını olduqca ətraflı təsvir etdiniz. Mən sizinlə 100 faiz razıyam ki, bu gözəl ab-hava və regional əməkdaşlıq olmasaydı buna nail olmaq mümkün olmazdı. Buna görə də mən layihədə iştirak edən bütün ölkələrin nümayəndələrinə, eyni zamanda, bu layihə çərçivəsində yerlərdə işləri təhvil verən şirkətlərin baş icraçı direktorlarına və nümayəndələrinə təşəkkürümü bildirirəm.
Deyərdim ki, bu layihəni ilk dəfə müzakirə etdikdən sonra Cənub Qaz Dəhlizinin əhəmiyyəti artdı. Biz bu layihənin Avropada daha da çoxsaylı ölkələr üçün necə də cəlbedici olduğunu gördük, istər Mərkəzi, istər Şərqi Avropa olsun, istərsə də Qərbi Balkan ölkələri. Buna görə, bu layihənin ötən ilin noyabr ayında qəbul olunan Şərq Tərəfdaşlığı Sammitinin Bəyannaməsində strateji əhəmiyyət daşıyan layihə kimi göstərilməsi də çox aydın idi. Avropa İttifaqı adından biz bu uzun boru kəmərinin bütün əsas komponentlərinin ümumi maraq dairəsi statusuna malik olan layihə çərçivəsində işlənilməsini və Avropa qurğularının birləşməsindən faydalanmasını təmin etməklə bu layihənin strateji əhəmiyyətini vurğulamaq istəyirik.
Çox şadam ki, bir neçə gün bundan əvvəl Avropa İnvestisiya Bankının bu layihəyə maliyyə vəsaiti ayıracağı təsdiqləndi. Səhv etmirəmsə, bu, Avropa İnvestisiya Bankının tarixində bir layihəyə ayrılmış ən böyük maliyyə dəstəyidir. Lakin istərdim ki, Avropa İnvestisiya Bankı tərəfindən qəbul olunan bu çox vacib qərar barədə ətraflı məlumatı mənim həmkarım olan, Avropa İnvestisiya Bankının vitse-prezidenti versin. Mən həmişə qeyd edirəm ki, bu layihəyə dəstək verən ən böyük dövlət bankı Avropa İnvestisiya Bankı olmuşdur. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacibdir və bu, gələcəkdə daha da artacaqdır. Çünki hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir, daha dəqiq desək, istifadə etdiyimiz təbii qazın 69 faizini və neftin 89 faizini idxal edirik. Hazırda biz enerji resurslarının əsas hissəsini Rusiya, Norveç və Əlcəzairdən alırıq. Lakin biz əlbəttə ki, şaxələndirmək istəyirik və biz həqiqi şaxələnməyə üstünlük veririk. Yəni, yeni mənbələrə, yeni tərəfdaşlara, yeni marşrutlara və Avropadakı enerji sistemlərinə daxil olacaq yeni təchizata üstünlük veririk. Biz Avropa İttifaqının hər bir üzvünün və ya tərəfdaşının ən azından 3 fərqli təbii qaz mənbəyinə çıxışının olmasını istəyirik. Çünki biz yüksək keyfiyyətli enerji təhlükəsizliyinin bu cür olacağını başa düşürük. Buna görə də biz bir neçə il bundan əvvəl Bolqarıstanın energetika naziri Temenujka Petkova və Baş nazir Boyko Borisovla Mərkəzi və Şərqi Avropa üzv ölkələrinin əməkdaşlığına başladıq və biz orada belə bir qərara gəldik ki, daha da dayanıqlı bazar, daha münasib qaz qiymətləri üçün ən yaxşı variant bir neçə bağlayıcı qurğu vasitəsilə ilə ölkələrimizi birləşdirməkdir. Bu, bağlayıcılarda ikiistiqamətli axın olacaq, bizim sistemlərə daha çox universallıq və Avropa İttifaqı daxilində təbii qazın necə çatdırılmasında daha da yaxşı imkan və seçimlər verəcək. Çünki Mərkəzi və Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələri ilə müqayisədə təbii qaza görə hələ də bir az baha qiymət ödəyirlər. Bu məsələyə düzəliş edilməlidir və biz daha yaxşı infrastruktur inkişafı vasitəsilə bu problemi əlbəttə ki, aradan qaldırmaq istəyirik. Buna görə də gələcəkdə biz Xəzər regionundan, Azərbaycandan gələn təchizata çox güvənirik. Biz, həmçinin Avropa İttifaqına yekun mayeləşdirilmiş təbii qaz təchizatını qəbul etməkdən ötrü imkanlarımızı yaxşılaşdırmaq üçün gərgin çalışırıq. Biz qlobal bazarlara çıxışa təminat verəcək mayeləşdirilmiş təbii qaz infrastrukturumuzu tamamlayırıq. Biz, həmçinin Şərqi Aralıq dənizi regionunda bəzi müsbət irəliləyişləri də müşahidə edirik. Buna görə də Cənub Qaz Dəhlizi çox mühüm rol oynayacaq. Çünki bu, yeni ərazidən, strateji əhəmiyyət daşıyan enerji regionundan qazı nəql edəcək ilk yeni boru kəməridir. Məhz buna görə, biz bu ili çox səbirsizliklə gözləyirik. Hesab edirəm ki, bu il layihənin tamamlanması üçün çox həlledici olacaqdır. Çünki bu ilin sonuna kimi biz ilk qazın Azərbaycandan Türkiyəyə nəql olunacağını gözləyirik. Ümid edirik ki, bu, bizim yekun məqsədimizə zəmin yaradacaq. Məqsəd isə Xəzər hövzəsindən gələn qazın 2020-ci ilə qədər Avropaya çatdırılmasıdır. Sonra isə Azərbaycan qazına ehtiyacı olan bütün ölkələrə qazı çatdırmaq üçün Avropa İttifaqı daxilində və Avropadakı tərəfdaşlarımızla çalışmaqdır. Buna görə də biz yunan-bolqar bağlayıcı qurğusu üzərində Temenujka və yunan tərəfdaşlarımız ilə çox sıx çalışırıq. Buna görə də mən burada qazın daha da Şimala nəql edilməsi imkanlarını müəyyən etmək üçün Bolqarıstanla çox sıx əməkdaşlıq edən Rumıniyadan olan dostlarımızı, həmçinin qazın yeni şaxələndirilmiş təchizatı sayəsində yeni imkanlar açılan Qərbi Balkan ölkələrindən olan dostlarımızı görməyimə çox şadam.
Beləliklə, cənab Prezident, cənab nazir, belə bir intensiv və faydalı əməkdaşlıqda iştirak etmək üçün məni dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, bugünkü toplantı bu tarixi layihədə yerdə qalan çətinlikləri aradan qaldırmağa imkan yaradacaq ki, biz də bu ilin sonuna kimi bu layihədə həqiqi sıçrayış və layihənin tamamlanmasının sübutu olan təbii qazın birinci olaraq Türkiyəyə, sonra da Avropaya çatdırılmasını görə bilək. Çox sağ olun.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı işini plenar sessiya ilə davam etdirib.