İyunun 6-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, yüksək səviyyəli tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq-mühafizə qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər.
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iclasda çıxış edərək dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğunu vurğulayan baş prokuror bu baxımdan üçüncü iclasın əhəmiyyətini xüsusi qeyd edib. Zakir Qaralov bildirib ki, Azərbaycanın 1992-ci ildə üzv olduğu ECO 2004-cü ildən korrupsiyaya qarşı mübarizə sahəsində də səmərəli fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Ələvi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək Azərbaycanın ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb. ECO-nun tarixindən və keçdiyi inkişaf yolundan danışan Ə.Səbzivari deyib ki, təşkilatın üzvləri olan ölkələrin ərazisi 8 milyon kvadratkilometrdən çoxdur. Qlobal cəmiyyətin inkişafına təkan verən ECO növbəti 25 il üçün öz qarşısına bir sıra mühüm məqsədlər qoyub. Təşkilat üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün qarşılıqlı işbirliyinin genişləndirilməsinə çalışır. Antikorrupsiya tədbirləri məhz bu prosesdə mühüm rol oynayır. Buna görə də antikorrupsiya fəaliyyəti ECO-nun işində vacib istiqamətlərdən birini təşkil edir. Üzv dövlətlər arasında bu sahədə sürətli inkişaf müşahidə olunur. Azərbaycan da bu baxımdan xüsusilə seçilir. Bu ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində vahid və qətiyyətli məram nümayiş etdirilir.